Prezident İlham Əliyevin cari ilin 14 sentyabr tarixində Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirakı mühüm tarixi hadisədir. Bu amil Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı tarixi, mədəni, siyasi əlaqələrin xarakterindən xəbər verir. Eyni zamanda əməkdaşlıq əlaqələrinin dinamikası artan xətt üzrə inkişaf edir. Prezident İlham Əliyev cari ildə qardaş Tacikistana iki dəfə səfər edib. Cari ilin aprel ayında baş tutmuş səfər çərçivəsində qəbul olunmuş qərarlar və imzalanmış sənədlər münasibətlərimizin strateji xarakterini bir daha təsdiq edir.
Bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarını çoxəsrlik qardaşlıq münasibətləri bağlayır: “Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Bu baxımdan da səmərəli əməkdaşlığın siyasi göstəriciləri nəzərə çarpacaq səviyyəyə yüksəlib. Otuz ildən artıqdır ki, müstəqil olan Azərbaycan və Mərkəzi Asiya Dövlətləri ikitərəfli və çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparır. Bu ölkələr bir-birinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Məhz bunun fonunda ölkələr arasında iqtisadi əlaqələr fəal şəkildə inkişaf edir. Sözsüz ki, Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Bu baxımdan da regional əməkdaşlığın yeni formatı ölkələrin və xalqların daha da yaxınlaşmasına zəmin yaradır. Bunun əyani təzahürü olaraq son iki il ərzində Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə doqquz səfər edib. Eyni zamanda, bu müddət ərzində bütün həmin regionun dövlətlərinin başçıları Azərbaycana səfərlər ediblər. Təbii ki, burada ikitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Hər iki istiqamət üzrə göstəricilər davamlı artıma malikdir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Eyni zamanda birgə sərmayə fondları yaradılıb ki, bu da növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılmasını təşviq edib. Artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr birgə həyata keçirilir. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Mərkəzi Asiyadan olan şirkətlərin Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına maraqları artır.
Deputat bildirib ki, nəqliyyat və logistika sahəsi münasibətlərdə mühüm yer tutur: “Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı ölkələri üçün Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu açıq elan edilib. Eyni zamanda Şərq-Qərb marşrutu ilə yükdaşımalara artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır. Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malik olmaqla Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal iş aparır. Yeni sərmayə layihələri başa çatdıqdan sonra istehsal olunan tanker və quru yükdaşıyan gəmilərin sayı bu gün ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq. Daha böyük həcmdə tranzit yüklərini cəlb etmək üçün tariflərin optimallaşdırılmasını, tənzimləyici və gömrük prosedurlarının sadələşdirilməsini və ahəngdarlığını təmin etmək zəruridir. Burada mühüm meyarlardan biri də Şərq-Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırılmasıdır. Çünki “Rəqəmsal İpək Yolu” layihəsi ölkələr arasında əməkdaşlığın yeni sahəsi olan fiber-optik infrastrukturun yaradılmasına yönəlib”.
Millət vəkili Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunduğunu söyləyib: “Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Prezident İlham Əliyevin son 1-2 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Sözsüz ki, Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir. Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb. Ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzinə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək”.
Təftiş Komissiyasının sədri Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətlərinin xüsusi əhəmiyyətinə toxunub: “Azərbaycanla Tacikistan arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. İki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Azərbaycan Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Tacikistan Ali Məclisinin hər iki palatasında Azərbaycanın Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur. Eyni zamanda iki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur. 2014-cü ildə Prezident İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub. 2018-ci il avqustun 11-də Azərbaycanda rəsmi səfərdə olan Tacikistan prezidenti Emoməli Rəhmona ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib. Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ş.Şotemur adına Tacikistan Dövlət Aqrar Universitetinin əməkdaşlığı çərçivəsində müəllim və tələbələrin mübadiləsi həyata keçirilir. Həmçinin ölkələrimiz arasında birgə ticarətin inkişaf dinamikası da münasibətlərin xarakterindən xəbər verir. 2022-ci ildə Azərbaycanın Tacikistanla ticarət dövriyyəsinin həcmi 5,95 milyon ABŞ dolları olub. 2023-cü ilin yanvar-fevral ayları üzrə ticarət dövriyyəsi isə 824,59 min ABŞ dolları təşkil edib. Tacikistandan Azərbaycana 4,4 milyon dollar, Azərbaycandan Tacikistana isə 1,5 milyon dollar investisiya qoyulub. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin açıq təzahürü olmaqla yanaşı Azərbaycanın regional və qlobal miqyasda güc mərkəzi olduğunu təsdiq edən başlıca amillərdir”.