Bu gün yüksək beynəlxalq nüfuza malik olan Azərbaycan dövlətlər arasında dostluğun möhkəmlənməsində qarşılıqlı etimadın olmasını əsas tutur və xarici siyasətdə müxtəlif coğrafi regionlarla əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Bu yanaşma ölkənin beynəlxalq tərəfdaşlıq imkanlarının artırılmasına və yeni iqtisadi əlaqələrin qurulmasına xidmət edir, dünya dövlətlərini ölkəmizlə əməkdaşlıq etməyə sövq edir.
Azərbaycan-Laos münasibətləri də bu qəbildən olmaqla eyni əsaslar üzərində qurularaq sülhə, ədalətə, qarşılıqlı hörmətə və inkişafa xidmət edir. Ötən əsrin 80-ci illərindən başlanan Azərbaycan ilə Laos Xalq Demokratik Respublikası arasındakı ikitərəfli münasibətlər dostluğa və beynəlxalq platformalarda əməkdaşlığa əsaslanır. İki ölkə arasında münasibətlər son dövrlərdə siyasi dialoq müstəvisindən real iqtisadi və strateji tərəfdaşlıq mərhələsinə keçid edir. Uzun illərdir davam edən ənənəvi dostluq əlaqələri Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin oktyabrın 13-də ölkəmizə reallaşan rəsmi səfəri ilə yeni inkişaf mərhələsinə qədəm qoydu.
Səfər iki dövlət arasında mövcud münasibətlərin daha yüksək səviyyəyə çatdırılması üçün əlverişli imkan yaradıb. Görüşlər zamanı siyasi dialoqun inkişafı ilə yanaşı, iqtisadi və humanitar əməkdaşlığın perspektivləri də diqqət mərkəzində olub. Beləliklə, səfərin əhəmiyyəti təkcə diplomatik təmaslarla deyil, gələcək fəaliyyət üçün yaratdığı imkanlarla ölçülür.
Azərbaycanla Laos arasında qarşılıqlı hörmət prinsipinə söykənən diplomatik münasibətlər və ötən müddət ərzində formalaşmış əlaqələr iki ölkənin bir-birini müstəqil tərəfdaş kimi qəbul etməsinin göstəricisidir. Dövlətlər arasında siyasi təmasların davam etdirilməsi qarşılıqlı maraqların daha yaxşı anlaşılmasına şərait yaradır. Prezident İlham Əliyevin səfər çərçivəsində səsləndirdiyi fikirlər münasibətlərin ardıcıl inkişafına verilən önəmi nümayiş etdirir.
Cənab İlham Əliyevin Laos Prezidenti ilə mətbuata bəyanatlarında Thonqlun Sisulit “Ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq və mübadilələr təkcə son illərə təsadüf etmir” söyləyərək bu reallıqları diqqətə çatdırması, münasibətlərin ənənəvi əlaqələrə əsaslandığını təsdiq edir. Belə ki, 1986-cı ildə Ümummilli Lider Heydar Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini qismində Vientiana səfər edərək Laos rəhbərliyi ilə görüşlər keçirmişdir. Ulu Öndər Heydər Əliyevin Laos Xalq İnqilabı Partiyasının 4-cü Qurultayındakı tarixi çıxışı və Laos xalqının yaddaşında qoyduğu dərin, silinməz izlər iki ölkə arasında möhkəm təməllərə söykənən dostluq münasibətlərinin, Azərbaycan-Laos diplomatiyasının ən mühüm, parlaq səhifələrindən biridir. Laos Prezidenti Thonqlun Sisulit bu ənənəni davam etdirən dövlətimizin başçısı İlham Əliyevə ölkələrimiz, xalqlarımız arasında əlaqələrin uğurlu inkişafına verdiyi töhfələrə görə təşəkkürünü bildirməsi isə iki ölkənin diplomatik münasibətlərinə əlavə məzmun qazandırır və gələcək əlaqələrimizin davamlı təməllər üzərində inkişaf edəcəyini yəqin edir.
Səfər zamanı qəbul edilən Birgə Bəyanat münasibətlərin gələcək istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Belə sənədlər tərəflərin ortaq mövqelərini ifadə etməklə yanaşı, qarşıdakı dövr üçün əməkdaşlıq çərçivəsi yaradır. Siyasi razılaşmaların səmərəsi onların praktik addımlarla tamamlanmasından asılıdır. Bu baxımdan, bəyanatda nəzərdə tutulan istiqamətlərin ardıcıl şəkildə işlənməsi vacibdir. Müvafiq qurumlar arasında əlaqələrin gücləndirilməsi razılaşmaların həyata keçirilməsini asanlaşdıra bilər. Birgə təşəbbüslərin icrasına dair müntəzəm təmaslar tərəflərin qarşılıqlı məsuliyyətini artırar. Nəticədə diplomatik dialoq konkret əməkdaşlıq nəticələrinin əldə olunmasına xidmət edər.
Prezident İlham Əliyev mətbuata bəyanatında iki ölkə arasında ayrı-ayrı sahələrdə mövcud əlaqələrdən, həmçinin əməkdaşlığın yeni istiqamətlərindən geniş bəhs edərək, parlamentlərarası əlaqələrə diqqəti yönəldərək bildirdi ki, hər iki ölkədə dostluq qrupları yaradılıb və bu da özlüyündə bir göstəricidir. Çünki bu sahədə də həm beynəlxalq parlamentlərarası təşkilatlarda, həm də ikitərəfli formatda uğurlu əməkdaşlıq edirik. Hakim partiyalarımız da sıx əməkdaşlıq edir, bir neçə il bundan əvvəl müvafiq Anlaşma Memorandumu imzalanıb. Əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi təhsildən danışan dövlətimizin başçısı vaxtilə sovet dövründə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil aldığını, bu ənənənin bərpa edilməsinin vacibliyini qeyd etdi. Bunun üçün müvafiq təqaüdlər mexanizmi də təklif olunub. Gələcək illər ərzində daha çox laoslu tələbəni Azərbaycanda görəcəyimizə əminlik ifadə edildi.
Bu gün iqtisadi münasibətlərin genişləndirilməsi də Azərbaycan–Laos tərəfdaşlığının əsas prioritetlərindən biri kimi çıxış edir. Mövcud ticarət dövriyyəsinin potensial imkanlara uyğun səviyyəyə çatdırılması üçün yeni yanaşmaların tətbiqi vacibdir. Hər iki ölkənin sahibkarları arasında birbaşa əlaqələrin qurulması bu məqsədə çatmağa kömək edə bilər. Bakıda keçirilməsi nəzərdə tutulan biznes-forum qarşılıqlı iqtisadi maraqların araşdırılması üçün mühüm platforma rolunu oynayacaq. Tədbirdə şirkətlərin imkanlarının təqdim olunması yeni tərəfdaşlıqların formalaşmasına şərait yarada bilər. İstehsalçılar və investorlar arasında danışıqların aparılması birgə layihələr üçün ilkin zəmin yaradacaq. Beləliklə, biznes əlaqələrinin genişlənməsi siyasi münasibətlərin iqtisadi məzmununu gücləndirə bilər.
Energetika, mədənçilik, kənd təsərrüfatı və istehsal sahələri iki ölkənin əməkdaşlıq imkanlarını genişləndirən istiqamətlər sırasındadır. Bu sahələrdə tərəfdaşlığın inkişafı üçün ilk növbədə qarşılıqlı tələbat və mövcud resurslar qiymətləndirilməlidir. Azərbaycanın beynəlxalq investisiya layihələrində qazandığı təcrübə yeni təşəbbüslərin araşdırılmasına töhfə verə bilər. Laosun təqdim edəcəyi layihələrin iqtisadi baxımdan təhlili tərəflərə daha səmərəli qərarlar qəbul etməyə imkan yaradacaq. İnvestisiya mühitinin öyrənilməsi şirkətlərin uzunmüddətli planlarını daha əsaslı qurmasına kömək edər. Qarşılıqlı maraqlara uyğun seçilən layihələr iqtisadi əlaqələrin dayanıqlığını artıra bilər. Bu istiqamətdə davamlı iş aparılması əməkdaşlığın real nəticələrlə zənginləşməsinə şərait yaradacaq.
Nəqliyyat və logistika sahəsi Azərbaycanla Laos arasında iqtisadi əlaqələrin dərinləşməsi üçün əlavə perspektivlər açır. Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərindəki mövqeyi Avropa ilə Asiya arasında yükdaşımaların təşkili baxımından əhəmiyyətlidir. Laosda dəmir yolu infrastrukturunun inkişafı regionlararası bağlantıların genişləndirilməsi imkanlarını artırır. Gələcəkdə Trans-Xəzər marşrutuna çıxış məsələsinin araşdırılması iki ölkə üçün yeni əməkdaşlıq istiqaməti ola bilər. Bu cür bağlantıların inkişafı yükdaşımaların təşkili və logistika xərclərinin optimallaşdırılması baxımından faydalı nəticələr verə bilər. Azərbaycanın artıq formalaşdırdığı nəqliyyat infrastrukturu əlavə yüklərin cəlb edilməsi üçün imkan yaradır. Qarşılıqlı layihələrin tamamlanması gələcəkdə ticarət əlaqələrinin genişlənməsinə dəstək göstərə bilər.
Mina təhlükəsi ilə mübarizə sahəsində təcrübə mübadiləsi də humanitar əməkdaşlığın mühüm istiqamətidir. Müasir texnologiyaların tətbiqi və mütəxəssislərin hazırlanması insanların təhlükəsizliyinin qorunmasına xidmət edə bilər. Siyasi dialoqun iqtisadi və humanitar təşəbbüslərlə tamamlanması iki ölkə arasında daha məzmunlu tərəfdaşlığın formalaşmasına zəmin yaradır.
Qarşılıqlı etimada, dostluğa əsaslanan bu münasibətlər əminlik yaradır ki, Laos Prezidentinin ölkəmizə rəsmi səfəri çərçivəsində əlaqələrin gələcək inkişafı ilə bağlı müəyyənləşdirilən yeni istiqamətlərin tezliklə davamlı inkişafını görəcəyik və bu səfər Azərbaycan-Laos münasibətlərinə çox müsbət təsir göstərəcək, ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri