PDF Oxu

Siyasət

  • 1 252

Müstəqillik, yoxsa federallaşma? – AKTUAL

image

Şimali Kipr Türk Cümhuriyyətində siyasət dəyişdi, istiqamət necə?

Kuzey Kıbrıs Türk Cumhuriyeti (KKTC) 19 oktyabr 2025 tarixində keçirilmiş prezident seçkiləri ilə siyasi müstəvidə diqqətəlayiq dönüş nöqtəsinə gəlib. Seçkilər nəticəsində əsas müxalifət lideri Tufan Erhürman böyük fərqlə qalib gəlib və bu, adadakı bölücülük müstəvisində, yəni Türk və Rum tərəfləri arasındakı münasibətlər, Türkiyə ilə əlaqələr və beynəlxalq aləmdə qəbul kontekstində, yeni suallar və imkanlar açır.
Qeyd edək ki, seçkilərdə 218 313 qeydiyyatdan keçmiş seçici iştirak edib. İştirak faizi 64.87% olaraq qeyd edilib. Tufan Erhürman, Cumhuriyetçi Türk Partiyasının (CTP) lideri kimi yarışa girərək 62.76% səs toplayıb. İndiki prezident olaraq yarışan Ersin Tatar isə 35.81% səviyyəsində qalıb. Digər beş namizədin hər biri 1%-dən az səs alıb. Qələbə Erhürman üçün bir turda, mütləq səs çoxluğu (50%+) ilə təmin edilib.

Tərəflərin mövqeləri
Cumhuriyetçi Türk Partisinin (CTP) sədri Tufan Erhürman qalibiyyətdən sonra bəyan edib ki, xarici siyasətin Türkiyə ilə yaxın məsləhətləşmə ilə yürüdüləcəyindən kimdənsə şübhə olmasın. “KKTC‐də Türkiyə ilə istişarə edilmədən Kıbrısda bir xarici siyasətin müəyyənləşdirilməsində bu günə qədər heç bir fikir ayrılığı yaşamayıb. Mənim dönəmimdə də əsla fərqli yanaşma olmayacaq”, – deyə vurğulayıb. Bu, qələbə fonunda müstəqillik mülahizələrindən uzaq, Türkiyə ilə əlaqələrin davamlılığına vurğu edən bir mövqe kimi qəbul edilir.Ersin Tatar hakimiyyət müddətində adada “iki dövlətli” çözüm modelini, Türkiyə ilə daha sıx əlaqələri prioritetləşdirirdi. Bu seçkidə bu mövqenin seçici arasında kifayət qədər dəstəklənmədiyi müşahidə olunur. Erhürmanın qalibiyyəti bu baxımdan zamanlama və məzmun baxımından “dəyişiklik istəyi” kimi şərh olunur.
Reallıqlar və siyasi çərçivə
KKTC yalnız Türkiyə tərəfindən tanınır və adanın digər hissəsi olan Güney Kıbrıs Rum Yönetimi (GKRY) ilə münasibətlər uzun müddətdir gərgindir. 1974-cü il hadisələri və adanın bölünməsi konteksti hələ də çözülməyib: adanın şimal və cənub hissələri arasında diplomatik status, tərəflərin mövqeləri fərqlidir. Erhürmanın qələbəsi “təcridin qəbulu” və ya “daha geniş dünyaya inteqrasiya” istiqamətində siqnal kimi qəbul edilir — o, “federal Kıbrıs” modelini bəzən dəstəkləyən mövqedədir.Lakin Türkiyə ilə əlaqələrdə dəyişiklik olmayacağını vurğulaması, şimal tərəfdə Türkiyənin təsirinin hələ də güclü olduğuna işarədir. Adada təklifi yenidən dirçəldiriləcək danışıqlar baxımından bu kurs dəyişimi əhəmiyyətlidir. 2017-ci ildən bəri danışıqlar demək olar dayanmış vəziyyətdədir.Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan qalib Erhürmanı təbrik edib və “KKTC-nin demokratik olgunluğunu” qeyd edib. Türkiyə Xarici İşlər Nazirliyi seçkilərin huzurlu və demokratik şəkildə keçirildiyini bildirərək, “Ana vətən və zəmanətçi Türkiyə”nin KKTC nın inkişafı üçün dəstəkləməyə davam edəcəyini açıqlayıb. Buna baxmayaraq, Devlet Bahçeli (Milliyətçi Hərəkat Partiyasının lideri) seçkiləri “çıxış səviyyəsi çox aşağıdır, Kıbrıs Türklüyü özünü bu şəkildə təmsil edə bilməyəcək” sözləri ilə tənqid edib.Adanın yunan tərəfinin prezidenti Nikos Xristodoulides Erhürmanın qələbəsini diqqətlə izləyib: “Danışıqlara hazırıq”, deyə bildirib. Beynəlxalq mediada bu seçki “adada federal çözümə yol açma şansı” kimi qiymətləndirilir. Bu seçkilər KKTC siyasətində yalnız lider dəyişimi kimi qəbul edilmir, həm də istiqamət baxımından dönüş nöqtəsi elan edilir. Erhürmanın qalibiyyəti bəzi məqamlara aydınlıq gətirir. Türk və Rum tərəfləri arasında müzakirə mövzuları, xüsusilə “federal Kıbrıs” modeli çərçivəsində yenidən canlana bilər. Türkiyə ilə əlaqələrdə dəyişiklik gözlənilməsə də, seçicilər arasında Türkiyəyə olan münasibətdə “özünütəsdiq” və “yerli mənsubiyyət” hissləri artıb.Lakin reallıq budur ki, “status-kvo” dəyişmədən adada danışıqların real nəticələr verməsi çətin olacaq, suverenlik, sülhə zamin olan güclər, beynəlxalq hüquq və tərəflərin mövqeləri hələ də kəskin şəkildə fərqlidir. Türkiyənin daxili siyasəti və beynəlxalq müstəvidə Kıbrıs strategiyası bu yenilənmiş liderlik kontekstində yenidən nəzərdən keçirilə bilər.
Tufan Erhürmanın siyasi xətti və vədləri
KKTC iqtisadiyyatının Türkiyədən asılılığı azaldılmadan uzunmüddətli sabitlik mümkün deyil. Erhürman “öz resurslarımızla ayaqda qalmaq” tezisini irəli sürüb. O, “Türkiyə ilə məsləhətləşmədən xarici siyasət olmaz” deyərək, Ankaraya qarşı sərt müstəqil xəttdən qaçır, lakin eyni zamanda beynəlxalq tanınma məsələsində daha fəal diplomatik təşəbbüslər vəd edir. Erhürman, BMT-nin rəhbərliyi altında yenidən danışıqlara başlanmasının tərəfdarıdır. Bu, 2020-2025 dövründə Tatarın müdafiə etdiyi “iki dövlətli həll” siyasətindən fərqli istiqamətdir.
Ersin Tatarın məğlubiyyəti və siyasi mesaj
Ersin Tatar 2020-ci ildən etibarən KKTC prezidenti olaraq Türkiyə ilə tam uyğunlaşmış, “iki suveren dövlət” prinsipini müdafiə etmişdi. Onun məğlubiyyəti bir sıra amillərlə izah edilir. Gənc seçicilərin “daha açıq dünya ilə əlaqələr” istəyi, iqtisadi çətinliklər və artan bahalıq, Ankara ilə münasibətlərdə asılılıq hissi və yerli idarəetmədə şəffaflıq problemi. Bu nəticə həm də Türkiyə-KKTC əlaqələrində balansın yenidən formalaşacağına dair siqnal kimi qəbul olunur.Bununla belə, Türkiyədə bəzi milliyyətçi çevrələr nəticəni tənqid ediblər. MHP lideri Devlet Bahçeli seçici iştirakının az olmasını “Kıbrıs Türklüyünün təmsil gücünü zəiflədən faktor” adlandırıb. Bu, Türkiyədə də Kıbrıs məsələsinə baxışdakı daxili fikir ayrılığını əks etdirir.
Yunanıstan və…
Yunanıstan və Cənubi Kipr rəhbərliyi Erhürmanın seçilməsini “sülh danışıqları üçün fürsət” kimi qarşılayıb. AB və BMT rəsmiləri də nəticəni müsbət dəyərləndirərək, “iki icma arasında dialoqun bərpası”na dəstək ifadə ediblər. Beynəlxalq mediada isə bu seçki “Kıbrısda status-kvonu yumşaltmaq üçün tarixi fürsət” kimi qiymətləndirilib. Reuters, The Guardian və AP News kimi nüfuzlu agentliklər Erhürmanı “pragmatik və Avropa yönümlü lider” adlandırıblar. Erhürmanın seçilməsi Kıbrıs problemini dərhal həll etməsə də, yeni diplomatik dinamika yaradır. Bu dinamikanı müəyyən edən bir sıra mühüm əsas amillər var.
Türkiyə ilə əlaqələrin balanslaşdırılması: KKTC üçün Türkiyə hərbi və iqtisadi təminatçıdır. Erhürman bu reallığı qəbul etsə də, öz daxili legitimliyini gücləndirmək istəyir.
Beynəlxalq tanınma perspektivi: KKTC-nin yalnız Türkiyə tərəfindən tanınması hələ də əsas siyasi maneədir. Yeni rəhbərlik bu izolyasiyanı yumşaltmaq üçün beynəlxalq platformalarda daha aktiv iştirak planlaşdırır.

Rum tərəfi ilə mümkün dialoq: BMT himayəsində danışıqların yenidən başlanması ehtimalı artır. Erhürmanın federal həllə meylli olması Cənubi tərəfin də marağını artırıb.

İqtisadi və sosial sabitlik: Əhalinin böyük hissəsi iqtisadi problemlərin siyasi müzakirələrdən daha prioritet olduğunu düşünür. Buna görə yeni rəhbərliyin sosial rifah və əmək bazarı sahəsində islahatlara yönəlməsi gözlənilir.
Yenilik və dəyişiklik istəyi
"Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçirilən prezident seçkiləri bir daha göstərdi ki, bu kiçik, amma siyasi mədəniyyəti oturuşmuş cəmiyyət demokratik ənənələrə sadiqdir. Seçicilərin yüksək fəallığı və nəticələrin şəffaf şəkildə elan olunması Şimali Kiprin demokratik ab-havasını, insanların siyasi iradəsinin azad və ədalətli şəkildə ifadə olunduğunu təsdiqlədi. Bu, həm daxili sabitliyin, həm də cəmiyyətin siyasi şüurunun səviyyəsinin göstəricisidir". Bu fikirləri mediaya açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.Siyasi şərhçi qeyd edib ki, müxalif Cumhuriyyətçi Türk Partiyasının lideri Tufan Erhürmanın 62,7 faiz səslə inamlı qələbəsi, əslində, Şimali Kipr seçicisinin yenilik və dəyişiklik istəklərinin rəmzinə çevrildi. Xalq səsvermədə yalnız lider seçmədi, həm də siyasi kursun yenilənməsinə, dialoqa və gələcəyə yönəlik yeni baxışa üstünlük Verdi: "Hesab edirəm ki, Erhürmanın seçki kampaniyasında önə çəkdiyi federal həllə açıq yanaşma, Kiprin yunan hissəsi ilə danışıqların bərpası və beynəlxalq hüquqa əsaslanan birgə dövlət modeli fikirləri, 50 ildən artıq davam edən status-kvonu sarsıdan yeni diplomatik istiqamət ola bilər. Onun bu mövqeyi, xüsusilə, gənc nəsil arasında sülhə, sabitliyə və iqtisadi inteqrasiyaya inamı gücləndirir. Bununla yanaşı, Şimali Kipr cəmiyyəti ənənəvi dəyərlərinə və milli kimliyinə dərin hörmətlə yanaşır. Bu səbəbdən Erhürmanın qarşısında duran əsas vəzifə dəyişiklik istəyini milli maraqlarla və Türkiyə ilə strateji münasibətlərlə ziddiyyətə salmadan həyata keçirməkdir. Ankara ilə əməkdaşlıq, Kipr türklərinin təhlükəsizlik və suverenlik məsələsində əsas dayağı olaraq qalır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Erhürmana verdiyi dəstək mesajı da məhz bu strateji xəttin qorunacağına işarədir.Digər tərəfdən, Yunan Kiprinin lideri Nikos Xristodulidisin təbriki və sülh danışıqlarına sadiqliyini bildirməsi diplomatik ritorikanın yumşalması baxımından əhəmiyyətlidir. Bu, illərdir donmuş olan masaya yeni ümid işığı sala bilər. Bir fikri də əlavə edim ki, Tufan Erhürmanın qələbəsi həm demokratik dəyərlərin təntənəsi, həm də Şimali Kipr cəmiyyətinin gələcəyə baxışında yeni səhifə açılması deməkdir. Bu seçki bir daha göstərdi ki, Kipr türkləri sülh, inkişaf və beynəlxalq ədalətə sadiq xalqdır. Amma bu yolda milli kimlik və suverenlik dəyərlərini heç bir güzəştə getmədən qorumağa hazırdır, "-deyə baş redaktor əlavə edib.2025-ci il prezident seçkiləri Kuzey Kıbrıs üçün sadəcə lider dəyişikliyi deyil, həm də siyasi mədəniyyətin yenilənməsi prosesidir. Tufan Erhürmanın qələbəsi Kıbrısda yeni dialoq ümidlərini artırdı, Türkiyə-KKTC münasibətlərində daha balanslı dövrün başlanğıcını xəbər verdi, gənc nəsil arasında “öz kimliyini qoruyaraq dünya ilə inteqrasiya” arzusunu gücləndirdi. Lakin real həllin yalnız daxili siyasi istəklə deyil, həm də beynəlxalq iradə və regional sabitliklə mümkün olacağı aydındır. KKTC-nin qarşısında duran əsas sual budur: Yeni prezident “status-kvo”nu dəyişə biləcək, yoxsa dəyişiklik sadəcə ümid səviyyəsində qalacaq?
V.VƏLİYEV

Digər xəbərlər