PDF Oxu

Siyasət

  • 2 303

Azərbaycan kinematoqrafiyasının inkişafında yüksəliş dövrü TƏHLİL

image

Azərbaycanın ictimai-siyasi, mədəni həyatında əsrin tarixinə yazdığı uğurları ilə əbədiləşən Ulu Öndər Heydər Əliyev xalqın düşüncə tərzində, oyanışında müstəsna rol oynamış siyasi liderdir. Dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursu nəticəsində Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlətdi, onun dünyaya inteqrasiya olunmasına töhfələrini verdi. Onun qısa bir zaman kəsiyində ölkənin həyatında dönüş yaradan islahatları xalqın sosial-mədəni həyatının mahiyyətinə zənginlik, ümümbəşərilik gətirdi. Bu, Ulu Öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasətinin məntiqi idi. Xalqın milli ruhu, milli kökü zəminində formalaşan ideoloji xəttin əsasında Azərbaycançılıq ənənələri dayanırdı.
Azərbaycan Prezidenti İlham Əliyevin məlum Sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan olundu. Təbii ki, Böyük Şəxsiyyətin milli sərvətimiz olan zəngin və çoxşaxəli irsinin qorunub saxlanılması, öyrənilməsi hər bir azərbaycanlının müqəddəs borcudur. Azərbaycanı bir dövlət kimi tarixin ağır və sərt sınaqlarından çıxarıb, onu dünya dövlətləri arasında irəli çıxaran, ölkəmizi parçalanmaq təhlükəsindən xilas edən, respublikamızın inkişafına möhkəm zəmin yaradan Ulu Öndər Heydər Əliyevin siyasi kursu nəticəsində, Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlətdi. Dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən tarixi nailiyyətlər istər sovet məkanında yaşadığımız illərdə, istərsə də müstəqillik illərində milli-mənəvi dəyərlərimizin, dilimizin qorunub saxlanılması, respublikamızın perspektiv inkişafı üçün möhkəm təməllər yaratmaqla Azərbaycanın uğurlu inkişafını təmin etmişdir.

İDEYA DƏRİNLİYİ İLƏ FƏRQLƏNƏN FİLMLƏR

Məlumdur ki, ötən əsrin 70-ci illərində Azərbaycanda bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də intibah yarandı. Sənətə, sənət adamlarına böyük qayğı və hörmətlə yanaşan, onlara sözün əsl mənasında hamilik edən Ümummilli Lider Heydər Əliyevin səyi və köməyi nəticəsində milli mədəniyyətimiz vüsətli inkişaf yoluna qədəm qoydu. Mədəniyyətin bir çox sahələrində olduğu kimi, kino sahəsində də nailiyyətlər yarandı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan kinematoqrafiyasının inkişafında rolu çox böyük olmuşdur. O, incəsənət növləri arasında kinonu çox yüksək qiymətləndirmiş, Azərbaycan kinematoqrafiya xadimlərinin xalqımızın keçmiş və müasir həyatından onlarca yüksək keyfiyyətli ekran əsərləri yaratdıqlarını xüsusi vurğulamışdır. XX əsrin 60-70-ci illəri kinematoqrafiyaya gənclərin böyük bir qrupunun gəlməsi ilə əlamətdar olmuşdur. Heydər Əliyev gənclərin irəli çəkiməsi kino sahəsində bir çox ideyalarını gerçəkləşdirmiş oldu. Onların orta və yaşlı nəslə mənsub xadimlərlə əməkdaşlığı Azərbaycan kinosunun peşəkar səviyyəsinin yüksəlməsinə, milli özünəməxsusluq, ideya dərinliyi ilə fərqlənən filmlərin meydana gəlməsinə səbəb olmuşdur. Bu dövrün filmlərində mənəvi-əxlaqi problemlər, müasir həyata müxtəlif baxışlar, insan xarakterlərinin təhlili, gənc nəslin formalaşması və s. mövzular başlıca yer tutur. Məsələn, "Uşaqlığın son gecəsi" (1969), "Gün keçdi" (1971), "Baş müsahibə" (1971), "Var olun, qızlar" (1973), "Həyat bizi sınayır" (1971), "Xoşbəxtlik qayğıları" (1976) və s. filmləri göstəmək olar. 70-ci illərin sonralarında və 80-cı illərdə Azərbaycan kinosunda mənəvi-əxlaqi problemlərə diqqət daha da artmışdır. Təbii ki, bu filmlərin istehsalında Heydər Əliyevin əməyi danılmazdır, Mərkəzi Komitə tərəfindən bir çox sovet ideologiyasına zidd olan filmlərin istehsalının dayandırılmasına, eləcə də səhnəyə buraxılmasına icazə verməyən şəxslərin qarşısına Heydər Əliyev sədd çəkdi. Rejissor R.Ocaqovun filmlərində mürəkkəb psixoloji vəziyyətlər, əsl insan ləyaqəti ilə əlaqədar müşahidələr, xudbinlik, sərtlik, mərhəmətsizliyə qarşı etiraz kimi mövzulara meyil özünü büruzə verirdi. Belə məzmunlu filmlərin ekran həyatı yaşaması şübhə altında idi. "İstintaq", "Bağlı qapı" (1981), "Park" (1983), "De ki, məni sevirsən" və s. o illərdə çəkilən filmlərdəki ideyalar bir mənalı qarşılanmırdı. Onu da qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin göstərişinə əsasən, efirdə yayımlanan bu və ya digər filmlər çox keçmir ki, ölkəmizdə, xaricdə böyük maraq doğurur.
Həmin illərdə tarixi-inqilabi janrda bir sıra maraqlı, orijinal filmlər ərsəyə gəldi. "Mosfilm" kinostudiyası ilə birgə yaradılmış N.Nərimanovun fəaliyyətindən bəhs edən "Ulduzlar sönmür" filmi bu baxımdan diqqətəlayiqdir. Yüksək ideyalılıq, vətəndaşlıq motivləri ilə kinematoqrafiyanın ifadə vasitələrinin uyarlığı, gözəl aktyor oyunu filmin mühüm məziyyətlərindəndir. "Səmt küləyi" (1973) filmi Azərbaycan kinosunun tarixində xarici ölkə (Çexoslovakiya) studiyası ilə birgə yaradılmış ilk əsərdir. "Axırıncı aşırım" (1971), "Qatır Məmməd" (1974) filmlərində sovet hakimiyyətinin ilk illərində Azərbaycan kəndində gedən sinfi mübarizədən bəhs olunur. "Sevinc buxtası" (1977), "O birigün gecə yarısı" (1981) filmləri də tarixi mövzulardadır. Heydər Əliyevin səyi və göstərişi əsasında "Nəsimi" (1973), "Dədə Qorqud" (1975), "Babək" (1979) kimi tarixi məzmunlu filmlər yarandı və ekran həyatı yaşadı.
Əlbəttə ki, o illərdə çəkilən filmlərdən söz açırıqsa İkinci Dünya müharibəsi mövzusunda çəkilmiş filmləri də qeyd etməliyik. "Bizim Cəbiş müəllim" (1970), "Bakıda küləklər əsir" (1974), "Tütək səsi" (1975) və s.
O illərdə Azərbaycan kinosunda uşaq filmlərinin istehsalına da mühüm əhəmiyyət verilir: "Qərib cinlər ölkəsində" (1987), "Şirin evdən getməsi" (1978), "Mən mahnı qoşuram" (1979), "Əzablı yollarla" (1982) yaradılmışdır. İkinci dünya müharibəsinədə Azərbaycanda cizgi filmləri çəkilməsinə yalnız təşəbbüs göstərilmişdir. 1966-cı ildə «Azərbaycanfilm»də rəssam və rejissor-multiplikator kursları açılmışdır. 1969-cu ildə "Azərbaycanfilm"də yaradılmış multiplikasiya sexində A.Axundovun Azərbaycan xalq nağılları əsasında yazdığı ssenari üzrə birhissəli rəngli "Cırtdan" multiplikasiya filmi çəkilmişdir. 70-ci illərdə "Fitnə", "Cücələrim", "Tülkü Həccə gedir", "Cırtdanın yeni sərgüzəştləri", "Çaqqal çaqqalın oğludur", "Siçan və Pıs-pısa xanım", "Günlərin bir günündə", "Dınqıl, sazım, dınqıl", "Xoruz", "Qız qalası haqqında əfsanə", "Dəcəl dovşan", "Uçan süfrə", və s. cizgi filmlər yaradılmışdır.

ULU ÖNDƏRİN FƏALİYYƏTİ KİNOFİLMLƏRDƏ

1970-80-cı illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə kino sənətinin inkişafına, həmin sahədə çalışanlara qayğı və hörmətlə yanaşan Ulu Öndər Heydər Əliyev müstəqillik dövründə hakimiyyətə qayıdışından sonra da respublikanın kino sənəti xadimlərindən qayğı və məhəbbətini əsirgəmədi. 1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi, cəmiyyət qarşında keyfiyyətcə yeni məqsəd və vəzifələr qoymuşdur. Azərbaycanda milli ideologiyanın və cəmiyyətin yeni inkişaf modellərinin qurulması və digər bu kimi sosial problemlər humanitar elmlərin öncül tədqiqat istiqamətlərinə çevrilmişdir. 1990-cı ildən sonra Azərbaycan kinosunda (1990-2000) çəkilən filmlərin sayı əvvəlki illərə nisbətən az olmuşdur. Bununla belə, Azərbaycan kinematoqrafçıları böyük əhəmiyyətli, həyati mövzulara müraciət edərək, estetik tələblərə cavab verə biləcək filmlər çəkmişlər. Kinematoqrafiya sahəsində Heydər Əliyevin fəaliyyətini əks etdirən, Onun ideyalarını tamaşaçılara təqdim edən filmlərə də yer ayrılmışdır. Müasir dövrümüzdə onun çoxsahəli fəaliyyətindən bəhs edən filmlərə maraqla baxılır. Heydər Əliyev haqqında çəkilən dəyərli filmlərdən silsilə filmlər yaratmış tanınmış rejissor Andrey Karpov tərəfindən çəkilmiş "Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev" filmidir. MDB ölkələrinin prezidentləri haqqında silsilə filmləri yaratmağı qarşısına məqsəd qoymuş A.Karpov birinci olaraq Ulu Öndər Heydər Əliyevə həsr etdiyi filmi çəkmişdir. Ölkə başçısının gərgin, mənalı, keşməkeşli həyatının ən vacib anları ardıcıllıqla canlandırmış bu filmin çəkilişində Azərbaycan kino-televiziya xadimləri də iştirak etmişlər.
Ümummilli Liderin iş yerində, evində, övladlarının, nəvələrinin əhatəsində təsvir edən epizodlar ustalıqla çəkilmişdir. Heydər Əliyevin Məkkə səfəri də filmə daxil edilmişdir. Azərbaycan Prezidentinin geniş, hərtərəfli fəaliyyətindən bəhs edən ikinci film N.Səfərovun ssenarisi əsasında operator O.Şixəliyevin çəkdiyi "Hamıya nümunə olan ömür yolu" filmidir. Bu əsərdə Heydər Əliyevin 1990-cı ildən sonrakı fəaliyyəti öz yığcam ekran ifadəsini tapmışdır.
Ssenarist və kinorejissor Vagif Mustafayevin Heydər Əliyevin fəaliyyətindən bəhs edən silsilə filmləri də diqqəti cəlb edir. Xüsusən onun çəkdiyi "Həqiqət anı" filmi tamaşaçıların marağına səbəb olmuşdur. Bundan başqa, Vaqif Mustafayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş 12 serialı "H.Əliyev" filminin 9-nu çəkib. Buraya "General", "Birinci", "Moskva. Kreml", "Lider", "Tale", "Əsl məhəbbət haqqında", "Bir həsədin tarixi", "Professional","Patriot" filmləri daxildir. Onlardan "Əsl məhəbbət haqqında" film böyük uğur qazanıb. Bu film Moskvada keçirilən 4-cü Avrasiya teleforumunda əsas mükafata və xüsusi mükafata layiq görülüb. "Bir həsədin tarixi" filmi 2002-ci ildə Yekaterinburqda keçirilən sənədli filmlər festivalında əsas mükafatlardan birini, Moskvada keçirilən 5-ci Avrasiya Teleforumunda "Qran-Pri" mükafatına layiq görülüb. Bu filmlər müxtəlif ölkələrdə böyük uğurla nümayiş etdirilib. Bakıda məşhur dünya neft şirkətləri ilə bağlanmış saziş Vaqif Mustafayevin "Əsrin sazişi" filmində öz əksini tapmışdır.
Azərbaycan kino sənətinin inkişaf tarixi Heydər Əliyein adı ilə bağlı olduğundan Ümummi Lideri fəaliyyəti də məhz kinofilmlərdə yaşanır. Bu Böyük Şəxsiyyətin sənətə olan diqqətinin nəticəsidir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər