Siyasət

  • 16 233

Yevgeni Mixaylov: Qarabağda “erməni soyqırımı” olacağından danışmaq gülüncdür – MÜSAHİBƏ

image

Rusiyalı politoloq: Digərlərindən fərqli olaraq, Azərbaycan, Rusiya, və Türkiyə Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıdır

Cənubi Qafqaz Strateji Araşdırmalar Mərkəzinin direktoru Yevgeni Mixaylov Bakı və İrəvan arasında yaxın gələcəkdə danışıqlar prosesinin perspektivləri barədə “Moskva-Baku” portalına müsahibəsində maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.

- İyulun 15-də Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçiriləcək. Ermənistan tərəfinin ziddiyyətli bəyanatları hələ də səslənir. Bəziləri Prezident İlham Əliyevin son həftələr Ermənistana qarşı bəyanatlarının daha yumşaq olduğunu vurğulayır...

- Azərbaycan və Ermənistan liderləri arasında Brüssel danışıqlarından qlobal irəliləyişlər gözləmirəm. Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana qarşı ritorikasını yumşaltması yalnız Əliyevin parlaq diplomat olmasından xəbər verir. O, dönə-dönə qeyd edir ki, İrəvan Qarabağı Azərbaycan ərazisi kimi tanımağa razılaşıb. Öz növbəsində, üstüörtülü təkan- Azərbaycanın siyasəti də daxil olmaqla, bu, Bakının təklif etdiyi prinsiplər əsasında İrəvanın sülh müqaviləsi imzalamasına gətirib çıxaracaq.

Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aparılan danışıqlardan sonra irəliləyişi qeyd edib. Hesab edirəm ki, bu müsbət tendensiyadır.

Moskva münaqişənin sülh yolu ilə, yekun həllində maraqlıdır. Həmişə nəzərə almağa dəyər ki, Rusiya Federasiyası vəziyyətdən daim xəbərdardır.

İstənilən halda danışıqlar prosesində hələ əldə olunmayan irəliləyiş vacibdir. Təbii ki, mən Rusiya paytaxtında sıçrayışa ümid etmək istərdim.

Azərbaycan Moskvada sülh müqaviləsi imzalanmasının əleyhinə deyil, biz müttəfiqik, amma İrəvan yorğanını özünə çəkir, Qarabağdan uzaq olan Avropanın, ABŞ-ın erməni-azərbaycan prosesindəki fəallığına israrla töhfə verir.

Mən rəsmi Bakının mövqeyini görürəm, onun üçün indi əsas olan nəticə əldə etməkdir, hansı platformada- bu o qədər də vacib deyil. Çünki Ermənistanla münasibətlərin yekun şəkildə normallaşması Azərbaycanın milli maraqlarına uyğundur.

Fikrimcə, elə Brüsseldə Azərbaycanın milli maraqlarına və ilkin olaraq Moskvanın yaxından nəzarəti altında İrəvanın imzaladığı bütün müqavilələrə əməl olunacaq. Eyni zamanda, sülh müqaviləsinin imzalanması ehtimalı azdır. Çox güman ki, Brüssel danışıqları aralıq görüşdən başqa bir şey olmayacaq.

- Eyni zamanda, bir həftədir ki, Ermənistan və Azərbaycan arasında müxtəlif strateji nöqtələrdə- Laçın yolu ərazisində, Naxçıvanla sərhəddə atışmalar davam edir...

- İrəvanı 2020-ci ildə imzalanmış razılaşmalar qane etmir. O, Laçın yolunda Azərbaycan sərhəd-keçid məntəqələrinin olmasından razı deyil.

Etiraf edirəm ki, sülh müqaviləsinə qədər İrəvanın imzaladığı hər hansı saziş və sənədlər Ermənistan tərəfindən eyni şəkildə yerinə yetirilməyəcək.

- Qarabağ ermənilərinin məsələsi ən çətin məsələ olaraq qalır. Aydındır ki, Ermənistan bunu bütün platformalarda tamamilə manipulyasiya edir, guya Azərbaycanın hazırladığı ermənilərin hansısa “soyqırımı”ndan danışır.

- Qarabağın “erməni soyqırımı”ndan danışmaq sadəcə gülüncdür. Xocalıda azərbaycanlıların dəhşətli soyqırımını və erməni separatçıları tərəfindən mülki azərbaycanlı əhalinin məhv edilməsini xatırlayaq. Eyni zamanda, əks istiqamətdə- guya azərbaycanlıların da ermənilərə qarşı soyqırımı həyata keçirməsinə dair heç bir sübut yoxdur.

Bakı Ermənistan-Azərbaycan nizamlanması mərhələsinin indiki vəziyyətində Qarabağ ermənilərinin bütün hüquqlarını təmin edəcəyini mütəmadi olaraq bəyan edir.

- Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən gün yenidən Rusiya sülhməramlılarını və KTMT-ni tənqid edib. O, Vaşinqtonda Ermənistan ordusunda islahatlar, təhlükəsizlik məsələləri, atom elektrik stansiyasının tikintisi ilə bağlı görüşlər keçirir. Əslində Rusiya-Ermənistan münasibətlərinin gündəmində olan bütün məsələlər üzrə.

- Ermənistanın, Armen Qriqoryanın və onun kimilərinin indi etdikləri hər şey Ermənistan Respublikasının özünün milli maraqlarına və Rusiya Federasiyasının maraqlarına ziddir.

Açığı, belə bəyanatlar Ermənistan ərazisində Amerika bazalarının peyda olmasından uzaq deyil. Uzun müddətdir ki, biolaboratoriyalar var idi, indi hərbi bazalar növbədədir. Belə siyasətin məqsədi Rusiya ilə münasibətləri kəsməkdir.

- Belə görünür ki, Ermənistan rəhbərliyi artıq Fransadan sürünərək çıxmır. Dünən Ermənistan Milli Assambleyasının sədri Parisdə Fransa parlamentinin iki palatasının sədrləri ilə görüşüb. Senatın spikeri kifayət qədər açıq şəkildə bəyan etdi ki, o, İrəvanı Qarabağ erməniləri ilə bağlı mövqeyində bundan sonra da dəstəkləyəcək.

- Fransanın indi dünya miqyasında özünü göstərəcək heç nəyi yoxdur və Qafqazda siyasi reputasiyası baxımından ən azı “müsbət” nəsə var. Biz bunu belə qəbul etməliyik.

- Bir gün əvvəl Türkiyə prezidenti Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarına əsasən, Rusiya sülhməramlılarının 2025-ci ildə Qarabağı tərk etməli olduğunu və Moskvanın razılaşmaları yerinə yetirməsini gözlədiyini söylədi. Bu gün Rusiya-Türkiyə münasibətləri fonunda belə bir bəyanatı necə qəbul edirsiniz?

- Ənənəvi olaraq Rusiya-Türkiyə münasibətlərində çoxlu incəliklər var. Bəli, Türkiyə Rusiya Federasiyası üçün müəyyən sahələrdə tərəfdaş kimi önəmlidir, lakin bunun asan tərəfdaşlıq olduğunu demək olmaz. Amma əminəm ki, bir-birinə böyük hörmətlə yanaşan iki ölkənin liderləri fonunda Moskva və Ankara ənənəvi olaraq kompromis həll yolları tapacaqlar. Bu dəfələrlə sübut olunub. Əminəm ki, Ermənistan-Azərbaycan prosesində də belə olacaq. Bundan başqa, həm Rusiya, həm də Türkiyə üçün Cənubi Qafqazda sülhün yekun şəkildə bərqərar olması vacibdir və Moskva və Ankara regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpasında, hamı üçün faydalı olan iqtisadi layihələrin həyata keçirilməsində maraqlıdır. Deməli, ümumilikdə Rusiya və Türkiyə Zaqafqaziyaya eyni istiqamətdə baxırlar.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər