Siyasət

  • 1 473

ANIM Azərbaycanın dünya elminə bəxş etdiyi şərqşünas alim - Aida İmanquliyeva ŞƏRH

image

Mehriban xanım Əliyeva: "Aida xanımın arzuları, onun elmi irsi bu gün də yaşayır və dövlətimizə xidmət edir"

Ən yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı olan Azərbaycan qadını iradəsi, saflığı, sədaqəti, qətiyyəti, dözümlülüyü ilə cəmiyyətimizdə böyük nüfuz qazanıb. Azərbaycan qadını yüksək pillələrdə dayanır, ölkə daxilində və beynəlxalq aləmdə böyük nailiyyətlər qazanır, ictimai həyatın bütün sahələrində öz sözünü inamla deyir. Azərbaycan qadını dövlətimizin inkişafına və cəmiyyətimizin yüksəlişinə özünün layiqli töhfələrini verir. Azərbaycanın ictimai-siyasi, mədəni həyatında kifayət qədər böyük nüfuza sahib olan qadınları olub və var. Azərbaycanın tarixində ilk azərbaycanlı qadın - ərəbşünas elmlər doktoru olan böyük alim Aida İmanquliyevanın da öz yeri, mövqeyi var. Bütün həyatını xalqının tarixinin, ənənələrinin minillik dərin köklərlə bağlı olduğu Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf edərək, şərəfli bir ömür yaşamış Aida xanım bütün elmi-bədii yaradıcılığı, ictimai fəaliyyəti ilə böyük nüfuz qazanmışdır. Onun bütün elmi-bədii yaradıcılığı, ictimai fəaliyyəti böyük istedada malik olduğunu göstərir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Aida xanım haqqında belə yazır: "Aida xanım unudulmaz bir şəxsiyyət idi. O, qısa, amma çox parlaq və xoşbəxt həyat yaşamışdır. Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləmişdir. Yüksək savadlı, ziyalı, vətənpərvər, prinsipial bir alim, eyni zamanda çox zərif, çox gözəl, bütün sevgisini ailəsinə bağışlayan, hər zaman ürəkdən kömək göstərməyə hazır olan bir qadın idi. Aida xanımın bütün elmi yaradıcılığı Azərbaycan ilə Şərq dünyası arasında əlaqələrin qurulub möhkəmlənməsinə yönəldilmişdir. Eyni zamanda, o, Azərbaycan elminin düşüncələrinin, fəlsəfəsinin, islam aləmində yayılmasına nail olmuşdur. Bu gün müstəqil Azərbaycanda, demək olar ki, Aida xanımın bütün arzuları artıq reallıqdır və respublikamızın müsəlman ölkələri islam dünyası ilə nəinki elmi, mədəni əlaqələr, həm də ən yüksək səviyyədə iqtisadi, siyası əlaqələr qurubdur. Bütün bu sahələrdə Aida xanımın arzuları, onun elmi irsi bu gün də yaşayır və dövlətimizə xidmət edir". Aida xanımın qələmindən çıxan hər bir əsər gərgin, böyük bir zəhmətin nəticəsidir. XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas-alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın tərcümeyi-halına nəzər salsaq görərik ki, Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Görkəmli jurnalist, pedaqoq, əməkdar elm xadimi olan atası Nəsir İmanquliyev Azərbaycan mətbuatının bünövrəsini qoyanlardan biri olmuş və uzun müddət "Bakı" və "Baku" qəzetlərinin baş redaktoru işləmişdir. Aida İmanquliyeva Bakıda 132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsində təhsil alıb. 1966-cı ildə Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, daha sonra baş elmi işçi (1966-1976), Ərəb filologiyası şöbəsinin müdiri (1976-1988), elmi işlər üzrə direktor müavini (1988-1991) vəzifəsini icra edən Aida xanım 1991-ci ildən həmin institutda direktor vəzifəsində çalışmışdır. 1976-1988-ci illərdə, institutun ərəb filologiyası şöbəsinə rəhbərlik etdiyi müddətdə, 10 nəfər ərəbşünas namizədlik dissertasiyalarını müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. Şərqşünaslıq İnstitutunun elmi və ictimai-siyasi həyatında yaxından iştirak edən Aida İmanquliyeva işgüzar fəaliyyətinə görə, 1988-ci ildə institutun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunmuş, bir il sonra isə, uzun illər üzərində işlədiyi doktorluq dissertasiyasını müdafiə edərək, filologiya elmləri doktoru adına layiq görülmüşdür. Beləliklə, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor - qadın olan Aida İmanquliyeva elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. O, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından dərs deyib. Buna görə də, SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyasının qərarı ilə, ona "Xarici Asiya və Afrika xalqları ədəbiyyatı" ixtisası üzrə, 1991-ci ilin mart ayında professor elmi rütbəsi verilmişdir. Qeyd edək ki sentyabrın 19-u Aida xanım İmanquliyevanın anım günüdür.

AZƏRBAYCAN MİLLİ ÖZÜNÜDƏRKİNİN QORUNUB-SAXLANILMASI VƏ İNKİŞAFI İDEALINA SADİQ QALDI

A.İmanquliyeva 1970-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb dili müəllimi, filologiya elmləri namizədi M.Qarayevlə birlikdə "İnsan və quş" adlı hekayələr məcmuəsini çap etdirir. Bundan əlavə, Ərəb filologiyası şöbəsinin əməkdaşlarının tərcüməsində İraq yazıçılarının əsərlərindən ibarət kiçik bir antalogiyanın tərcüməsində və çapında da Aida xanımın gərgin əməyini xüsusi qeyd etmək lazımdır. "Ağ günlərin sorağında" adlanan həmin məcmuədə Aida xanımın tərcüməsində İraq yazıçısı Mahmud əz-Zahirin "Boğulmuş hıçqırıqlar" adlı hekayəsi də öz əksini tapıb. Bunlardan əlavə, Aida xanım müxtəlif illərdə respublikanın nəşriyyat orqanları tərəfindən ərəb ədəbiyyatı ilə bağlı çap olunmuş bir çox kitaba ön söz yazmış və xeyli sayda kitabın elmi redaktoru olmuşdur.

Aida İmanquliyevanın çoxsaylı elmi əsərlərində (3 monoqrafiya ("Mixail Nüaymə" və "Qələmlər birliyi", "Cubran Xəlil Cubran", "Yeni ərəb ədəbiyyatının korifeyləri" və 70-dən artıq elmi məqalə) Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur ki, bu da, nəinki ərəb ədəbiyyatının, həmçinin, bütün yeni Şərq ədəbiyyatlarının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaradır. Aida xanım yalnız yaradıcılığı ilə deyil, həm də təşkilatçılıq bacarığı, rəhbərlik fəaliyyəti ilə öz həyatının missiyasına - yaşadığı mühit və rejim çərçivəsində Azərbaycan milli özünüdərkinin qorunub-saxlanılması və inkişafı idealına sadiq qalmışdır. İstedadlı gənc alim 1967-ci ilin martında Moskvada namizədlik dissertasiyasını uğurla müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsini aldıqdan sonra, elmi fəaliyyətini Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda davam etdirmişdir.

1964-cü ildə "Mixail Nüaymə və XIX əsr qabaqcıl rus ədəbiyyatı" adlı ilk mətbu məqaləsi "Azərbaycan" jurnalında dərc olunmuşdur. O, Livan yazıçısı M.Nüaymənin bir neçə hekayəsini ərəb dilindən rus dilinə tərcümə edərək, 1979-cu ildə Moskvada "Vostoçnıy almanax" jurnalında çap etdirmişdir. Müasir ərəb ədəbiyyatının aktual problemləri və rus-ərəb ədəbi əlaqələri haqqında məqalələri dövri mətbuatda - toplularda və elmi-kütləvi məcmuələrdə müntəzəm çap olunmuşdur.

MƏHCƏR ƏDƏBİYYATININ ƏN SANBALLI TƏDQİQATÇISI

Aida İmanquliyeva 1971-1973 və 1979-1981-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi "Ərəb filologiyası məsələləri" məcmuəsinin tərtibçisi və redaktoru vəzifəsində çalışıb. "Yaxın Şərq xalqlarının müasir ədəbiyyatında tərəqqi və ictimai ədalət uğrunda mübarizə problemi" (1982), "Yaxın və Orta Şərqdə milli azadlıq hərəkatı məsələləri" (1985), "Şərq filologiyası məsələləri" (1986-1987), "Yaxın Şərq xalqları ədəbiyyatı imperializmə qarşı mübarizədə" (1987), "Xarici Şərqin problemləri: tarix və müasirlik" (1988), "Şərq ədəbiyyatında ənənə və novatorluq" (1988) məqalələr məcmuələrinin redaksiya heyətinin üzvlərindən, müəlliflərindən və redaktorlarından biri olmuşdur. İctimai işlərdə fəal çalışmışdır. A.İmanquliyeva 1987-ci ildə Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü və 1983-cü ildən etibarən, sözügedən cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olmuşdur. Moskva, Bakı, Düşənbə, Hamburq, Kiyev, Sankt-Peterburq, Poltava, Tbilisi və digər şəhərlərdə keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir. Müasirləri onun haqqında belə yazırdı: "Aida xanım beynəlxalq aləmdə dünyanın görkəmli alimləri tərəfindən bütün şərqşünaslıq mərkəzlərində məhcər ədəbiyyatının ən sanballı tədqiqatçısı kimi qəbul edilir. Onun əsərlərindən tez-tez istifadə olunur, çıxış nöqtəsi kimi ona müraciət edilir və Aida xanımın fikirləri məhcər ədəbiyyatının ayrı-ayrı problemlərini öyrənmək üçün əsas mənbə rolunu oynayır. Aida xanımın təşəbbüsü ilə Azərbaycanda simpoziumlar çağırıldı. O, həmin simpoziumların həm təşkilatçısı, həm də əsas məruzəçilərindən biri idi. Bu da Aida İmanquliyevanın beynəlxalq elm aləmində nüfuzundan irəli gəlirdi".

"HƏR BİR ƏDALƏTSİZLİYƏ QARŞI BARIŞMAZ MÖVQEDƏ DAYANAN, İŞİNƏ, ELMƏ VƏ PEDAQOJİ FƏALİYYƏTƏ HƏDSİZ SƏDAQƏTLİ OLAN ANAM ÖZ QISA HƏYATINDA İNANILMAZ ZİRVƏLƏRİ FƏTH ETDİ"

Bütün elmi fəaliyyətini Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcılıq üslubunun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapmasının tədqiqinə həsr edən Aida xanım özündən sonra çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə və yeni bir yol açmışdır.

Böyük insanın çoxşaxəli, zəngin fəaliyyəti Aida xanımı xanımlıqdan məhrum edə bilməmişdi. O, hər şeydən əvvəl öz ailəsini, həyat yoldaşını çox sevən gözəl qadın, qayğıkeş bir ana idi. Aida xanımda Azərbaycan qadınlarına xas olan ən nəcib keyfiyyətlər təcəssüm olunurdu. Onun ömür yolu həyatın, varlığın əsasında duran mənəvi bağları qurmağa, tamlığa və vəhdətə can atan bir insan idrakının, bir ana, bir qadın ruhunun təcəssümü olub. O, dünyamıza, xalqımıza, cəmiyyətimizə yüksək intellekti, zəngin mənəvi keyfiyyətləri ilə nümunə olan övladlar bəxş edib. Aida xanım Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, akademik Nərgiz xanım Paşayevanın anasıdır. Mehriban xanım Əliyeva Aida xanımın onun bir şəxsiyyət kimi yetişməsində, kamilləşməsində rolunu belə dəyərləndirib: "Məsuliyyət hissini, hər bir işin əvvəlindən maksimum nəticə əldə etməyə çalışmağı, özünə tələbkar və intizamlı münasibəti mənə anam - nəcib, parlaq, prinsipial, istedadlı, məğrur, son dərəcə gözəl bir xanım olan Aida İmanquliyeva aşılayıb. Hər bir ədalətsizliyə qarşı barışmaz mövqedə dayanan, işinə, elmə və pedaqoji fəaliyyətə hədsiz sədaqətli olan anam öz qısa həyatında inanılmaz zirvələri fəth etdi. O, müasir ərəb ədəbiyyatının tədqiqi sahəsində öz yeni elmi məktəbini yaratdı, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru oldu. Anam dünya şöhrətli alim idi, onun əsərləri bu gün də elmi dairələrdə yüksək qiymətləndirilir. Lakin bununla yanaşı, o, hər zaman adı böyük hərflərlə yazılan əsl Qadın olaraq qalırdı. Onun böyük sevən ürəyi, incə və səxavətli qəlbi var idi".

Zümrüd BAYRAMOVA

Digər xəbərlər