21 sentyabr - Beynəlxalq Sülh Günü, BMT-nin 30 noyabr 1981-ci il qərarı ilə bütün dünyada qeyd olunur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs verib. Ümumdünya Sülh Günü bütün dünyanı müharibədən qaçmağa, sülhə təşviq etməyə, zorakılığa son qoymağa və insan haqlarını qorumağa səsləmək üçün təsis edilib.
Ümumdünya Sülh Günü bütün dünyada tədbirlərlə, dinc nümayişlərlə qeyd olunur, sülhün əhəmiyyətini vurğulayan, insanları münaqişələrə son qoymağa səsləyən, müharibənin qarşısını almaq və bütün dünyada daha ədalətli və davamlı sülh yaratmaq üçün dostluq və qardaşlıq çərçivəsində yaşamağa təşviq edən tədbirlər görülür. Ümumdünya Sülh Günü müharibə və zorakılığın dağıdıcı təsirlərini anlamaq və bütün anlaşmazlıqların müharibə yerinə sülh yolu ilə həll yollarını tapmağa təşviq edir.
Ümumdünya Sülh Günündə sülh yürüşləri, konfranslar, seminarlar, bədii tədbirlər, insan hüquqları kampaniyaları keçirilir, sülhü tərənnüm edən abidələr ziyarət edilir. Bir sözlə, Birləşmiş Millətlər Təşkilatı Ümumdünya Sülh Günündən sülh və təhlükəsizliyi təşviq etmək üçün maksimum istifadə etməyə çalışır, bu özəl gündə hər il fərqli sülh istiqaməti ətrafında təbliğatlar aparır.
Bu istiqamətlərdən birincisi sülhün əhəmiyyətinin qeyd edilməsidir. Ümumdünya Sülh Günü sülhün dəyərini və əhəmiyyətini vurğulamaq üçün bir fürsətdir. Sülhün qeyd olunduğu bu gündə dünyanın bütün ölkələri və cəmiyyətləri bir araya gəlir, sülh hökm sürən bir cəmiyyətdə olacaq gözəlliklər və nailiyyətlər haqqında müzakirələr aparılır. İkinci istiqamət zorakılığa son qoymaq məsələsidir. Ümumdünya Sülh Günü bütün dünyada münaqişələrə son qoymağa və zorakılığın azaldılmasına çağırır. İnsanların özlərini təhlükəsiz hiss etmələri və həyatlarını daha yaxşı yaşamaları üçün sülhün qorunması mühüm əhəmiyyət kəsb edir.
Üçüncü, diplomatiya və danışıqlardır. Sülh Günü həmçinin diplomatiya və danışıqların əhəmiyyətini vurğulayır. Ölkələr və cəmiyyətlər arasında mübahisələrin, narazılıqların, münaqişələrin sülh yolu ilə həllini təşviq etmək bu günün mühüm məqsədidir. Dördüncü mühüm istiqamət, insan hüquqları və ədalətdir. Ümumdünya Sülh Günü insan hüquqlarının qorunmasını və ədalətli dünya nizamının qurulmasını dəstəkləyir. Axı ədalət və bərabərlik sülhün təməl daşlarıdır.
Beşinci istiqamət, beynəlxalq əməkdaşlıqdır ki, bu da sülhün yalnız bir ölkənin və ya cəmiyyətin məsuliyyəti olmadığını vurğulayır. Ümumdünya Sülh Günü beynəlxalq əməkdaşlıq və həmrəyliyin əhəmiyyətini vurğulayaraq sülhün bütün dünyada, bütün ölkə və cəmiyyətlərdə davamlılığına töhfə verir. Altıncı, ən ağrılı məsələ müharibənin dağıdıcı təsirləridir. Ümumdünya Sülh Günü bizə müharibə və zorakılığın dağıdıcı nəticələrini xatırladır, münaqişə gedən ərazilərdə bu nəticənin qaçınılmaz olduğunu bildirir. Müharibələr insan tələfatına səbəb olur, milyonlarla insanı yurdundan didərgin salır və ölkələrin iqtisadiyyatlarını məhv edir. Xatırlayın, I və II Qarabağ Müharibələri bizə nə qədər dağıntıya, təlafata, insan ölümünə, qaçqın və məcburu köçkünlüyə başa gəldi. Müharibə istəməyən bir ölkə olmasına rəğmən Azərbaycan müharibəyə çox qurban verdi. Yeddinci, sülhün sosial və iqtisadi faydaları barədə məlumatlılıqdır. Sülhün əldə edilməsi cəmiyyətlərin rifahını artıra və iqtisadi inkişafa təşviq edə bilər.
İnsanlar arasında ayrı-seçkiliyin, bərabərsizliyin, müharibənin, nifrətin, qəzəbin kök saldığı bu dövrdə sülh vacibdir, şərtdir. Beynəlxalq Sülh Günü hamımıza bərabərlik, insanlıq və sülh içində yaşamağı bəxş etsin, təmənnamız budur. Vətənimizin bütövlüyünə təcavüz edənlərlə, ərazi toxunulmazlığına müdaxilə edənlərlə bir cəmiyyətdə sülh içində yaşamaq mümkün olmasa da Azərbaycan buna maksimum əməl etməyə çalışdı, müharibə olmasın deyə 30 il danışıqlar yolu ilə ərazi bütövlüyünü bərpa etməyə çalışdı. Siseronun dediyi kimi, “ən pis sülh ən ədalətli müharibədən yaxşıdır” misalına əməl etdi. İnsanlar ölməsin, sülh pozulmasın deyə.
Lakin düşmən durmadı, dayanmadı, daha çoxuna göz dikdi. 30 ildən sonra dövlətimiz öz ərazi bütövlüyünü bərpa etdi, bunun üçün dinc əhalini öldürmədi, başqa dövlətin ərazisinə müdaxilə etmədi, sadəcə, ədaləti bərqərar etdi. Çünki Azərbaycan dövləti sülhün, suverenliyin əhəmiyyətini anlayır, bu uğurda çox qurban verib, çox cəfa çəkib. Dilsiz körpələri, hamilə qadınları, yaşlı insanları qətl edilən bir ölkə olmasına rəğmən müharibədə çox ədalətli davrandı Azərbaycan. Dinc əhaliyə hücum etmədi, yaşayış məntəqələrini hədəf almadı.
Azərbaycan Silahlı Qüvvələri heç vaxt dinc əhalini hədəf almadı, almayacaq. Mövcud vəziyyətdə də antiterror tədbirləri ölkə və beynəlxalq qanunlar çərçivəsində aparılır, ordumuz yalnız hərbi obyektləri hədəfə götürüb. Antiterror tədbirləri zamanı həm media, həm rabitə vasitəsi ilə, həm də Müdafiə Nazirliyi tərəfindən Qarabağdakı erməni əhali məlumatlandırılıb və lazımı xəbərdarlıqlar edilib. Azərbaycan heç bir halda mülki əhaliyə xələl gətirilməsini istəmir və bunun üçün Silahlı Qüvvələrimiz öz üzərinə düşən vəzifələri yerinə yetirirlər. 2020-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən ölkəmizdə mülki əhalinin hədəfə götürülməsinə, Gəncə, Bərdə və Tərtərin vəhşicisəinə atəşə tutulmasına, yüzlərlə mülki şəxsin qətl edilməsinə rəğmən Azərbaycan beynəlxalq hüquq normalarını pozmur.
Azərbaycan öz ərazi bütövlüyünü qoruyur, qonşu dövlətlərin ərazisində heç bir iddiası yoxdur və istəyi sülhdür. Təmənnamız sülh günündə səmaya buraxılan ağ göyərçinlərin hamımıza sülh gətirməsi, bütün dünya millətlərini insanpərvər, mehriban, qardaşcasına birləşdirməsidir. Lakin insan övladının başqasının torpağına, azadlığına, haqqına göz dikdiyi müddətcə bu birləşmə mümkün olmayacaq. Dünyada sülh və bərabərlik bütün dünya insanlarının idealıdır. İdealımız uğrunda nələrdən imtina etməli, nələrə qatlaşmalı, nələri qurban verməliyik daha?
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb