Siyasət

  • 3 064

Müstəqillik Günün mübarək, Azərbaycan!

image

Prezident İlham Əliyev: "Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq"

Bəli, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan dövləti - Qalib Sərkərdə Prezident İlham Əliyevin “Dəmir yumruq” siyasətinin gücü ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərinin birliyi və qəhrəmanlığı ilə xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Ali Baş Komandanımız, Prezident İlham Əliyev 28 May – Müstəqillik Günü ilə bağlı paylaşımında dediyi kimi: “Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq”.

Bəli, bu gün 105 ili olan 28 May Azərbaycanın Müstəqillik Gününü daha fərqli- Qalib ölkənin, qalib vətəndahları kimi qeyd edirik. 105 il öncə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik dövlət quruluşu olub və xalqımızın müstəqillik əzmini nümayiş etdirib. Cümhuriyyətin yaradılmasında və fəaliyyət göstərməsində Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Məhəmmədəmin Rəsulzadənin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olub. Əldə olunmuş müstəqilliyin 23 ay davam etməsinə baxmayaraq, bu müddətdə Azərbaycanda demokratik hüquq və azadlıqlar bərqərar olub, Azərbaycan dili dövlət dili elan edilib, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilib, milli ordu və təhlükəsizlik strukturları qurulub.
Azərbaycan Xalq Cümhuriyyətinin yaşadığı qısa müddət ərzində zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, dövlət institutlarının təsis olunması, qadınlara səsvermə hüququnun bəxş edilməsi, tolerantlıq ənənələrinin əsasının qoyulması kimi tarixi nailiyyətlərə imza atıb. Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Onun şüurlara aşılamış olduğu müstəqillik ideyaları bütün məhrumiyyətlərə baxmayaraq, xalqımızın yaddaşından heç vaxt silinmədi. 70 illik sovet hakimiyyəti dövründə xalqımız milli azadlıq ideallarını qorudu, yaşatdı və nə vaxtsa onların həyata vəsiqə alacağına inamını heç vaxt itirmədi.

Ulu Öndər Heydər Əliyev demişdir: "Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu". Bəli, tarix hər zaman ədalətin gec də olsa, bərpa olunması ilə təkrarlanıb. XX əsrin əvvəlində xalqımız qarşısında tarixi əhəmiyyət kəsb edəcək işlər görməyi qarşısına məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 73 il sonra xalqımız bir daha müstəqillik əldə etdi. Məlum olduğu kimi, 1991-ci il oktyabrın 18-də qəbul olunan Konstitusiya Aktında Azərbaycan Respublikasının AXC-nin siyasi varisi olması elan olundu. Bəzən "tarix təkrar olunur" deyirlər və 1993-ci ildə də tarixin təkrar olunmaması, müstəqilliyin itirilməməsi üçün xalqımız Ulu Öndər Heydər Əliyevi Azərbaycanda siyasi hakimiyyətə yenidən qayıdışı və Onun müəyyənləşdirdiyi strateji kurs sayəsində siyasi, hüquqi, iqtisadi, sosial, mədəni, ideoloji və digər sahələrdə əldə edilən nailiyyətlər Azərbaycanı müasir, müstəqil və güclü milli dövlətə çevirdi. Müasir, müstəqil dövlət kimi çıxış edən ölkəmiz özünün tərəqqisi ilə milli inkişafın Azərbaycan modelinin əsasını qoydu. Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu bildirirdi.

Əsası ümumilli lider tərəfindən qoyulmuş və hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurlu həyata keçirilən xarici siyasət strategiyası dövlətlərarası əlaqələrə daha yaxından qatılaraq regionda, eləcə də dünyada baş verən əsas iqtisadi, siyasi və mədəni proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirərək mənafelərini qoruyur. Ölkə daixilində gedən demokratik proseslər və iqtisadi yüksəlişlə yanaşı, uğurlu xarici siyasət bu gün dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətini Azərbaycana yönəltmiş və bu da beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın yaranmasına və inkişafına əlverişli zəmin yaratmışdır.

Bu gün ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatarcasına, dinamik şəkildə və çox uğurla davam etdirən Prezident İlham Əliyev çıxışlarında AXC-nin Azərbaycan xalqı üçün tarixi hadisə olduğunu bildirmişdir: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Xalqımız üçün tarixi hadisə idi. Ona görə ki, Azərbaycan xalqı əsrlər boyu arzuladığı müstəqilliyə qovuşurdu".

İşğal və Qələbə. Bir faktı vurğulamaq lazımdır ki, tarix qalibləri mühakimə etmir, həm də bu qalib haqq işi uğrunda qələbə qazanırsa! Bəli, bu gün Ali Baş Komandanımız, Prezident İlham Əliyev bu tarixi qələbəni bir daha əbədiləşdirdi. Ali Baş Komandanımız Prezident İlham Əliyev cənablarının 28 May - Respublika Günü ilə bağlı paylaşımda dediyi kimi: "Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq".

Respublika Günün mübarək, Azərbaycan! Qarabağ Azərbaycandır!

ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü

Digər xəbərlər