PDF Oxu

Siyasət

  • 991

17 Oktyabr – Füzulinin azadlığa qovuşduğu tarixi gün

17 Oktyabr – Füzulinin azadlığa qovuşduğu tarixi gün

17 Oktyabr – Füzuli şəhəri günü xalqımızın tarixi yaddaşında, milli qürur və dövlətçilik salnaməsində xüsusi yer tutur. Bu əlamətdar gün Azərbaycanın ərazi bütövlüyünün bərpasının, xalqımızın sarsılmaz iradəsinin və tarixi ədalətin təntənəsidir. Füzulinin azad olunması Azərbaycan Ordusunun qəhrəmanlığını, dövlətimizin gücünü və xalqımızın birliyini bütün dünyaya nümayiş etdirdi. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Füzuli rayonu uzun illər düşmən tapdağı altında qaldı. İşğal nəticəsində şəhər və kəndlər dağıdıldı, tarixi-mədəni irsimizə ciddi ziyan vuruldu, minlərlə sakin doğma yurdlarından didərgin düşdü. Buna baxmayaraq, füzulililər öz torpaqlarına qayıdacaqlarına olan inamlarını heç vaxt itirmədilər.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın tarixində yeni mərhələnin əsasını qoydu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Oktyabrın 17-də Füzuli şəhərinin azad olunması Vətən müharibəsinin mühüm tarixi hadisələrindən biri oldu. Bu qələbə hərbçilərimizin şücaətinin, xalqımızın həmrəyliyinin və dövlətimizin qətiyyətli siyasətinin parlaq təcəssümüdür. Füzuli uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi daim ehtiramla yad edilir, qazilərimizin qəhrəmanlığı yüksək qiymətləndirilir. Bu gün Füzulidə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə müasir infrastruktur yaradılır, yollar salınır, yaşayış məhəllələri və sosial obyektlər inşa olunur. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə bölgənin nəqliyyat imkanlarının genişləndirilməsi və iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bütün bu layihələr şəhərin gələcək inkişafına və Qarabağın dirçəldilməsinə xidmət edir.

Füzulinin yenidən qurulmasında qardaş Qazaxıstan Respublikasının göstərdiyi dəstək də xüsusi qeyd olunmalıdır. Azərbaycan-Qazaxıstan münasibətlərinin yüksək səviyyəsini, xalqlarımız arasındakı tarixi dostluğu və qardaşlığı əks etdirən bu dəstək mühüm mənəvi və praktiki əhəmiyyət daşıyır. Qazaxıstanın Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasına verdiyi töhfə qardaşlığımızın konkret nümunəsidir. Müasir standartlara uyğun yaradılmış bu mərkəz uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişafına və şəhərin sosial-mədəni həyatının canlanmasına xidmət edir. Bu layihə Qazaxıstanın Azərbaycanın gələcəyinə və böyüməkdə olan nəslə göstərdiyi diqqətin ifadəsidir. Qardaş ölkənin bu nəcib təşəbbüsü dövlətlərimiz arasında mövcud olan qarşılıqlı etimadın, həmrəyliyin və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin edilir, onlar üçün müasir və təhlükəsiz yaşayış şəraiti yaradılır. Uzun illər yurd həsrəti çəkmiş insanların öz evlərinə dönməsi tarixi ədalətin bərpasının və Azərbaycanın quruculuq əzminin mühüm göstəricisidir. Bu gün Füzuli dağıntıların deyil, dirçəlişin, həsrətin deyil, qayıdışın rəmzinə çevrilir. Şəhərdə aparılan quruculuq işləri dövlətimizin iqtisadi imkanlarını, xalqımızın qurub-yaratmaq iradəsini və gələcəyə inamını nümayiş etdirir. Füzulinin inkişafı Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesinin mühüm tərkib hissəsidir.

Əminliklə demək olar ki, Füzuli gələcəkdə Azərbaycanın inkişaf edən və müasirləşən şəhərlərindən biri kimi daha da çiçəklənəcəkdir. Dövlətimizin həyata keçirdiyi ardıcıl siyasət, dost və qardaş ölkələrin dəstəyi, sakinlərin doğma yurda qayıdışı şəhərin parlaq gələcəyinə möhkəm zəmin yaradır. Füzuli şəhəri günü xalqımızın yaddaşında Azərbaycanın qüdrətinin, Ordumuzun qəhrəmanlığının və milli iradəmizin sarsılmazlığının rəmzi kimi əbədi yaşayacaqdır.

Rövşən Əhmədov

Yap Ağcabədi rayon təşkilatının sədri

Digər xəbərlər