“Erməni hakimiyyəti belə davam etsə, Ermənistanda ikinci Ukrayna alınacaq”
Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko “Moskva-Baku” portalına müsahibəsində Rusiya liderinin Qarabağla bağlı açıqlamalarını, eləcə də İrəvanın qərbyönlü addımlarının Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı vəziyyətə necə təsir edəcəyini şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.
- İqor Yuryeviç, Rusiya prezidentinin iqtisadi forumda verdiyi “əslində, Ermənistan-Azərbaycan vəziyyəti ilə bağlı Ermənistanın Rusiyaya qarşı bütün iddiaları Ermənistan rəhbərliyinin özü də Qarabağı Azərbaycan ərazisi kimi tanıdığına görə mümkün deyil” bəyanatlarını necə şərh edə bilərsiniz?
- Rusiya prezidenti Vladimir Putin bütün bu məsələlərə nöqtə qoydu, Rusiyanın Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini, Qarabağın Azərbaycan olduğunu bir daha təsdiqlədi və mahiyyətcə bildirdi: Ermənistan siyasi rəhbərliyinin, Nikol Paşinyanın Moskvaya irəli sürdüyü bütün ittihamlar sırf özünə ünvanlandırılmalıdır, çünki həqiqətən də rəsmi səviyyədə Ermənistan hakimiyyəti Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb.
Ermənistan hakimiyyətinin bu gün Rusiyanı öz uğursuzluqlarında və problemlərində ifrat dərəcədə günahkar göstərməyə çalışdığını nəzərə alan Putin Ermənistan rəhbərliyinə kifayət qədər düzgün, lakin sərt diplomatik formada cavab verib.
- Eyni zamanda, Putin İrəvanın Moskvaya qarşı silsilə təxribatlarından sonra Rusiyanın Ermənistanla və şəxsən özünün Paşinyanla heç bir probleminin olmadığını bildirdi...
- Başa düşmək lazımdır ki, bu, prezidentin siyasi bəyanatıdır. Bu, onu deməyə əsas verir ki, biz açıq şəkildə Ermənistan rəhbərliyinin bizə qarşı nümayiş etdirdiyi düşmənçilik ritorikasına sadiq qalmayacağıq. Putin ictimaiyyət qarşısında düzgün danışdı və göstərdi ki, Rusiya Ermənistanın üzünə qapını bağlamır, əksinə, Rusiya-Ermənistan münasibətlərində heç nə dəyişmədiyini və Moskvanın hələ də bu respublikaya tərəfdaş kimi baxdığını açıqladı.
Amma Moskvanın Ermənistan ətrafındakı vəziyyəti həqiqətən necə qiymətləndirdiyini başa düşmək üçün Dmitri Kiselevin “Rossiya 1” kanalında son süjetinə baxmaq kifayətdir, bu, Kremlin İrəvana mesajıdır. Orada ictimai qiymətləndirmələr tamamilə fərqlidir. Ona görə də hər kəs hər şeyi mükəmməl başa düşür. Moskva çox gözəl anlayır ki, Paşinyan Qərbin oyuncağıdır və Ermənistanı Rusiyadan ayırmaq üçün alətdir. Yerevanın Rusiyaya qarşı bizim şahidi olduğumuz və şübhəsiz ki, bundan sonra da şahidi olacağımız təxribat xarakterli, açıq-aşkar biabırçı addımları isə, qəbuledilməzdir.
Paşinyan ardıcıl anti-Rusiya addımları ilə bir neçə problemi həll edir. O, Ermənistanı Qərbə tərəf çevirməyə, torpağı “peyinləməyə” çalışır ki, İrəvanla Qərb arasında münasibətlər mümkün qədər əlverişli olsun.
İndiki Ermənistan baş nazirinin siyasi mahiyyətini unutmayaq: o, “rəngli inqilabın” məhsuludur, Amerika və Qərb qeyri-hökumət təşkilatlarının himayəsi ilə gəlib. Onun Ermənistanda hakimiyyətə gəlməsindən 5 il keçir, bütün bu müddət ərzində Qərb ona pul yatırır, onu bu pulları geri qazanmağın vaxtıdır. O, hakimiyyətin bütün ləzzətlərini dadıb və zəbt etdiyi kreslosundan ayrılmaq istəmir. Ona görə də bir tərəfdən qərbyönlü missiyasını yerinə yetirir. O cümlədən, cəmiyyətdə çoxlu radikalların və revanşistlərin olduğu bir şəraitdə qarşıya qoyulan vəzifəni yerinə yetirmək üçün Ermənistanın problemlərinə görə məsuliyyəti Rusiyanın üzərinə qoymağa, qəzəbi başqa tərəfə yönəltməyə çalışır. Erməni cəmiyyətinin diqqətini özündən ayıraraq, o, hər şeyi elə edir ki, erməni əhalisinin gözündə Rusiya Federasiyası erməni revanşistlərinin ümidlərinin və arzularının baş tutmamasının əsas günahkarı kimi görünsün.
- İndiki vəziyyətdə Moskva Ermənistanın hazırkı rəhbərliyi ilə münasibətlərdə praktiki olaraq hansı taktikadan istifadə edəcək?
- Bağlı qapılar arxasında qərarlar Prezident Administrasiyası, Rusiya Xarici İşlər Nazirliyi və digər idarə və xidmətlər tərəfindən birgə hazırlanır. İrəvan başa düşmürsə, deməli, yeni taktika lazımdır. Və burada sözdə “yumşaq güc” də vacibdir. Deyə bilərəm ki, bəzi bədnam rusiyalı blogerlər, tamamilə açıq-aşkar antiazərbaycançı, radikal meylli, Rusiyanın Ermənistandakı bu çox “yumşaq gücünün” aktivi kimi çıxış etsələr, o zaman bu istiqamətdə uğur qazana bilməyəcəyik. Bizə başqa personajlar lazımdır. Bunlar yox, erməni ziyalılarına, erməni ictimai rəyinə təsir etmək imkanı olan insanlar. Bu, ciddi vəzifədir, əks halda həll olunmasa, Ermənistanda ikinci Ukrayna alınacaq.
- Putinin bəyanatından əvvəl Ermənistanın anti-Rusiya addımları üçün Paşinyanın növbəti əsaslandırmaları var idi... Amma o qədər də inandırıcı deyil...
- Bu, yaxşı düşünülməmiş bir hiylədir, yoxsa çarəsizlikdən və ya təkəbbürdən doğan axmaqlıqdır- bunu söyləmək çətindir. Necə oldu ki, xüsusi xidmət orqanları ona başa salmadılar ki, tutaq ki, Fransaya, Böyük Britaniyaya, Amerikaya bağlı qapılar arxasında sədaqət andı içirsən, sənə nə mane olur? Lakin Moskvaya qarşı bu cür açıq hücumlar Ermənistanın xarici siyasət planının çox ciddi səhv hesablanmasıdır və nəticədə İrəvanın özünə zərbə vurdu.
- Qarabağdakı separatçılar yenidən liderlərini seçiblər. Eyni zamanda, Paşinyan bildirib ki, “yeni seçilmiş” şəxsi təbrik edəcək heç nə yoxdur, çünki onun üzərinə böyük məsuliyyət düşür. Yəni istər İrəvanda, istərsə də separatçılar özləri separatçı rejimin taleyinin əvvəlcədən müəyyənləşdiyini hiss edirlər? Mövcud vəziyyəti, Putinin bəyanatlarını, İrəvanın davranışını nəzərə alsaq, Ermənistan-Azərbaycan nizamlanmasının perspektivləri necədir?
- Azərbaycanın Qarabağ iqtisadi rayonunda, suveren Azərbaycan ərazilərində hər hansı qondarma seçkilər yerli səviyyədə təşəbbüsdən və separatçıların bardağın son damlasını daşırmaq cəhdindən başqa bir şey deyil. Heç bir ölkə ənənəvi olaraq bu “seçkiləri” legitim tanımayıb. Ona görə də erməni separatçılarının “rəhbərliyində” adların dəyişdirilməsi, ümumiyyətlə, vəziyyəti dəyişmir. Bəli, İrəvan Qarabağın bu hissəsini separatçıların ixtiyarına vermək istəyir. Amma başa düşmək lazımdır ki, İkinci Qarabağ müharibəsinin nəticələri uzunmüddətli Qarabağ münaqişəsinin səhifəsini çevirdi. İndi isə praktikada yalnız bir obyektiv sual var: Qarabağ ermənilərinin Azərbaycanın hüquqi məkanına reinteqrasiyasının tempi və vaxtı haqqında.
Qarabağ Azərbaycandır. Orada müvəqqəti olaraq qeyri-qanuni separatçı rejim fəaliyyət göstərir, mahiyyətcə əhalini girov saxlayır. Və çox güman ki, indiki siyasi vəziyyət Azərbaycanın tezliklə bütün Qarabağın nəzarətinə qayıtmasına kömək edəcək.
Amma mən şübhə etmirəm ki, yaxın gələcəkdə separatçıların, eləcə də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı silahlı hücumları, təxribatları davam edəcək. Ona görə də Azərbaycan çox güman ki, diplomatik işi hədəflənmiş cavab qüvvələri əməliyyatları ilə birləşdirməyə davam edəcək. Yol tikanlıdır, amma son nəticədə tarixin məntiqi dönməzdir və Ermənistanın buna müqavimət göstərməsi mənasızdır. Tarixi məntiq və siyasi proseslər baxımından erməni əhalisinin Azərbaycana reinteqrasiyasından başqa yol və variant yoxdur.
- Ötən həftə Azərbaycan Prezidentinin Administrasiyası bəyan etdi ki, Bakı və İrəvan sülh müqaviləsinin 70 faizini razılaşdırıblar. Bu barədə nə düşünürsünüz?
- Təəssüf ki, bu gün hansı həcmdə razılaşdırılıb, fərqi yoxdur. Bu, o demək deyil ki, sabah sülh müqaviləsi imzalanacaq. Çünki biz Paşinyanın qələbə qazanmadığı oyunda fiqurları necə çevirə bildiyinin bir neçə dəfə şahidi olmuşuq. İrəvan, gördüyümüz kimi, istədiyi vaxt, öz şıltaqlığından öz öhdəliklərindən imtina edə bilər. Ermənistanın baş naziri üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəliklərdən artıq imtina edib, baxmayaraq ki, sənəddə onun imzası var və Rusiya İkinci Qarabağ müharibəsi zamanı 30 minlik erməni qoşun qrupunu tamamilə məhv olmaqdan xilas edib.
Zaman keçir və Paşinyan bundan istifadə edərək oyun qaydalarını dəyişir. Müqavilənin 99 faizini razılaşdıra bilərsiniz, sonra o deyəcək: “Bağışlayın, biz heç nə imzalamayacağıq”. Sülh müqaviləsinin razılaşdırılmış bəndlərinin faiz komponentini mütləqləşdirməyə ehtiyac yoxdur. Bu heç nə demək deyil. Axı görünən nəticələr yoxdur: sərhədin delimitasiyası və demarkasiyasına başlanmayıb, minalanmış ərazilərin bütün xəritələri təhvil verilməyib, Ermənistanın qanunsuz silahlı qüvvələri Qarabağdan çıxarılmayıb, separatçıların silahlı təxribatları hər gün davam edir. Mən real siyasətin tərəfdarıyam.
Ermənistanda cəmiyyətin qisas tələb edən bir hissəsi var və bu, yeni müharibənin yanacağına çevrilə bilər. Ona görə də Azərbaycan hər şeyə hazır olmalıdır, Ermənistanın hər hansı şıltaqlığına hazır olmalıdır. Bilirsiniz, necə deyərlər, xoş söz təsirlidir, silahla isə daha təsirlidir...
Rusiya üçün Şimal-Cənub nəqliyyat dəhlizinin həyata keçirilməsi, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması, Zəngəzur dəhlizinin reallaşdırılması vacibdir. Bu, Rusiyanın milli maraqlarına cavab verir. Bu, 2020-ci ilin noyabrında Rusiya, Azərbaycan və Ermənistan liderləri üçtərəfli saziş imzalayanda Rusiya üçün aktual idi, indi Moskva üçün Transqafqazın blokunun açılması daha da vacib olub. Ona görə də hamı üçün müsbət nəticələr gözləyəcəyik.
- Rusiyanın Qarabağ ermənilərinə humanitar yardımı yenə də Ağdam-Xankəndi yolu ilə keçdi, baxmayaraq ki, separatçılar Rusiyadan gələn yük maşınına bir neçə gün “yaşıl işıq” yandırmadı.
- Əslində, məncə, bu, Qarabağ ermənilərinin Azərbaycanın hüquqi məkanına praktiki olaraq reinteqrasiyası istiqamətində atılan ilk addımdır. Ağdam-Xankəndi yolu açıqdır. Bu, Qarabağın Azərbaycan olduğunu göstərir. Bütün nəticələri ilə. Azərbaycan isə bu məsələdə təzyiq göstərəcək.
Tərcümə - Elçin Bayramlı