PDF Oxu

Siyasət

  • 3 063

Füzulidə sönmüş çıraqlar yenidən yanacaq TƏHLİL

image

İllər öncə yurd-yuvasından didərgin düşənlər öz dogma yurdlarına dönüş edirlər. Bu, başqa bir qayıdışdır. Zəfər qazanaraq öz torpaqlarını azad etmış xalqın yurd-yuvasına dönuşüdür. Sönmüş çıraqları yandırıb, yeni həyata uzun illərin ağrı-acısını yaşamış insanlar olaraq başlayacaqlar. Daha bir köc karvanı insanlara bu sevinci yaşatdı. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Növbəti köç karvanı ilə Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan 24 ailə Füzuliyə çatıb. Yenidən çiçəklənən Füzuli doğma sakinlərini qarşılamağa davam edir. 24 ailə olmaqla, 92 nəfər Füzuli sakini doğma yurduna qovuşub. Bu sevinci yaşayan hər bir kəs - Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdardılar.Bununla da Füzuli şəhərində 119 ailə olmaqla, 441 nəfərin daimi məskunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək. Xatirladaq ki, cari ilin avqustun 18-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Füzuli şəhərinə ilk köç karvanı yola salınıb .Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb.

“SANKİ VƏHŞİ BİR QƏBİLƏ BU ŞƏHƏRİ ZƏBT ETMİŞDİR”

Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi düşməndən azad edərək, tariximizə Qələbə yazdı. Bu gün Azərbaycan torpaqlarında üçrəngli bayrağımız dalğalanır. Azərbaycan ordusunun əzmi, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Əlbəttə ki, rəşadətli ordumuzun bölmələrinin işğaldan azad olunan rayonlarda Azərbaycan bayrağını qaldırması bizlərə fəxarət hissini yaşatdı. 44 günlük Vətən müharibəsində ordumuz qələbə tariximizi yazırdı. Elə ilk gündən - 27 sentyabr tarixində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər, 3 oktyabrda Tərtər rayonunun Suqovuşan və Talış kəndləri, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi, 4 oktyabrda Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri işğaldan azad olundu. Hər gün qələbə sevinci ilə yaşayırdıq. Ardıcıl olaraq Azərbaycan Prezidenti, Ali Baş Komandan bizə qələbə xəbərlərini çatdırırdı. 17 oktyabr tarixi. Bu gün isə Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olundu. Hər kəs bu sevinci göz yaşları ilə qarşıladı və yaşadı. Əlbəttə ki, Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri kimi tarixə düşdü. Bu qələbənin qazanılmasında Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi mühüm amillər oldu. Cənab Prezident onu da bildirmişdir ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərinn işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi: "Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi. Füzuli şəhəri deyəndə, əlbəttə, biz hamımız bilməliyik ki, şəhərdən bir şey qalmayıb, əsər-əlamət qalmayıb, bir dənə də salamat bina qalmayıb. Çünki otuz il ərzində o vəhşilərin əlində idi, yırtıcı heyvanların əlində idi, çaqqalların əlində idi. Bütün binalar sökülüb, dini abidələrimiz sökülüb, hər şey talan edilib, evlərin dam örtükləri, pəncərələri, əşyaları, hər şey. Sanki vəhşi bir qəbilə bu şəhəri zəbt etmişdir".

1988-ci ildən başlayan Ermənistan təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşmüş, yüzlərlə füzulili şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Füzulinin 1.100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36.361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmışdır. 23 Avqust 1993-cü ildə Füzuli Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. 55 min nəfərə yaxın füzulili öz doğma torpaqlarından qovulub. Lakin Azərbaycan ordusunun 1994-cü ilin dekabr ayında başlatdığı Horadiz əməliyyatı nəticəsində işğal olunmuş 21 kənd və strateji cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsi işğaldan azad edildi. Azərbaycan ordusu daha sonra Füzuli şəhərinin işğaldan azad olunması üçün hücuma keçsə də, bu əməliyyat uğursuzluqla nəticələndi.

ABADLIQ-QURUCULUQ MEYDANINA ÇEVRİLƏN FÜZULİ

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə hər bir səfəri və görülən işlərlə tanışlıq bu ərazilərin tezliklə abadlaşmasından xəbər verir. Bu gün işğaldan azad olunan digər ərazilərimiz kimi, Füzuli də abadlıq-quruculuq meydanına çevrilib. Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib. Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə hər bir səfəri tarixi hadisələlərlə yadda qalır. Böyük Qayıdışımız uğurla yerinə yetirilir. Artıq işğaldan azad olunan ərazilərimizin əzəli sakinləri öz dədə-baba yurdlarına qayıdırlar. İnsanların doğma yerlərdən səsləri eşdilir. Təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Bildiyimiz kimi, Ağdamda Xıdırlı kəndinin dövlət başçısı tərəfindən ötən il təməli qoyulmuşdur. Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5990 nəfərin (1500 ailə) məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 160 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikilməsi planlaşdırılır. Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, dini, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 2595 nəfərin işlə təmin olunması planlaşdırılır. Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması ilə yanaşı, burada işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması hədəfinə uyğun olaraq, məhəllədəki binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənmişdir. Bütün bunlarla yanaşı, Ağdam şəhərində 2-ci yaşayış məhəlləsi salınır.

ƏZƏİI TORPAQLARIMIZA QAYIDIŞ ACI TALELƏRƏ BİR SEVGİ, ƏBƏDİ BİR DÜNYA BƏXŞ ETDİ

Vətən müharibəsində qazandığımız Zəfərdən üç ilə yaxın bir zaman ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərimizdə abadlıq və quruculuq işləri uğurla və davamlı şəkildə həyata keçirilir. Keçmiş məcburi köçkünlər öz əzəli torpaqlarına, doğma diyarlarına qayıdırlar. Ağalı, Talış kəndələrinə, daha sonra Laçın və Füzuliyə qayıdış… Bu qaydış insanların neçə illik həsrətinə son qoydu. 44 günlük Vətən müharibəsi 30 ilə yaxın öz ata-baba yurdundan uzaq düşən, əzəli torpaqlarımızın həsrəti ilə yaşayan insanların acı talelərinə bir sevgi, əbədi bir dünya bəxş etdi. Viran qalmış yurd yerlərinə əzəli sakinlər artıq sahibdirlər. Aylarını, illərini bir gün yenidən doğma yurdlarımıza qaydıcağıq ümidi ilə yaşayan doğmalarımız bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan torpaqlarımıza qovuşurlar.

Laçının Zabux kəndi də bu sevinci yaşadı. İlk mərhələdə 88 nəfərdən ibarət 20 ailə Zabuxa köç etdi. Bakıdan, Lökbatandan Zabuxa yol alan karvan məcburi köçkünləri neçə ilin həsrətindən sonra el-obası ilə görüşdürdu. Ailə tərkibinə uyğun olaraq, onlardan 4-ü ikiotaqlı, 4-ü üçotaqlı, 8-i dördotaqlı, 4-ü beşotaqlı mənzillə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. Qeyd edək ki, ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. Kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi inşa edilib. Əlbəttə ki, Laçın Azərbaycan dövlətinin və xalqının quruculuq əzminin daha bir nümunəsidir. İşğaldan azad olunduqdan dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə bütün Qarabağ və Şərqi Zəngəzur kimi, Laçında da nəhəng bərpa və yenidənqurma işlərinə başlanılıb. Baş plana əsasən, şəhərdə ümumilikdə 700 bina bərpa edilir. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda, 71 inzibati bina yenidən qurulur. Laçında indiyədək bir sıra infrastruktur layihələri icra edilib. Şəhər ərazisində 7 park salınır ki, onların da artıq ikisində işlər tamamlanıb. İdman kompleksi və Həkəri çayının ətrafında çimərlik-istirahət mərkəzi salınır. Eyni zamanda, yollar relyefə uyğun olaraq genişləndirilib, işıqlandırma işləri görülüb. Şəhərin işıqlandırılması müasir modelə tam uyğunlaşdırılıb. Təkcə yol və binalar deyil, məkanın real coğrafi relyefini əks etdirən sal qayaların, yüksək zirvələrin, sıldırımların işıqlandırılması da Laçının gözəlliyini əks etdirir.

İŞĞALDAN AZAD OLUNAN ƏRAZİLƏRİMİZ ZAMANIN TƏLƏBLƏRİNƏ UYĞUN QURULUR

Ağalı və Talış kəndindən sonra əzəli torpaqlarımızın sahibləri olan laçınlıların da bir qismi öz yurdlarına qayıtdılar. Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşərkən "Bu gün Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar və bu münasibətlə həm sizi, həm də bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm", - deyə bildirmişdir. Bu, Azərbaycanın iqtisadi gücünün, dinamik inkişafının göstəriciləri sırasındadır. Artıq Laçın şəhərinin Baş planı hazırlanıb və bu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Bakı Dövlət Layihə İnstitutu tərəfindən beynəlxalq məsləhətçi şəhərsalma qrupu - İsveçrənin "SA Partners" şirkətinin iştirakı ilə hazırlanıb. Laçının özünəməxsus füsunkar təbiəti və rəngarəng landşaftı nəzərə alınaraq şəhərin turizm məkanı kimi inkişaf etdirilməsinə, fəal rekreasiya, idman, açıq hava istifadəsi və sağlam həyat imkanları olan canlı və cəlbedici regional mərkəzə çevrilməsinə şərait yaradacaq.

Bu gün işğaldan azad olunan ərazilərimiz abadlıq-quruculuq meydanına çevrilib. Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər