Siyasət

  • 17 738

Fabrisi Vielmini: Ermənistan artıq bütün kozırlarını itirib - MÜSAHİBƏ

image

Vision&Global Center-in (vision-gt.eu) analitiki Fabrisi Vielmini (İtaliya) caliber.az-a müsahibəsində Azərbaycan-Ermənistan nizamlanması və sülh prosesinə təsir edən faktlar haqda maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.

- Cənab Vielmini, sizcə, Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ehtimalı necədir?

- Avropa İttifaqının Ermənistan-Azərbaycan danışıqlarında həlledici rol oynaya biləcəyini düşünmürəm. Ümumiyyətlə, Aİ-nin, xüsusən də Mərkəzi Asiya və Qafqazdakı siyasəti London və Vaşinqtonun ardınca hərəkət edir və məhz bu iki paytaxtda Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesinə müdaxilənin zəruriliyi barədə qərar qəbul edilib. 2020-ci il müharibəsinin nəticələri açıq şəkildə göstərdi ki, amerikalılar Qafqazdakı siyasi oyunun mötərizəsindən kənarda qalıblar. Və Ukraynada müharibənin başlaması ilə yenidən bu oyuna qayıtmaq imkanı yaranıb və indi, görünür, Vaşinqton və London Rusiyanı danışıqlardan sıxışdırmaqla müəyyən bonuslar qazanmaq üçün mümkün olan hər şeyi edirlər. Və dediyim kimi, Brüssel yalnız ABŞ-ın sifarişi ilə hərəkət edir.

Təəssüf ki, Aİ reallıqlarla hesablaşa bilməyən və özünəməxsus virtual aləmdə yaşayan, Avropa vətəndaşlarının maraqlarına cavab verən qərarların qəbul olunmadığı bir strukturdur.

- Bəs amerikalılar Cənubi Qafqaza hansı ümidləri bağlayırlar?

- Bu, onlar üçün bufer məkandır, yalnız ona görə maraqlıdır ki, bu regionlar- Cənubi Qafqaz və Mərkəzi Asiya beynəlxalq münasibətlərdə anqlo-sakson hökmranlığının əsas rəqiblərinin (Rusiya və Çinin-red.) arasındadır. Ona görə də onlar üçün iqtisadi üstünlüklər heç də fundamental əhəmiyyət kəsb etmir, baxmayaraq ki, Şevron və BP kimi aparıcı özəl şirkətlər Xəzərdə ehtiyatların işlənməsində iştirak edirlər.

Güman edə bilərəm ki, onlar böyük türkdilli blokun güclənməsinə töhfə verəcəklər ki, bu, Rusiya Federasiyası və Çinlə münaqişə üçün bəhanəyə çevrilsin.

- Sizcə, danışıqlarda 3 əsas vasitəçi- Aİ, Rusiya və ABŞ arasında şiddətli rəqabət Ermənistan-Azərbaycan sülh gündəliyinin irəliləməsinə kömək edir, yoxsa əngəl törədir?

- Müəyyən dərəcədə tərəqqiyə töhfə verə bilər, çünki Rusiya da Qafqazda mövqelərinin zəiflədiyini anlayır, ona görə də bu regionda mövqelərini qorumaq üçün Ermənistana təzyiq göstərməyə cəhd edə bilər. Ola bilsin, bu, həm də müsbət məqamdır və danışıqların müsbət nəticələnməsinə töhfə verə bilər.

- Yaxın gələcəkdə Bakı ilə İrəvan arasında sülh sazişi əldə etmək şansı hələ də varmı?

- Hər halda, hazırkı mərhələdə Bakı ilə İrəvan arasında danışıqlar prosesi intensivləşib. Ermənistan artıq bütün kozırlarını itirib və reallıqla- regionda qüvvələrin yeni sıralanması ilə barışmalıdır. Deməli, ortamüddətli perspektivdə tərəflərin bu mühüm addımın həyata keçirilməsinə tədricən yaxınlaşması tamamilə mümkündür.

- İtaliya ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri necədir?

- Azərbaycanla İtaliya arasında ikitərəfli münasibətlərin perspektivləri kifayət qədər yaxşıdır. Bizim bir çox sahələrdə- oxşar psixologiya və mentalitet üzərindən uzunmüddətli əməkdaşlıq üçün möhkəm iqtisadi potensialımız var. Ona görə də orta statistik italiyalı sahibkar Bakıda olarkən və ölkənizdə işləyərkən Azərbaycan cəmiyyətinin xüsusiyyətlərini daha yaxşı başa düşür və bu, əlbəttə ki, gələcəkdə sıx əməkdaşlıq üçün möhkəm zəmin yaradır.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər