PDF Oxu

Siyasət

  • 956

Tarixi uğurlara imza atan üç dost, qardaş dövlət TƏHLİL

image

Azərbaycan, Türkiyə, Pakistanın qardaşlıq münasibətləri dünya ölkələrinə nümunədir

Beynəlxalq aləmdə Azərbaycan, Türkiyə, Pakistan arasında qurulan yaxın dostluq, qardaş münasibətləri bir nümunəyə, misala çevrilib. Nüfuzlu beynəlxalq tədbirlərdə, yüksək tribunalarda bir-binə sıx dostluq, qardaşlıq əlaqələrinə malik dövlətlərin adları çəkiləndə ilk öncə Azərbaycan, Türkiyə və Pakistan qardaşlığı misal göstərilir. Hər üç dövlətin başçıları əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi önəm verirlər və buna da nail olurlar. Türkiyə, Pakistan və Azərbaycan arasında iqtisadi, siyasi, diplomatik, mədəni, enerji və hərbi sənaye sahələri üzrə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Qarşılıqlı etimada və dəstəyə əsaslanan münasibətlərin nəticəsi olaraq hər üç dövlət beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyirlər və bu gün də belədir, təbii ki, gələcəkdə də bu siyasət və mövqe dəyişməyəcək. 28 may 2025-ci il tarixində işğaldan azad edilən Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Zirvə görüşünün keçirilməsi bu münasibətlərin yüksələn xətlə inkişaf etdiyini göstərdi. Zirvə görüşündə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev çıxışı zamanı bildirdiyi kimi, "Bunun böyük rəmzi mənası var. Bu günkü Zirvə görüşü sayca ikincidir. Keçən ilin iyulunda Azərbaycan-Türkiyə-Pakistan birinci Zirvə görüşü keçirilmişdir. Əminəm ki, biz bu ənənəni davam etdirəcəyik. Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq".

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə üç qardaş ölkənin bir arada olmasının və həmrəyliyinin önəmini vurğuladı. Bu tarixi görüşün işğaldan azad edilmiş Laçında keçirilməsi birlik və həmrəyliyin simvolu kimi qiymətləndirildi. 30 il ərzində işğal altında qalan torpaqların azad edilməsi və 44 günlük müharibədə iki qardaş ölkənin Azərbaycanın haqlı davasını dəstəkləməsi, Cənab Prezidentin bu ölkələrin rəhbərlərinə və xalqlarına minnətdarlıq ifadə etməsi ilə birləşdi. Bu, onun regional əməkdaşlığın və dostluğun güclənməsinə verdiyi önəmi göstərir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 30 il erməni işğalında olan Laçının azad edilməsi və bu şəhərdə qardaş ölkələrin liderlərinin bir araya gəlməsi güclü simvolik məna daşıyır. 44 günlük Vətən müharibəsində Türkiyə və Pakistanın verdiyi siyasi və mənəvi dəstək xalqımıza əlavə güc, inam və iradə qazandırmışdı. Bu dəstək heç zaman unudulmayacaq və bu tədbir həmin həmrəyliyin real nəticəsidir.

Laçında Zirvə görüşünün keçirilməsi mühüm əhəmiyyət daşıyır

Zirvə görüşünün Azərbaycanda Müstəqillik Günüdə keçirilməsi mühüm əhəmiyyət daşıyır. Bununla dost, qardaş dövlətlər olan Türkiyə və Pakistan əbədi olaraq 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü bərpa edən Azərbaycanla bir yerdə olacaqlarını nümayiş etdirdilər. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bu məsələyə toxunaraq Azərbaycana qarşı törədilmiş ədalətsizliklərdən də söz açdı. Bildirdi ki, 107 il əvvəl yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk demokratik respublika olsa da, onun ömrü cəmi 23 ay çəkdi: “Bu, böyük tarixi hadisə idi. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. İki il sonra - 1920-ci ilin aprel ayında müstəqilliyimiz əlimizdən alınmışdır. Ondan bir neçə ay sonra - 1920-ci ilin noyabr ayında sovet Rusiyası tərəfindən Qərbi Zəngəzur bölgəsi Azərbaycandan ayrılıb Ermənistana birləşdirilmişdir. Bu, böyük ədalətsizlik idi və Azərbaycan xalqı buna oxşar ədalətsizliklərlə tarix boyu üz-üzə qalmışdır. Ancaq xalqımızın iradəsi və qardaş xalqların dəstəyi bizə güc verirdi, bizi ruhlandırırdı və iradəmizi gücləndirirdi”.

Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyini elan etdikdən sonra Ermənistanın havadarlarını siyasi, hərbi dəstəyinə arxalanaraq Azərbaycan torpaqlarını işğal etməsindən söhbət açdı. Çıxışında bildirdi ki, Ermənistanın işğalçılıq siyasəti Azərbaycana böyük faciələr gətirmişdir :”Müstəqillik elan olunandan dörd ay sonra Ermənistan dövləti xalqımıza qarşı soyqırımı törətmişdir. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın, 63 uşaq bir gecə içində vəhşicəsinə öldürülmüşdür. Müstəqillik elan olunandan yeddi ay sonra isə Laçın erməni işğalına məruz qalmışdır. Ondan əvvəl Şuşa şəhəri işğal olunmuşdur. Ermənistanın işğalçılıq siyasəti ondan sonra da davam etdirilmişdir. Xarici ölkələrin dəstəyi hesabına Azərbaycan ərazisinin təxminən 20 faizi erməni işğalına məruz qalmışdır. Qarabağ və Şərqi Zəngəzur bölgəsindən 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdır, qaçqın-köçkün həyatına başlamışdır”.

“Güclü siyasi iradə, güclü iqtisadiyyat və güclü ordu faktorları bizi Qələbəyə aparan amillərdir”

Fateh Sərkərdə, Ali Baş Komandan bildirdi ki, Azərbaycan dövləti və xalqı bu ədalətsizliklə, bu işğalla heç vaxt barışmayıb: “Biz güc toplayırdıq, beynəlxalq müstəvidə daha güclü mövqelərə sahib olurduq. Beynəlxalq təşkilatlar çərçivəsində öz haqq işimizi aparırdıq. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanımaqla münaqişənin həlli üçün siyasi və hüquqi zəmin yaratmışdır. Biz, eyni zamanda, güclü iqtisadiyyat qurmuşuq və məhz bunun nəticəsində ordu quruculuğuna lazımi həcmdə vəsait ayırmışıq. Güclü siyasi iradə, güclü iqtisadiyyat və güclü ordu faktorları bizi Qələbəyə aparan amillərdir”.

Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi Azərbaycanın işğaldan azad olunmuş torpaqlara qayıdışı sadəcə fiziki deyil, həm də mənəvi və tarixi baxımdan əvəzsiz hadisədir. “Biz qayıtmalıydıq və qayıtmışıq” sözləri bu xalqın iradəsinin, səbrinin və haqlı mübarizəsinin simvoluna çevrilib: “İndi isə azad edilmiş bütün torpaqlarda bərpa işləri, quruculuq işləri gedir. Böyük infrastruktur layihələri icra edilir - xəstəxanalar, məktəblər, üç hava limanı tikilib, dəmir yolları, avtomobil yolları salınıb, 70 kilometrə yaxın tunelin inşası sürətlə gedir. Bu gün bizim qonaqlarımız azad edilmiş torpaqlarda gedən işlərin bir hissəsi ilə tanış olmuşlar. Artıq Şərqi Zəngəzur və Qarabağ bölgələrimizdə 43 min insan yaşayır və çalışır. Bu bölgəyə həyat qayıdıb, bu bölgənin sahibləri qayıdıblar. Biz Ermənistan ordusunu məğlub etmişik və bununla Azərbaycan xalqı fəxr edir”.

Qəlbləri fərəhlə dolduran, qardaşlığı daha da möhkəmləndirən çıxış

Faktiki Prezident İlham Əliyevin Zirvə görüşündə çıxışı Azərbaycan diplomatiyasının uğurlu nəticəsi olmaqla yanaşı, milli iradənin və qardaşlığın gücünü bir daha nümayiş etdirdi. Xüsusilə də Prezident İlham Əliyevin “Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı!” çağırışı qəlbləri fərəhlə doldurdu, qardaşlığın möhkəm, səmimi münasibətlər üzərində qurulduğunu nümayiş etdirdi: “Mən bir daha Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğana, Pakistanın Baş naziri, əziz qardaşım Məhəmməd Şahbaz Şərifə və onlarla bərabər gəlmiş bütün qonaqlara “Xoş gəlmisiniz!” deyirəm. Laçınlıları ürəkdən salamlayıram. Allah səmamızı, yolumuzu həmişə açıq eləsin. Qələbə bizimlədir və bizimlə olacaq. Bu gün əziz qardaşlarımın - Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bir daha bizim birliyimizi, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq;

Bir sözlə, Laçında keçirilən zirvə görüşü və hər üç ölkənin rəhbərlərinin birgə verdiyi mesajlar sabitlik, inkişaf və ədalət axtaran bütün dövlətlərə örnəkdir. Həm də çağırışlar, birgə bəyanatlar dünyada sülhə və təhlükəsizliyə bir mesajdır, İslam dünyası ölkələri ilə əməkdaşlığın dərinləşməsinə bir çağırışıdır. Üç ölkə arasında qurulan əməkdaşlıq və inkişaf edən əlaqələr Azərbaycanın yeni-yeni qələbələrinin nümayişidir.

Eldar İbrahimov,

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri, professor

Digər xəbərlər