İdeoloji, ictimai-siyasi tədbirlərin artıq məkanına çevrilən, Türk dünyasının mədəniyyət paytaxtı Şuşamız yenidən bayram libasını geyindi. Sanki bütün al-əlvan rəngli libaslar onun üçün seçilib. Fəsillərin hər birində özünəməxsus gözəlliyə qərq olan Şuşamız baharın göz oxşayan ətirli çiçəklərinin ahəngində musiqili dünyası ilə yenidən dünyanın müxtəlif yerlərindən qonağı olan insanlara isti nəfəsli qucağını açdı. Toy-büsatlı Qarabağımızın incisi "Xarıbülbül"ün sədası ilə dağları, daşları aşaraq yenidən xoş ovqatını dünyaya yaydı. Bildiyimiz kimi, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilib. Budəfəki "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak ediblər. May ayının 9-11-də keçirilən tədbirdə Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistan təmsil olundular. Xoş əhvali-ruhiyyəli bu musiqi bayramı dünyanın nəzər nöqtəsində olur. Müharibəni qalibiyyətlə başa vuran bir xalqın beynəlxalq festivalları da möhtəşəm olur. Uzun illərdən sonra yenidən Şuşada, Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının keçirilməsi bir daha dünyaya göstərir ki, işğaldan azad olunan torpaqlarımız əzəli sakinlərini qoynuna alanda belə əzəmətli, möhtəşəm olur. Bu xalqın övladları kimi, onun gülü-çiçəyi də, atları da vəfalıdır. Artıq neçə ildir ki, Xarıbülbülümüzün ətri dünyaya öz ətrində yayılır. Bu qoxu ondan duyulan VƏTƏN qoxusudur. Şuşamızın qoxusudur. Bu ətri duya biləcək insanlar Vətən anlayışının nə demək olduğunu anlayanlardır. Hər bir azərbaycanlının qüruruna çevrilən "Xarıbülbül" Beynəlxalq musiqi festivalı! Musiqi beşiyi, musiqi məbədi olan Şuşada belə bir tədbirin keçirilməsi hər birimizin müqəddəs arzusu, istəyi idi ki, bu gerçəkliyə çevrildi. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir: "Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks-təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik. Biz bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək, ədaləti bərpa edək, milli ləyaqətimizi qoruyaq və buna nail olduq".Məlumdur ki, "Xarıbülbül" Beynəlxalq Festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. 1989-cu ilin əvvəlində festivala hazırlıq başlamışdır. Festival eyni ilin may ayında, Şuşa Xarıbülbülündə çiçəklənmə dövründə keçirilmişdir. 1989-cu ilin festivalında yerli ifaçılardan əlavə Qırğızıstan SSR, Qazaxıstan SSR, Başqırdıstan SSR, Litva SSR və Belarus SSR-dən olan musiqi qrupları da iştirak edirdi. Ümumilikdə festivalda 100-ə yaxın insan iştirak edib. Konsertlər Cıdır düzü meydançasında tikilmiş 7 məkanda keçirilmişdir. Festival 12–15 yaşlarında "Qarabağ şikəstəsi" muğamını ifa edən gənc xanəndələrin ifası ilə açılmışdı. Festivalın ilk günü Qarabağ atlarında da yarışlar olmuşdu. İlk festivalın tamaşaçıları əsasən, Şuşanin sakinləri idilər.
"NATƏVAN" OPERASI ŞUŞADA İLK DƏFƏ
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidən "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı start götürdü. Şuşanın qoynunda ifa olunan milli musiqimizin sədalarının Şuşa dağlarına yayılması əlbəttə ki, böyük bir sevgimizin izharıdır. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində start götürən "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının mayın 10-da Cıdır düzündə qala-konserti keçirildi. Qala-konsertdə festivalda iştirak edən ölkələrin incəsənət ustalarının maraqlı çıxışı oldu. Konsert çərçivəsində "Xarıbülbül" kompozisiyası, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə və Türkmənistan incəsənət ustalarının təqdimatında "Söz meydanı" vokal-instrumental kompozisiya, "Türk dünyası virtuozları" ansamblının ifasında "Çahargah bəhsi", "Əfsanə Turan", "Xalq xəzinəsi" kompozisiyaları və iştirakçı ölkələrin ifaları, rəqs qruplarının digər rəngarəng çıxışları təqdim edildi. Qala-konsertin bütün iştirakçıların ifasında "Odlar yurdu Azərbaycan" kompozisiyası ilə başa çatması Azərbaycana olan sevginin tərənnümü idi. Şuşada ilk dəfə "Natəvan" operasının təqdimi festivala xüsusi rəng qatıb. Cıdır düzündə Vasif Adıgözəlovun "Natəvan" operasının təqdiminin böyük anlamı var. Qarabağ xanının qızı, Azərbaycan şairi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına, o dövrdə Qarabağda baş verən ictimai-siyasi hadisələrə həsr olunan opera Şuşada ilk dəfə nümayiş olundu. Opera ilk dəfə Vasif Adıgözəlovun doğulduğu şəhərdə səsləndi. Bakıda dəfələrlə bu opera səsləndirilsə də, Şuşada opera başqa bir ovqat yaratmış oldu.
ƏSL MUSİQİ BAYRAMI
Festival çərçivəsində Xan qızı Natəvanın evinin həyətində Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı "Dəli Domrul" tamaşasının premyerasının keçirilməsi unudulmaz anlar yaşadıb. Tamaşa Altay Məmmədovun "Kitabi–Dədə Qorqud" dastanının "Duxa Qoca oğlu Dəli Domrulun boyu" əsasında qələmə aldığı eyniadlı pyesi əsasında meydan üslubunda səhnələşdirilib. Festival günlərində müxtəlif məkanlarda "Bayraq", "Qəhrəmanlıq", "Qarabağ məclisi", "Poeziya", "Dədə Qorqud", "Dərvişlər", "Molla Nəsrəddin" mövzularında guşələrin yaradılması da maraqla qarşılanıb. Cıdır düzü, Üzeyir Hacıbəylinin heykəlinin qarşısı, Bülbülün ev-muzeyi və Şuşanın digər məkanlarında keçirilən tədbirlər çərçivəsində müxtəlif konsert proqramları, sərgi və filmin nümayişi festivala rəngarənglik əlavə edib. Əsl musiqi bayramına çevrilən "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının iştirakçılarının Şuşadakı Heydər Əliyev Fondu tərəfindən bərpa edildikdən sonra açılışı olan Yaradıcılıq Mərkəzinin ekspozisiya salonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanışlığı xüsusilə yaddaqalan olub. Sərgidə Ulu Öndər Heydər Əliyevin ardıcıl, məqsədyönlü siyasəti nəticəsində Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf istiqamətindəki xidmətlərini əks etdirən unikal fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunub. Həmçinin sərgidə Ümummilli Liderin vaxtı ilə Qarabağa səfərləri, burada keçirdiyi görüşlər, müxtəlif tədbirlərə aid fotolar da yer alıb.
MÜQƏDDƏS ŞƏHƏRİMİZ YENİDƏN DİRÇƏLİR
Bu gün Şuşaya gələn qonaqların hər birinə aydın oldu ki, Şuşa yeni bir dövrünə qədəm qoyub. Bu gün Böyük Qayıdış üçün lazımı tədbirlər həyata keçirilir. Şuşada reallaşdırılan infrastruktur layihələr və tədbirlər bir daha sübut edir ki, bu müqəddəs şəhər yenidən dirçəlir və yeni bir inkişaf, abadlıq və quruculuq dövrünə qədəm qoyub.Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Şuşada Gövhərağa məscidinin bərpası Azərbaycanın öz dərəylərinə milli-mənəvi islami dəyərərinə olan ehtiramın nümunəsidir. Dövlət başçısının bildirdiyi kimi, "Bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsi artıq başlanmışdır. Verilən göstərişlər yerinə yetirilir". Bu gün Şuşa dağları həsrətlə yaşadığı, acıdığı musiqimizə, sənət dünyamıza qovuşub. Toy-büsatlı Şuşamızda yenidən "Xarı Bülbül" Beynəlxalq Musiqi Festivalı keçirildi. Tarixi və yaddaqalan anlarla zəngin olan olan festival dünyaya yenidən Şuşada, Cıdır düzündə yaşanılan anları təqdim etdi. Buradan süzülüb gələn musiqinin sədasını el-el, oba-oba Azərbaycanı sevənlərə çatdırdı.
Zümrüd BAYRAMOVA
Prezident İlham Əliyev tədbirdə çıxış edib