PDF Oxu

Siyasət

  • 3 337

Separatçıların “xaç atası” - Cozep Borrel - RAKURS

image

Həqiqəti, yaxud yalanı söyləməkdə insan övladı sərbəstdir, bu, bir vicdan, əxlaq məsələsidir. Ola bilsin ki, bu yalanı kimsə anlamasın, yaxud bilib üstündən keçsin, bəs vicdan, şərəf harada qaldı? Yalanı bəzəyib doğru halına salanlar da var, bunlar isə başqa tip insanlardır. Lap Cozep Borrel kimi. Bu barədə bir az sonra...

BMT Təhlükəsizlik Şurasında Qarabağ üzrə dinləmələr keçirildi. Albaniyanın sədrlik etdiyi iclasda ayrı-ayrı ölkələrin nümayəndələri çıxış edərək məsələyə öz ölkələri adından münasibət bildirdilər. Nə idi bu mövqelərdə maraqlı məqamlar? Bəli, bunu təəssüf və təəccüb edərək də yaza bilərik. Təəccüb etdiyimiz odur ki, bəzi ölkələrin nümayəndələri separatçı fəaliyyətin nə olduğunu və dünyada buna qarşı mübarizə aparıldığını bilməmiş deyillər. Beynəlxalq təşkilatların nümayəndələri də müəyyən bir ölkəni təmsil edirlər və onların da münasibətində istinad yeri olmamış deyil. Presedentdən bütün dövlətlərin necə yayındığını da bilirik. Bir sözlə, heç bir dövlət öz ərazisində separatçılığın çiçəklənməsində maraqlı deyil, amma bəzi ölkələr var ki, başqaqarında suverenliyə, ərazi bütövlüyünə təhdid olan bu əməli törədənləri dəstəkləyir, “öz müqəddaratını təyinetmə hüququ” adı altında onları müdafiə edirlər. Təəssüf etdiyimiz məqamlar isə bəzi dövlətlərin möneyidir ki, bunu da BMT Təhlükəsizlik Şurasının iclaslarında müşahidə etməkdəyik.

Fransanın Xarici İşlər naziri Ketrin Kolonna Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirlərini tənqid edərək bunu “təcavüz” adlandırıb. Fransa silahı yerə qoyan Qarabağ ermənilərinə Azərbaycanın amnistiya elan etməsini və regionda beynəlxalq mövcudluğa zəmanət verməsini istəyib. Gəlin, bir az əvvələ qayıdaq, 1988-ci illərdən başlayaraq Ermənistan Azərbaycanın Qarabağ bölgəsini öz ərazisinə qatmaq üçün bütün üsul və metodlardan yararlanmaq iddiasında idi. Hüquqdan başqa bütün imkanlara sahib olan Ermənistana bu işdə kömək edənlər də az deyildi. Azərbaycan ermənilərin niyyətini, məqsədini bilirdi və elə həmin illərdən onlara bunun yanlış olduğunu bildirir, bunun düşmənçiliyə gətirib çıxaracağını anlatmağa çalışırdı. Ermənistan isə bunu bir qorxaqlıq əlaməti kimi qəbul edib torpaqlarımızın 20 faizini işğal etdilər. Uzun danışıqlar başlandı və bu proses düz 26 il davam etdi. Bütün görüşlərdə Azərbaycan tərəfi Ermənistanı sülhə dəvət etdi, torpaqları danışıqlar yolu ilə qaytarmağı məsləhət gördü. Ermənilər yenə inad etdilər. Ara-sıra Kür çayına qədər irəliləyəcəklərini eşitdirdilər.

2016-cı ildə Aprel döyüşləri baş verdi, bu, tarixə Lələtəpə döyüşləri kimi də düşdü. Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun gücünü hiss etdi və yenə danışıqlar başlandı. Bu dəfə də Ermənistanın başında duranlar hadisələrin inkişafından nələrin baş verəcəyini anlamaq istəmədilər. Tovuz döyüşləri də onlara bir şey ifadə etmədi. Və sentyabrın 27-də baş verən erməni təxribatı Azərbaycanın bütün səbr kasasını daşdırdı. Xalq Ali Baş Komandandan əks hücumların dayandırılmaması xahişi ilə küçə və meydanlara çıxdı. Qısa müddət ərzində Vətən uğrunda döyüşə atılmaq istəyənlərin sırası artdı, yüz minlərlə gənc səfərbərlik idarələrinin önünə toplaşdı. Bu, artıq Azərbaycan vətəndaşının, oğul və qızlarının işğala son qoymaq arzusu idi. Olanlar oldu, 44 günlük müharibənin sonunda Qarabağımızın baş tacı, qürur yerimiz Şuşa Ordumuz tərəfindən işğaldan azad edildi. Qarşıda Xankəndi idi və... ermənilər ağ bayraq qaldırdılar. Ermənistan kapitulyasiya aktına imza atdı. Azərbaycan Qarabağdakı ermənilərin burada yaşamasına icazə və reinteqrasiya üçün vaxt da verdi. Bölgəyə sülhü təmin etmək üçün Rusiya sülhməramlıları gəldi. Hər baş verən hadisələrdən öncə Azərbaycan Ermənistandan məsələni sülh yolu ilə həll etməyi və silahlı qüvvələrini ərazilərimizdən çıxarmağı tələb etdi. Məsləhət gördü ki, bunu sonu Ermənistan üçün çox ağır ola bilər. Yenə qanmadılar, maksimalist düşüncələrindən əl çəkmədilər, hədəfin Kür çayı olduğunu dedilər.

Sülhməramlıların Qarabağda mövcudluğu artıq 3 ilə çox yaxındır. Ermənistan isə üçtərəfli Bəyanatda nəzərdə tutulmuş müddəaların bir qismini yerinə yetirsə də, əsas 3 bəndi unutmuş kimi görünürdü. Ermənistan ordusunun tör-töküntüləri hələ də Azərbaycan torpaqlarında idi, nə inteqrasiyaya və nə də sülhə hazır görünürdü. Yenə dövlət qurmaq iddiasında idilər. Yenə danışıqlar, yenə naz-qəmzələr. Və nəhayət, Azərbaycan öz ərazilərində antiterror tədbirləri keçirmək zamanının yetişdiyini bəyan etdi. Sivil insanların, polis əməkdaşlarının mina qurbanına çevrilməsi buna qarşı tədbirlərin görülməsini labüd etdi.

Qayıdaq Fransa xarici işlər nazirinin “məsləhətinə”, yəni amnistiya və zəmanətin verilməsinə. Zatən Azərbaycanın da dediyi bu idi. Azərbaycan Prezidenti cənab İlham Əliyev laçınlılarla görüşündə amnistiya verilməsinin şərtlərini açıqlamışdı. Amma maksimalist ermənilər, qalınkafalı “hay”lar bunu anlamaq istəməmişdilər. “Dəmir quşları”, “dəmir atları” və nəhayət “dəmir yumruğ”u başlarının üstündə görəndə, zərbə dəyəndə, səndərləyəndə amnistiya yadlarına düşdü. Bu millət belədir, yumruq yeməsə qanmır.

...ABŞ nümayəndəsi Qarabağdakı vəziyyətdən ciddi narahat olduğunu deyib və hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb. Ərz edib ki, “Azərbaycan öz qüvvələrinin beynəlxalq hüququn müddəalarına, eləcə də mülki şəxslərin müdafiəsi üçün döyüş qaydalarına ciddi əməl etməsini təmin etmək üçün məsuliyyət daşıyır. Azərbaycanın da öz ərazisində yaşayan bütün insanların insan hüquqlarına və əsas azadlıqlarına hörmətlə bağlı beynəlxalq öhdəlikləri var”. Birləşmiş Ştatlar həm də hər iki tərəfi humanitar təşkilatlara humanitar yardım çatdırmaq üçün imkan yaratmağa çağırıb. Bəs Azərbaycanın istəyi nə idi? Əlbəttə, öz ərazilərində qanunların işlənməsi, suveren hüquqlarının tanınması.

İsveçrə nümayəndəsi də Qarabağdakı hərbi əməliyyatlardan dərin narahat olduğunu deyib və gücdən istifadənin yolverilməz olduğunu xüsusi qeyd edib. Hətta deyib ki, İsveçrə münaqişənin həllinə yardım etməyə hazırdır. Rusiya, Braziliya, Çin, Qana, Mozambik, Qabon, Yaponiya, Türkiyə nümayəndələri çıxışlarında son 3 ildə baş verənlərdən danışıb və Ermənistan tərəfinin bəyanatı icra etmədiyi, Xankəndidəki qondarma qurumlar fəaliyyətini davam etdirdiyini bildiriblər.

Qayıdaq Borrelin Avropa Birliyindən öz məqsədləri üçün istifadə etmək cəhdinə. Bilirsiniz ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına 3 platformada baxılır. Hər platformanın “yiyəsi” özünü daha sülhpərvər olduğunu büruzə vermək üçün onsuz da imzalanacaq müqavilədə önəmli rol oynadığını tarixə yazmaq niyyətini gizlətmir. Bunun yaxşıdan çox pis tərəfləri də var. Çünki danışıqlar uzanır, maraqlar çoxalır, maneələr artır. Rəsmi Vaşinqton Ermənistan-Azərbaycan sülh sazişinin Amerikada imzalanmasında maraqlıdır. Rusiya isə Moskvanın yekun sənədinə imza atıldığı yer olmasını arzulayır.

Ən optimal variant kimi Brüssel də var. Bu variantın bir üstünlüyü Ermənistanın separatçı əməlindən törənən bu münaqişənin yekun sənədinin imzalandığı ölkənin –Belçikanın da separatçılıqdan əziyyət çəkməsidir. Şarl Mişel fransızdilli belçikalıdır və ölkəsinin digər etnik qrup – flamandlar tərəfindən parçalanmasına qarşıdır. Flamandlarla fransızdilli belçikalılar arasında ciddi ixtilaf var. Avropa İttifaqında separatizmə dəstək verənlər də az deyil. Onlardan biri də Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Boreldir. O, isə vaxtilə İspaniyanın XİN başçısı olub. Maraqlıdır ki, o kataloniyalıdır, amma separatçı bölgədən olduğunu etiraf etməyib, daim onlara qarşı olduğunu deyib. Əməlində isə separatçıları dəstəkləyib, Qarabağ erməniləri kimi. Cozep Borelin kataloniyalı olduğunu Böyük Britaniyanın “theguardian.com” qəzeti də təsdiq edib. Ermənipərəstliyi ilə seçilən Borrel Türkiyə və Azərbaycana qarşı mövqeyi ilə seçilir. 2022-ci ilin 5 oktyabrında Cozep Borrel belə bir bəyanat vermişdi: “Azərbaycan artilleriyadan və dronlardan istifadə etməklə Ermənistan ərazilərinin bir hissəsini bombalayıb və işğal edib. Baş verənlər çox üzücüdür, 300-ə yaxın əsgər ölüb, onlardan 207-si ermənidir. Bu, qətiyyən qəbuledilməzdir və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmətsizlikdir”. Türkiyənin Egey dənizində gördüyü işlərə də münasibətində Borel Yunanıstan və yunan Kipri ilə “tam həmrəy” olduğunu yazmışdı.

...Cozep Borrellin Avropa İttifaqının Qarabağdakı lokal antiterror tədbirləri ilə bağlı bəyanatı əvvəlcə Aİ-nin bütün 27 ölkəsinin birgə bəyanatı olmalı idi. Amma Macarıstan buna veto qoydu. Bu barədə jurnalist Rikard Jozviak X platformasında paylaşım edib. O bu barədə məlumatı 3 ayrı avropalı diplomatik mənbədən aldığını qeyd edib. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin sentyabrın 21-də regionda baş verən son hadisələrlə bağlı bəyanatı yerlərdəki bütün reallıqları qəsdən təhrif edir və tamamilə qeyri-adekvatdır. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, bu təşkilat Azərbaycanın suveren ərazilərinin 30 ilə yaxındır davam edən hərbi işğalını, azərbaycanlılara qarşı etnik təmizləmə və bəşəriyyətə qarşı cinayətləri pisləməkdən həmişə çəkinib, 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın regionda sülh və sabitliyin bərqərar olması istiqamətində fəaliyyətini heç vaxt təqdir etməyib: “Azərbaycana qarşı belə qərəzli yanaşmanın hədələyici bəyanat səviyyəsinə çıxarılması regionumuzda sülhə xələl gətirir. Bir daha xatırladırıq ki, Azərbaycanın öz suveren ərazilərində yerləşdirilmiş qanunsuz erməni hərbi birləşmələrinin məhv edilməsi üzrə qanuni tədbirləri növbəti təxribatların və hücumların qarşısının alınmasına yönəlib və Azərbaycanın terrorizmə qarşı mübarizə tədbirləri ilə bağlı iddialarının erməni əhalisinə qarşı olması hətta Ermənistanın Baş naziri tərəfindən sentyabrın 21-də əhaliyə müraciətində təkzib edilib”.

Bəli, bizim düşmənlərimiz təkcə Ermənistanın rəhbərliyi, separatçılar, erməni millətçiləri, erməni terrorçuları deyil. Onların maşasını tutanlar ermənilərdən də pis ünsürlərdir. Ermənilər açıq, onlar isə gizli düşmənlərdir.

V.VƏLİYEV

Digər xəbərlər