Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Azərbaycanda rəsmi səfərdə oldu. Prezident İlham Əliyevin və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin keçirdikləri görüşlərdə, mətbuata bəyanatlarında səsləndirdikləri fikirlər iki ölkənin münasibətlərinin dünəninə baxış əsasında gələcək inkişafının aydın mənzərəsini təqdim etdi. “Bu, bizim birinci görüşümüz deyil, biz Sizinlə bir neçə dəfə beynəlxalq tədbirlər çərçivəsində görüşmüşük və mən Sizi Azərbaycana rəsmi səfərə dəvət etmişdim. Çox minnətdaram və şadam ki, mənim dəvətimi qəbul edib bu gün Azərbaycanda səfərdəsiniz. Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək” söyləyən cənab İlham Əliyev bildirdi ki, bu gün Sizinlə həm təkbətək, həm geniştərkibli görüşlərdə bir çox önəmli məsələlər müzakirə olunmuşdur, konkret addımlar müəyyən edilmişdir. Bu gün qəbul edilmiş Birgə Bəyanat əslində bizim gələcək əməkdaşlığımızı özündə ehtiva edir, əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir. Siyasi əlaqələrə gəldikdə, bu əlaqələr uzun illərdir uğurla inkişaf edir. Artıq 30 ildən çoxdur ki, aramızda diplomatik əlaqələr qurulmuşdur və bu illər ərzində bir çox beynəlxalq təşkilatlar çərçivəsində biz hər zaman həmrəylik, qarşılıqlı dəstək göstəririk və bu, bu gün də belədir və əminəm ki, bundan sonra da belə olacaqdır.
Siyasi müstəvidə əlaqələr çox uğurla inkişaf edir. “Biz eyni mənzərəni iqtisadi sahədə də görmək istərdik” deyən cənab İlham Əliyev vurğuladı ki, bu gün fikir mübadiləsi əsnasında hər iki tərəf eyni mövqe bildirdi ki, bugünkü ticarət dövriyyəmiz, əlbəttə, bizim nə potensialımızı nə də niyyətimizi əks etdirir. Ona görə müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin: “Ümid edirəm ki, Bakıda keçiriləcək Laos-Azərbaycan biznes-forumu bu istiqamətdə önəmli addım olacaq, həm məlumat mübadiləsi nəzərdə tutulur, eyni zamanda, mən cənab Prezidentə də bunu bildirdim ki, əgər Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz böyük maraqla bu layihələrə baxa bilərik. Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir. Həm maliyyə tutumu nəzərə alınır, eyni zamanda, sərmayələrimizin coğrafiyası da genişlənir. Milyardlarla dollar səviyyəsində olan sərmayələr, əlbəttə ki, həm bizim imkanlarımızı göstərir və eyni zamanda, qarşı tərəf üçün də çox böyük fayda verir. Yeni iş yerləri yaradılır, yeni istehsalat sahələri formalaşır”.
Əməkdaşlığın mühüm istiqamətlərindən biri nəqliyyat və bağlantılardır. Azərbaycan artıq mühüm beynəlxalq nəqliyyat dəhlizlərinin fəal iştirakçısı və regionun əsas logistika mərkəzlərindən biridir. Laosun qonşu dövlətlərlə dəmir yolu bağlantılarını inkişaf etdirməsi və gələcəkdə Trans-Xəzər marşrutuna çıxış əldə etmək niyyəti iki ölkə arasında yeni iqtisadi körpülərin yaranmasına imkan verir. Bu baxımdan Azərbaycan öz nəqliyyat infrastrukturundan istifadə etməklə Laosun dünya bazarlarına çıxış imkanlarının genişlənməsində mühüm tərəfdaşdır.
Dövlətimizin başçısı İlham Əliyev bu məqamı da qeyd etdi ki, energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq imkanları müzakirə edildi. Vahid mövqe ondan ibarətdir ki, konkret addımlar atıldıqda bu məsələlərin hər biri nəticə verə bilər. Hər halda bizdə belə imkanlar var və ən önəmlisi qarşılıqlı iradə var: “Laos bizim üçün dost ölkədir, yenə də deyirəm, 30 ildən çoxdur ki, davam edən diplomatik əlaqələr bunu bir neçə dəfə göstərmişdir. Cənab Prezidentin Azərbaycana rəsmi səfəri və ayın 15-də Zirvə görüşündə nəzərdə tutulan iştirakı bunu bir daha göstərir. Onu da bildirməliyəm, cənab Prezident mənə məlumat verdi ki, vaxtilə keçən əsrin 80-ci illərində Azərbaycanda olub, amma bu, bizim tariximizdə Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir”.
Bir sözlə, Prezident İlham Əliyev Azərbaycan-Laos münasibətlərinin yeni mərhələsinin mühüm istiqamətlərini diqqətə çatdırdı. Laos Prezidenti Thonqlun Sisulit isə bu əminliyi ifadə etdi ki, bu rəsmi səfər ölkələrimizin müvafiq qurumlarına dövlət başçıları səviyyəsində aparılmış müzakirələrin nəticələrini daha ətraflı müzakirə etmək tapşırığını vermək imkanı yaradacaq. Biz Birgə Bəyanat da daxil olmaqla, burada müxtəlif sənədlər imzaladıq ki, bunun əməkdaşlığımız baxımından rəmzi mənası var: “Biz əminik ki, gələcəkdə Azərbaycanın iş adamları Laos Xalq Demokratik Respublikasına daha çox investisiya yatıracaqlar. Ticarətin, turizmin həcmi, mədəniyyət sahəsində mübadilələr artacaq. Mən çox şadam ki, Zati-aliləri qeyd etdi, gələcəkdə siz Azərbaycan Respublikasında daha çox laoslu tələbəni qəbul edəcəksiniz. Həmçinin əvvəlki dövrdə burada təhsil almış bir çox tələbəyə göstərilən dəstəyin və təqaüd sayının bərpası məsələsinə yenidən baxılması gələcək nəsillərimiz üçün son dərəcə faydalı olacaq”.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri