PDF Oxu

Siyasət

  • 504

Qürur mənbəyimiz, gələcək fəaliyyətimizin əsas istiqamətverici yol xəritəsi - ŞƏRH

Qürur mənbəyimiz, gələcək fəaliyyətimizin əsas istiqamətverici yol xəritəsi - ŞƏRH

15 oktyabr 2026-cı il tarixdə Masallı Rayon Heydər Əliyev Mərkəzində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirədən əvvəl tədbir iştirakçıları tərəfindən Masallı şəhər Heydər Əliyev Parkında yerləşən Ulu Öndərin abidəsi ziyarət edilib və abidə önünə tər gül dəstələri düzərək xatirəsi ehtiramla anılıb.
Müasir Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunan müşavirədə geniş məruzə edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov dövlət başçısının Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı tarixi çıxışının əhəmiyyətindən danışaraq deyib:-Müzəffər Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında etdiyi proqram xarakterli nitqi hər birimiz üçün həm böyük qürur mənbəyi, həm də gələcək fəaliyyətimizin əsas istiqamətverici yol xəritəsidir. Cənab Prezidentin vurğuladığı kimi, bu qurultay Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay olaraq tariximizə qızıl hərflərlə yazıldı.
Eyni zamanda ölkə başçısının xüsusi toxunduğu ideoloji təhlükəsizlik və vətənpərvərlik tərbiyəsi məsələlərinə diqqət yetirən natiq bildirib ki, xaricdən ölkəmizə yönələn ideoloji təxribatların, sosial şəbəkələrdə aparılan qərəzli kampaniyaların məqsədi birliyimizi sarsıtmaqdır. Bu təhdidlərin qarşısını almaq üçün birinci növbədə təhsilə, biliyə və milli-mənəvi dəyərlərə söykənən vətənpərvərlik tərbiyəsinə üstünlük verməliyik. Partiya fəalları, ziyalılarımız və gənclərimiz şablon, formal tədbirlərdən uzaqlaşmalı, canlı və təsirli ideoloji iş aparmalıdırlar.
Rayon rəhbəri əhalinin sosial rifahının yüksəldilməsi, aqrar sektorun inkişafı və yerlərdə vətəndaşların problemlərinin operativ həll olunmasının gündəlik fəaliyyətin mərkəzində durduğunu vurğulayaraq, Cənab Prezidentin "Bizim sözümüz imzamız qədər dəyərlidir. Biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq" kəlamını xatırladıb və Masallı rayonunun bundan sonra da ölkəmizin tərəqqisinə öz layiqli töhfəsini verəcəyini vurğulayıb.
Daha sonra Masallı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayevanın Heydər Əliyev irsinin müasir Azərbaycanın inkişaf strategiyasındakı təməl rolu və bu irsin geniş təbliği, ideoloji məsələlər barədə məruzəsi dinlənilib .
Müşavirədə rayonun fəal ziyalıları, şəhid ailələri və sahə rəhbərləri çıxış ediblər. Belə ki, Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev cəmiyyətdə ağsaqqal sözünün kəsəri və dəyərindən, Vətənə, dövlətə xidmət işində yaşlı nəslin rolu barədə danışıb, şəhər Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəbin direktor müavini, şəhid Niyaməddin Sultanzadənin anası Mehriban Sultanova torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin ailələrinə göstərilən dövlət qayğısından, eləcə gənc nəslin tərbiyəsindəki mühüm məqamlardan söz açıb, Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru İlqar Ramiz oğlu dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının və onun rifahının dayandığını qeyd edərək əhalinin sağlamlığının qorunması və səhiyyə sisteminin inkişafı istiqamətində görülən işlərə toxunub.
Digər natiqlər-Mahmudavar kənd tam orta məktəbinin direktoru Xanım Əliyeva müasir Azərbaycanın parlaq gələcəyinin savadlı və intellektual gəncliyin yetişdirilməsində təhsil sahəsindəki prioritetlərə dilə gətirib, “Dəfinə” Texniki-Riyaziyyat Təmayüllü Liseyinin direktor müavini, Əməkdar müəllim Əhməd Məmmədov xüsusi istedada malik şagirdlərin yetişdirilməsi və təhsil sistemində yüksək nəticələrin əldə olunması təcrübəsini bölüşüb, Sərçuvar kənd Səfərəli Məmmədov adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, Vətən müharibəsi iştirakçısı (qazi) Rza Məmmədov isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Zəfərdən və gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasından danışıb.
Müşavirənin sonunda çıxışlarda səslənən dəyərli fikirlərə və tədbirdə fəallıq göstərdiyinə görə bütün iştirakçılara dərin minnətdarlıq bildirilib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər