Siyasət

  • 2 074

Moskva görüşü Azərbaycan Prezidentinin növbəti diplomatik qələbəsidir - ŞƏRH

image

Son bir ay ərzində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində müxtəlif səviyyələrdə görüşlər keçirilib. Bütün bu danışıqlar, aparılan müzakirələr tərəfləri sülh sazişinə nail olmağa bir qədər də yaxınlaşdırdı. Mayın 25-də Moskvada Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən görüşdə masanın bir tərəfində qalib ölkənin lideri, qətiyyətli və güclü siyasətçi, öz ölkəsini dünyada söz sahibinə, güc mərkəzinə çevirən Azərbaycan Prezidenti İlham Əliyev, digər tərəfində isə məğlub ölkənin hökumət başçısı, bütün beynəlxalq tədbirlərdə olduğu kimi Moskvada da özünü gülünc hədəfinə çevirən, siyasətçi kəlməsini belə özündə daşımağı bacarmayan Ermənistanın baş naziri Nikol Paşinyan əyləşmişdi.

Tədbirdə Prezident İlham Əliyev dərin məzmunlu çıxış edərək ölkəmizin iqtisadi imkanları və təşkilata üzv ölkələrlə fəal əlaqələri haqqında ətraflı məlumat verdi. Dövlətimizin başçısı hər zaman görüşlərində sülh müqaviləsinin yalnız təklif etdiyi 5 məlum prinsip əsasında imzalana biləcəyini vurğuladı. Və bu gün Azərbaycan Prezidenti konstruktiv mövqe ortaya qoyur, regionda davamlı və dayanıqlı sülhün əldə edilməsi üçün təkcə bəyanatlar vermir, bu istiqamətdə konkret əməli işlərin görülməsinin tərəfdarıdır. Bu baxımdan da Azərbaycan bir nümunədir. Görüşdə Prezident İlham Əliyev Azərbaycanın çox geniş iqtisadi potensialı olduğunu vurğulayaraq bildirdi ki, ölkəmiz Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. Azərbaycanın öz ticarət donanması ilə yükdaşıma potensialı kifayət qədər böyükdür. Bu gün Azərbaycan həmin yükdaşıma potensialını daha da genişləndirmək imkanlarına malikdir.

Eyni zamanda, dövlətimizin başçısı çıxışında Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin coğrafi kəsişməsində yerləşməsinin əhəmiyyətini vurğuladı, həmçinin ölkəmizin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürdüyünü xatırlatdı. Lakin Ermənistanın baş naziri əsassız olaraq “Zəngəzur dəhlizi” ifadəsini ərazi iddiası kimi qiymətləndirib. Dövlətimizin başçısı isə bu iddianın absurd olduğunu tutarlı arqumentlərlə əsaslandırıb.

Nikol Paşinyan isə əvvəlki görüşlərdə olduğu kimi, Ali Avrasiya İqtisadi Şurasının iclasında da protokoldan tam kənar, etiket qaydalarına belə riayət etməyərək bu dəfə də Qərbdəki ağalarının dediklərini təkrarladı. Belə ki, Azərbaycanın Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsini yaratmasını Paşinyan Xankəndidəki ermənilərin guya blokadada saxladığını, eləcə də Ermənistanın ərazi bütövlüyünün Azərbaycan tərəfindən pozulduğunu iddia etsə də, istəyi ürəyində qaldı.

Qeyd edək ki, Praqada 5-ci Brüssel görüşündə və sonrakı üçtərəfli görüşlərdə Paşinyan Azərbaycanın 86,6 min kv. km olmaqla ərazi bütövlüyünü tanıdığını söyləmişdi. Prezident İlham Əliyev Azərbaycanın həyata keçirdiyi bütün tədbirlərin, o cümlədən Xankəndi-Laçın yolundakı nəzarət buraxılış məntəqəsinin yaradılmasının beynəlxalq hüququn prinsiplərinə uyğun həyata keçirildiyini faktlarla Paşinyanın diqqətinə çatdırmaqla ona hüquqi dərs keçdi.

Əvvəlki görüşlərdə olduğu kimi, bu görüşdə də Paşinyan bir tərəfdən sülh prosesindən danışır, Moskvanın vasitəçiliyini təqdir etdiyini deyir, digər tərəfdən də ölkəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq və yaxud fəaliyyətini dondurmaqla bağlı mövqe də ifadə edir. Yeri gəlmişkən Minsk şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Müdafiə Nazirləri Şurasının toplantısına Ermənistan qatılmayıb. Bu fakt da onu göstərir ki, İrəvan-Moskva münasibətlərindəki gərginlik daha da artmaqdadır. Bunu Rusiyanın yüksəkrütbəli rəsmiləri də etiraf edirlər.

Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin Ali Avrasiya Şurasının iclasında qonaq qismində iştirak etməsi bir daha sübut edir ki, ölkəmiz bu qurumun üzvqonaq qismində olmasa da, dövlətimizə, onun ali siyasi rəhbərliyinə çox böyük inam, etibar və etimad mövcuddur. Eyni zamanda, bu görüş çərçivəsində Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında aparılan danışıqlarda ölkəmizin mövqeyi kifayət qədər güclü idi.

Ümumilikdə, mayın 25-də Moskvada keçirilən üçtərəfli görüşündə də Azərbaycan Prezidenti İlham Əliyevin diplomatiyası və siyasəti Ermənistan üzərində daha bir tarixi qələbə qazandı.

SEYFƏDDİN ƏLİYEV,
YAP Masallı rayon təşkilatının sədri

Digər xəbərlər