Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması məqsədi ilə istifadə edilməsi ölkəmizdə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsidir. Ölkə rəhbərliyinin ekoloji məsələlərə göstərdiyi diqqət sayəsində ətraf mühitin yaxşılaşdırılması istiqamətində son illərdir bir sıra layihələr həyata keçirilib, ekoloji problemlərin həllinə yönəlmiş tədbirlər görülüb. Ölkəmizin zəngin təbiətini qorumaq, bərpa etmək üçün yeni layihələr həyata keçirilir. Ekoloji tarazlığın qorunması, təbii ehtiyatların, o cümlədən, faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində mövcud olan dövlət proqramları çərçivəsində mövcud ekoloji problemlərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilib və bu gün də davam etdirilir. Belə ki, çirklənmiş torpaqların ekoloji vəziyyətinin sağlamlaşdırılması, neftlə çirklənmiş torpaqların, eləcə də müxtəlif maddələrlə çirklənmiş göl və gölməçələrin bərpası istiqamətində tədbirlər görülüb. İnsanların rahatlığı, firavanlığı, onların sosial rifahının yüksəlməsi məqsədi ilə ölkəmizdə davamlı olaraq tədbirlər həyata keçirilir.
BEYNƏLXALQ SƏNƏDLƏRƏ ZİDD ƏMƏLLƏR
Təbiəti, florası və faunası ilə zəngin bir dövlət olan Azərbaycan ərazisinin çayı, dənizi, dağı və s. ölkəmizin zəngin və təkrarsız bir təbiətə malik olmasını göstərir. Ötən əsrin 90-cı illərində Ermənistanın işğalçılıq siyasətinin nəticəsində ölkəmizin təbətinə də ciddi ziyan dəymiş, həmin ərazilərdə ekoloji tarazlıq pozulmuşdur. Belə ki, Azərbaycanın 30 ilə yaxın işğal altında olmuş ərazilərində ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara böyük zərbə vurulmuşdur. Ekoloji terror aktları törədərək meşələri yandıraraq öz hərbi məqsədləri üçün bundan istifadə etmişdir. Milli parklar da daxil olmaqla qorunan təbiət əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən genişmiqyaslı yanğınlara səbəb olan raket atəşinə belə tutulmuşdur. Azərbaycanın "Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na daxil edilmiş nadir təbiət inciləri məhv edilib, flora və faunaya külli miqdarda ziyan dəyib. Ermənilərin törətdikləri ekoloji terror ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaların, o cümlədən, "Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi" haqqında BMT konvensiyasının pozulması deməkdir.
ENDEMİK BİOMÜXTƏLİFLİYƏ AĞIR ZƏRBƏ
Milli parklar da daxil olmaqla qorunan təbiət əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən genişmiqyaslı yanğınlara səbəb olan raket atəşinə tutulmuşdur. Şuşa şəhəri yaxınlığında meşə ərazilərindəki qiymətli ağaclar fosfor silahlarından istifadə nəticəsində yanmışdır. Nəticədə min illərdir formalaşan torpağın üst təbəqəsi tamamilə yanmışdır. Azərbaycan ərazilərində olan təbii sərvətlər də talan edilmiş, qızıl, civə, mis, qurğuşun, sink, kömür və s. daxil olmaqla 163 faydalı qazıntı yatağı, həmçinin meşə örtüyü, nadir ağaclar Ermənistan tərəfindən qanunsuz istismara məruz qalmışdır.
Ümumi sahəsi 8000 hektardan çox olan palıd, ardıc, fıstıq, vələs, şam, göyrüc və qozdan ibarət qiymətli və çoxillik sıx meşələrdən ibarət bənzərsiz bir ekosistemin məhv edilməsi endemik biomüxtəlifliyə ən ağır zərbə olmuşdur.
Erməni qəsbkarlar ərazilərimizi işğal altında saxladıqları dövrdə, Bəsitçay Dövlət Təbiət Qoruğunda da ekoloji terror törədiblər. Mənfur düşmən qoruğun meşəlik ərazisinin demək olar ki, yarısını məhv edib, ağacların kökünü, oduncağını yandırıblar. Bu gün işğaldan azad olunan ərazilərdə böyük abadlıq və quruculuq işlərinə başlanılıb. Eləcə də təbiətə yeni bir nəfəs gəlib. Yaşıllıqlar salınır, ağaclar əkilir, ekoloji mühit təmizlənir. Xatırladaq ki, Bəsitçay Dövlət Təbiət Qoruğu nadir Şərq çinarının qorunub saxlanılması məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 4 iyul 1974-cü il tarixli qərarı ilə 107 hektar ərazidə yaradılıb. Qoruq Zəngilan rayonunda Kiçik Qafqaz dağlarının cənubi-şərq hissəsinin Bəsitçay ətrafı boyunca ərazini əhatə edir. Çinarlıq qoruq ərazisinin 93,5%-ni təşkil edir. Qoruq ərazisinin landşaft kompleksini, xüsusilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilib. Dünyada çinarın 7 növü var ki, Azərbaycanda isə onun yalnız bir növü - şərq çinarı inkişaf edir. Şərq çinarının çoxsahəli əhəmiyyətini, dünyada az yayılmasını, nadir bitki olmasını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun adı Azərbaycanın "Qırmızı Kitabı"na yazılmışdır. Mənbələrdə qeyd edilir ki, Bəsitçay dövlət təbiət qoruğunun 100 hektarını çinar meşələri tutur. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 m, orta diametri isə 1 m-dir. Bəsitçay dövlət təbiət qoruğu 27 il Ermənistan ordusunun işğalı altında olub və qoruq məhv edilmişdir. Bəsitçayın əsas təbiət kompleksi sayılan 200 illik tarixə malik çinar ağacları qəddarcasına kökündən çıxarılaraq məişətdə istifadə edilib. Bu, erməni vandalizminin növbəti əməlləridir.
Vətən Müharibəsi zamanı Bərdə, Ağcabədi, Daşkəsən rayonlarının meşə ərazilərinə atılmış bombalar nəticəsində meşə fonduna da kifayət qədər ziyan vurulub. İşğaldan azad olunan ərazilərdə 54 min hektardan çox meşə fondu məhv edilib. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində qarşıda duran əsas vəzifələrdən biri də, məhz həmin ərazilərdə bioloji müxtəlifliyin, habelə nadir və itməkdə olan bitki növlərinin bərpa edilərək sağlamlaşdırılmasıdır. Bu ərazilərdə müasir yanaşmaların tətbiqi əsasında unikal meşə fondunun və mühafizə olunan təbiət komplekslərinin fəaliyyətinin bərpa edilməsi bütövlükdə regionun "yaşıl zona"ya çevrilməsinə şərait yaradacaqdır.
Zümrüd BAYRAMOVA