PDF Oxu

Siyasət

  • 2 249

Milli iqtisadiyyatdan makroiqtisadi tarazlığa doğru gedən yol ŞƏRH

image

Vətəninə, xalqına, dövlətinə ən dərin duyğularla bağlı olan, özünü bu xalqın, ölkənin çiçəklənməsinə, tərəqqisinə həsr etmiş Heydər Əliyev, bütün azərbaycanlıların Ulu Öndəri, Ümummilli Lideri hesab olunur. Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətləri, ötən əsrin ikinci yarısında, məhz 1969-cu il iyulun 14-də, Ulu Öndərin Azərbaycanda hakimiyyətə gəlişi ilə başladı. Böyük dövlət xadimi Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi, respublikamızın demək olar ki, bütün sahələrində böyük inkişafa, sözün əsl mənasında iqtisadi, elmi, ədəbi-mədəni inkişafda sıçrayışa səbəb oldu.

1969-cu ildə Ulu Öndər Azərbaycanda hakimiyyətə gələndə, o dövrün bütün statistik sənədlərində öz əksini tapdığı kimi, ölkəmiz iqtisadi göstəricilərə görə keçmiş SSRİ məkanında sonuncu yerlərdə idi. Azərbaycan zəngin təbii ehtiyatlara və yüksək istehsal potensialına malik ölkə olmasına baxmayaraq, milli gəlirin inkişaf tempinə, sənaye və kənd təsərrüfatı məhsullarının həcminə, elmi-texniki tərəqqinin tətbiqinə, istehsalda və ictimai əməyin məhsuldarlığında görə ümumittifaq göstəricilərindən xeyli geri qalmışdır. Eyni zamanda respublikada iqtisadi və siyasi böhran hökm sürür və dərinləşirdi. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda ölkənin iqtisadi inkişafının əsaslarının yaradılması prosesinə başlanılmış, zəngin iqtisadi potensial gələcək inkişafa, xalqın rifah halının yüksəldilməsinə yönəldilmişdir.

Ötən əsrin 70-80-ci illərində Ümummilli Lider Heydər Əliyev sənayenin, o cümlədən yanacaq-energetika kompleksinin inkişafına böyük diqqət yetirirdi. Bu dövrdə sənayenin inkişafına böyük vəsaitlər yönəldildi, bir sıra iri sənaye müəssisələri yaradıldı, sənayenin strukturu təkmilləşdirildi. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində, 1969-1982-ci illərdə Azərbaycanda sənaye istehsalı bi neçə dəfə artmış və bu artım qeyri-neft sektorunun payına düşmüşdür. Artıq 1980-ci illərdə neft-kimya, kimya, metallurgiya, maşınqayırma, cihazqayırma, elektronika, mebel istehsalı, yüngül və yeyinti sənayesi 75 faizə, qeyri-neft sahələrinin payı 85 faizə çatmışdır. 1980-ci illərin əvvəllərində SSRİ-də məişət kondisionerlərinin 100 faizi, dərin quyu nasoslarının 100 faizi, digər neft-mədən avadanlıqlarının 70 faizi, şərab məhsullarının üçdə biri, elektrik cihazlarının 10 faizindən çoxu, soyuducuların 6 faizi Azərbaycanda istehsal olunurdu. Bu illərdə Cənubi Qafqazın ən böyük Polad zavodu, Bakı məişət kondisionerləri zavodu, Gəncədə elektronika istehsalı üzrə Billur zavodu, Sumqayıtda Məişət kompressorları zavodu, inteqral sxemlərin istehsalı üzrə Ozon zavodu, Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi, Mingəçevirdə - ümumi gücünə görə Cənubi Qafqazda ən böyük elektrik stansiyası - Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası və Bakı Dərin Özüllər Zavodu məhz Azərbaycan SSRİ-nin adı ilə bağlı idi. Dünyanın 65 ölkəsinə respublikadan 350 növdə yüksək keyfiyyətli mallar ixrac edilib. Azərbaycanın şimal-qərb rayonlarını Bakı-Tiflis dəmir yolunun qolu ilə birləşdirən Yevlax-Balakən dəmir yolunun (uzunluğu 162 km) tikintisi başa çatdırıldı. Göründüyü kimi, iqtisadiyyatın şaxələndirilməsinin əsası həqiqətən də, 70-80-ci illərdə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur.

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanda siyasi böhran, Ermənistanın təcavüzkar siyasəti nəticəsində, ölkə ərazisinin 20 faizinin işğalı, bir milyondan artıq soydaşımızın öz doğma yurd-yuvasından didərgin salınması, sosial-iqtisadi vəziyyəti daha da dərinləşdirdi. Böhran, ölkə iqtisadiyyatı idarəolunmaz hala gəldi. Bu dövrdə ÜDM-un, sənaye istehsalının, xarici ticarətin həcmi azaldı, inflyasiya idarəolunmaz hala gəldi. İstehsalın dayanması nəticəsində işsizlik artdı, əhalinin pul gəlirləri azaldı.

Heydər Əliyevin hakimiyyətdə olduğu ilk illərdə, şəxsi səyləri nəticəsində Azərbaycanda əldə edilən hərtərəfli inkişaf Ulu Öndərin olmadığı dövrdə - 1987-1993-cü illərdə sürətlə gerilədi, əldə olunan nailiyyətlər demək olar ki, əldən getdi. Yeni antimilli mərkəzlərin oyuncaqlarına çevrilən rəhbərlərin məkrli fəaliyyəti nəticəsində, Azərbaycan uçuruma sürükləndi. Azərbaycanın belə ağır və çətin dövründə, xalqımız öz nicat və xilasını yalnız Vətənin taleyini hər şeydən üstün bilən Heydər Əliyevdə gördü. Azərbaycan xalqı əmin idi ki, ölkəni bu acınacaqlı vəziyyətdən, ancaq bu dahi xilas edə bilər. Ona görə də o, Ümummilli Lider, Ulu Öndər hesab etdiyi Heydər Əliyevi israrla Bakıya dəvət etdi. 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev müstəqilliyimizi məhv olmaqdan xilas etmək kimi çox çətin, eyni zamanda, şərəfli bir missiyanı üzərinə götürdü.

Ümummilli Liderin rəhbərliyi ilə, ölkədə ən qısa müddətdə bazar iqtisadiyyatının formalaşması üçün qanunvericilik bazası yaradıldı, məqsədyönlü dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərinin əsaslı şəkildə dəyişdirilməsi istiqamətində addımlar atıldı.

Heydər Əliyev iqtisadiyyatda köklü dəyişiklik üçün respublikanın zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirdi. Böyük siyasətin aparıcı siması, ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə edərək, 1994-cü ilin sentyabrında böyük təzyiqlərə baxmayaraq, siyasi iradənin və qətiyyətin təntənəsi olan “Əsrin müqaviləsi”ni imzaladı. Bu saziş, həm də Azərbaycanın qapılarını bütün dünyaya açdı, bu sahədə yeni müqavilələrin imzalanmasına, ölkə iqtisadiyyatına investisiyaların yatırılmasına təkan verdi. “Əsrin müqaviləsi” ölkədə neft-qaz sektorunun inkişafı ilə yanaşı, qeyri-neft sektorunun da inkişafına təkan verdi.

Müəllifi Ümummilli Lider olan, uğurlu torpaq islahatı 1990-cı illərin əvvəllərində kənd təsərrüfatını böhrandan xilas etdi və gələcək inkişafın əsasını qoydu. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildən başlayaraq, bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın qurulması, aqrar islahatların aparılması, torpaqların kəndlilərə verilməsi və digər tədbirlər aqrar sahənin inkişafına böyük təkan vermişdir. Kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri aparıldı, yeni sahələr yaradıldı, keyfiyyətcə yeni münasibətlər formalaşdı. 1997-ci ildən qiymətlər liberallaşdırılıb, sənaye müəssisələri özəlləşdirilib, bazar iqtisadiyyatı institutları yaradılıb. Bu dövrdə “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan, TRASECA kimi layihələrin əsası qoyulmuşdur. Düşünülmüş iqtisadi siyasət nəticəsində, makroiqtisadi tarazlığa nail olunub və davamlı iqtisadi artımın əsası qoyulub, iqtisadiyyatın bütün sahələrində islahatlara başlanılıb, əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində ciddi addımlar atılıb. Heydər Əliyev strategiyasına uyğun olaraq, neft-qaz sənayesi digər sahələrin də inkişafında lokomotiv rolunu oynamışdır. Sahibkarlıq infrastrukturunun formalaşdırılması sahəsində mühüm addımlar atılmış, sahibkarlara maddi dəstək və lazımi texniki yardım göstərən strukturlar formalaşmışdır.

Heydər Əliyev siyasətinin əsas prinsipləri - hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi olmuşdur. Ümummilli Liderin rəhbərliyi ilə, bu sahədə həyata keçirilən tədbirlər nəticəsində, 1996-cı ildən başlayaraq sosial göstəricilərin dinamikasında müsbət meyillər nümayiş etdirilmişdir. Müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində, 1995-2003-cü illərdə ölkədə ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsullarının həcmi 22,4 faiz, kənd təsərrüfatı 52,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda muzdla işləyənlərin orta aylıq əmək haqqı 6,2 dəfə artmış, inflyasiyanın səviyyəsi 2-3 faizə enmişdir.

Ümummilli Liderin inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən iqtisadi siyasəti nəticəsində əldə olunan uğurlar, daha da möhkəmlənib. Hazırda Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji və infrastruktur layihələrinin əsas təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Azərbaycanın xaricə sərmayə yatıran ölkəyə çevrilməsi, kosmosa peyk göndərən məhdud sayda dövlətlərə qoşulması, əhalinin rifah halının yüksəldilməsi son on illərin mühüm nailiyyətləridir.

Bu illər ərzində iqtisadi islahatlar baxımından, Azərbaycan qədər sürətlə inkişaf edəcək ikinci ölkə yox idi. Ordu quruculuğunda da mühüm irəliləyişlər əldə edildi. Bu gün Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə, şəxsi heyətinə, maddi-texniki təchizatına və digər parametrlərinə görə, dünyanın ən güclü ordularından biridir. O, Cənubi Qafqazda şəksiz liderdir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, 2020-ci il sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən müharibədə, Ermənistanın təslim və məğlubiyyət aktına imza atmasının şahidi olduq. Vətən müharibəsi illərində dövlətimizin başçısı cənab İlham Əliyev məkrli qüvvələrin məkrli planlarını pozaraq informasiya cəbhəsində layiqli mübarizə apardı. O, bu gün də bütün beynəlxalq platformalarda ermənipərəst qüvvələrin Azərbaycana qarşı apardığı çirkin kampaniyalara layiqli cavab verir, Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə müdafiə edir. Dünyanın siyasi mənzərəsinin bərbad olduğu bu çətin dövrdə, müstəqil siyasət yürüdən cənab İlham Əliyev daim sülhü təbliğ edir, qlobal böhranlardan çıxış yollarını təklif edir.

“Dəmir yumruq” əməliyyatı ilə Azərbaycan torpaqlarını ən qısa zamanda işğaldan azad edən zəfərli Ali Baş Komandan İlham Əliyev iki əsrlik münaqişəyə, 30 illik müharibəyə, yüz minlərlə insanın, məcburi köçkünlərin iztirablarına son qoydu. Bu böyük qələbə Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi və cənab Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticəsi idi. Öndə Ali Baş Komandan olan, cənab İlham Əliyevin qətiyyəti, müzəffər ordumuzun rəşadəti və xalqımızın qüdrəti və birliyi sayəsində bu qələbə, əbədi olaraq Azərbaycanın şanlı tarixində xüsusi yer tutdu.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər