Siyasət

  • 3 510

Əməkdaşlığın yeni mərhələsi

image

Azərbaycan–İsrail əlaqələri müxtəlif sahələrdə dinamik inkişaf edir. Bu dövlətlər arasında ticarət dövriyyəsi getdikcə genişlənir, qeyri-neft məhsullarının payı yüksəlir. Bundan başqa, investisiya, innovasiya, informasiya, kənd təsərrüfatı, ekologiya, qida, su, enerji texnologiyaları, əczaçılıq və biotexnologiya, ərzaq təhlükəsizliyi, kibertəhlükəsizlik, turizm, kiçik və orta sahibkarlıq kimi sahələrdə əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur. İki ölkə arasında qarşıdakı illər üçün əsas məqsədlərdən biri işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması və onların dəyər zəncirlərinə inteqrasiyasıdır. Bu ərazilərin geniş kənd təsərrüfatı potensialı var və azad olunmuş torpaqlar Yaşıl Enerji Zonaları kimi tanınır. Düşməndən təmizlənən bu torpaqlarda kənd və şəhərlərin inkişafı “Ağıllı şəhər” və Ağıllı kənd” konsepsiyasına əsaslanır. Bunu nəzərə alaraq, İsrail şirkətləri tərəfindən ən yaxşı texnologiya və təcrübələr Azərbaycan şirkətləri ilə bölüşülərək tətbiq olunur.

Hər iki ölkənin informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlıq imkanları da getdikcə genişlənir. Bu sahəsə dost dövlətin “Israil Export Institute” şirkəti önəmli rol oynayır. Kibertəhlükəsizliyin təmin olunmasının hər iki ölkə üçün aktuallığı nəzərə alınaraq, bu istiqamətdə davamlı görüşlər və qarşılıqlı səfərlər reallaşdırılır. Gələcəkdə tərəflər arasında birgə işlərin görülməsi üçün danışıqlar aparılır. Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi və potensialının artırılmasına dəstək verilməsi məqsədilə ötən il təsis edilən AKTA özündə informasiya texnologiyaları və kibertəhlükəsizlik üzrə ixtisaslaşmış şirkət və təşkilatları birləşdirir. Azərbaycan–İsrail əlaqələrindən danışarkən müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlığı da qeyd etmək yerinə düşər. Respublikamızın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da ölkəmizin müdafiə qabiliyyətinin müasirləşdirilməsini, möhkəmləndirilməsini şərtləndirir. Başqa sözlə, İsrailin müdafiə sənayesindən bəhrələnmək dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır. Aqrar sahədə İsrail təcrübəsinin tətbiqindən danışarkən mühüm bir məqama da toxunmaq istərdik. Prezident İlham Əliyev tərəfindən təşviq olunan aqroparklar İsrailin “Kibbutz” kollektiv istehsal qurumuna çox bənzəyir. Bu strukturun fəaliyyətində keçmiş kolxozlara oxşar cəhətlər özünü qabarıq büruzə verir və kooperativ formasında təşkil olunur. Aqroparklarda da eyni sahəyə aid müxtəlif təsərrüfatların birləşməsi və onların ən müasir texnikalar ilə təchiz edilməsi həm məhsuldarlığın yüksəlməsinə, həm yeni iş yerlərinin yaranmasına, həm də daxili bazarda yerli şirkətlərin rəqabət gücünün artmasına gətirib çıxarır. Beləliklə, aqroparkların yaradılması və fəaliyyəti ərzaq təhlükəsizliyinə mühüm töhfə verir. Bu, eyni zamanda işsizliyin azaldılmasını, yerli istehsalın inkişafını və ixrac imkanlarının genişlənməsini şərtləndirir. Ən başlıcası isə aqroparklarda yetişdirilən məhsullar ixracyönümlü olması ilə diqqət çəkir.Xatırladaq ki, İsrail torpaqları və hava şəraiti bizdən fərqli olaraq əkinçilik üçün yararlı ərazilər deyil. 80 faiz sərhalıqdan ibarət olan bu ölkədə yalnız qış aylarında yağış yağır. İsrail su qıtlığı yaşayır. Bununla belə, kənd təsərrüfatı sahəsində tətbiq etdiyi yeni texnologiyalar sayəsində dövlət öz əhalisinin ərzaq ehtiyaclarını qarşılamaqla qalmır, istehsal etdiyi məhsulların 90 faizini ixraca yönəldir. Prezident İlham Əliyev də aqroparklar haqqında danışarkən “burada yetişdiriləcək məhsullar ixracyönümlü məhsullardır” deyərkən məhz İsrail təcrübəsinin tətbiqini nəzərdə tutur.

Emin Bagırov
ETN Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru

Digər xəbərlər