PDF Oxu

Siyasət

  • 1 258

Azərbaycan ilə Vyetnam arasında yarım əsrdən artıq bir tarixə malik dostluq münasibətləri mövcuddur

image

Dünyada elə ölkələr var ki, coğrafi baxımdan bir-birindən uzaq görünür, lakin çox yaxın münasibətləri var. Azərbaycanla Vyetnam arasında minlərlə kilometr məsafə, fərqli zaman zonaları olsa da, bu ölkə dövlətimizlə strateji tərəfdaşdır. İki ölkə yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir.

Prezident İlham Əliyevin Vyetnamın Kommunist Partiyasının Baş katibi To Lam ilə birgə mətbuat konfransında səsləndirdiyi fikirlər bir həqiqətin ifadəsi idi – Azərbaycan və Vyetnam eyni ideyaların, ortaq tarixi təcrübənin daşıyıcılarıdır. Dövlət başçısının “Bu, çox ciddi siyasi sənəddir. Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir” sözləri “Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat”ın mahiyyətini aydın şəkildə ortaya qoydu. Bu sənəd iki xalqın oxşar mübarizə ruhuna və ortaq dəyərlərinə əsaslanan yeni mərhələnin başlanğıcıdır.
Tarixi təcrübələr də bu yaxınlığı təsdiqləyir. XX əsrdə Vyetnam müstəmləkəçiliyə və imperializmə qarşı mübarizənin simvoluna çevrildi. Azərbaycan isə əsrin sonunda öz suverenliyi və müstəqilliyi uğrunda bənzər mübarizələr yaşadı. Bu iki xalqın yaddaşında torpaq sevgisi, əyilməzlik və azadlıq iradəsi dərin köklərə malikdir. Bu yaxınlıq heç bir diplomatik sənəddə yazılmasa belə, xalqların qəlbində möhkəm bir dostluq körpüsünə çevrilir.
Prezident İlham Əliyev bu dəyərləri dəqiq ifadə etdi: “Bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı əsasında – beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır”. Bu bəyanat dövlət mövqeyinin xalq iradəsinə söykəndiyini göstərir.
Enerji sahəsində də Azərbaycan və Vyetnam yeni mərhələyə qədəm qoyur. Ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerji sahəsində əməkdaşlıq imkanları da genişlənir. Prezident İlham Əliyevin dediyi kimi: “İmzalanmış kontraktlar 5 il bundan sonra bizə 6500 meqavat gücündə yeni enerji, təmiz enerji güclərini qazandıracaq və Vyetnam şirkətlərini investisiya qoymağa dəvət etdik”. Bu çağırış həm iqtisadi, həm də etik məna daşıyır – təmiz enerjiyə təmiz niyyətlə yanaşmaq birgə dəyərə çevrilir.
Əməkdaşlıq təkcə iqtisadi və enerji sahələrini əhatə etmir. Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlarda, xüsusilə də BMT və Qoşulmama Hərəkatında eyni mövqedən çıxış edirlər. Bu isə yalnız dövlət maraqlarından yox, ortaq etik prinsiplərdən qaynaqlanır. Prezident İlham Əliyevin ifadə etdiyi kimi: “Biz bu gün, eyni zamanda, beynəlxalq hüququn aliliyi haqqında fikir mübadiləsi apardıq və burada da heç bir fikir ayrılığı yoxdur. Biz demək olar ki, vahid mövqedən çıxış edirik”.
Prezident İlham Əliyevin çıxışının sonunda söylədiyi “Baxışlarımızda da bir çox oxşarlıq var. Baxmayaraq ki, aramızdakı məsafə kifayət qədər uzundur” fikri uzaqlığı yaxınlığa çevirən böyük siyasi düşüncənin incə bir ifadəsidir. Qitələr bizi ayıra bilər, lakin düşüncə oxşarlığı bizi birləşdirir. Vyetnam və Azərbaycan bu gün təkcə tərəfdaş deyil – məsafələri dəf edən, ortaq ruhla hərəkət edən iki suveren dövlətdir.
Azərbaycan-Vyetnam əlaqələri yeni dünya nizamında dostluq modelinə nümunədir. Siyasət, iqtisadiyyat və mədəniyyət bir-birini tamamladı, baxışlar birləşdi, qitələr yaxınlaşdı. Bu amillər gələcək nəsillərin yoluna işıq salacaq strateji niyyətdir.

Arif Fərzəliyev
YAP Cəbrayıl rayon təşkilatının sədri

Digər xəbərlər