PDF Oxu

Siyasət

  • 5 084

KƏLBƏCƏR: 27 illik qış ömrünə 44 gündə bahar gələn qədim yurd TƏHLİL

image

Kəlbəcər bir-birinin ardınca 27 qış yaşadı. Bahar gəlmədi bu qədim yurda. Gələ də bilməzdi. Çünki Kəlbəcər baharı qovmuşdu ağuşundan. Köksünü qışa açmışdı. Ta azad olanadək qış ömrü yaşayacağına and içmişdi. Dağlarının min rəngli, min bir ətirli çiçəyinə “get” demişdi. “Gəlmə, hüsnümü bəzəmə, ruhumu oxşama, yaslıyam, qoy yasımı tutum”,- demişdi.

Kəlbəcər özünü bütünlüklə qışa vermişdi. Qara, buza, soyuğa vermişdi. Kimlə bahar qarşılayacaqdı ki?.. Doğmaları bu yurddan zorla çıxarılmışdı. Bağrı üstündə düşmən tapdağını hiss etdikcə Kəlbəcər əzilirdi, doğmalarının həsrəti ilə yanıb-yaxılırdı. Sərvətlə dolu köksünə hər dəfə əl uzadıldıqda haray çəkirdi. Düşmənin talançılığına qarşı üsyan edirdi. Lakin səsi yalnız dağ-daşına yayılır, əks-səda verir və yenidən bağrına qayıdıb onu boğurdu...

27 qış keçdi Kəlbəcərin ömründən... Doğmalarının olmadığı qış. Kəlbəcərin gözünün yollarda qaldığı qış... Sən demə 27-ci qış Kəlbəcərin son qışı olacaqdı. 2020-nin payızı Kəlbəcəri qışa deyil, bahara aparacaqdı. Payız bahara çevrilib Kəlbəcərin 27 illik həsrətini də vüsala çevirəcəkdi. 27 il əvvəl gülləbaran yağışı altındakı işğalından fərqli olaraq, bu dəfə bir güllə belə atılmadan azad ediləcəkdi. Çünki məxsus olduğu ölkə 27 il öncəki ölkə deyildi. Hakimiyyət kürsüsünü möhkəmlətmək üçün satılaraq Kəlbəcəri bir qələmlə silib onu erməniyə hədiyyə edən AXC-Müsavat birləşməsi çoxdan tarixin qara qutusuna atılmışdı. Onlardan əsər-əlamət belə qalmamışdı. Özləri yaşasalar da, xalq onları silmişdi. Bir daha onlara inanmamağa and içərək silmişdi.

Kəlbəcərin işğalı ilə azadlığı arasında ötən zaman kəsiyində isə onun və Qarabağın bütün işğal altında olan torpaqlarının azad olunması üçün uzun illərlə iş aparılmışdı. Ulu Öndərimizin bu istiqamətdə həyata keçirdiyi işlər cənab İlham Əliyev tərəfindən elə bir səviyyəyə gətirilmişdi ki, ya sülh yolu, ya da hərb yolu ilə bu torpaqların azad olunması reallaşacaqdı. Uzun illər sülh yoluna cəhd edilsə də, lakin dünya susdu və biz hərb yolunu seçməli olduq. Hərb yolu ilə 44 gün içərisində Azərbaycan Milli Ordusu elə bir bacarıq nümayiş etdirdi ki, dünənədək susan dünya dilə gəlib bu səriştədən danışmağa başladı. Beləliklə Qarabağa yeni bir həyat qayıtdı. Bu yeni həyatdan Kəlbəcərə də pay düşdü.

Biz Kəlbəcəri bərpa edirik

Kəlbəcər dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi böyük siyasətlə müharibəsiz, döyüşsüz geri alındı. Bu qədim yurd yerimiz azad edildikdən dərhal sonra burada quruculuq, bərpa işlərinə başlanıldı ki, kəlbəcərlilər qısa zamanda doğma yurdlarına qayıda bilsinlər. Çünki düşmən bu yurdumuzu da qarət etmiş, buradan çıxarkən vəhşiliyin bütün növlərini bu əzəli Azərbaycan yurduna tətbiq etmişdi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev: “Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə həyat qayıdacaqdır”.

27 ilin əvvəlində baxımsız, sonrakı illərdə daşlaşan-kəsəkləşən Kəlbəcər yolları keçilməz vəziyyətə düşdüyündən dağlıq ərazidə yerləşən bu rayon üçün yol infrastrukturu olduqca əhəmiyyətlidir. Bütün bunlar isə rayon işğaldan azad olunan bir gündən diqqətdə saxlanılır və Kəlbəcərə gedən yollar abadlaşdırılır.

2021-ci ildə Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının yenidən qurulması, 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının fəaliyyətə başlaması, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən 72,8 kilometr uzunluğunda Kəlbəcər-Laçın avtomobil yolunun tikintisinə başlanması, bu yol üzərində 3,4 kilometr uzunluğundakı tunelin təməlinin qoyulması, İstisuya əvvəlki şöhrətini qaytarmaq üçün 51 kilometr uzunluğunda İstisu-Minkənd yolunun tikintisi Kəlbəcərin azadlığından sonra abadlığına doğru gedən yolda ilkin olaraq gördüklərimizdir.

Baş planla özünəməxsusluğu qorunan Kəlbəcər

Soydaşlarımızın ata-baba torpaqlarına qayıdarkən gözəl şəraitdə yaşaya bilmələri üçün dövlətimiz tərəfindən İkinci Vətən Müharibəsindən dərhal sonra geniş tədbirlərə başlanılmışdır.

Ötən il iyunun 26-da ölkəmizin rəhbəri Kəlbəcər şəhərinin Baş planı ilə tanış olarkən ona məlumat verilmişdir ki, Kəlbəcər şəhərinin Baş planının hazırlanması zamanı onun özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələri də araşdırılıb, tətbiq edilə biləcək nümunələrlə bağlı təkliflər verilib. Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunacaq. Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisinin 237 hektara, əhalisinin sayının isə 17 min nəfərə çatacağı proqnozlaşdırılır.

Baş planda nəzərdə tutulanlar Kəlbəcərin yaxın gələcəkdə sahib olacaqlarını gözlər önündə canlandırır. Bu yurd yeri dövlət başçısının Kəlbəcərə öncəki səfəri zamanı söylədiyi “Bu da gözəl Kəlbəcər dağları, hər tərəf dağ, çay, meşə, cənnətməkan. Cənnətə də çevriləcəkdir” dəyərli fikirlərindəki kimi qurulur, yaradılır, cənnətə çevrilir.

Tarixin o üzü, bu üzü: İşğal və Zəfər muzeyləri

Dövlətimizin başçısının təşəbbüsü ilə işğaldan azad edilmiş rayonlarımızda yaradılacaq İşğal və Zəfər muzeyləri 30 illik bir tarixin salnamələşdirilməsi, tarixin səhifələrində canlı şəkildə yaşadılması istiqamətində atılmış mütərəqqi addımdır. Bu muzeylər Ağdam, Cəbrayıl, Füzuli və Zəngilan rayonları kimi, Kəlbəcərdə də yaradılacaq.

Prezident İlham Əliyev Kəlbəcərə səfəri çərçivəsində İşğal və Zəfər muzeylərinin layihəsini əks etdirən videoçarxa baxmış, ona məlumat verilmişdir ki, hər iki muzey şəhərin mərkəzində salınacaq parkda tikiləcək. Bu, gözəl bir mühitdə yerləşən möhtəşəm layihə olacaq. Çünki bu ərazi landşaftına görə heyrətamiz gözəlliyə malikdir. Kompleksin bir hissəsi işğal tarixinə, digəri isə Zəfərə həsr olunacaq. Bu layihə ilə həm də təbiətə ehtiram nümayiş olunacaq.

“ACN” şirkətinin nümayəndəsinin ermənilərin buranı işğal etdikləri, lakin burada yaşamadıqları, hər şeyi bir-bir dağıtdıqları qənaətinə Prezident İlham Əliyevin münasibəti: Bunu etmək üçün heç bir səbəb yox idi. Biz onlara qarşı heç bir pis iş görməmişik. Biz etnik təmizləməyə məruz qalmışıq. Onlar bizim torpağımıza gəldilər, hər şeyi dağıtdılar və getmədilər. Kəlbəcəri tərk etmək üçün onlara vaxt verəndə nə etdilər? Evləri yandırmağa, ağacları kəsməyə başladılar və 32 su elektrik stansiyasını dağıtdılar. Təsəvvürünüzə gətirirsinizmi?

Dövlətimizin başçısı İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoymaqla tariximizdə yeni bir səhifə açdı. Elə bir səhifə ki, gələcək nəsillər Kəlbəcərin tarixini bu muzeylər vasitəsilə oxuyub öyrənəcəklər.

Qaranlığın sonundakı işıq

Təbii ki, daşı daş üstündə qalmayan torpaqlarımızın abadlaşdırılması üçün elektrik enerjisi vacib şərtlərdən biri idi. Odur ki, Zəfərdən dərhal sonra Qarabağın işıqlandırılması işlərinə başlanıldı.

İşğaldan azad edilən ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi ilə bağlı dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Vətən müharibəsində Qələbədən sonra ümumi gücü 20 meqavat olan “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları tikilib istifadəyə verildi. Artıq bu stansiyalarda milyonlarla kilovat/saat elektrik enerjisi istehsal olunur.

Ötən il iyunun 26-da Prezident İlham Əliyev Kəlbəcər rayonunda yeni tikilmiş 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının (KSES) açılışında iştirak edərkən dövlətimizin başçısına məlumat verildi ki, Lev çayı üzərində inşa olunan stansiya işğaldan azad edildikdən sonra Kəlbəcərdə tikilərək istismara verilən ilk enerji istehsalı obyektidir.

“Yaşıl enerji zonası” konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək “Kəlbəcər-1” KSES-də maşın zalı tikilib, yeni aqreqat, generator, idarəetmə panelləri və transformatorlar quraşdırılıb. Burada 110/6 kilovoltluq yarımstansiya da inşa edilib.“Kəlbəcər-1” KSES Azərbaycanın ümumi enerji sisteminə qoşulub. Rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması mümkün olan yeni stansiyanın işinə Kəlbəcərdən olduğu kimi, Bakıdakı Baş İdarəetmə Mərkəzindən də nəzarət və onu idarə etmək əlçatan olub. Məsafədən idarə edilən KSES-lər demək olar işçi heyət olmadan işlədilir. Stansiyaların idarəetmə sistemi tam avtomatlaşdırılıb, xüsusi proqram təminatı ilə rəqəmsallaşdırılıb ki, bu da istehsal olunan elektrik enerjisinin maya dəyərinin daha da aşağı düşməsinə gətirib çıxarır.

Dövlətimizin başçısı stansiyanı işə saldı və 27 il qaranlıqda mürgüləyən Kəlbəcər ona bəxş olunan nurun ilk zərrəciklərinə qərq oldu.

”Yaşıl enerji” strategiyasına uyğun olaraq Kəlbəcər rayonunun ərazisində ümumi gücü 27 meqavat olan 5 kiçik su elektrik stansiyası da qurulur. Bu elektrik stansiyalarında ümumilikdə 9 hidroaqreqat fəaliyyət göstərəcək. Stansiyaların enerji sistemə inteqrasiyası üçün 110 və 35 kV-luq xətlər çəkilib. Stansiyaların rəqəmsal qaydada mərkəzi SCADA Dispetçer İdarəetmə Sisteminə inteqrasiya edilməsi ilə açılıb-qoşulma, intellektual tənzimləmə, operativ monitorinq və təhlil aparılması mümkün Kəlbəcərdən olduğu kimi, Bakıdan da həyata keçiriləcək.

Kəlbəcərdə yeni tikilən elektrik stansiyalarında il ərzində ümumilikdə 100 milyon kilovat/saata yaxın ekoloji cəhətdən təmiz enerji istehsal olunacaq. Bu isə 50 milyon kubmetr təbii qaza qənaət edilməsi deməkdir.

“Azərenerji” ASC-nin mütəxəssislərinin apardığı araşdırmalar göstərir ki, ermənilərin təbiəti məhv etməklə köhnə nəsil texnologiyalar əsasında kortəbii hesablamalarla apardıqları planlaşdırmadan fərqli olaraq, dördüncü nəsil sənaye inqilabına uyğun süni intellektə adaptasiya edilən müasir texnologiyalar əsasında ölkənin ən böyük su bazası olan bol sulu Kəlbəcər və Laçın çayları üzərində nəzərdə tutulandan dəfələrlə artıq ekoloji cəhətdən təmiz hidroyaşıl enerji istehsal etmək mümkündür.

Ötən il Kəlbəcərdə olarkən dövlətimizin başçısına rayon ərazisində xüsusi dövlət əhəmiyyətli obyektlərin və hərbi hissələrin elektrik enerjisi ilə təmin olunması istiqamətində genişmiqyaslı işlər çərçivəsində mənbə kimi Gəncə şəhərində yerləşən “Gəncə-2” yarımstansiyasından Daşkəsənə 110 kV-luq elektrik verilişi xətti çəkilməsi barədə də məlumat verilmiş, bu xəttin Kəlbəcərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatında müstəsna rol oynayacağı bildirilmişdi. Bu, Azərbaycanda ən mürəkkəb və çətin relyeflərdən keçən yüksəkgərginlikli xətdir. Bunun üçün də dağlarda texnikanın rahat hərəkət etməsi üçün əvvəlcə yol inşa edilmişdi.

Qeyd edək ki, Kəlbəcərin yüksək dağlıq ərazidə yerləşməsinə və çətin şəraitə baxmayaraq, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən işlər yüksək səviyyədə həyata keçirilir. Sovet dövründə elektrik enerjisinin olmadığı ucqar ərazilərdə belə müasir elektrik şəbəkələr qurulur. Rayonun Alagöllər və digər əraziləri ilk dəfə “Azərişıq” ASC tərəfindən elektrik enerjisi ilə təmin olunur, Zod qızıl yatağı ərazisinə 35 kV-luq mühafizəli, izolyasiyalı kabel xətti çəkilir.

Görülən işlər nəticəsində Kəlbəcərdə iki istiqamət üzrə 110 kV-luq hava xətləri bərpa edilib, bir istiqamətdə 110 kv-luq, dörd müxtəlif əraziyə isə 35 kV-luq elektrik xətləri çəkilib. Ümumilikdə rayon ərazisində müxtəlif güclərdə 15 komplekt transformator məntəqəsi quraşdırılıb. Bundan başqa, altı müxtəlif istiqamətdə 35 kV-luq müasir izolyasiyalı kabel xətlərinin çəkilməsi nəzərdə tutulub. Həmçinin 110/35 kV-luq “İstisu” yarımstansiyasının, Kəlbəcər və Laçın rayonlarının elektrik şəbəkələrini birləşdirən dairəvi elektrik təchizat sxeminin yaradılması planlaşdırılıb.

Kəlbəcərdə hərbi hissənin açılması xüsusi məna daşıyırdı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ötən il iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etməsini ordu quruculuğuna növbəti töhfə kimi dəyərləndirmək olar.

Prezident, Ali Baş Komandan İlham Əliyevin şəxsi heyəti salamlaması, hərbçiləri 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik etməsi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması, şəxsi heyətin hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himnini ifa etməsi işğaldan azad edilmiş Kəlbəcərdə ürəklərimizi qürurla doldurdu. Zəfərin sevincini yenidən yaşadıq.

Dövlətimizin başçısı: Bu gün Kəlbəcərdə ikinci komando hərbi hissəsi açılır. Növbəti komando hərbi hissələrinin açılması nəzərdə tutulur və bu silahlı birləşmələrdə minlərlə azərbaycanlı xidmət edəcək... Bu, bizim gücümüzü daha da artıracaq. Biz Kəlbəcəri bir güllə atılmadan azad etdik, öz doğma diyarımızı qaytardıq və bu gün Kəlbəcərdə quruculuq işləri gedir. Mən ikinci dəfədir Kəlbəcərə gəlirəm və bu gün də bir çox tədbirlər var. Kəlbəcərin infrastrukturu, elektrik təchizatı, su təchizatı, evlərin tikilməsi - artıq buna start verilir. Əlbəttə ki, biz, ilk növbədə, hərbi təyinatlı yolları inşa etməliydik və bunu etdik. Bu gün bu hərbi hissənin açılması bir daha göstərir ki, biz istədiyimizə nail olacağıq - Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik. Artıq bu proses başlamışdır və ilk növbədə, bu bölgədə - Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır. Ona görə bugünkü mərasim xüsusi məna daşıyır, rəmzi məna daşıyır.

Kəlbəcərin “İstisu”lu günlərinə doğru...

Nəinki işğaldan azad olunmuş rayonlarımız abadlaşdırılır, yeniləşdirilir, hətta bir zamanlar həmin yerlərdə fəaliyyət göstərən obyektlərə də yeni həyat verilir. Bu baxımdan dünyaca məşhur olan “İstisu”nun da əvvəlki şöhrətinin özünə qaytarlması təqdirolunası haldır.

Ötən il iyunun 26-da Prezident İlham Əliyevin Kəlbəcərdə “İstisu” mineral su zavodunun və “İstisu” sanatoriyasının təməlini qoyması qoyması yaxın gələcəkdə “İstisu”nun şöhrətindən xəbər verir.

“İstisu” bulağının suyu kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə seçilir. Laborator analizlər göstərib ki, mineralların miqdarı 6,7 qrama çatan bir litr suyun tərkibi litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və digər kimyəvi maddələrlə zəngindir. Bu bulaqların suyundan mədə-bağırsaq, qaraciyər, öd kisəsi və sair xəstəliklərin müalicəsində istifadə edilir.

Statistikaya görə, Azərbaycanda mineral suların ümumi ehtiyatının 33 faizi Kəlbəcər və Laçın rayonlarında yerləşir. Bu rayonlarda suların gündəlik istismar ehtiyatı 7393 kubmetr təşkil edir ki, bunun da 42 faizi Laçının, 58 faizi isə Kəlbəcərin payına düşür.

Prezident İlham Əliyev: İstisu qəsəbəsinin inkişafı ilə bağlı artıq konkret addımlar atılır. İlk növbədə, yeni su zavodunun tikintisi nəzərdə tutulur. Bu gün mən bu su zavodunun təməlini qoydum. Vaxtilə məşhur olan İstisu suyu yenidən buraxılacaq, istehsal olunacaq, Azərbaycanda istehlak olunacaq və ixrac ediləcək. Eyni zamanda, arxada gördüyünüz “İstisu” sanatoriyasının dağıntılarıdır. Keçən il burada bu dağıntılarla tanış oldum və göstəriş verdim ki, bu yerdə - İstisu qəsəbəsində yeni mehmanxana inşa edilsin və müalicə mərkəzi yaradılsın. Çünki vaxtilə sovet dövründə minlərlə insan gəlib burada dincəlib, öz sağlamlığını bərpa edib, bu gözəl təbiətdən zövq alıb.

Zavodda həm şüşə, həm də plastik butulka istehsalı xətlərinin qurulması planlaşdırılır. Müəssisədə gündə 327 min, ildə isə 95 milyon butulka mineral su istehsal olunacaq. Suyun mənbəyinə gəldikdə, 200 metr dərinlikdə yeni quyu qazılıb. Çıxışda istilik 60-65 C dərəcəyə bərabərdir.

34 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi isə gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır.

Kəlbəcərin İstisu kəndinin məşhur mineral suyu olan “İstisu” bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya yaradılıb. İşğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq və əvvəlki şöhrəti qaytarılacaq.

Kəlbəcər artıq iki ildən artıqdır ki, azadlığına qovuşub. Bu azadlıqla həm də 27 illik qış ömrünə son qoyub, baharı hüsnünə yenidən çağırıb. İki ildir ki, Kəlbəcər yaylı-qışlı bahar ömrünü yaşayır. Kəlbəcər tikilir, qurulur, nura boyanır. Bütün bu gözəlliklər isə ürəkləri qürurla dolduran bir məsələyə xidmət edir: kəlbəcərlilərin tezliklə öz ata-baba yurdlarına qayıtmasına. O gün isə çox yaxındadır. Baxdıqca baxacağımız, azadlığından duyduğumuz qürura qürur qatacağımız günlər çox yaxındadır.

Mətanət MƏMMƏDOVA

Digər xəbərlər