PDF Oxu

Siyasət

  • 500

Şəhid anası Yeni Azərbaycan Partiyasına üzv oldu

image

Vətən darda olanda Azərbaycan xalqının qeyrətli oğulları silaha sarılaraq torpaqlrımızın müdafiəsinə qalxır, haqq savaşında həyatlarını belə qurban verməkdən çəkinmirlər. Minlərlə Vətən oğlu doğma torpaqların azadlığı yolunda həyatını qurban verərək şəhidlik zirvəsinə ucaldı. Belələrindən biri də Birinci Qarabağ Müharibəsi şəhidi Qurban Rəhim oğlu Qurbanov olub...

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov təşkilatın əməkdaşları ilə birlikdə Şəhid Qurban Qurbanovun ailəsini ziyarət edib, anası Nahidə Qurbanovaya Yeni Azərbaycan Partiyasının üzvülük vəsiqəsini təqdim edib.

Bayram Aslanov bildirib ki, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitləri böyük şücaət göstəriblər, işğal altında qalan torpaqlarımız azad edildi. Artıq ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin edilib. Bu reallığı yaradan və qələbəmizi təmin edən Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, fədakar əsgər və zabitlərimizə bir daha sonsuz minnətdarlığımızı bildiririk.

Şəhidimizin anası Nahidə Qurbanova bildirib ki, qismətimə şəhid anası olmaq yazılıb. Övladımı Vətənə sədaqət ruhunda böyütmüşəm. Qurbanda bu hiss xüsusilə güclü idi. Yağı düşmənin ata-baba torpaqlarımıza yiyə çıxmağı, günahsız adamları qətlə yetirməyi onu hədsiz dərəcədə qəzəbləndirirdi. Balam 11 fevral 1994-cü ildə Kəlbəcər rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə itkin düşüb.

Sinəsi övlad dağlı ana təsəllisinin igid Vətən oğullarının qanının yerdə qalmaması olduğunu bildirib:” 44 günlük Vətən müharibəsində balamın, neçə-neçə qəhrəman oğulların qisası alındı. Bu gün mən qürurluyam, böyük Qələbəni, dünyaya səs salan möhtəşəm Zəfərimizi görməkdən qürur duyuram. Möhtəşəm Qələbini bizlərə yaşadan Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasəti dəstəkləyirəm. Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmış, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atan Yeni Azərbaycan Partiyasının sıralarına qəbul edildiyimə görə çox fərəhlənirəm”.

Söhbət zamanı Nahidə Qurbanova şəhid anaları adından onlara göstərilən daimi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Qeyd edək ki, Qurban Qurbanov 1991-ci ildə Musiqi texnikumunun 2-ci kursunda oxuyarkən təhsilini yarımçıq qoyub cəbhəyə yollanmışdır. O, əvvəlcə Qazax, sonra isə Ağstafa rayonlarının müdafiəsində böyük igidlik göstərmişdir. Qurban Qurbanov 1992-ci ildə Qazax rayonunun müdafiəsi zamanı sifətinin sağ tərəf nahiyyəsindən qəlpə yarası alsa da, 15 gün hərbi məntəqədə müalicə olunduqdan sonra yenə döyüş yoldaşlarının yanına qayıdaraq vətənin müdafiəsinə qalxmışdır. O, 1993-cü ildə könüllülərlə birgə Gəncə batalyonundan ibarət olan 701 saylı hərbi hissənin tərkibində Murovdağa getmişdir. O, döyüş zamanı həmişə öndə olmuş, yüksək döyüş qabiliyyəti və nizam-intizamı ilə əsgər yoldaşları arasında böyük hörmət sahibi olmuşdur. Qurbanov Qurban Rəhim oğlu 11 fevral 1994-cü ildə Kəlbəcər rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə itkin düşsə də, 30 aprel 2001-ci ildə Kəpəz rayon Məhkəməsinin qərarı ilə ölmüş elan edilmişdir.

Digər xəbərlər