Siyasət

  • 3 799

Parisin Cənubi Qafqaz planı: YENİ MÜHARİBƏ - RAKURS

image

30 illik münaqişə dövründə ATƏT-in Minsk qrupuna həmsədrlik edən və işğalçı ölkəyə dəstəyi ilə seçilən Fransa 44 günlük müharibə nəticəsində Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin azad olunmasından sonra da erməniərəst siyasətini davam etdirməkdədir. Fransa Azərbaycanın qələbəsini həzm edə bilmir, bütün büynəlxalq təşkilatlar çərçivəsində haqqımızı əlimizdən almağa, bərpa etdiyimiz ədaləti təhrif etməyə çalışır. Paris İrəvana bütün mənalarda diqqətini artırıb. Əsasən hərbi dəstək verməklə bölgədə güc balansını Ermənistanın xeyrinə dəyişməyə can atır. Fransanın Ermənistandakı səfirliyini yeniləyir, diplomatik korpusu hərbi attaşe ilə gücləndirir, Zəngəzurda konsulluq açmaq üçün danışıqlar aparır.

Fransanın müdafiə naziri Sebastyan Lekornyu Parisin şər planlarını gizlətmir. Hətta keçmiş president Fransua Olandın aktivləşdiyi barədə məlumatlar gəlir. İndiki prezident Makron Afrikadakı uğursuzludan, diplomatik biabırçılıqdan xilas olmaq üçün Cənubi Qafqazda hansısa yolla uğur qazanmaq və bununla da dövlətin itirilmiş nüfuzunu bərpa etməyə çalışır. Ona görə də bütün imkanlarını səfərbər edib, nə qədər ki, Rusiya Ukrayna bataqlığında çapalayır, bundan yararlanmaq, fürsəti qaçırmamaq istəyir.

Sebastyan Lekornyu qeyd edib ki, Fransa Ermənistanın müdafiə sahəsində tələbatlarını araşdırır. Bildirib ki, bizim üçün əsas məqsəd Ermənistanın ərazi bütövlüyü, suverenliyi və ölkə əhalisinin müdafiəsidir: “Biz Ermənistanda indiyədək mövzud olmayan hərbi missiya açmışıq. Bu missiya bizə gündəlik olaraq Ermənistan ordusu və hakimiyyəti ilə əlaqədə olmaq, onarın müdafiə sahəsində tələbatlarını öyrənməyə imkan verəcək”.
Fransanın Ermənistana hərbi dəstək verməsi,əslində yeni müharibəyə təhrikdir. Kimsə düşünməsin ki, Paris bunu erməniləri sevdiyi üçün edir. Yox, əsla. Fransa sadəcə müstəmləkəçi siyasətindən əl çəkmək istəmir. Sömürgəçilik bu dövlətin və xalqın iliyinə qədər işləyib. Bunsuz fransızların gələcəyini təsəvvür etmək sadəcə mümkün deyil. Bu gün Afrikadan Fransanı sadəcə qovurlar. Səfirlikləri bağlanır, hərbi kontingenti Afrikadakı mövcudluğuna son qoyur. Bunun ardınca isə Fransada iqtisadi tənəzzül başlayıb. Bu da təsadüfi deyil, çünki bu ölkənin əsas tərəqqi qaynağı Afrika qitəsindəki müstəmləkələridir. Fransız koloniyalarından gələn ucuz xammal milyardlara çevrilib Fransanın dünya ağalığına iştahlandırır. Bu gün Parisin planları, necə deyərlər, “suya düşüb”, “qara qitə”dən “iti qovan kimi” qovulur.

Cənubi Qafqazda da Afrika siyasəti yürütməyə çalışan Fransa bölgədə sülhün bərqərar olmasına qarşıdır, onun maraqlarına cavab vermir. Ona görə də 44 günlük müharibədən sonra Ermənistana 4 milyard avro maliyyə yardımı ayırmağı planlayan Paris bunun üçün Avropa İttifaqının kisəsindən istifadə etməyi hədəfləyib. Fransanın Ermənistan üzərindən yürütdüyü Cənubi Qafqaz siyasəti əslində xristian təəssübkeşliyi, bir az da dərinə getsək, səlibçilik siyasətidir.

Ermənistan: öz adımı sənə qoyum

Neçə illərdir ki, Ermənistan və onun xaricdəki uzantıları – diaspor, lobbi, adi insana oxşayan bütün ermənilər ciddi-cəhdlə dünya birliyinə sübut etməyə çalışır ki, Osmanlı dövləti dönəmində ermənilərə qarşı soyqırımı törədilib. Osmanlının süqutundan sonra onun yerində yaradılan Türkiyəni guya “fakt” qarşısında qoymağa çalışan ermənilərin niyyəti də ortadadır. Onların dərdi “tarixi ədalətsizlik”, “haqsızlıq”, “bəşəriyyətə qarşı vəhşilik”, “ermənilərə qarşı soyqırımı” kimi söz birləşmələrindən istifadə etməklə keçmişə işıq salmaq, cinayətkarın kimliyi barədə dünya xalqlarına məlumat vermək deyil. Erməni toplumunun dərdi, türklər demişkən, paradır. Yəni, bütün çabaların sonunda Türkiyədən külli miqdarda təzminat almaq. Bu, ermənilərin xislətidir, ölüdən də, diridən də pul qazanmaq. Amma buna nail ola bilmir. Niyə? Çünki, ortada əlahəzrət fakt, sübut yoxdur.

Ermənistanın və onun yandaşlarının açmaq istəmədikləri arxivlərdə bu qondarma “soyqırımı” ilə bağlı bir kəlmə də yazılmayıb. Bütün bunlar uydurmadır. Nə yazıqlar ki, ermənisifətli, ermənixasiyyətli, ermənikibirli dövlət və təşkilatlar da yox deyil. Onların da qondarma “soyqırımı”nda öz maraqları var. Ermənilər qondarma soyqırımı iddiası ilə Türkiyəni cavabdehliyə məcbur etmək və sonradan guya qətlə yetirilmiş ermənilərə görə böyük miqdarda təzminat tələb etməyi qarşısına məqsəd qoyub. Bu gün isə Azərbaycanı etnik təmizləmədə suçlamaq fikrindədir. Yəni…

1990-1994-cü illər aralığında Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazilərdən 750 mindən artıq azərbaycanlı öz yurdundan zorla qovuldu. Erməni vəhşilikləri, vandallıqları haqqında şahidlər bu gün də danışır. Video və foto görüntülər bu faciəni daha dəqiq izah edə, məhkəmədə sübut kimi ortaya qoyula bilər. Hələ də məcburi köçkün vətəndaşlarımız öz evunə qayıda bilmir. Çünki, erməni barbarları onların evini dağıdıb, viran qoyublar. Ağdam şəhərini atom bombası atılmış Xirosima ilə müqayisə edirlər. 30 il bundan əvvəl erməni zülmündən qaçan soydaşlarımızın başına gətirilənləri etnik təmizləmə kimi qələmə verən hansı xarici dövlət və təşkilatı tanıyırsınız? Fikirləşməyin, onsuz da tapa bilməzsiniz. Siyasi dairələrin əlində “maşa”ya dönmüş bu psevdo təşkilatlar bizim həqiqətləri görməkdə çox əzab çəkirlər. Bir xristianın dırnağı qopanda mərəkə qopardan bu təşkilatlar Xocalı faciəsində həyasızcasına susdular, qulaqlarını tutdular, gözlərini yumdular. Ermənistana qarşı “güldən ağır” bir söz də demədilər. Bu gün Laçın yolunda toy karvanı düzəldənləri “faciə” adlandırır, Azərbaycanı dar ağacına çəkməyə həvəsli görünürlər. Amma unudurlar ki, Azərbaycan dövləti, xalqı məkrli plan hazırlayanların məqsədini çoxdan bilir. Daha bizə tələ qura bilməzsiniz, yetər. Qarabağı tərk edənlərin ümumi bir fikri var: Bizi Azərbaycan dövləti, ordusu yox, “hakimiyyət” nümayəndələri, yəni separatçı qurumun təmsilçiləri evimizdən getməyimizi istəyir. Üstəlik Paşinyan da 40 min nəfərlik yerlərin hazırlandığını əvvəlcədən anons etmişdi. Deməli, hər şey ermənilərin planı üzrə gedir. Etnik təmizləməni Ermənistanın Qarabağdakı uzantıları tərəfindən İrəvandan gələn əmrlə törədirlər.

İrəvandan nə xəbər?

Uzun fasilədən sonra “Mülki müqavilə” fraksiyasının deputatları Paşinyanla görüşüb və üç saatdan çox müzakirə aparıblar. Maraqlıdır ki, deputatlara görüş barədə iclasdan beş dəqiqə əvvəl xəbər verilib. Paşinyan Qarabağda baş verənlərdən danışıb, dövlət qurumlarına Qarabağ ermənilərinin nəinki ən sürətli və maneəsiz köçürülməsini, həm də onların işlə təmin olunması məsələlərini təşkil etməyi tapşırıb. Amma onu da xüsusi vurğulayıb ki, onların İrəvana köçürülməsinə imkan verməsinlər. O, bildirib ki, ruslar fəaliyyətlərini davam etdirmək üçün Qarabağda müəyyən sayda erməni saxlamağa çalışacaqlar. Bu isə artıq Ermənistan üçün problem deyil, qoy ruslar Azərbaycanla problemlərini həll etsinlər. Baş nazir oktyabrın 5-də baş tutacaq görüşdən danışaraq bildirib ki, İspaniyanın Qranada şəhərində İlham Əliyevlə AB Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə müzakirələr aparacaq. Bildirib ki, sülh müqaviləsinin imzalanması yaxındır. Qranadada delimitasiya, bir-birinin ərazi bütövlüyünün tanınması və s məsələlər öz həllini tapacaq. Paşinyan bir sirri də ağzından qaçırıb, bəyan edib ki, Ermənistan Rusiyanı regiondan sıxışdırıb çıxarır. Proses faktiki olaraq başlayıb. N.Paşinyan bunu belə izah edib ki, Qarabağın itirilməsindən sonra 10 noyabr Bəyanatı avtomatik olaraq öz qüvvəsini itirir və bununla da Rusiya tərəfinin roluna son qoyulur.

İclasda KTMT-dən çıxmaq, Ermənistanın bəzi sərhədyanı rayonlarında Rusiya sülhməramlılarının gələcək taleyi ilə bağlı suallar qaldırılıb. Amma Paşinyan bu suallardan yayınıb. Əvəzində Roma Statutundan danışıb, son günlər bu məsələ ilə bağlı verdiyi açıqlamalara diqqət yetirməyi və çıxış edərkən bu xəttə əməl etməyi tövsiyə edib. Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin guya "etnik təmizləmə"yə məruz qaldığı barədə bəyanatını Azərbaycan Xarici İşlər Nazirliyi qətiyyətlə pisləyib. Qeyd olunub ki, bu cür həyəcan təbili çalan rəvayət, Ermənistan baş nazirinin Azərbaycan tərəfindən erməni sakinlərə qarşı heç bir təhlükənin olmadığını söylədiyi 21 sentyabr tarixli bəyanatı ilə ziddiyyət təşkil etməklə yanaşı, o cümlədən Azərbaycanın humanitar dəstək və reinteqrasiya istiqamətində göstərdiyi səyləri pozmağa və Azərbaycan ilə Ermənistan arasında sülhün mümkün perspektivlərini sarsıtmağa hədəflənib.

Ermənistanın manipulyasiyası özünü Qarabağdan könüllü şəkildə köçənlərin sayında da göstərir. Paşinyanın mətbuat katibi Qarabağdan gedən ermənilərin yeni sayını açıqlayıb. Qarabağdan gələn ermənilərin sayının guya 70 mindən artıq olduğunu iddia edən qurum təmsilçisi bir reallığı anlamaq istəmir ki, bu qədər erməninin 4-5 gün ərzində, həm də avtomobillərin sıx olduğu dağlıq yollarla sərhəddən keçməsi sadəcə mümkün deyil. Amma ermənilər 1915-ci ildə qondarma “soyqırımı”na “məruz qalanlar”ın sayını çox göstərməklə daha çox pul qazanmaq istəyində olduqları kimi, Qarabağdan köçənlərin sayını ikiqat, üçqat göstərib eyni nəticəni əldə etmək istəyirlər. Ortada donor təşkilatları “yolmaq” niyyəti var, daha çox erməni, daha çox pul.

“NEMESİS”lə qorxudan Ruben Vardanyan

“NEMESİS” Yunan Allahının adıdır və mənası yunanca "QİSAS" deməkdir. Amma ermənilər bu addan terror təşkilatında istifadə ediblər. 1920-ci ildə Fətəli Xan Xoyski də daxil olmaqla 7 nəfər tanınmış türk diplomatı və dövlət xadimlərini arxadan vuraraq vəhşicəsiə qətlə yetirənlər də bu terror təşkilatının üzvləri olub. Yadınızdadırsa, ötən ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edərək Qarabağa yerləşən və burada erməni terror təşkilatlarına hər çür yardım edən, onların silah-sursatla təmin edən, özünü “xeyriyyəçi” kimi təqdim edən Ruben Vardanyan dəfələrlə etdiyi çıxışlarda Azərbaycan dövlətinə qarşı NEMESİS fəaliyyətinə başlayacağını deyir, bizə hədə-qorxu gəlirdi. İndi Ruben Azərbaycan Cinayət Məcəlləsinin üç maddəsi ilə - terrorçuluğu maliyyələşdirməkdə, silahlı birləşmələrin və ya qrupların yaradılmasında iştirak etməkdə və onların fəaliyyətində iştirak etməkdə, habelə Azərbaycan sərhədini qanunsuz keçməkdə ittiham olunur.

Qarabağın dilbər guşələrindən poz verərək xarici mediaya yalanlar, boğazdan yuxarı gözəlləmələr söyləyirdi. Bu torpaqların ona və ona bənzərlərə dədələrindən qaldığı barədə cəfəngiyyat danışıb, hərdən üzünü şərq tərəfə tutub hədyanlar deyirdi. Onu “xeyriyyəçi” adlandıranlar isə Vardanyanı mələk qismində təqdim edirlər. Yəqin, ölüm mələyi. Bu gün isə Azərbaycan məhkəməsi qarşısında dayanıb göz yaşı tökür, cinayət etmədiyini deyir.

Azərbaycana qarşı dil uzadanların hamısının aqibəti belə olacaq. Müharibə cinayətkarları isə siçandan deşiyi satın alsalar da “məhşər ayağı”nda xilas ola bilməyəcəklər. Qarabağ ərazisində törədilən bütün cinayətlərin iştirakçıları məlumdur, bir qismi mərmərdən boylansa da, əksəriyyəti sağdır. Ədalətin topal olduğunu deyirlər, Tanrının da “gec eylər, güc eylər” prinsipi ilə işlədiyini bilirik. Amma bizi hər şeyi zamanın axarına buraxa bilmərik, cinayət cəzasız qalmamalıdır, oğru, qatil, yolunu azan, həddini bilməyən kimliyindən asılı olmayaraq zindanda oturmalıdır. Yoxsa başımız hələ çox müsibətlər çəkəcək.

Bu arada, Qarabağ separatçılarının keçmiş “müdafiə naziri”, "general-leytenant" Levon Mnatsakanyan Qarabağdan Ermənistana gedərkən "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılıb. Mnatsakanyanla birlikdə qondarma rejimin "milli qəhrəmanı", "general-leytenant" Arşavir Qaramyan da saxlanılıb. Qeyd edək ki, Arşavir Qaramyan 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımın iştirakçılarından biridir.

Qəbuledilməz və arzuolunan

Kremlin Bakıya münasibətdə davranış xəttini sərtləşdirməsi ilə bağlı çağırışlar səslənir. Əslində bu, münaqişə tərəflərindən birini dəstəkləmək lehinə neytral mövqedən əl çəkməyə bərabərdir. Hadisələrin bu cür inkişafı Moskva üçün qəbuledilməzdir, lakin İrəvandakı bəzi siyasi qüvvələr üçün arzuolunandır. Onlar qorxurlar ki, Qarabağın itirilməsi Ermənistanın ərazisinin kiçilməsi yolunda başlanğıc nöqtəsi ola bilər və ölkənin buna qarşı durmaq üçün kifayət qədər gücü yoxdur. Əslində, buna görə də onlar Moskvadan hazırda verə biləcəyindən daha çox şey gözləyirlər. Məyusluq Ermənistanın güc strukturlarında bəzilərini əvəzləyici axtarmağa sövq edir, onlar bunun üçün Vaşinqton və Parisə, yaxud Dehli və Tehrana üz tuturlar.

Bu fonda sentyabrın 11-20-də Ermənistan və Amerika hərbçiləri arasında “Qartal tərəfdaş 2023” birgə təlimləri keçirilib. Bunlar həm Moskva, həm də Bakı tərəfindən təxribat, hətta bir növ çağırış kimi qəbul edildi. Amerika hərbçilərini öz ərazisində yerləşdirməklə İrəvan möhlət almağa ümid etmiş ola bilərdi. İrəvanda hesab edirlər ki, Pentaqonun nümayəndələri Ermənistan torpaqlarında olarkən Azərbaycan Ordusu hücuma cəsarət etməyəcək. Belə hesablamaların səhv olduğu üzə çıxıb: Qarabağda hərbi əməliyyatlar hələ erməni-amerikan manevrləri başa çatmamış başlayıb. Bundan başqa, Azərbaycan tərəfinin bəyanatlarına görə, elə ilk gün onun döyüşçüləri düşmənin müdafiə xəttini yarıb və bu, faktiki olaraq Qarabağdakı qüvvələrini təslim olmağa məcbur edib.

Moskvaya gəlincə, indi onun İrəvanla münasibətlərdəki böhrandan çıxması son dərəcə vacibdir ki, Vaşinqton və Paris bundan öz maraqları naminə yararlanmasın. “Qərb xeyirxahlarının” təkliflərinin illüziya xarakterini göstərən mənalı dialoq olmadan etmək mümkün deyil. Rusiya üçün aktiv addımlar atmadan mövcud vəziyyəti qəbul etmək onun təkcə Ermənistanda deyil, ümumilikdə Qafqazda mövcudluğunu məhdudlaşdırmaq demək olacaq. Və məhz bu, kollektiv Qərbin ehtiyac duyduğu ssenaridir, onların bəzi liderləri Rusiyanın zəifləmiş, daha da yaxşısı, məğlub olduğunu görmək istəklərini bildirirlər. Bu, regionda sülhün bərqərar olmasına əlavə çətinliklər gətirir.

Yenə Roma Statutu

Ermənistan Parlamentinin Dövlət və Hüquq Məsələləri Komissiyası yekdilliklə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası haqqında qanun layihəsini qəbul edib və təsdiq üçün parlamentə göndərib. Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan bildirib ki, İrəvan Moskvaya Roma Statutunun hüquqi həlli üçün ikitərəfli razılaşma təklif edib. O, əmin edib ki, sənədin qəbul edilməsinin Ermənistanla Rusiya arasında münasibətlərlə heç bir əlaqəsi yoxdur.

Yada salaq ki, mart ayında Beynəlxalq Cinayət Məhkəməsinin məhkəməyə qədərki palatası Rusiya prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order vermişdi. Roma Statutunu ratifikasiya etmiş bütün ölkələrdən əmri icra etmək tələb olunur. İrəvan bu məsələ ilə bağlı Moskva ilə məsləhətləşmələr apardığını bildirib. Ermənistan 1999-cu ildə Roma Statutunu imzalasa da, onu ratifikasiya etməyib. 2023-cü il sentyabrın 1-də Ermənistan hökuməti BCM-nin Roma Əsasnaməsinin ratifikasiya layihəsini parlamentə göndərib. Sentyabrın 20-də Ermənistan parlamentində BCM-nin Roma Statutunun ratifikasiyası haqqında qərar layihəsinə baxılıb.

Maraqlıdır, ermənilər Putini həbs edə biləcəklərmi?

V.VƏLİYEV

Digər xəbərlər