Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlər və qarşıya qoyduğu vəzifələrlə bağlı Bəyimsarov ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib.
Görüşdə ilk olaraq Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm roldan, dövlətçilik ənənələrinin qorunması və möhkəmləndirilməsi, milli həmrəyliyin gücləndirilməsi və Azərbaycanın davamlı inkişafının təmin olunması istiqamətində həyata keçirilən fəaliyyətindən bəhs edib. Eldar Əsədov vurğulayıb ki, Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışı partiyanın qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi, ideoloji fəaliyyətin müasir tələblərə uyğun qurulması və partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəallığının artırılması baxımından mühüm proqram xarakteri daşıyır. O, ərazi partiya təşkilatlarının bu hədəflərin reallaşdırılmasında üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməsinin vacibliyini diqqətə çatdırıb.
Sonra Bəyimsarov ərazi partiya təşkilatının sədri Aqil Şərifov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VIII Qurultaydakı çıxışının partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, ideoloji işin təkmilləşdirilməsi və təşkilati fəaliyyətin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, ərazi partiya təşkilatlarında bu cür tədbirlərin təşkili partiya üzvləri arasında əlaqələrin möhkəmləndirilməsinə, təşkilati fəaliyyətin səmərəliliyinin artırılmasına və VIII Qurultayda müəyyənləşdirilmiş strateji hədəflərin həyata keçirilməsinə mühüm töhfə verir.
Tədbirdə, həmçinin partiya üzvlərinin cəmiyyətdə fəallığının artırılması, gənclərlə işin gücləndirilməsi, dövlətçilik ideyalarının təbliği və Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsi istiqamətində görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda partiya üzvlərinin qarşısında duran vəzifələr müzakirə olunub, yerlərdə ideoloji və təşkilati işin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.