Siyasət

  • 5 504

Sosial müdafiənin unikal konsepsiyası -TƏHLİL

image

Heydər Əliyevin elmi, nəzəri və praktiki mexanizmini qısa müddətdə işləyib hazırladığı və həyata keçirdiyi sosial siyasət konsepsiyası Azərbaycan xalqının rifafını təmin etdi

Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın iqtisadiyyatı ciddi böhrana düşdü, təsərrüfat sistemi sıradan çıxdı. Sosialist iqtisadi sistemindən kapitalizmə keçid prosesi özü ilə çoxsaylı problemlər gətirdi. Zavod-fabriklərin, müxtəlif təyinatlı istehsal və qeyri-istehsal müəssisələrinin fəaliyyətinin dayanması işsizliyin, yoxsulluğun sürətlə artmasına, əhalinin sosial vəziyyətinin pisləşməsinə gətirib çıxardı. Yaranmış vəziyyət təcili tədbirlər görülməsini - iqtisadiyyatda dönüş yaradılmasını, əhalinin sosial vəziyyətinin yaxşılaşmasını tələb edirdi. Lakin 90-cı illərin əvvəllərində respublika hökuməti bu işin öhdəsindən gələ bilmədi. Vəziyyət yalnız 93-cü ilin ortalarından- ümummili lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra dəyişməyə başladı.

Əhalinin sosial müdafiəsini gücləndirən strategiya necə yaradıldı?

Heydər Əliyevin parlaq zəkası, dövlətçilik təcrübəsi, uzaqgörənliyi ona ölkəmizi idarə etdiyi dövrdə ən obyektiv və optimal qərarlar verməyə imkan yaratdı. Dövlətçilik bacarığı və respublika təsərrüfatını dərindən bilməsi qarşıya qoyulmuş məqsədlərə çatmasında ona kömək oldu.

Ümummilli liderin öz qarşısına qoyduğu ən vacib vəzifələrin sırasına əhalinin sosial müdafiənin gücləndirilməsi, insanların sosial rifahının yaxşılaşdırılması daxil idi. Bunun üçün mütləq qaydada iqtisadiyyatı böhrandan çıxarmaq, gəlirlərin artmasını təmin etmək lazım idi. Yalnız bundan sonra sosial problemləri həll etmək, əhalinin rifahını yüksəltmək olardı.

Ümummilli liderin qısa müddətdə hazırlayıb həyata keçirdiyi neft strategiyası ölkəyə investisiya axınını təmin etdi, gəlirləri artırdı. Bu gəlirlərin digər sahələrə yönəldilməsi ilə ümumi iqtisadiyyatda inkişaf başladı. Nəticədə ümumi daxili məhsul və dövlət büdcəsinin gəlirləri artdı, sosial müavinətlər - pensiyalar, maaşlar ardıcıl surətdə yüksəldi.

Heydər Əliyevin rəhbərliyi ilə inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan öz iqtisadiyyatını gücləndirdikdən sonra əldə edilən gəlirlərlə sosial problemləri həll etməyə başladı. Yoxsulluğun və işsizliyin azaldılmasına nail olundu. Daxili siyasətin prioritetinə çevirən sosial rifah siyasəti ölkə əhalisinin böyük hissəsini əhatə edirdi. Sistemli şəkildə artırılan əmək haqları, müxtəlif peşə sahibləri üçün yaradılan imtiyazlar və müxtəlif kateqoriyadan olan güzəştli təbəqəyə sosial ödəmələr yoxsulluğun səviyyəsinin azaldılmasını təmin edirdi.

Beləliklə, Heydər Əliyevin Azərbaycana ikinci rəhbərliyə başlamasından sosial-iqtisadi sahədə sürətli inkişaf start götürdü. Bu inkişafa ulu öndərin həyata keçirdiyi özəlləşdirmə proqramı, torpaqların kəndlilərə paylanması, kiçik və orta sahibkarlığın inkişafına dəstəyinin verilməsi böyük töhfə oldu.

Heydər Əliyev Azərbaycanı sosial dövlətə çevirdi

Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəmizdə səmərəli dövlət idarəçiliyinin olmaması bütün sahələrdə böhranın dərinləşməsini labüdləşdirməklə iqtisadi sahədə yaranmış çətinliklər, maliyyə çatışmazlığı sosial-iqtisadi vəziyyətin sabitləşdirilməsi üçün real addımların atılmasını tamamilə məhdudlaşdırmışdı. Bu proseslərin fonunda sosial müdafiəni təmin edən proqramlar həyata keçirilməmiş, beləliklə cəmiyyətdə təbəqələr arasındakı uçurum getdikcə böyümüşdü. Həmin illərdə sosial sferada köklü dəyişikliklər məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra baş verdi.

Böhran həddində olan ölkənin vətəndaşlarının sosial müdafiəsini yaxşılaşdırmaq məqsədi ilə Heydər Əliyev 1994-cü ilin 15 iyunda “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” fərman, fərmandan irəli gələn vəzifələrin daha səmərəli yerinə yetirilməsi üçün “Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” növbəti sənəd imzaladı.

1995-ci ildə ümummilli liderin birbaşa müəllifliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasının 16-cı maddəsində deyilirdi ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsinin, onların sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qalır. Bununla da ölkədə bu istiqamətdə hüquqi bazanın möhkəmləndirilməsi, habelə təkmilləşdirilməsi istiqamətində ardıcıl olaraq lazımı addımlar atıldı.

Artıq 2003-cü ildə Azərbaycan əhalisinin sosial vəziyyəti xeyli yaxşılaşmış, işsizlik və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılmasına nail olunmuş, xalqın rifahına xidmət edən güclü, davamlı inkişaf edən dövlət sitemi yardılmışdı. Azərbaycan xalqı məhz bu böyük işi qiymətləndirərək 2003-cü ildə ulu öndərin həmin siyasətini davam etdirəcəyinə söz verən varisinə - İlham Əliyevə etimad göstərdi.

Zaman da sübut etdi ki, xalq öz seçimində yanılmadı. İlham Əliyevin rəhbərliyi dövründə həm iqtisadiyyatımız dünyada ən yüksək templə inkişaf etdi, həm də əhalinin sosial rifahı dəfələrlə gücləndi. Atasının qoyduğu izlə addımlayan İlham Əliyev həm də onun vəsiyyətinə əməl elədi, Azərbaycana misilsiz bir töhfə verdi - xalqın 30 illik həsrətini bitirdi, onları doğma torpaqlarına qaytardı.

Qısa müddətə böyük işlər sığdırmaq

Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra həyata keçirdiyi sosial-iqtisadi islahatların çox qısa müddətdə ciddi nəticələr verməsi böyük dövlətçilik təcrübəsinə, dərin zəkaya, iqtisadiyyatı dərindən bilməyə və respublikanın potensialının düzgün qiymətləndirməyə və ondan səmərəli istifadə üçün səhvsiz islahatlar keçirməyə əsaslanan şəxsi keyfiyyətlərə bağlı idi.

Bu nəticənin unikallığı onunla seçilir ki, sabit ictimai-siyasi, sosial-iqtisadi vəziyyətə malik ölkələrdə belə bu cür qısa müddətdə belə yüksək uğurlara nail olunmayıb. Bu uğurlar həmin dövrdə ağır müharibəyə düçar olmuş, 1 milyonluq qaçqın-köçkün ordusuna qucaq açmış, sosialist iqtisadi sisteminin tamamilə dağıdıldığı, yenisinin isə yaradılmadığı, dövlətçilik aparatının iflic olduğu bir respublikada əldə olundu.

Heydər Əliyevin həyata keçirdiyi sosial islahatlar müvafiq hüquqi bazanın yaradılmasını da vacib edirdi. Heydər Əliyev sosial müdafiə strategiyasını hazırlayan zaman bir tərəfdən sosial siyasətin ölkənin real iştisadi imkanlarına uyğunlaşdılmasına, digər tərəfdən müvafiq normativ-hüquqi bazanın yaradılmasına önəm verirdi. Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya təminatının yaxşılaşdırılmasına xidmət edən bir sıra normativ aktlar qəbul edildi.

Heydər Əliyevin sosial müdafiə strategiyası çoxpilləli və dinamik idi

Heydər Əliyevin böyük dövlətçilik zəkası sayəsində 1996-cı ildən başlayaraq ölkədə möhkəm ictimai-siyasi sabitlik yarandı, sağlam-iqtisadi münasibətlər bərqərar oldu və bunun nəticəsi olaraq sosial siyasətdə, o cümlədən sosial müdafiə sisteminin gücləndirilməsində mühüm, ardıcıl tədbirlər həyata keçirilməyə başladı. Bu siyasəti 2003-cü ildə prezident seçilən İlham Əliyev uğurla davam etdirdi və bu gün Azərbaycan dünyada sosial dövlət kimi tanınır.

Ümumiyyətlə, 1993-2003-cü illərdə Azərbaycanda bütün sahələrlə bərabər sosial müdafiə sahəsində də xeyli iş aparıldı. Hakimiyyətdə olduğu illərdə Heydər Əliyevin imzasını atdığı 60-dan artıq sənəd müharibədən sonrakı Azərbaycan üçün sosial sahədə inkişafın təmin edilməsində ən böyük xidmətlərdən oldu.

Heydər Əliyevin həyata keçirdiyi sosial-iqtisadi modernləşməyə əsaslanan yüksək inkişaf strategiyası öz bəhrəsini verir. Ulu öndərin elmi, nəzəri və praktiki yollarını qısa müddətdə işləyib hazırladığı və həyata keçirdiyi sosial siyasət konsepsiyası Azərbaycan xalqının rifafını təmin etdi.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər