Siyasət

  • 27 238

Heydər Əliyev fenomeni Sovet dövründə: Azərbaycanın gələcəyi uğrunda mübarizə - TƏHLİL

image

Heydər Əliyevin təhsil və əmək karyerası çox zəngin və keşməkeşli olub. Onun təhsil və əmək fəaliyyətinə başlaması ölkənin və dünyanın ən ağır dövrünə- II Dünya Müharibəsi illərinə düşür. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alan Heydər Əliyevə təhsilini başa çatdırmağa tezliklə başlanan II Dünya Müharibəsi imkan vermədi. Lakin bu amil ümummilli liderimizə öz xalqının və dünyanın ən böyük şəxsiyyətləri sırasına yüksəlməkdə mane ola bilmədi...

DTK generalı erməni təxribatlarının qarşısını necə aldı?

1941–1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət edir, 1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilir. O, 1949–1950-ci illərdə DTK-nın Leninqrad şəhərində yerləşən Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil alır, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi vəzifəsinə təyin olunur.

1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirir. 1958-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə isə DTK-nın sədr müavini vəzifəsinə təyin edilir. Heydər Əliyev 1967-ci ildə DTK-nın sədri vəzifəsinə təyin olunur və həmin ildə ona general-mayor rütbəsi verilir.

Heydər Əliyev DTK sədri olarkən erməni millətçilərinin əsassız ərazi iddialarının qarşısı qətiyyətlə alırdı. Belə ki, o, 1967-ci il iyunun 26-da Azərbaycan KP MK-nın 1-ci katibi Vəli Axundova məktubunda yazırdı ki, iyunun 23-dən 24-nə keçən gecə Xankəndidə bəzi küçələrdə erməni dilində 300 vərəqə yayılmışdır. Həmin vərəqələrdə ermənilər tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə birləşdirilməsi tələb edilir və millətçi fikirlər irəli sürülürdü. Məktubda qeyd edilirdi ki, vərəqənin müəlliflərini axtarıb tapmaq, eləcə də digər lazımi tədbirləri görmək üçün Xankəndiyə əməliyyat qrupu göndərilmiş və təqsirkarlar ciddi cəzalandırılmışlar. Həmin ildə təkcə DQMV-də 1200-dən artıq belə vərəqə hazırlanıb yayılmışdı. Qısa müddət ərzində belə vərəqələri hazırlayanlardan 13 nəfər, yayanlardan isə 17 nəfər saxlanılmışdı.

1967-ci ilin əvvəllərində erməni millətçiləri tərəfindən əvvəlcədən hazırlanan plana əsasən Dağlıq Qarabağda milliyyətcə erməni olan şəxs qətlə yetirilmişdi. Planın ikinci mərhələsinə uyğun olaraq xüsusi erməni təhrikçilərinin rəhbərliyi altında kütlə bu ölüm hadisəsi ilə bağlı məhkəmə iclasının keçirildiyi kinoteatrın zalına girərək şübhəli şəxs kimi həmin prosesdə dindirilən 2 azərbaycanlını zorla mühafizəçilərin əlindən alıb xüsusi amansızlıqla öldürmüşdülər. Təqsirləndirilən, lakin sonradan bəraət almış digər azərbaycanlı isə dustaq maşını ilə birlikdə yandırılmışdı. Burada əsas məqsəd hadisələri qızışdırıb milli zəmində qarşıdurma törətmək, nəticədə azərbaycanlıların bütün Qarabağ ərazisindən köçürülməsini və ərazinin Ermənistana birləşdirilməsinin təməlini qoymaq idi. Lakin Azərbaycan təhlükəsizlik orqanlarının, xüsusilə ümummilli liderin çevik müdaxiləsi nəticəsində bu hadisələrin qarşısı qısa müddətdə alınmışdı. İşin istintaqını Heydər Əliyev şəxsən öz nəzarətinə götürmüşdü. Hətta bu məqsədlə Xankəndiyə gedərək 15 gün orada qalmışdı. Nəticədə ermənilərin həmin planı baş tutmamışdı.

Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərliyinin nəticələri

60-cı illərin sonunda Heydər Əliyevin ömür yolunda yeni, daha geniş, çoxşaxəli, qaynar fəaliyyət dövrü başlanır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın 1-ci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik edir.

Bu dövrdə idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində sosial-iqtisadi, elmi-mədəni sahədə böyük nailiyyətlər əldə edilir.

Həmin illər Sovet Azərbaycanının tarixinə ən parlaq quruculuq dövrü kimi daxil oldu. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş baş verdi. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirildi. Yeni və mütərəqqi sənaye sahələri yaradıldı. Sənayenin inkişaf səviyyəsinə görə bütün respublikanın proporsional inkişafı üçün mühüm tədbirlər görüldü. İstehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırıldı. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan bütün SSRİ-də qabaqcıl mövqelərə çıxdı. İstehsal olunan məhsulların keyfiyyət göstəricisi əvvəlki dövrlərlə müqayisə olunmayacaq dərəcədə yüksəldi. Əhalinin sosial rifahı xeyli artdı.

1970-1985-ci illərdə, tarixən qısa bir dövr ərzində, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublika rayonlarının siması büsbütün dəyişmişdi.

Bu gün Bakıya, Azərbaycanın rayonlarına gözəllik, yaraşıq verən yüzlərlə yaşayış binaları, mehmanxanalar, ictimai binalar, məktəblər, müasir səhiyyə ocaqları, mədəniyyət sarayları, iqtisadiyyatımızın nüvəsini təşkil edən fabriklər, zavodlar, nəhəng sənaye obyektləri, iri istehsal kompleksləri, su anbarları, yaşıllıq zonaları, istirahət ocaqları, avtomobil və dəmir yolları... Heydər Əliyev zəkasının, onun yorulmaz fəaliyyətinin, bu böyük insanın bütün varlığına hopmuş Vətən sevgisinin nəticəsi idi.

Dünyanın ən böyük dövlətinin rəhbərliyinə yüksəlmiş lider

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsinə təyin edilir və SSRİ-nin rəhbərlərindən biri olur. Dünyanın ən böyük dövlətinin 3-cü böyük şəxsi kimi dünyada tanınır. Azərbaycan xalqı Nəriman Nərimanovdan sonra belə yüksək mərtəbəyə çıxa bilmiş daha bir oğlunu yetişdirmişdi. Yeri gəlmişkən, doğma xalqı, el-obası üçün canını qoyan Nəriman Nərimanovun Bakının ən hündür yerində əzəmətli heykəlini ucaltdırmaq Heydər Əliyev şəxsiyyətinin Vətən qarşısında böyük xidmətlərindən biri idi. Sonralar Nərimanova Ulyanovsk şəhərində də abidə ucaltdırmağa nail olan ümummilli lider bir daha sübut etdi ki, o öz xalqının böyük oğullarını heç vaxt unutmur, unutdurmur.

Zaman keçəcək, o, Azərbaycan dövlətinin rəhbəri kimi də dünyada tanınacaq və ölkəsini dünyada tanıdacaqdı. Hələlik isə, SSRİ-nin ən qüdrətli dövrüdür- 70-80-ci illər və Heydər Əliyev dünya siyasətinə, iqtisadiyyatına təsir edən yüksək postda işini davam etdirir.

Xalq arasında da onun böyük nüfuzu var idi. SSRİ Ali Sovetinin (8, 9, 10 və 11-ci çağırışlar) deputatı, 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini (1974–1979), RSFSR Ali Sovetinin deputatı (XI çağırış, 1985), Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9, 10 və 12-ci çağırışlar) deputatı və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü (8, 9 və 10-cu çağırışlar) olur.

Heydər Əliyevin SSRİ rəhbəri seçilməsi üçün böyük şansları var idi. Həm əhali arasında, həm də dövlət rəhbərliyində ona inam və etibar böyük idi. Lakin bu vəzifəyə Mixail Qorbaçovun seçilməsi ilə ona qarşı təzyiqlər başlayır. Sov. İKP MK-nın 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verir.

Ümummilli liderin SSRİ dövründə aldığı bəzi mükafatlar

Ümummilli lider Heydər Əliyevin Sovet dövrü əmək karyerası boyu bəzi mükafatlara nəzər salmaq onun necə böyük və uğurlu bir əmək fəaliyyəti göstəridiyinin əyani sübutudur. Aşağıda mükafatların kiçik bir hissəsi verilib.

-"Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı- 1945

-"Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı- 1945

-"SSRİ Silahlı Qüvvələrinin 30,40, 50 və 60 illiyi yubiley medalları- 1947, 1957, 1967, 1977

-"Əmək igidliyinə görə" medalı- 1949 "Döyüş xidmətlərinə görə" medalı- 1954

-II dərəcə "Nümunəvi xidmətə görə" medal- 1959 "DTK-nın fəxri əməkdaşı" nişanı- 1960

-"Qırmızı Ulduz" ordeni- 1962 Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı- 1964

-I dərəcəli "Nümunəvi xidmətə görə" medalı- 1964

-Böyük Vətən müharibəsində qələbənin 20, 30 və 40 illiyi ilə bağlı yubiley medalları- 1965, 1975, 1985

-"Sovet milislərinin 50 illiyi" yubiley medalı- 1967

-"ÜFK-DTK-nın 50 illiyi" nişanı- 1967 "SSRİ Sərhəd Qoşunlarının 50 illiyi" yubiley nişanı- 1968

-"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı- 1970

-5 dəfə Lenin ordeni (1971, 1973, 1976, 1979, 1983)

-İki dəfə Sosialist Əməyi Qəhrəmanı (1979, 1983) "Oktyabr inqilabı" ordeni- 1982

-Sov. İKP MK-nın "Политическое самообразование" jurnalı redaksiya heyətinin Fəxri Fərmanı- 1982

-"Kiyevin 1500 illik xatirəsinə" medalı- 1982 "Komsomolsk-Amurun 50 illiyi" yubiley nişanı- 1984

-ÜİLKGİ MK-nın "60 il V.İ.Leninin adı ilə" fəxri nişanı- 1984

-"25 il Patris Lumumba adına Xalqlar Dostluğu Universiteti" medalı- 1985

-I dərəcəli Vətən Müharibəsi Ordeni- 1985 "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı- 1988

Azərbaycanın gələcəyi uğrunda yorulmaz fəaliyyət

Heydər Əliyev Azərbaycan SSR-ə rəhbərliyi dövründə təhsilin inkişafına, xüsusilə, böyük əhəmiyyət verirdi. Onun rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və həmin şəbəkənin zəngin maddi-texniki bazasının formalaşdırılması, Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması respublikada böyük intellektual baza yaratdı.

Həmin illərdə respublikada məktəblərin, ali və orta ixtisas müəssisələri üçün yeni binaların tikintisi geniş vüsət almış, təhsil infrastrukturu tamamilə yeniləşdirilmiş, yeni ali və orta ixtisas məktəbləri açılmışdı. Respublikanın müxtəlif bölgələrində 800-ə yaxın məktəb tikilərək istifadəyə verilmiş, ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin ümumi sayı 12-dən 17-yə, tələbələrin sayı 70 mindən 100 minə qədər artmışdı.

Həmin dövrdə Azərbaycanın əldə etdiyi mühüm tarixi nailiyyətlərdən biri də milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılması idi. Bu məqsədi uğurla həyata keçirmək üçün Heydər Əliyev hər il azərbaycanlı gənclərin təhsil almaq üçün böyük qruplarla keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoymuşdu. O dövrdə SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı göndərilmiş, hər il xaricə 800 tələbə yola salınmışdı.

Elmlər Akademiyasının genişləndirilməsi və inkişafına ümummilli lider xüsusi fikir verirdi. Nəticədə, respublikada çox sayda elmi işçilər, böyük alimlər yetişdi. Azərbaycan Sovet Ensiklopediyasının nəşr olunması isə ulu öndərin Azərbaycan elmi qarşısında ən böyük xidmətlərindən idi ki, bu gün də həmin Ensiklopediya ən qiymətli elmi xəzinə sayılır.

SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlıq keçirən Azərbaycan rəhbəri gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüşdü.

Azərbaycanda ali hərbi məktəblərin açılması isə milli hərbçi kadrların hazırlanmasında çox böyük bir iş idi. Bu məktəblərdən böyük generallar, hərbi mütəxəssislər yetişdi və onlar 1-ci Qarabağ müharibəsində Azərbaycan Ordusunun özəyini təşkil etdilər.

Azərbaycanın bütövlüyü uğrunda mübarizə

Heydər Əliyevin Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin 1-ci müavini olduğu dövrdə ermənilərin Azərbaycana qarşı təxribatları və iddiaları baş tutmadı. Yalnız, ümummilli lider Siyasi Bürodan və NS-dəki vəzifədən istefa verdikdən sonra ermənilər fəallaşdılar.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında Sovet qordusunun Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edir.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayır, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilir. Daha sonra isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Ali Sovetinin sədr müavini seçilir.

SSRİ rəhbərliyində mühüm mövqələrə yiyələnmiş ermənilərin və onlara havadarlıq edən Mixail Qorbaçovun planları nəticəsində Qarabağda münaqişə getdikcə qızışırdı. Dağlıq Qarabağ Muxtar Vilayətində yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, hələ SSRİ-nin dağılmasından və Azərbaycanın müstəqilliyini əldə etməsindən yarım il əvvəl- 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edir.

Epoxa bitmişdi...

Elçin Bayramlı

PS: Ümummilli lider Heydər Əliyevin Sovet dövründə doğma xalqı qarşısında ən böyük xidməti o idi ki, 1991-ci ilin sonunda Azərbaycan İttifaqdan ayrılıb müstəqilliyini elan edərkən, respublika artıq müstəqil bir dövlət kimi yaşamağa tamamilə hazır idi.

Digər xəbərlər