Siyasət

  • 1 244

Ulu Öndər Heydər Əliyevin ən parlaq əsəri Azərbaycandır TƏHLİL

image

Bu il Azərbaycan tarixində silinməz izlər qoyan dahi lider Heydər Əliyev ilidir. Biz Heydər Əliyev fenomenindən danışırıq, Heydər Əliyev bənzərsizliyindən söhbət açırıq. Bu siyasət korifeyinin heç vaxt heç bir təbliğat təntənələrinə ehtiyacı olmasa da, biz dönə-dönə ona qayıdacağıq. O səbəbdən ki, özümüzün ona ehtiyacımız var. Heydər Əliyev müdrikliyi, uzaqgörənliyi, titanik fəaliyyəti ilə dünyanın nüfuzlu, sayseçmə siyasətçiləri ilə bir sırada özünə əbədi yer alan ən böyük azərbaycanlıdır. Adı Azərbaycanın, bütövlükdə türk dünyasının tarixinə qızıl hərflərlə yazılmış dahidir. Hərtərəfli düşüncə və dərrakəyə, təfəkkürə malik belə insanlar isə hər əsrin və hər xalqın bəxtinə düşmür!Heydər Əliyev böyük uzaqgörənliklə: “Mən həmişə xalqa arxalanmışam, xalqa bel bağlamışam” sözünü məhz hər vaxt qürurla söyləmişdir. Mənim həyatım həmişə xalqla bir yerdə olub, bu gün də bir yerdədir, sabah da bir yerdə olacaqdır”,-deyərək xalqımız qarşısında göstərdiyi möhtəşəm xidmətlərinə görə tarixdə əbədi yaşamaq haqqı qazanmışdır. O, sözün əsl mənasında, Vətənin böyük oğlu, liderlər lideri, bənzərsiz dövlət xadimi idi. Sağlığında millət atası olmağı bacardı, bir zirvəyə ucaldı, xalqın sevgisini qazandı. O, müasir Azərbaycanın yaradıcısı, qurucusu, dövlətçiliyimizin qarantı oldu. O, ölkəmizə uzun illər rəhbərliyi dövründə respublikamızı hərtərəfli inkişafa, tərəqqiyə çatdırdı, onun siyasətini, iqtisadiyyatını, elmini, təhsilini, mədəniyyətini dünya standartları səviyyəsinə qaldırdı. Vətənimizin ən ağır vaxtlarında, ən çətin məqamlarında belə onu təklənməyə, dağılmağa qoymadı. İndi bütün dünyada səsi eşidilən, ən super dövlətlərin belə hesablaşdığı Azərbaycan fonomenal səxsiyyətin ən parlaq əsəridir.

Heydər Əliyev hər kəlməsi, sözü, çıxışı, hərəkəti ilə insanlara dərs keçirdi. O, bitib-tükənməyən bir xəzinə, örnək, Allah tərəfindən yer üzünə göndərilmiş müqəddəs bir varlıq, xarizmatik bir qüvvə idi. Ulu öndərin çox zəngin həyatını, ömür yolunu, titanik fəaliyyətini, Azərbaycan və azərbaycanlılar üçün, bütövlükdə türk dünyası üçün gördüyü misilsiz işləri ifadə etmək olduqca çətindir. Əslində, bunun üçün qalaq-qalaq, cild-cild kitablar yazılmalıdır və mütləq yazılacaqdır.

Ölkədə siyasi anarxiyanın baş aldığı bir dövrdə, Xalqı bu çətin vəziyyətdən xilas etmək üçün 1992-ci ildə Heydər Əliyev Naxçıvanda olduğu dövrdə Azərbaycanın bir qrup ziyalılarının təkidli tələbi ilə Yeni Azərbaycan Partiyasını yaratmışdır. Sonradan bu partiya regionda ən güclü siyasi təşkilata çevirilmişdir. Heydər Əliyev rəhbərliyi dövründə Azərbaycanda dövlət quruculuğu, ictimai-siyasi sabitlik təmin edildi, iqtisadi inkişaf, beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində davamlı proses başlandı, ölkədə bütün sahələr üzrə köklü islahatlar aparıldı. Bunlardan ən birincisi hüquqi islahatlar idi. SSRİ dağılandan sonra respublika daxilində yaranmış hərc-mərclikdən əsər-əlamət qalmadı. Müdrik bir rəhbərin aydın təfəkkürü, qəti iradəsi, möhkəm əzmi ilə 1994-cü il oktyabr, 1995-ci il mart dövlət çevrilişlərinin qarşısı məharətlə alındı. Müstəqillik yolunda inamla addımlayan Azərbaycan qısa zaman kəsiyində dünyada baş verən demokratikləşmə prosesinin iştirakçısına çevrildi. Heydər Əliyev 1994-cü ilin may ayında atəşkəs haqqında müqavilə imzalamaqla Azərbaycanı siyasi, iqtisadi və hərbi böhrandan qurtardı. Dünyanın Azərbaycana qarşı siyasətini dəyişdi. Onun diqqətini Vətənimizə yönəltdi. Ümummilli lider 1994-cü il sentyabrın 20-də əsasını qoyduğu “Əsrin müqaviləsi” ilə dünyanın neft siyasətini birmənalı şəkildə Xəzər regionuna istiqamətləndirdi. Bu yeni neft strategiyası Xəzərin Azərbaycan sektorunda 15 ölkənin, 33 iri neft şirkətinin iştirakı ilə 22 neft-qaz müqaviləsinin imzalanmasına səbəb oldu. Heydər Əliyev siyasi uzaqgörənliyinin nəticəsidir ki, indi Azərbaycan dünyanın aparıcı dövlətlərinin iqtisadi maraq meydanına çevrilmişdir. Bakı-Tbilisi-Ceyhan kəməri Azərbaycanın yeni neft strategiyasının təməl daşı, iqtisadiyyatımızın ana xəttidir. Mütəxəssislər haqlı olaraq bu layihəni Azərbaycanın taleyində dövlət müstəqilliyi qədər əhəmiyyətli tarixi hadisə hesab edirlər. Azərbaycanın sosial-iqtisadi tərəqqisinə, onun beynəlxalq aləmə iqtisadi inteqrasiyasına zəmin yaradan bu misilsiz layihəyə görə nəinki Azərbaycan, hətta bir çox xalqlar Heydər Əliyevə minnətdar olacaqlar. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi haqqında müqaviləni bağlamaqla Heydər Əliyev təkcə Azərbaycanın yox, Gürcüstan və Türkiyənin də iqtisadi inkişafına zəmin yaratdı. Üstəlik, bu ölkələrin təhlükəsizliyini təmin etdi. Cənab İlham Əliyev ulu öndərimizin siyasi kursunu davam etdirməklə bərabər, həm də ölkənin inkişafında mühüm məqamları önə çəkərək, sürətli inkişafa nail olmuşdur. Azərbaycan iqtisadiyyatının inkişafı, xüsusilə də sosial problemlərin həlli, əhalinin maddi rifah halının yüksəldilməsi bu gün İlham Əliyevin yürütdüyü siyasətin ən prioritet sahələrindən biridir. Ölkə başçısı hakimiyyətinin ilk günlərindən respublikada sosial-iqtisadi inkişafın sürətlənməsi istiqamətində ardıcıl siyasət həyata keçirməkdədir.

Bu gün, doğrudan da, Azərbaycanın sükanı etibarlı əllərdədir. İndi ölkəmiz nüfuzlu beynəlxalq təşkilatların, demək olar ki, hamısında təmsil olunur. Müstəqillik yolu ilə inamla addımlayan respublikamız dünyada baş verən demokratikləşmə və əməkdaşlıq prosesində yaxından iştirak edən dövlət kimi dünya birliyinin tərkib hissəsinə çevrilmişdir. Demokratiya və müstəqillik ideyalarına sadiq olan cənab İlham Əliyev indi milli mənafelərimizi yüksək səviyyədə qoruyur. Bu gün Heydər Əliyev siyasətinin uğurlu davamını görmək nə qədər xoş və ürəkaçandır!Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin qətiyyəti siyasi iradəsi sayəsində 30 il işğalda olan torpaqlarımız işğaldan azad olunaraq sərhədlərimiz tam şəkildə bərpa olundu. Biz inanırıq ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı siyasət nəticəsində regionda sülhün bərqərar olmasına nail olacağıq. İşğaldan azad olunmuş torpaqlarımızda tikinti quruculuq işlərini sürətlə həyata keçirərək gələcəkdə Qarabağı Azərbaycanın cənnət guşəsinə çevirəcəyik. Bu gün Xalqımız Heydər Əliyev siyasi xəttini davam etdirən əvəzolunmaz liderini bəyənir və daim bu siyasəti dəstəkləyəcəkdir.

Anar Alışov

Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri

Digər xəbərlər