Siyasət

  • 4 517

İrəvanın Rusiyaya qarşı siyasəti: Moskva nə edəcək? - ANALİTİK

image

Son vaxtlar Ermənistan rəhbərliyinin Rusiyaya qarşı təhlükə yarada biləcək diplomatik fəallığı müşahidə olunmaqdadır. Misal üçün, Ermənistanın baş naziri Nikol Paşinyan BMT-nin Baş Assambleyası sahələrində NATO-nun baş katibi Yenis Stolterbenqlə, Parisdə isə Fransanın prezidenti Emmanuel Makronla görüşündə Ermənistana müşahidəçilər missiyasının göndərilməsi təklifini irəli sürüb. Artıq o da məlumdur ki, həmin təklif Fransanın müdafiə nazirinin simasında müsbət qiymətləndirilib. Diqqət edək ki, təklif məhz hərbi struktur tərəfindən nəzərə alınıb və erməni baş nazirinin NATO rəhbərliyi ilə də müzakirəsi bu konteksti əhatə edir. Hansı ki, missiyanın “mülki” adlandırılması da həmin məsələdə bir sıra təzadlı suallar yaratmaqdadır.

Bunun ardınca isə Ermənistanın parlament divarları arasında sözügedən müraciət səsləndirilib və yenidən “ATƏT və ya BMT-dəki beynəlxalq partnyorların Ermənistan-Azərbaycan sərhədlərində yerləşdirilməsi” təklif olunub. Və burada “ATƏT, yaxud BMT” deyərkən məhz Fransa və ABŞ nəzərdə tutulub. İrəvanın bu çərçivədəki cəhdləri bəllidir: Cənubi Qafqaz regionunda aparıcı güclər olan Bakıya, Ankaraya, Moskvaya və Tehrana ABŞ və Fransa vasitəsi ilə təzyiqlər göstərməyə nail olmaq. Amma ola biləcəkmi..? Yaxud gəlin görək ki, Ermənistanın cəhdləri nə qədər uğura hesablanıb və ümumiyyətlə, bu cəhdlərdən uğur əldə edə biləcəkmi?

Rusiyanın reaksiyası özünü çox gözlətmədi. Moskva Paşinyanın ideyasına qarşı çıxdı və ölkəsinin XİN sözçüsü Mariya Zaxarova “beynəlxalq müşahidəçilərin” Ermənistanla Azərbaycan sərhədlərində yerləşməsinə qarşı çıxış etdi.

“Üçtərəfli razılaşmanın fəaliyyət göstərən reallığını başqa hər hansı fəaliyyətlə əvəzləmək olmaz. Bütün regiondan kənar oyunçular Cənubi Qafqazda qeyri-sabitlik situasiyasını yaratmağa çalışırlar”, Kremlin xarici siyasət idarəsinin rəsmisi Zaxarova vurğulayıb. Ancaq buna baxmayaraq, Ermənistana açıq havadarlıq edən və regiona aidiyyatı olmayan daha bir tərəf – Vaşinqton və Parisin əllərində əsas kozırlardan olan və İrəvanın maraqları üçün istifadə edilən rəsmi Afina da ortaya çıxıb. Belə ki, Yunanıstanın xarici işlər naziri Nikos Dendias İrəvana səfər edib və orada regionun hərbi-siyasi situasiyası müzakirə olunub. Buradan da aydın görünür ki, əslində, Yunanıstan üzərinə belə bir vəzifə qoyulub – bu ölkə nəinki Şərqi Aralıq dənizi regionunda Türkiyəyə qarşı, həm də paralel olaraq Cənubi Qafqazda Ermənistana dəstək göstərməklə regiondakı gərginliyi yüksək həddə saxlamalıdır.

Bütün bunların KTMT-yə üzv ölkədə - Ermənistanda baş verməsi və NATO ölkələri missiyasının sonrakı fəaliyyətinin hansı istiqamətdə davam edəcəyi sonrakı hadisələrin cərəyanından da aydın olacaq. Artıq hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının təmsilçisi Qagik Melkonyan KİV-lərə açıqlama verərkən bildirib ki, ölkəsinin KTMT-dən çıxması üçün müzakirələr aparılır.

Beləliklə, açıq-aydın görünür ki, Ermənistan Cənubi Qafqazda Vaşinqton-Paris-Afina geosiyası oxunun mərkəzinə çevrilib və belə görünür ki, həmin üçlü destabillik faktoru regionun mövcud təhlükəsizlik arxitekrurasını demontaj etməsinə hesablanıb. Habelə, Ermənistan belə bir vasitə ilə regionda Rusiyaya qarşı ikinci cəbhənin açılmasına cəhd edir.

Afət Tahirqızı

Digər xəbərlər