Siyasət

  • 3 312

Dumanın komitə sədri: İrəvan özü Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, amma... - MÜSAHİBƏ

image

Leonid Kalaşnikov: ...Qarabağı itirdiyinə görə Rusiyanı günahlandırır

Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov “Moskva-Baku” portalına müsahibəsində Ermənistanın Moskvanı “boykot etməsi” fonunda Ermənistan-Azərbaycan münaqişəsinin həlli perspektivlərini dəyərləndirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Leonid İvanoviç, indi Rusiya-Ermənistan münasibətlərində gördüklərimizi necə xarakterizə edə bilərsiniz? Bu qeyri-adi vəziyyətə necə gəlindi?

- Əslində Ermənistanda indiki rəhbərlik hakimiyyətə gələn andan hadisələrin məhz belə inkişafını gözləyirdik. Onların “Soros” haqqında necə danışdıqlarını və bu komanda hakimiyyətə gəlməzdən əvvəl Rusiya tərkibli strukturları tərk etmək zərurəti barədə bəyanatlar verdiklərini xatırlayırıq. 2020-ci ilin yazında Ermənistanda insanlar küçələrə çıxanda Volodin məni hamı ilə danışmaq üçün ora göndərdi. Mən Nikol Paşinyanla da danışdım. Ondan həmin vaxt verdiyi açıqlamaları soruşdum. O zaman onun bütün bəyanatların siyasi mübarizənin qızğın çağında olması ilə bağlı cavabı məni qane etdi. Eyni zamanda, xatırladığımız kimi, baş nazirin rəhbərlik etdiyi hərəkat "Elk" adlanırdı, bu da rus dilinə tərcümədə "Çıxış" deməkdir. Və bu, başqa şeylərlə yanaşı, rusiyayönlü strukturlardan- Aİİ-dən, KTMT-dən çıxmaq kimi şərh edildi.

Bəli, yəqin ki, bu komandanın hakimiyyətdə olduğu dövrdə Qərbə doğru müəyyən sapmaları, digər məsələlərlə yanaşı, Fransa və ABŞ-da erməni diasporunun olması ilə də başa düşmək mümkün idi. Amma bu gün Paşinyan daha dərinə enib ki, bu da dövlət başçısı üçün qəbuledilməzdir. Bu isə məni belə fikirlərə vadar edir: bir tərəfdən Ermənistanın indiki baş naziri hakimiyyətdə olduğu 5 il ərzində həqiqətən də yetkinləşib və siyasi reallıqları dərk edən liderə çevrilib, digər tərəfdən, bu gün biz reallıqda bütün bunları görürük. Belə görünür ki, narahatlıqlarımız boşuna deyildi. Rusiyanın öz problemlərinin olduğu şəraitdən istifadə edib onu Zaqafqaziyada vəziyyətin inkişafı ilə məşğul olmaqdan yayındırmağa çalışırlar.

Mənim qəti əminliyim qalır ki, Ermənistan-Azərbaycan nizamlanmasında qalan bütün problemlər əvvəlki kimi 3 qonşu- Rusiya, Azərbaycan və Ermənistan tərəfindən həll edilməlidir. Əgər regiondan kənar oyunçular- ABŞ və Avropa İttifaqı prosesə müdaxilə edərsə, problem gözləyin. Biz indi bütün bunları öz gözlərimizlə görürük: Ermənistan ərazisində erməni-amerikan təlimləri, qarşıdan gələn Roma Statutunun ratifikasiyası, Rusiyanı təhqir etməyə cəhdlər.

Ermənistan hakimiyyəti son vaxtlar ölkədə yaranan müxtəlif problemlərə görə Rusiyanı günahlandırmağa çalışır. Bunlar İrəvanın tezisləridir ki, deyirlər, Qarabağ onların deyil, əslində Rusiyanın problemidir. Halbuki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar, amma Ermənistan nədənsə qane olmayıb, bizə iddialar irəli sürür. Baxmayaraq ki, Azərbaycan Qarabağ ətrafındakı vəziyyətin öhdəsindən gəlməyə hazırdır və qadirdir.

Təbii ki, biz qonşu, region ölkəsi kimi nəhayət vəziyyəti başa düşməyə kömək etmək istərdik. Bunlara İrəvanın oradakı rus sülhməramlılarının “effektiv olmadığı” barədə müntəzəm bəyanatları, Qarabağda Qərb sülhməramlılarının yerləşdirilməsinin zəruriliyi ilə bağlı müzakirələr da aiddir. Azərbaycan onları ora buraxmayacaq. İrəvanın özü Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb, bəs niyə Ermənistan tərəfi bütün problemləri daim Rusiyanın üstünə yıxmaq istəyir? Bütün bunlar əvvəllər də olub. Dünən Paşinyan bildirib ki, Ukraynadakı vəziyyətdən sonra Ermənistan təhlükəsizlik baxımından Rusiyaya arxalana bilməz.

Bu komandanın 5 il əvvəl hakimiyyətə gəlməsinin necə başa çatacağı mənə aydın idi. Düşünürəm ki, biz bu gün Amerikanın o vaxt, 5 il əvvəl qarşısına qoyduğu və məqsədi Cənubi Qafqazda sabitliyi pozmaq olan planın həyata keçirildiyini görürük. Görünür, uyğun anı gözləyirdilər. Bəli, vəziyyət çətindir. Bütün bunlar öz ölkəsinin maraqlarını deyil, Qərbin maraqlarını rəhbər tutan bəzi erməni siyasətçilərinin əli ilə həyata keçirilir.

- Rusiya prezidenti bu yaxınlarda Şərq İqtisadi Forumunda bəyan etdi ki, İrəvanın özü Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Bu, gələcək nizamlanma üçün nə deməkdir və indi hansı perspektivlər var?

- Bu, məhz prezidentin dediyi deməkdir. İrəvanın kifayət qədər hiyləgər mövqeyi var: biz Azərbaycanın ərazi bütövlüyünü tanıdıq, eyni zamanda heç kimi Qarabağa buraxmırıq, humanitar yardımın öz seçdiyimiz şəkildə keçməsinə icazə veririk. Eyni zamanda Qarabağda da insanlar aclıqdan ölürlər. Ancaq Rusiya öz bəyanatlarına görə qərar verməlidir. Bu, məncə, kifayət qədər böyük təxribatçıdır.

- Xankəndinə humanitar yardımlar artıq göndərilir... Amma separatçılar özləri bunu istəmirlər...

-Hər hansı problem olarsa, lazım gələrsə, Azərbaycan özü də Rusiyaya üz tutacaq... Və biz onları həll edəcəyik. Millətlərarası problemlər həmişə çətin olur. Şübhəsiz ki, indi bizim gördüyümüz hər şey Amerika planı çərçivəsindədir.

- Üç ildir ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının bəndləri yerinə yetirilmir...

- Yerinə yetirilmədi. İndi maraqlı tərəflər Rusiyanın iştirakı ilə münaqişəli situasiyanı gözləyirlər və Zaqafqaziyada vəziyyəti mürəkkəbləşdirməyə çalışırlar. Dostlar necə deyərlər, çətin gündə yaranır...

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər