PDF Oxu

Siyasət

  • 2 443

Sənədlərin dili ilə danışan cinayətlər TƏHLİL

image

Prezident İlham Əliyev: "Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, "dəmir yumruq" yerindədir"

Terrorizm insanlığa qarşı yönəldilmiş bəladır və minlərlə insan terrorçuların törətdikləri əməllərin acı nəticələrini yaşamışdılar. Əlbəttə ki, terrorçunun milliyyəti və sərhədi yoxdur. Ermənistan dövlətinin və erməni diasporunun maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terrorçuluğun törətdiyi əməllərin qanlı izləri bizlərə yaxşı tanışdır. Ermənistanın insan tələfatına nail olmaq məqsədi həyata keçirdiyi terror aktları nəticəsində minlərlə günahsız insan həlak olmuşdur. Tarix boyu özgə torpaqlarına göz dikən və terrorçu əməlləri ilə qınağa çevrilən ermənilər günahsız insanların ölümünə səbəb olublar. Müasir dünyamız 200 il ilə müqayisədə ciddi şəkildə dəyişmiş olsa da təssüflər olsun ki, erməni əməlləri dəyişməyib. Ermənilərin hər bir hərəkəti, ümumilikdə siyasəti məkrlidir. Mülki əhalinin, xüsusilə qadınların və uşaqların, ahılların Ermənistan hərbi qüvvələrinin hədəfinə çevrilməsi onların tarixi kimliyinə söykənir. Bu günlərdə, yəni sentyabrın 19-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarının olduğu nəqliyyat vasitəsinin Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən hissəsində qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək partlaması əlbəttə ki, ermənilərin növbəti çirkin əməllərinin göstəricisidir. Həmçinin terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edən və içərisində Daxili İşlər Nazirliyinin əməkdaşlarının olduğu nəqliyyat vasitəsi Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb. Baş vermiş partlayışlar nəticəsində iki mülki şəxs və nazirliyin dörd əməkdaşı həlak olub.
Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib ki, Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır: “Bir müddət bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri tərəfindən aşkarlanmış minalar Rusiya sülhməramlı kontingentinin və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin nümayəndələrinə göstərilmiş və onlardan ciddi tədbir görülməsi tələb edilmişdir. Bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardır. Yəni, bu, bir daha onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün bu minalar gətirilmişdir“. Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların düzgün xəritələrini dəfələrlə tələb etməsinə baxmayaraq, Ermənistanın bu xəritələri təhvil verməkdən imtina etməsi bu ölkənin günahsız insanların qətlində maraqlı olduğunu, beynəlxalq humanitar hüququn normalarına etinasız münasibətini bir daha sübut edir.

"ANTİTERROR TƏDBİRLƏRİ NƏTİCƏSİNDƏ, DÜŞMƏNİN SİLAH VƏ TEXNİKALARININ BÖYÜK HİSSƏSİ SIRADAN ÇIXARILMIŞDIR"

"Antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər", – deyən Azərbaycan Prezidenti bildirib ki, ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər: "Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır... aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır. Onu da bildirməliyəm ki, Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika yerləşdirilmişdir. Radioelektron mübarizə vasitələri yerləşdirilmişdir. İki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular yerləşdirilmişdir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmamışdır".

AZƏRBAYCAN TARİXİNİN SƏHİFƏLƏRİNDƏ ERMƏNİ ƏMƏLLƏRİNİN İZİ

30 ilə yaxın işğal altında olan torpaqlarımız 2020-ci ilin sentyabrın 27-də Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı Vətən müharibəsində işğaldan azad olundu. 44 günlük Vətən müharibəsində biz erməninin vəhşi simasını bir daha görmüş olduq. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan beynəlxalq konvensiyalara zidd topladığı silahlarla 44 günlük müharibədə Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə mülki əhalinin kompakt yaşadığı ərazilərə raket zərbələri endirməsi Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasında xəbər vermiş oldu. Gecə insanların evlərində yatdığı zaman raket atəşi nəticəsində dağılan yaşayış massivi və raket zərbəsindən məhv olmuş məhəllədə dağılan evlərin qalıqları hər zaman kino lenti kimi göz önündən keçir. Qanlı gecədə sakinlərin həyatını itirməsi, erməni terroristlərinin dinc əhaliyə qarşı törətdikləri cinayətlər sənədlərin dili ilə hər zaman danışacaq. Yatmış insanlara qarşı iyirmi birinci yüzillikdə törədilən terror insanlıq əleyhinə olan cinayətdir. Erməni silahlı bölmələrinin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində Şahnəzərovlar ailəsinin yaşadığı faciə nəticəsində dağıntılar altından ailənin yalnız bir üzvü - 2017-ci il təvəllüdlü Xədicə Şahnəzərova sağ çıxarıldı. Azyaşlı qızın atası Röyal, anası Züleyxa və yaşyarımlıq bacısı Məryəm isə erməni terrorunun qurbanları oldu. Erməni vandallığı nəticəsində 2007-ci il təvəllüdlü Mayakov Artur Vladimiroviç 17 oktyabr tarixində ermənilərin Gəncəyə "SCUD" tipi raket atması nəticəsində yaralanmışdı. O, 7 gündən sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişdi.Bu və ya digər faktlar Ermənistanın Azərbaycanın mülki əhalisinə, xüsusilə uşaqlara qarşı vandalizminin sonu deyildi. İşğalçı oktyabrın 11-də cəbhə bölgəsindən və münaqişə zonasından kənar yerləşən Gəncənin mərkəzi hissəsində yerləşən yaşayış binalarını raket atəşinə tutması nəticəsində 3-ü qadın olmaqla 9 nəfər həlak oldu, 16 qadın, 6 azyaşlı olmaqla 35 nəfər yaralandı. Vurğulamaq yerinə düşər ki, müharibə dövründə Goranboy rayonunun Qızılhacılı kənd sakini 2011-ci il təvəllüdlü Həsənov Elcan Elgün oğlu və Ağcabədi şəhərindən olan 2015-ci il təvəllüdlü İbrahimova Ayan Rövşən qızı yaralandı. Erməni terroru nəticəsində Ağcabədi rayonunun Taynaq kənd sakini, 2006-cı il təvəllüdlü İsgəndərov Fərid Dilafət oğlu, Naftalan rayonunun Qaşaltı kənd sakinləri 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və 2006-cı il təvəllüdlü Fidan Qurbanova həlak oldular.
Ermənistan silahlı qüvvələrinin raket və artilleriya atəşinə məruz qaldığı yaşayış məntəqələrindən biri də Bərdə şəhəri idi. Bərdə şəhəri 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin qəlpələrindən 2 nəfər həlak olub, 6 nəfər yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib. Ümumilikdə isə Bərdə şəhərində törədilən terrorlar nəticəsində 28 nəfər həlak olub, 108 nəfər yaralanıb.

TARİXİ FAKTLARI SİLMƏK, YOX ETMƏK MÜMKÜN DEYİL

Lənətlənmiş erməni əməllərinin izi Azərbaycan tarixinin hər səhifəsindən görünür. Tarixi dövrə nəzər salsaq görərik ki, erməni terrorunun acısını yaşamış xeyli sayda uşaqlar var. Uşaq qətliamı onların vəhşi xislətini bir daha ortaya qoymuş olur. Yaşadığımız son illərin tarixi dövrünə nəzər salsaq görərik ki, 1988-ci ildə Qərbi Azərbaycanda yaşayan soydaşalarımız təcavüzə məruz qaldıqları zaman 216 soydaşımız xüsusi amansızlıqla qətlə yetirilib. Bunlardan 25 nəfəri azyaşlı olub. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilər Vətən müharibəsinə qədər 30-dan artıq azərbaycanlı uşaq erməni terrorunun qurbanı oldu. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. 2 yaşlı Zəhra Quliyeva da erməni vandalizminin qurbanına çevrildi. Bu, nə insanlığa, nə də beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən hüquqi normalara sığır. İnsan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə məhəl qoymayan Ermənistan müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müddəalarını kobud şəkildə pozub.
Bu tarixi faktları silmək, yox etmək qeyri-mümkündür... Hələ 1918-ci il 28 yanvar Gəncə Zazalı kəndində 15 uşaq xüsusi amansızlıqla qətlə yetirilib. Elə həmin il Şamaxıda 1 277 uşağın işgəncələrlə qətlə yetirilməsi erməni terroru nəticəsində baş verib. 1920-ci il 6 yanvarda Naxçıvanın Muxtar Respublikası Bılağ kəndində öldürülən dinc sakinlər arasında 25 uşaqda qətlə yetirilib. Ermənilərin tarixən kim olduqları dünyaya sübut edilib. Axı, Azərbaycana gələn səyyahların, böyük yazıçıların, tarixçilərin onlarla bağlı yazdıqları sözləri unutmamışıq. Qəbirləri dağıdan, şumlayan, məsciddə donuz saxlayan vəhşidən nə gözləmək olar? Beynəlxalq tribunalardan onların əməllərinə qarşı hökm oxunmalıdır. Humanizm prinsipinə hörmətsizlik edən, beynəlxalq hüququn normalarını, qanunvericiliyi kobud şəkildə pozan Ermənistan rəhbərliyi bütün hərbi cinayətlərə görə cavab verməlidir. Artıq Azərbaycanın haqlı mövqeyi müdafiə olunur.

AĞILA SIĞMAYAN VƏHŞİLİKLƏR

Son iki yüz il ərzində regionda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. Ermənilərin "tarixi əzəli torpaqları"nı yaratmaq siyasəti mərhələ-mərhələ həyata keçirilib. Əvvəlcə onlar Azərbaycan torpaqlarında, yəni keçmiş İrəvan xanlığı ərazisində kiçik Ermənistan Respublikasını yaradıb, tədricən onun ərazisini böyüdüblər. İran və Rusiya arasında "Gülüstan", "Türkmənçay", Rusiya və Türkiyə arasında "Andrianopol" müqaviləsi imzalandıqdan sonra İran və Türkiyədən ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib. 1918-ci il mayın 28-də müstəqilliyini bəyan edən Azərbaycan yenə də erməni millətçilərinin torpaq iddiaları ilə üz-üzə qalmış oldu. 1948-53-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 150 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın aran rayonlarına köçürülmüşdür.
Bildiyimiz kimi, 31 mart və 1-2 aprel 1918-ci il tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər yaşayış məntəqələrində kütləvi qırğınlar törədilib, Aradan uzun illər keçsə də erməni cəlladlarının törətdikləri o qanlı hadisələr, ağla sığmaz vəhşiliklər xalqımız tərəfindən unudulmadı. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olundu. Ötən əsrin 90-cı illərində baş verən hadisələr Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri Azərbaycana qarşı hərbi təcavüzlə nəticələndi.
Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan sənəd olan "Bişkek protokolu" 1994-cü ilin mayında imzalansa da 26 il atəşkəs rejimində Azərbaycan bu münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi. Bu müddət ərzində, cəbhədə dəfələrlə atəşkəs rejimi pozuldu. İşğalçı Ermənistan beynəlxalq hüququ kobudcasına tapdalayaraq, dünyanın mötəbər beynəlxalq təşkilatlarının qətnamələrinə belə əhəmiyyət verməyib. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən dörd müvafiq qətnamə qəbul etsə də beynəlxalq hüququn normalarını kobud şəkildə pozub. Bir çox beynəlxalq təşkilatlar, dünya ölkələri Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsini pisləyiblər və işğalçılıq siyasətindən əl çəkməyə çağırıblar. ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın azğınlığına laqeydlik göstərmişdilər. 2020-ci ilin 12 iyul və 27 avqust tarixlərində Ermənistan hərbi hissələrinin Azərbaycan sərhədlərində törətdiyi təxribatlar Ermənistanın çirkin niyyət və planlarını əks etdirirdi. Ermənistanın bu və ya digər təxribatları Azərbaycan Ordusunu cavab tədbirlərinə vadar etdi və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və Azərbaycan Ordusunun gücü, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi nəticəsində təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan Ermənistan döyüş meydanında artıq uduzduğunu ilk günlərdən dərk etdi.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixində münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu.
Təbii ki, Qələbə tariximizdə neçə-neçə oğullarımız canlarından keçdi, şəhidlik zirvəsinə yüksəldilər. Dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikasında 27 Sentyabr Anım Günü təsis edildi. Bu Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın bir əlamətidir. Azərbaycan Prezidenti İlham Əliyevin müraciətində bildirdiyi kimi, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! "Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!".

Zümrüd BAYRAMOVA

Digər xəbərlər