PDF Oxu

Siyasət

  • 3 373

Şair və yazıçılarımıza xüsusi qayğı ilə yanaşan ulu öndər Heydər Əliyev ŞƏRH

Şair və yazıçılarımıza xüsusi qayğı ilə yanaşan ulu öndər Heydər Əliyev ŞƏRH

Həyatının hər anını milli dirçəlişin və bəşəri dəyərlərin inkişafına həsr edən ümumilli lider Heydər Əliyev daim ziyalılara diqqətlə yanaşırdı. Hər zaman ziyalıların və ziyalılığın himayədarı olan ümumilli lider ədəbiyyat insanlarına həmişə diqqət göstərmişdir. Həm yazarların, həm də, ədəbiyyatşünasların dayağı olan ümumilli lider ədəbiyyata dərindən bələd olmuş və sözə sevgi ilə yanaşmışdır. Ulu öndər hələ sovetlər dönəmində yazarların müxtəlif illərdə keçirilən qurultaylarında iştirak etmişdir. Həmin qurultaylarda iştirak etməklə qurultay iştirakçılarına stimul verir, ədəbiyyatın inkişafı üçün şərait yaradırdı. Ulu Öndərin söz adamlarına, ziyalılara diqqəti və qayğısı bununla kifayətlənmirdi. O, qüdrətli Azərbaycan ədəbiyyatı tarixinin müasir dövrdə mühafizəçisinə çevrilirdi. Azərbaycanın ayrı-ayrı bölgələrində yerli şəraitin tələblərinə uyğun milli mədəniyyət ocaqlarının və abidələrinin yaradılmasına xüsusi əhəmiyyət verirdi. Ümummilli lider 12 avqust 1969-cu ildə Qazaxda Molla Pənah Vaqifin ev muzeyinin yaradılması qərarının verilməsi öz dövrü üçün böyük ədəbi hadisə olmaqla yanaşı, milli hadisə idi. Eləcə də 1978-ci ildə isə Şamaxıda Ədəbiyyat Muzeyi yaratmaq haqqında qərar qəbul edilməsi həmin bölgənin tarixi şöhrətini daha da artırdı. Tarixə nəzər salsaq, ulu öndər 60-70-ci illərdə olduğu kimi, 80-ci illərdə də ədəbiyyatın keşiyində xüsusi inamla dayanmışdır. Onu da qeyd edək ki, 1980-ci ilin 11 dekabrında Naxçıvan şəhərində Hüseyn Cavid kimi bir şəxsiyyətin ev muzeyinin yaradılması qərarına imza atmaq həmin zaman kəsiyi üçün əvəzolunmaz iş idi. Bunu Hüseyn Cavidin faciəvi həyat tarixçəsinə əsaslanaraq söyləmək daha inandırıcı olar və bir imperiyanın məhv etdiyi bir dahini hələ o imperiyanın mövcud olduğu bir zamanda vətəninə qaytarmaq tarixi ədalətsizlik üzərində milli qələbə idi. 10 iyun 1995-ci il tarixində Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılması ilə bağlı müşavirədə çıxışında Ulu Öndər bildirmişdi: “Hüseyn Cavid bizim üçün doğrudan da əzizdir. O, tariximizdə böyük bir şəxsiyyətdir və böyük bir irs qoyub. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaq və xalqımız ondan istifadə edəcək.”1982-ci il yanvarın 15-də ümumilli lider Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak edir. Ümumilli lider özü 30 oktyabr 1997-ci il tarixində Azərbaycan Yazıçılarının X Qurultayında bununla bağlı bildirib: “Vaqifin vəfatından 200 il sonra biz Şuşada onun məzarı üzərində əzəmətli bir məqbərə ucaltdıq. Bu, həm Vaqifin yaradıcılığına, həm də, ümumiyyətlə, ədəbiyyata, şerə, mədəniyyətə olan münasibətimiz idi.”Ulu öndər istər müasir, istərsə də klassik şair və yazıçıların yubileylərinə xüsusi qayğıkeşliklə yanaşmasını unutmaq olmaz. Belə ki, 1969-cu ildə ölkə rəhbəri təyin edilən ümummilli lider Heydər Əliyev 1970-ci ildə Rəsul Rzanın 60 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasına nail olur. Bununla belə, 1973-cü ildə həm Nigar Rəfibəylinin 60, həm də Nəbi Xəzrinin 50 illik yubileyləri böyük təntənə iləgerçəkləşdirilir. 1972-ci ildə Nəriman Nərimanovun 100 illik yubileyi qeyd edilməklə bərabər, heykəlinin ucaldılması Azərbaycanın ədəbiyyat tarixi üçün önəmli hadisə idi. Eləcə də 1973-cü il 13 sentyabr tarixində bəşəri klassikimiz İmadəddin Nəsimin 600 illik yubileyinin Bakı ilə yanaşı Moskvada da keçirilməsi bütün imperiyanı Azərbaycana diqqət ayırmağa sövq etmək demək idi və nəticədə 1980-ci ildə Bakıda İmadəddin Nəsimin abidəsi qoyuldu. Ümummilli lider 8 aprel 1999-cu il tarixində “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə dövlət komissiyasının növbəti iclasında bildirmişdir : “Biz Nəsimini dünyaya tanıtmaqla Azərbaycanı yenidən tanıtdıq.” 1979-cu il 6 yanvar tarixində “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul edilir. Bu qərarda Nizami Gəncəvinin məhz Azərbaycan şairi olmasının qabarıq vurğulanması əsas önəmli fakt idi. Bu, o demək idi ki, böyük bir imperiya Nizami Gəncəvini Azərbaycanın şairi olaraq öyrənir və təbliğ edirdi. Bu qərarın icrasından irəli gələrək, 1981-ci ildə şairin 840, 1991-ci ildə isə 850 illiyi dövlət səviyyəsində keçirilmişdir. Ulu öndər Heydər Əliyev hər zaman ədib və ziyalılara xüsusi qayğı göstərmiş, onların layiqli dəyərlərini almalarına şərait yaratmışdır.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər