Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda beynəlxalq simpozium keçirilir. SİA xəbər verir ki, tədbirdə dövlət qurumlarının, dini konfessiyaların nümayəndələri, yerli ali təhsil və tədqiqat müəssisələrinin rəhbərləri, eləcə də Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan, İndoneziya, Malayziya, Gürcüstan, Albaniya, ABŞ, Rusiya, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri, Misir və İraqdan gələn nüfuzlu universitetlərin nümayəndələri iştirak edirlər.Simpoziumun məqsədi din təhsili sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, mənəvi dəyərlərin qorunması və qlobal çağırışlara uyğun yeni yanaşmaların müzakirə edilməsidir. Tədbirdə müasir dövrdə dinlərarası dialoqun əhəmiyyəti, dini təhsildə innovativ modellər və mənəvi inkişaf istiqamətləri barədə çıxışlar dinlənilir.Tədbirdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclis sədrinin müavini Rafael Hüseynov, elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və digər qonaqlar iştirak edirlər.
Müəllif: Günel Fərzəliyeva