PDF Oxu

Siyasət

  • 3 456

Hərb tariximizdə imzası olan böyük Sərkərdə TƏHLİL

image

Hər bir dövlətin tarxində ordu faktoru həmin dövlətin daxili və xarici siyasətinin güzgüsü hesab olunmuşdur-cəmiyyətin və onun yaratdığı dövlətin orduya olan münasibəti onların öz nüfuzuna, bu gününə və sabahına olan münasibətidir. İstənilən dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri onun Silahlı Qüvvələridir-hər bir ölkənin qüdrəti, beynəlxalq siyasi nüfuzu onun ordusunun döyüş qabiliyyətindən asılıdır. Bu mənada Ulu öndərin “Vətəndaş – Milli Ordu – müstəqillik” triadası mühüm əxlaqi mahiyyət daşıyır-güclü Milli Ordunun yaradılması müstəqilliyin ləyaqət və şərəf işidir. Müstəqilliyin qorunub saxlanılmasında mühüm əhəmiyyət kəsb edən Azərbaycanın hərbi sənaye kompleksinin təməlini qoyan Ulu öndərin müstəqillik konsepsiyasının yaşarlılığı və müasirliyi onun mücərrəd seyrçilikdən uzaq olmasındadır.

Ümummilli liderin dövlət quruculuğunun bütün sahələrində olduğu kimi müasir və modern Azərbaycan Ordusunun yaradılmasında da xidmətləri əvəzsizdir-məhz onun fəaliyyəti nəticəsində zamanın sınağından alnıaçıq, üzüağ çıxan milli ordumuz döyüş və mənəvi - psixoloji hazırlıq sahələrində böyük uğurlar əldə etmiş, dünyanın hesablaşdığı orduya, bu gün Azərbaycanı istənilən təcavüzdən qorumağa qadir bir qüvvə kimi günümüzün danılmaz reallığına çevrilmişdir. Bu uğuru Ulu öndərin rəhbərliyi altında azadlıq və müstəqillik ideyalarının tam təmin olunması naminə hazırlanan ordu quruculuğu konsepsiyasının təntənəsi kimi dəyərləndirmək olar.

Ümummilli liderin xalqımız üçün qoyduğu zəngin və əvəzsiz irs, ölkəmizin gələcək inkişaf perspektivlərini müəyyənləşdirən çoxcəhətli, fundamental fəaliyyət proqramının əsasını, heç şübhəsiz ordu quruculuğu təşkil edir. Bu istiqamətdəki fəaliyyətin qlobal miqyası ölkəmizin keçmişinin, bugünkü reallıqlarının və gələcəyinin prizmasından olduqca əzəmətli görünür. Bütün dövrlərdə Şərqin uğurlarına qısqanclıqla yanaşan xristian dünyası hər sahədə olduğu kimi hərb sahəsində də dini ayrıseçkilik siyasətinə sadiqlik nümayiş etdirmişdir. Çar Rusiyası dövründə imperiyanın müsəlman xalqları orduda xidmətə cəlb edilmirdilər, yalnız bəy və mülkədar ailələri imperatora sədaqətlərini bildirmək üçün öz uşaqlarının hərbi xidmət keçməsinə könüllü razılıq verirdilər. Bu hal Sovetlər dövründə də davam etmiş və yalnız 1938-ci ildən sonra azərbaycanlıların ümumi hərbi xidmətə cəlb edilməsinə başlanmışdır-ancaq onlar əsasən xüsusi hərbi bilik və hazırlıq tələb etməyən hissələrə-daha çox tikinti batalyonlarına göndərilirdilər. Bu işdə özümüzün də günahı az deyildir-rüşvət müqabilində uşaqlarımızı ya hərbi xidmətdən yayındırır, ya da orduya işçi qüvvəsi kimi göndərirdik. Yalnız II Dünya müharibəsi illərində canlı qüvvəyə olan ehtiyac səbəbindən SSRİ-nin bütün müsəlman xalqları kimi azərbaycanlıların da ön cəbhəyə göndərilməsinə icazə verildi.

Bununla belə Azərbaycan xalqının hərb salnaməsi böyük qəhrəmanlıq səhifələri ilə zəngindir-xalqımızın formalaşdırdığı qəhrəmanlıq ideologiyası öz əksini qədim eposlarda belə tapmışdır. XIX əsrdə Azərbaycanın Rusiya ilə İran arasında bölüşdürülməsindən sonra ölkəmiz ordu saxlamaqdan məhrum edildi, azərbaycanlıların çar ordusunda hərbi xidmətə çağırılması məqsədəuyğun hesab edilmədi-lakin azərbaycanlıların hərb sənətinin sirlərini öyrənmələrinin və bu sahədə yüksək mərtəbələrə çatmalarının qarşısını almaq mümkün olmadı. Çar ordusunda xidmət etmək imkanı qazanmış azərbaycanlılar müxtəlif döyüşlərdə əsl peşəkarlıq və şücaət göstərərək ad-san qazandılar. 1918-ci ilin mayında Azərbaycanın öz müstəqilliyini elan etməsi ilə Hərbi Nazirlik yaradıldı, hərbi təhsilin əsası qoyuldu. 1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyyəti elan edildikdən sonra Azərbaycan SSR-in ordusu və donanması yaradıldı. 1922-ci ildə Zaqafqaziya respublikalarının orduları Xüsusi Qafqaz Ordusunun diviziyalarına çevrildi. 1937-1938-ci illərdə orduda başlanmış kütləvi repressiya kampaniyası Azərbaycan diviziyasında da özünü göstərdi-Azərbaycan diviziyası 1938-ci ildə vahid ümumittifaq ordusunun tərkibinə daxil edildi. Faşizmə qarşı müharibəyə Azərbaycandan 600 mindən çox adam səfərbər edildi-buna baxmayaraq azərbaycanlıların hərbi peşələrə yiyələnməsi yolunda ciddi maneələr yaradılırdı-ali hərbi məktəblərdə oxuyan azərbaycanlıların sayı olduqca az idi. Hətta Bakı şəhərində yerləşən ali hərbi məktəblərin kursantları arasında azərbaycanlılar çox cüzi sayda təmsil olunurdular. Sovetlər dönəmində azərbaycanlılar hərbi kadr hazırlığına və о zamankı hərbi elitaya yaxın buraxılmırdılar-Azərbaycanda bir neçə ali hərbi məktəb olmasına baxmayaraq, bu məktəblərin minlərlə kursantı arasında yalnız beş - altı nəfər azərbaycanlı var idi, onların da çoxu “beynəlmiləl” ailələrin üzvləri idilər. Şübhəsiz, bu ənənə Ulu öndəri narahat etməyə bilməzdi-onun şəxsi müdaxiləsi və qayğısı ilə 70 - ci illərdən başlayaraq Bakıdakı ali hərbi məktəblərə qəbul olunan gənclərin arasında azərbaycanlıların sayı sürətlə artmağa başladı, hərbidə də milliləşdirmə prosesinə start verildi. Milli hərbi kadr hazırlığı sahəsində ən kardinal addım Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması oldu-bu da azərbaycanlılar arasında hərbi sahəyə marağın kütləvi xarakter almasına gətirib çıxardı.

Ulu öndərin ordu quruculuğu, xüsusilə də hərbi təhsil sisteminin təməlini qoymaq istiqamətində həyata keçirdiyi tədbirlərin möhtəşəmliyi bu gün özünü daha aydın göstərir. Onun təşəbbüsü və təkidi ilə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış məktəbin yaradılması, ölkənin ayrı-ayrı ali hərbi məktəblərinə göndərilən azərbaycanlı gənclərin sayının artırılması, onlar üçün qəbulda güzəştlərin tətbiqi respublikamızın gələcəyinə hesablanmış uzaqgörən siyasətin nəticəsi idi. Məhz Ümummilli lider əsası 1918 - ci ildə qoyulan ənənələri yeni tarixi şəraitdə davam etdirdi-ilk tədris ilində iki onuncu sinif komplektləşdirilmiş və məktəbə birinci qəbul 400 nəfərdən çox olmuşdur.

70-ci illərdə SSRİ-də rusların qürur duyduğu, “rus mujikinin” formalaşdığı hərbi təmayüllü iki internat-Naximov və Suvorov adına hərbi təmayüllü məktəblər var idi-tədrisin rus dilində olması və məktəblərin uzaqda yerləşmələri orada azərbaycanlıların təhsil almasını çətinləşdirirdi. Bunları nəzərə alan Ulu öndər böyük müqavimətlərə, ciddi maneələrə baxmayaraq o dövr üçün cəsarətli olan, gələcək müstəqil Azərbaycanın ordusunun təməli hesab olunan bir addım atdı-məhz Ümummilli liderin təşəbbüsü ilə Azərbaycan Maarif Nazirliyi və respublika hərbi komissarlığı Azərbaycan KP MK bürosunun 1971-ci il 29 aprel tarixli qərarını əsas götürərək, hərbi təmayüllü internat məktəbinin açılması üçün 1971-ci il iyunun 16-da müraciət hazırladı. Bu müraciət dərhal müzakirə olunur və 20 iyul 1971-ci ildə “İxtisaslaşdırılmış internat məktəbinin yaradılması haqqında” Azərbaycan KP MK bürosu qərar qəbul edir. 1971-ci ilin noyabr ayında Ulu öndərin təşəbbüsü, zəhməti və uzaqgörənliyi sayəsində, böyük əziyyətlər bahasına tarixi bir addım atıldı- Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yüzlərlə Azərbaycan vətəndaşının təhsil almağa başladığı hərbi təmayüllü məktəbin açılışı olmuş, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev bu təntənəli mərasimdə iştirak etmişdir.

1973-cü ildə hərbi təmayüllü internat məktəbinə ümumrespublika məktəbi statusu verildi. Qısa müddət ərzində (1976, 1978, 1981-ci illərdə) məktəbin fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki bazasının genişləndirilməsi və möhkəmləndirilməsi üzrə tədbirlər haqqında mühüm qərarlar qəbul edildi və uğurla həyata keçirildi. Məktəbin məzunlarının ali hərbi məktəblərə daxil olması ilə orada təhsil alan azərbaycanlıların sayı get-gedə artmağa başladı. Məktəb ölkəmizdə hərbi peşənin nüfuzunun artmasında və gənclərimizi bu peşəyə yiyələnməyə həvəsləndirmək işində mühüm rol oynadı. Məktəbin məzunları olmayan gənclərimizin də ali hərbi məktəblərə daxil olmaları halları nəzərəçarpacaq dərəcədə artdı. Orduda peşəkar azərbaycanlı hərbçilərin nisbəti yüksəlməyə başladı.

Ümummilli lideri düşündürən əsas məsələlərdən biri də azərbaycanlı gənclərin öz Vətənini qorumaq üçün orduya hazırlanması və hərbi məktəblərə cəlb edilməsi olmuşdur-o taleyini hərb sənətinə, zabitlik peşəsinə həsr edənlərə böyük hörmətlə yanaşmış və həmişə onların xidmətlərini yüksək qiymətləndirmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə hərbi məktəb 24 noyabr 1997-ci ildə diviziya komandiri Cəmşid Naxçıvanski adına Hərbi lisey adlandırılmışdır. Bu məktəbin milli zabit kadrların hazırlanmasında və Silahlı Qüvvələrimizin formalaşmasında müstəsna dərəcədə rolu oldu-bu gün də ordumuzun sıralarında xidmət edən zabitlərin əksəriyyəti Heydər Əliyevin yaratdığı C.Naxçıvanski adına Hərbi Liseyin məzunlarıdır-onlar torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük hünər və rəşadət göstərmişlər. Azərbaycanlı gənclərin keçmiş SSRİ-nin ali hərbi məktəblərinə daxil olmasını təmin etmək, milli hərbi kadrlar yetişdirmək məqsədi ilə yaradılan Hərbi liseyin 1998-ci və 2003-cü illərdə ölkə başçısının müvafiq fərmanları ilə 25 və 30 illik yubileyləri dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunmuşdur. 2003-cü il aprelin 21-də Ulu Öndər C.Naxçıvanski adına Hərbi Liseyin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə hərbi təhsil ocağına olan sevgi və məhəbbətini bu sözlərlə ifadə etmişdir: “Sizə səmimi deyirəm, Cəmşid Naxçıvanski adına Hərbi Lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona, bax bu cür baxacağam”.

Azərbaycan tarixinin 30 ili ərzində qazanılan bütün uğurların, siyasi, hərbi, iqtisadi, sosial-mədəni tərəqqinin rəhbəri, ilhamvericisi, təminatçısı olan Ulu öndərin vətənçilik mövqeyi iki hissədən-birincisi, şovinizmə varmadan hər bir azərbaycanlının alovlu vətənpərvərə çevrilməsinə nail olmaq, ikincisi, xalqın Vətəni şüurlu sevməsinə, tanıyaraq sevməsinə və Azərbaycanın dünyada tanınmasına nail olmaq- ibarət idi. C.Naxçıvanski adına hərbi məktəbin açılması Ulu öndərin xalqın sabahı naminə uzaqgörənliklə həyata keçirdiyi siyasətin real bəhrəsi idi. Azərbaycanlı hərbi kadrların az olması onu narahat edirdi-həmin dövrdə azərbaycanlı hərbçilərin hazırlanması yalnız Sovet ordusu tərkibində mümkün idi. Dövlətin ümumi siyasəti sayəsində orta məktəblərdə hərbi hazırlıq fənni tədris edilməyə başlandı, hərbi kadrların hazırlanmasına, hərbçilərə, hərbi vətənpərvərlik tərbiyəsinə diqqət yetirildi, 1976-1977-ci illərdən başlayaraq SSRİ-nin ali hərbi məktəblərinə ildə 800-900 nəfər gəncin göndərilməsinə nail olundu. Bu çox böyük ustalıqla, siyasi baxışlarla, dünyagörüşü ilə gələcəyə hesablanmış əhəmiyyətli məsələ Ulu öndərin xalq qarşısındakı tarixi xidmətlərindən biri idi. Gələcəkdə milli ordusunun formalaşdırılmasında güclü zabit ehtiyatı, bacarıqlı, savadlı hərbi kadrlarla zəngin olan qüdrətli ordunun yaradılması müstəqilliyin təməllərinin birinin hazırlanmasına hesablanmışdır. Bu uzaqgörən siyasətin bəhrəsi kimi bu gün mövcud olan güclü, qüdrətli, düşmənlərə layiqli cavab verən milli ordunun formalaşmasının, bacarıqlı hərbi kadrların hazırlanmasının əsası məhz böyük tarixi şəxsiyyət Heydər Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsində mümkün olmuşdur.

1970-80-ci illərdə Azərbaycan hökuməti hərbi liseyin tədris - maddi bazasının və təlim - tərbiyə işinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş və bunun nəticəsində lisey keçmiş sovetlər birliyində analoqu olmayan təhsil ocağına çevrilmişdir-bütün bunlar, heç şübhəsiz, Heydər Əliyev kimi əsl sərkərdənin gündəlik diqqət və qayğısı sayəsində mümkün olmuşdur. Ordumuzun gələcək zabitlərinin təhsil aldığı hərbi liseydə Silahlı Qüvvələrə peşəkar, vətənpərvər kadrların hazırlanması üçün hər cür şərait yaradılmışdır. Bu günə qədər Hərbi liseyi minlərlə gənc bitirərək keçmiş İttifaqın müxtəlif şəhərlərində ali hərbi məktəblərdə oxumuş və xidmət etmişlər. Erməni qəsbkarları Azərbaycan torpaqlarına hücum edəndə onlar Vətənə qayıtmış və ərazi bütövlüyü uğurunda mübarizəyə qoşulmuşlar. Hərbi liseyin məzunları torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə, ordu quruculuğu prosesində fəal iştirak etmiş, Azərbaycan Respublikasına sədaqətlə xidmət edərək Vətən torpağı uğrunda cəsarətlə vuruşmuş, böyük hünər və qəhrəmanlıqlar göstərmişlər. Hərbi Liseyin yetirmələrinin əksəriyyəti dövlətimizin ərazi bütövlüyü, müstəqilliyi, dövlətçiliyi naminə şəhidlik zirvəsinə yüksəlmişlər-hərbi liseyin məzunlarından min nəfərdən çoxu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuş, 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı, 19 nəfər isə Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüş, adlarını Azərbaycanın hərbi tarixinə əbədi həkk etmişdirlər. Ötən müddət ərzində məktəbi 10 minə yaxın gənc bitirmiş və ali hərbi məktəblərə daxil olaraq böyük ordu həyatına vəsiqə almış, Azərbaycanın hərb salnaməsinə yaddaqalan səhifələr yazmışdır. Təkcə onu demək kifayətdir ki, Qarabağ müharibəsində adıçəkilən təhsil ocağının 1500 nəfərdən çox məzunu erməni işğalçılarına qarşı vuruşlarda əsl qəhrəmanlıq nümunələri göstərmişdir. 2016-cı ilin Aprel döyüşləri zamanı erməni işğalçılarına qarşı döyüşlərdə qəhrəmanlıq və igidlik göstərənlərin arasında Hərbi liseyin məzunları olan zabitlər də olmuşdur. Silahlı Qüvvələrin elə bir sahəsi yoxdur ki, orada Hərbi liseyin məzunları xidmət etməsinlər. Eyni zamanda, respublikamızın bütün güc strukturlarında Hərbi liseyin məzunları zabit kimi Vətən qarşısında öz vəzifə borclarını şərəflə yerinə yetirirlər-Silahlı Qüvvələrimizin gələcək təcrübəli zabitləri, generalları və admiralları işıqlı sabahlara məhz bu təhsil ocağında yetişirlər. Ulu öndəri bu gün də üzərinə düşən missiyanı uğurla yerinə yetirən bu məktəbə, sözün həqiqi mənasında, çox böyük mənəvi və tarixi tellər bağlayırdı. 2022-ci ilin il iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, təkcə Azərbaycanın və azərbaycanlıların deyil, bütün türk dünyasının taleyini dəyişməyə müyəssər olmuş ümumtürk miqyaslı müdrik lider olan İlham Əliyev Hərbi Liseydə olmuş, rəsmi tədbirdə Hərbi liseyin təməlinin Ümummilli lider tərəfindən qoyulduğunu diqqətə çatdırmışdır: “Bilirsiniz ki, bu məktəbin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Onun təşəbbüsü ilə bu məktəb 1971-ci ildə yaradılmışdır. Ulu Öndər həmişə bu məktəbin fəaliyyətinə böyük diqqət göstərmişdir. Hələ o vaxt bilirdi ki, bizə milli hərbi kadrlar lazım olacaq və belə də oldu. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclülər sırasındadır. Bizim ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı artır. Bu gün ordumuz ən yüksək səviyyədədir. Ulu Öndərin misilsiz xidmətləri Azərbaycan xalqının qəlbində daim yaşayır. Biz onun işini davam etdiririk. Ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Müasir səviyyədə işlər görülür, hərbi texnika alınır, döyüş qabiliyyəti artır. Bir sözlə, bu gün Azərbaycan Ordusu öz gücünü göstərir və göstərməlidir”

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli nizami ordu yaradılması ən aktual məsələlərdən oldu. 1993-1995-ci illərdə ordu quruculuğu sahəsində görülmüş mühüm tədbirlər nəticəsində ayrı-ayrı siyasi partiyaların, hətta şəxslərin mənafelərinə xidmət edən silahlı birləşmələr ləğv edildi, orduda vahid komandanlıq prinsipi bərqərar edildi, möhkəm hərbi nizam-intizam yaradılması üçün ciddi tədbirlər görüldü. Silahlı Qüvvələrin peşəkar hərbçi kadrlarla təmin olunması üçün hərbi təhsil sistemi sahəsində islahatlar aparılmağa başlandı. 1990-cı ilin iyulunda Naxçıvana dönən Ulu öndər Muxtar Respublika Dövlət Müdafiə Komitəsinin yaradılması təşəbbüsünü irəli sürərək ilk Milli Ordu quruculuğuna başladı, yerli hərbi strukturlarla, incə taktika və iti strategiya ilə muxtar respublikanı işğaldan qorudu. 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbilə Azərbaycan rəhbərliyinə qayıdan Ümummilli Lider noyabrın 2-də xalqa müraciətində Milli Ordunun ayrı-ayrılıqda vuruşan dəstələrini vahid komandanlıq altında birləşməyə səslədi, postsovet məkanında qulluq edən milli zabitlərimizi – vaxtilə özünün yaratdığı C.Naxçıvanski adına Hərbi Liseyin yetirmələrini Vətənin bu ağır günlərində öz xalqı ilə bir yerdə olmağa dəvət etdi, geniş miqyaslı Milli Ordu quruculuğuna başlanıldı. Vətənə qayıdan peşəkar zabitlərimiz döyüş bölgələrində Azərbaycan əsgərini müdafiədən hücuma keçmək məqamının yetişdiyinə inandıraraq neçə-neçə əhəmiyyətli əməliyyatlar həyata keçirdilər. Müdrik rəhbərliyin nəticəsində ölkədə xalqın orduya, ordunun isə dövlətə inamı artdı. Azərbaycan əsgərinə diqqət və qayğı, hörmət və ehtiram bərqərar edildi, hərbi təhsilə önəm verilərək qəbulun sayı artırıldı, hərbi məktəblərin maddi-texniki bazası möhkəmləndirildi.

Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixli Sərəncamı və Müdafiə nazirinin 09 aprel 1998-ci il tarixli əmri ilə 1998-ci ildə Naxçıvan Muxtar Respublikasında C.Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı açılmışdır. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə C.Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı ləğv edilmiş və onun əsasında Heydər Əliyev adına Hərbi lisey yaradılmışdır. C.Naxçıvanski və Heydər Əliyev adına Hərbi Lisey hərbiləşdirilmiş tam orta təhsil müəssisələridir-Hərbi liseydə təhsil müddəti iki ildir-tədris illəri ərzində kursantlara Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planına əsasən 13 fənn tədris edilir. Liseylərdə kursantlar ümumtəhsil fənlərini öyrənməklə yanaşı, hərbi hazırlıq və idman dərslərində qabiliyyətlərini inkişaf etdirirlər.

1999-cu ilin oktyabr ayında Ulu öndər C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan Filialının yeni tədris korpusunun təntənəli açılışında demişdi: “... Hərbi liseyin burada filialının yaradılması zərurəti bir də ondan irəli gəlir ki, tarixən naxçıvanlı gənclər zabit peşəsinə yiyələnməyə meylli olublar. Tarixi vərəqləyin, görün Naxçıvandan vaxtilə nə qədər böyük sərkərdələr çıxıbdır. Elə XIX-XX əsrlərin tarixini götürək. Naxçıvan xanları – Kəngərlilər sülaləsindən çar Rusiyasının ordusunda altı general var idi. Onlardan sonuncusu Cəmşid xan Naxçıvanski idi. Əgər sonrakı dövrü, sovet hakimiyyəti dövrünü götürsək, Naxçıvandan yüksək rütbəli, çox dəyərli zabitlər çıxıbdır. ... Ona görə də burada olan gəncləri hərbi peşəyə cəlb etmək üçün hərbi liseyin filialının yaradılması çox zəruri idi. ... Mən özünü bu peşəyə həsr edənləri yüksək qiymətləndirirəm, onlara öz hörmət və ehtiramımı bildirirəm... Buradakı müəllim, zabit heyətinə müvəffəqiyyət arzu edirəm... ”. 2001-ci ildə Hərbi Liseyin Naxçıvan Filialının ilk 50 nəfər məzunundan 49-u ali hərbi məktəblərə daxil olmuşdur.

2002-ci ilin iyun ayında Hərbi Liseyin Naxçıvan Filialında olan Ulu öndər zabit-müəllim heyəti qarşısında böyük və məsuliyyətli vəzifələr qoyur-onlar təkcə öz peşələrilə bağlı deyil, başqa lazımlı sahələrdə də biliklərini artırmalı və bu bilikləri layiqli kadrların hazırlanmasına yönəltməlidirlər. Ümummilli lider kursantlara müraciətlə belə demişdi: “Mən sizə baxaraq Azərbaycanın gözəl gələcəyini görürəm. Azərbaycanın gələcəyi gənclərə məxsusdur. Biz Azərbaycanın gələcəyini gənclərə etibar edirik. Əziz övladlarımız, sizə etibar edirik. Siz isə bu ümidlərimizi, arzularımızı doğrultmalısınız. İnanıram ki, doğruldacaqsınız” .

2004-cü ilin iyununda Heydər Əliyev adına Hərbi Liseyin 138 nəfər məzunla ilk buraxılışı oldu. İki nəfər kursant-məzun yeni liseyin ilk fərqlənmə attestatını aldı. Ölkə başçısının xüsusi Sərəncamı ilə Heydər Əliyev adına Hərbi Lisey 2008-2009-cu dərs ilində “İlin ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülmüşdür. Qısa tarix ərzində liseyi 5 kursant qızıl, 5 kursant gümüş, 12 kursant isə fərqlənmə attestatı ilə bitirmişdir. Onlarla məzun xarici dövlətlərdə, o cümlədən Rusiya Federasiyasında, Türkiyə və İtaliya respublikalarında təhsillərini davam etdirmiş, liseyin 7 nəfər əməkdaşı xüsusi xidmətlərinə görə müxtəlif fəxri adlar və təltiflərlə mükafatlandırılmışdır.

Bu vaxta kimi C.Naxçıvanski adına Hərbi liseyin 6522 məzunu olmuşdur-onlar Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunələri göstərmiş, Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş, müxtəlif orden və medallarla təltif olunmuşlar. Hazırda Silahlı Qüvvələrində xidmət edən zabitlərin böyük əksəriyyətini həmin liseydə təhsil almış mütəxəssislər təşkil edir. Bu gün litseydə təhsil alan 1856 müdavimə 137 müəllim dərs deyir, 71 zabit və gizir təlim keçir. Lisey milli ordunu peşəkar kadrlarla təmin etmək, gənclərimizi ali hərbi məktəblərə hazırlamaq üçün baza rolunu oynadığına görə onun fəaliyyəti həmişə diqqət mərkəzindədir.

Artıq bütün dünya etiraf edir ki, Azərbaycanın Silahlı Qüvvələri 90 - cı illərin əvvəllərindəki siyasiləşmiş silahlı dəstələr deyil, vahid mərkəzdən idarə olunan, maddi - texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olan bir ordudan ibarətdir. Orduya dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qarantı kimi baxan Ulu öndərin yaratdığı ordu ilə hər bir Azərbaycan vətəndaşı sözün əsl mənasında fəxr edir. Əldə olunan uğurlar bir daha sübut etdi ki, cəmiyyətdəki siyasi plüralizm daxili qüvvələrin parçalanmasına, siyasi iddiaların həyata keçirilməsinə deyil, vahid dövlət quruculuğuna xidmət edərsə, ordu quruculuğu sahəsində dövlətin apardığı siyasət əsaslandırılmış və ardıcıl olarsa, Silahlı Qüvvələrin təşkilində və gücləndirilməsində yüksək nailiyyətlər əldə etmək olar.

Bizim ordumuzun yaranması və müasir tələblər səviyyəsində formalaşması ağır, mürəkkəb və keşməkeşli yollardan keçmişdir. Erməni təcavüzü, daxili çəkişmələr, yeni yaradılmış özünümüdafiə taborlarının ayrı-ayrı siyasi məqsədlərə xidmət etməsi, bir tərəfdən torpaqlarımızın işğalına şərait yaratmış, digər tərəfdən ordumuzun yaranmasına mane olmuşdur. Ümummilli liderin hakimiyyətə qayıdışından sonra respublikamızın həyatının bütün sahələrində olduğu kimi ordu quruculuğu da planlı surətdə həyata keçirilməyə başladı-ilk növbədə, qanunsuz hərbi dəstələr buraxıldı, Silahlı Qüvvələr dövlət nəzarətinə alındı. Digər ölkələrin nümunələrindən və Dağlıq Qarabağ müharibəsi təcrübəsindən istifadə olunaraq mükəmməl hərbi qanunvericilik sistemi yaradıldı. Ümummilli liderin tez - tez ön cəbhəyə getməsi, döyüşən Azərbaycan əsgərləri ilə yanaşı səngərlərdə olması, onların qayğı və ehtiyacları ilə maraqlanması, döyüşdə fərqlənənləri elə yerindəcə mükafatlandırması şəxsi heyətə yeni ruh, yeni qüvvə verirdi. Məhz onun titanik fəaliyyəti nəticəsində güclü Azərbaycan ordusu yaradılmağa başlandı. Dövlət Müdafiə Şurasının ilk iclasında rüşvətxorluğa, cinayətkarlığa, Vətən qarşısında öz müqəddəs borcunu yerinə yetirməkdən boyun qaçıran şəxslərə qarşı barışmaz mübarizə aparılacağının bəyan edilməsi, çağırış və səfərbərliyin, hərbi komissarların işinin günün tələblərinə uyğun qurulması, fərarilərə, xidmətdən yayınanların hamısına qarşı ciddi sanksiyalar tətbiq olunması istiqamətində atılan qətiyyətli addımlar ordumuzun döyüş hazırlığının yüksəlməsinə səbəb oldu. Ordu quruculuğu sahəsində aparılan işlərin sistemləşdirilməsi, mərkəzləşdirilməsi, ordunun vahid komandanlıq prinsipi əsasında fəaliyyət göstərməsi öz səmərəsini verdi. Azərbaycan Ordusu tərəfindən aparılan uğurlu döyüş əməliyyatlarından təşvişə düşən və gücümüzün artmasını hiss edən düşmən 1994-cü il mayın 12 - də atəşkəs haqqında müqaviləni imzaladı. Sonrakı dövrlərdə ordumuzun daha da möhkəmləndirilməsi sahəsində bir çox mühüm tədbirlər həyata keçirildi-çağırış və səfərbərlik işi xeyli təkmilləşdirilmiş, hərbi hissələrdə intizam möhkəmlənmiş, qanun-qaydalara tam riayət olunması təmin edilmişdir. Bütün bunlar orduya gələn gənclərin peşəkar hərbi qulluqçu kimi hazırlanmasına, hərbi ixtisaslara dərindən yiyələnməsinə şərait yaratmışdır. Silahlı Qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsi, peşəkarlığının artırılması fasiləsiz bir proses oldu-döyüş hazırlığı məsələlərinə ciddi önəm verilməsinin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri hal - hazırda istər quruda, istər havada, istərsə də dənizdə hər hansı döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirdir.

Müdrik insan və siyasət korifeyi olan Ümummilli liderin xalqın qarşısındakı əvəzedilməz xidmətlərindən biri də müstəqil dövlətimizin müdafiə qüdrətinin ardıcıl olaraq möhkəmləndirməsi idi. Hələ Sovet imperiyasının dünyaya meydan oxuduğu dövrdə milli zabit kadrlarının gələcək dövlətçilik baxımından vacibliyini nəzərə alaraq onların yetişdirilməsi istiqamətində məqsədyönlü addımlar atmağa başlamışdı-onun təşəbbüsü ilə hərbi məktəbin yaradılması böyük hünər və cəsarət tələb edirdi. Digər müttəfiq respublikaların heç birində belə bir ixtisaslaşmış orta məktəb yox idi. Məktəbin məzunları müxtəlif ali hərbi məktəblərə göndərilir, beləliklə gələcək milli zabit korpusu yaradılırdı. 90-cı illərdə Qarabağ müharibəsində atəşkəs əldə olunduqdan və “Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu sahəsində əsil canlanma başlandı-hərbi təhsilə diqqət artırıldı, mövcud hərbi təhsil müəssisələrinin fəaliyyəti müasir standartlara uyğun olaraq yenidən quruldu, güc nazirliklərinin nəzdində yeni hərbi akademiyalar yaradıldı-bütün bunlar Ümummilli liderin xalqımızın bu gününə və gələcəyinə verdiyi töhfələrdən biridir.

Ulu öndər ordu quruculuğuna elmi prinsiplər əsasında yanaşaraq qısa vaxt ərzində bu mühüm prosesi dövlət quruculuğunun tərkib hissəsinə çevirdi, hərbi hissələri siyasiləşmiş qüvvələrdən təmizlədi, ordu ilə xalqın vəhdəti, orduda mərkəzləşdirilmiş komandanlıq prinsipi tam təmin edildi. Silahlı Qüvvələrin maddi - texniki təminatı möhkəmləndirildi, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırıldı, tam elmi-nəzəri prinsiplər üzərində qurulan Silahlı Qüvvələr keyfiyyətcə yeni bir mərhələyə qədəm qoydu.

Ulu öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra respublikanın müharibə vəziyyətində olmasını nəzərə alaraq ordu quruculuğu istiqamətində məqsədyönlü nəhəng tədbirlər həyata keçirmiş, ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşdırılmışdır. Silahlı Qüvvələrə tələb olunan silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsal olunması üçün sifarişlərin respublikanın müdafiə sənayesi müəssisələrinə verilməsi ölkə iqtisadiyyatının inkişafına da şərait yaratdı. 2003 - cü ildə ordumuzun hərbi - texniki bazasını gücləndirmək və bu sahədə kənardan asılılığı azaltmaq məqsədilə Ümummilli lider tərəfindən “Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003 – 2005 - ci illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi ilə respublikanın müdafiə sənayesinin inkişafının yeni mərhələsi başlandı-bu istiqamətdə aparılan məqsədyönlü işlər bu gün də uğurla həyata keçirilir. Müdafiə Sənayesi Nazirliyinin yaradılmasına dair Prezidentin imzaladığı 16 dekabr 2005 - ci il tarixli sərəncamından sonra nazirliyin bir neçə müəssisəsi əsaslı tikinti və yenidənqurmadan sonra istifadəyə verilmiş, “İqlim” Elmi İstehsalat Müəssisəsi, “Telemexanika”, “Peyk”, “Alov”, Elektron Hesablayıcı Maşınlar və “Radioquraşdırma” zavodları, eləcə də Elmi-Tədqiqat İnstitutu, “Dalğa” Elmi İstehsalat Müəssisəsi, Şirvan “Araz” zavodu öz fəaliyyətlərini uğurla davam etdirmişlər. İstifadəyə verilən müəssisələrdə silahlı qüvvələri müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün onlarca yeni istehsalat sahələri yaradılmış və bu sahələr beynəlxalq standartlara cavab verən avadanlıq və texnologiyalarla təmin edilmişdir.

Ümummilli lider Silahlı Qüvvələrimizin daha da möhkəmlənməsi, hərbi kadrlar hazırlayan hərbi təhsil sisteminin modernləşməsi üçün strateji xarakterli tədbirlər həyata keçirdi-1999-cu il fevralın 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması, 20 avqust 2001 - ci ildə respublikada fəaliyyət göstərən hərbi məktəblərin statusunun artırılması və nəhayət, 17 avqust 2002 - ci ildə Silahlı Qüvvələrə Yardım Fondunun yaradılması haqqında imzaladığı fərmanların nəticəsidir ki, hazırda Azərbaycanda güclü maddi-tədris bazasına, müasir texnologiyalara malik, yeni tədris metodları ilə fəaliyyət göstərən, uğurları ölkəmizin sərhədlərindən də uzaqlara yayılan hərbi təhsil sistemi mövcuddur. Bu gün Azərbaycanın ali hərbi məktəblərində bir sıra xarici ölkələrin nümayəndələri təhsil alırlar. Ümummilli liderin 1993 - cü ilin noyabrında Əfqanıstan müharibəsi iştirakçılarının könüllü cəbhəyə yollanmaq istəyənlərin bir qrupu ilə, hərbi hissələrdən birinin təlim mərkəzində şəxsi heyətlə görüşləri orduda mənəvi əhval-ruhiyyənin güclənməsinə, gənclərdə hərbi - vətənpərvərlik hisslərinin formalaşmasına müsbət təsir göstərmişdir.

Hər bir ordunun qüdrətli – onun döyüş qabiliyyəti ilə mənəvi gücünün vəhdətində reallaşır-bu gün cəmiyyətində, eləcə də orduda Ümummilli lider tərəfindən hazırlanmış və zamanın sınağından çıxmış mükəmməl hərbi vətənpərvərlik konsepsiyası mövcuddur-hərbi qulluqçularda Vətənə, xalqa, dövlətçiliyə sədaqət və məhəbbət hisslərinin möhkəmləndirilməsi, onların ümumdövlət mənafeləri ətrafında səfərbər edilməsi, ordunun müasir NATO standartlarına uyğun qurulması bu istiqamətdə aparılan fəaliyyətin əsas məqsədləridir. Ulu öndərin Avropaya inteqrasiya siyasəti NATO ilə sıx əməkdaşlığı vacib etmişdir-bunun üçün Azərbaycanda yetərli potensial mövcud idi. Azərbaycanda ali hərbi məktəblər sisteminin yaradılması, onun tədris prosesinin NATO - ya üzv olan ölkələrin hərbi təhsil sisteminin üstünlüklərinə uyğun olaraq qurulması nəticəsində ordumuz ciddi, hazırlıqlı, vətənpərvər zabit kadrları ilə təchiz edildi, ordunun maddi – texniki bazası möhkəmləndirilir. Yüksək ixtisaslı milli hərbi kadr hazırlığı istənilən məkan və zaman şəraitində ordu quruculuğu prosesinin obyektiv tələbidir-hərbçi peşəsinin incəliklərinə yiyələnmiş zəruri sayda peşəkar kadr olmadan ordu quruculuğu kimi çətin bir işi uğurla həyata keçirmək mümkün deyildir.

Ordu quruculuğunda aparılan kompleks işlərin nəticəsində qısa müddət ərzində ordu quruculuğunun qanunvericilik bazası yaradıldı, “Silahlı Qüvvələr haqqında “, “Hərbi xidmət haqqında “, “Müdafiə haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” və s . qanunlar qəbul edildi. Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələrinin qurulması və genişlənməsi də məhz ümummilli liderin adı ilə bağlıdır. 1994 – cü il may ayının 4 - də Azərbaycan Respublikası NATO - nun “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşulmuş, 1996 - cı ilin aprel ayında isə Azərbaycan Prezidenti NATO - nun Baş katibinə Azərbaycanın prezentasiya sənədlərini təqdim etmişdir. Azərbaycan dövləti bu istiqamətdə keçirilən tədbirlərdə fəal iştirak edir-Silahlı Qüvvələrimizin sülhməramlı taqımı Türkiyə Respublikası Silahlı Qüvvələrinin sülhməramlı taborunun tərkibində 1999 - cu ilin sentyabr ayından Kosovoda, 2002 - ci ilin noyabr ayından Əfqanıstanda, 150 nəfərdən ibarət sülhməramlı bölüyü isə 2003 - cü ilin avqust ayından ABŞ Silahlı Qüvvələrinin kontingenti tərkibində İraqda sülhməramlı missiyanı yerinə yetirmişdir. Azərbaycan ilə NATO arasında hər il fərdi əlaqələndirmə proqramı hazırlanır və təsdiq edilir-bu da Silahlı Qüvvələrimizin NATO standartlarına uyğunlaşdırılması, mərkəzləşdirilmiş maddi - texniki bazasının yaradılması, hərbi təhsil sisteminin yeni prinsiplər əsasında qurulmasına əsaslı zəmin yaratmışdır. Bütün bunları nəzərə alan Ümummilli lider yüksək kürsülərdən dəfələrlə demişdir: “Ötən illər ərzində ordumuz gücləndi, inkişaf etdi və bu gün, demək olar ki, bizim ordumuz çox yüksək səviyyədədir. Qarşıda duran bütün vəzifələri həll etməyə qadir ordudur”.

1999-cu il fevralın 20-də Prezidentin Fərmanı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradıldı-2001-ci il avqustun 20-də Prezidentin Azərbaycan Ali Hərbi Məktəbi, Ali Hərbi Dənizçilik Məktəbi və Ali Hərbi Təyyarəçilik Məktəbi ilə bağlı Fərmanı imzalandı.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən, orta ixtisas təhsili, ali və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsi olan Heydər Əliyev adına Hərbi İnstitut Ali Hərbi Məktəbin hüquqi varisidir. Prezidentinin 10 mart 2004-cü il tarixli fərmanına əsasən, məktəb Ümummilli Lider Heydər Əliyevin adını daşıyır. Prezidentin 24 dekabr 2015-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Ali Hərbi Təyyarəçilik və Ali Hərbi Dənizçilik məktəbləri ləğv edilmiş, Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə və Hərbi Dəniz Qüvvələri fakültələri yaradılmaqla Ali Hərbi Məktəbə birləşdirilmişdir. Xüsusi təyinatlı tədris müəssisələri şəbəkəsinin fəaliyyətini təkmilləşdirmək məqsədilə Prezidentin 5 mart 2022-ci il tarixli, 1626 nömrəli fərmanı ilə Heydər Əliyev adına Ali Hərbi Məktəbin əsasında Heydər Əliyev adına Hərbi İnstitut yaradılaraq Milli Müdafiə Universitetinin tabeliyinə verildi.

Heydər Əliyev adına Azərbaycan Hərbi İnstitutun tarixi 1918-ci il martın 1-də Tiflis şəhərində Milli Hərbiyyə Məktəbinin açılması ilə başlayır. Məktəb 1918-ci il aprelin 2-də Tiflisdən Gəncəyə köçürüldü-1918-ci ilin iyununda Gəncədə ilk hərbi məktəb yaradıldı. 1918-ci il oktyabrın 27-də Milli Hərbiyyə Məktəbinin ilk buraxılışı oldu. 1918-ci il dekabrın 1-dən Milli Hərbiyyə Məktəbi Praporşiklər Məktəbi adlandırılaraq məzunlarına ilk zabit rütbəsi verdi. 1919-cu ilin oktyabrından Praporşiklər Məktəbi yenidən Hərbiyyə Məktəbi adlandırıldı-1920-ci ilin mayından Hərbiyyə Məktəbi Azərbaycan Birləşmiş Hərbiyyə Məktəbi adlandırıldı. 1930-cu ilin noyabrında Zaqafqaziya Hərbi Hazırlıq Məktəbi yenidən formalaşdırılaraq Bakı Piyada Məktəbi adlandırılmışdır.

Böyük Vətən müharibəsində Bakı Piyada Məktəbi cəbhəyə doqquz mindən artıq gənc zabit kadrları hazırlayaraq yola salmışdır. Bakı Piyada Məktəbinin 22 məzunu bu müharibədə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Sovet İttifaqı Qəhrəmanı adı almış 22 məzundan üçü -Həzi Aslanov, Ziya Bünyadov, Aslan Vəzirov-azərbaycanlı olmuşdur. Bakı Piyada Məktəbinin 1952-ci ildə buraxılan zabit kadrlarının yalnız 34 faizini azərbaycanlılar təşkil etmişdir. 1958-ci ildə hərbi məktəblər orta təhsil sistemindən ali təhsil sisteminə keçdilər-məktəbin adı dəyişilərək Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi adlandırıldı.

1992-ci ilin aprel ayından məktəb Azəraycan Respublikasının hüquqi tabeliyinə keçirilmişdir. Motoatıcı qoşunlar üçün zabitlərdən başqa məktəb on üç peşə üzrə zabitlər hazırlamağa başlamışdır-Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin kursantları erməni təcavüzkarlarının törətdiyi Qarabağ müharibəsində, Müstəqil Azərbaycanın bütövlüyünün və suverenliyinin qorunmasında fəal iştirak etmişlər. 2016-cı ilin Aprel döyüşləri zamanı erməni təcavüzünün qarşısını layiqincə dəf edən məktəbin 20 məzunu şəhidlik zirvəsinə ucalmışdır.

27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ müharibəsinə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 500-dən çox kursantları və zabit-gizir heyəti də qatılmışdır. Hazırda respublikamızın Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələr üçün müxtəlif kateqoriyadan olan hərbi kadrların hazırlanması Azərbaycan Ali Hərbi Məktəblərində, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, Hərbi Akademiyasında və digər hərbi təhsil müəssisələrində uğurla həyata keçirilir. 1997 - ci ildən bu məktəblərdə NATO standartlarına uyğun tədris proqramı tətbiq olunur. 1994 - cü ilin mayından Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşulmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin zabitləri NATO - nun strateji və regional qərargahlarında müxtəlif vəzifələrə təyin edilmişlər. Hərbçilərimiz sülhməramlı, humanitar və digər çoxmillətli təlimlərin planlaşdırılması, hazırlanması və həyata keçirilməsində yaxından iştirak edirlər. Son illərdə NATO - nun müxtəlif tədbirlərində Azərbaycan Silahlı Qüvvələrinin yüzlərlə nümayəndəsi iştirak etmişdir. NATO - nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində respublikamızda bir neçə çoxmillətli komandaqərargah təlimləri keçirilmişdir. “Kooperativ Determineyşn”, “Regional cavab – 2009” kimi təlimlərdə NATO üzvü və tərəfdaş dövlətlərdən nümayəndələr iştirak etmişdir.

Azərbaycan Respublikası öz müstəqilliyini elan etdikdən sonra xarici dövlətlərlə hərbi sahədə əməkdaşlıq haqqında onlarla saziş, protokol və plan imzalanmışdır. Ən müasir silahlarla təchiz olunan Azərbaycan Ordusunun şəxsi heyəti üçün həmin silahlardan istifadə edilməsi təlimi həm ölkə daxilində, həm də ölkəmizdən kənarda keçirilir. Hər il Azərbaycan Ordusunun yaradılması ilə bağlı keçirilən hərbi parad və Azərbaycanın Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələrinin iştirakı ilə keçirilən birgə əməliyyat - taktiki təlimlər əksər dövlətlərin Azərbaycan ordusu haqqında təsəvvürlərinin yaxşı mənada dəyişməsinə səbəb olmuşdur. Silahlı Qüvvələrin komplektləşdirilməsi, hərbi çağırış sisteminin müasir tələblər səviyyəsində təkmilləşdirilməsi üçün görülmüş işlərin nəticəsidir ki, orduda xidmət bu gün hər bir Azərbaycan gənci üçün fəxr nümunəsinə çevrilmişdir. Ordu üzərində ictimai nəzarət sistemi yaradılmışdır, Azərbaycanda ordu quruculuğu yüksələn xətlə inkişaf edir, ordunun problemləri hər an respublika rəhbərliyinin diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dövlət başçısı kürsüsündə fəaliyyətə başladığı ilk günlərdə bəyan etmişdi ki, ordu quruculuğu sahəsində qazanılan nailiyyətlərin bütün parametrlər üzrə daha da inkişaf etdirilməsi onun fəaliyyətində prioritet istiqamətlərdən biridir.

Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbi qulluqçuların sosial müdafiəsi sahələrində həyata keçirilən tədbirlər, onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil - məişət şəraitinin yaxşılaşdırılması Ali Baş Komandanın Vətənin müdafiəçilərinin şərəfli xidmətinə verilən yüksək qiymətin göstəricisidir. Hərbi hissələrdə, hərbi təhsil müəssisələrində baş verən neqativ halları aşkara çıxarmaq, hüquqları pozulmuş hərbi qulluqçuların sosial müdafiəsini daha da gücləndirmək, onların ərizə və şikayətlərinə baxılması işini daha da təkmilləşdirmək məqsədi ilə Müdafiə Nazirliyinin Tərbiyəvi İşlər İdarəsində “Etimad xətti” fəaliyyət göstərir: hərbi qulluqçular sutka ərzində müvafiq telefonlara zəng vuraraq onları narahat edən məsələlər barədə məlumat vermək, habelə müraciətlərini elektron poçtuna göndərmək imkanı qazanmışlar. Son illərdə ölkənin müdafiə xərclərinin bir neçə dəfə artırılması, hərbi qulluqçuların sosial problemlərinin ardıcıl olaraq həll edilməsi yaxın gələcəkdə ordu quruculuğu sahəsində daha böyük uğurlar qazanılacağına təminat verir-ölkə başçısının Silahlı Qüvvələrin şəxsi heyətinə diqqət və qayğısı, ordumuza bəslədiyi yüksək inam və etimad hərbçilər tərəfindən qürur hissi ilə qarşılanır. Möhkəm təməl üzərində bərqərar olan müdafiə sənayemiz Silahlı Qüvvələrimizi hərbi sursatla tam təmin etməyə qadirdir. Azərbaycan ordusu bu gün dövlətin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir və ölkəmizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlıqlı təsisatdır-beynəlxalq hərbi tədqiqat mərkəzlərinin verdiyi qiymətə görə, regionun ən hazırlıqlı və ən müasir ordusu Azərbaycan ordusudur.

Hərbi-texniki əməkdaşlıq sahəsində də bir sıra mühüm işlər həyata keçirilmişdir. Belə ki, Müdafiə Sənayesi Nazirliyi yarandığı zaman respublikamız sahə üzrə yalnız Türkiyə Respublikası ilə əməkdaşlıq edirdisə, bu gün aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş 20 - dən çox dövlətinin 50 - dən çox firma və şirkəti ilə sıx əməkdaşlıq edir. Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisələrdə yaradılan və istehsal olunan 27 adda müdafiə təyinatlı məmulatla (“İstiqlal” tipli snayper tüfəngi, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, artilleriya minaları və optik cihazlar və. s) respublikamızın beynəlxalq sərgidə təmsil olunması qısa müddət ərzində görülmüş işlərin nəticəsidir. Azərbaycanı qüdrətli dövlət kimi görmək istəyən Ümummilli lider tərəfindən ötən əsrdə əsası qoyulan bir qurumun bu gün dünyanın 70 - dən çox ölkəsinin dövlət qurumları və qabaqcıl şirkətləri tərəfindən istehsal olunan məmulatların sərgiləndiyi məkanda öz milli məhsullarını nümayiş etdirməsi qürurverici haldır. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, əməkdaşlıq sahəsində əldə olunmuş bu uğurlar Prezident İlham Əliyevin apardığı xarici siyasətin nəticəsidir. Bu gün cənab İlham Əliyevin başçılığı ilə Azərbaycanın hərtərəfli yüksəlişi, dünyaya inteqrasiyası və güclü siyasəti şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin ictimai-siyasi fəaliyyəti, dövlət quruculuğunda oynadığı rolu, müstəqil Azərbaycanın varlığı və inkişafı üçün hazırladığı mükəmməl təməli İlham Əliyevin şəxsində öz layiqli davamçısını tapmışdır-XXI əsrin qalib sərkərdəsi Qarabağ zəfəri ilə bütün dünyaya türkün gücünü sübut etdi, bu yalnız güclü siyasi iradə və xalqına arxalanan dövlət başçısının əldə edə biləcəyi zəfər idi. Ona görə də böyük fəxarət və qürurla deyə bilirik - Azərbaycanın Müzəffər Ali Baş Komandanı, qalib Ordusu və sarsılmaz birliyi var-bu amillər bölgədə danılmaz yeniliklər və reallıqları şərtləndirir.

Azərbaycanda hərbi quruculuq bu gün də yüksələn xətlə inkişaf edir-vaxtilə Ümummilli liderin həyata keçirdiyi strateji əhəmiyyətli tədbirlər və ənənələr bu gün ordu quruculuğu işini prioritet sahə elan edən, ordu problemlərini hər an diqqət mərkəzində saxlayan, Silahlı Qüvvələrin döyüş hazırlığının artırılmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi dəyərləndirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələr Ali Baş Komandanı cənab İlham Əliyev uğurla davam etdirilir. Azərbaycan hərbçiləri əsl qurucusu Ümummilli liderimiz olan Silahlı Qüvvələrin sıralarında yüksək döyüş hazırlığına yiyələnərək ləyaqətlə xidmət edəcək, həm ölkə rəhbərliyinin, həm də bütövlükdə xalqımızın inam və etimadını doğruldacaqlar.

Müasir Azərbaycanın həyatının hər sahəsində təzahür etmiş bütün yeniliklərin, inkişafa yol açmış qlobal dəyişikliklərin müəllifi, əfsanələri həqiqətə çevirən, neçə əsr əvvəlki hadisələri və layihələri yeni tarixi şəraitdə canlandıran, yaradan Ulu öndər xalqı səfərbər etməklə öz arxasınca apararaq mürəkkəb xarici-siyasi vəziyyətdə, yeni dünya düzəninin tələblərini və geosiyasi reallıqları nəzərə almaqla Azərbaycan dövlətinin milli inkişaf strategiyasını müəyyənləşdirdi və elmi-siyasi, tarixi cəhətdən əsaslandırdı. Bu strategiya Azərbaycan Respublikasını milli-mənəvi dəyərlərin inkişafı, demokratik dövlətçiliyin möhkəmlənməsi, vətəndaş cəmiyyəti, insan hüquqlarının təminatı, siyasi plüralizmin bərqərar olması, Avropaya inteqrasiya və bəşəri dəyərlərdən bəhrələnmə yoluna çıxarmışdır-bu gün Azərbaycan bu yolda inamla və ardıcıl surətdə irəliləyir.

Yaşar Əhmədov

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin

“Humanitar fənlər” kafedrasının dosenti,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər