06 oktyabr 2023-cü il tarixdə Pirallahı rayonunda “Heydər Əliyev İli” çərçivəsində “ Tarix yazan əbədiyaşar lider” mövzusuna həsr olunmuş dəyirmi masa keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı rayon Təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisələrin və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak etmişdir.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlamışdır. Daha sonra mövzu ilə əlaqədar video-çarx nümayiş olunmuşdur.
Tədbiri giriş nitqi ilə açan Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxışında vurğuladı ki, Heydər Əliyevin Azərbaycanın siyasi səhnəsinin birinci şəxsi kimi fəaliyyətə başlaması və onun ölkə həyatına gətirdiyi əzəmətli inkişaf meyilləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını sübuta yetirmək üçün ən dəyərli nümunələrdən sayıla bilər. Bu nümunə həm də ona görə xüsusi çəkiyə malikdir ki, Heydər Əliyev özünün siyasi taleyində sözügedən sosioloji qanunauyğunluğu iki dəfə sübuta yetirməli olub. Azərbaycan tarixinin Heydər Əliyevin aktiv siyasi fəaliyyəti dövrünə təsadüf edən iki böhranlı mərhələsində xalqın və ölkənin xilası və inkişafının əsasının qoyulması bilavasitə onun möhtəşəm tarixi xidməti kimi qəbul edilir və dəyərləndirilir. Bu mənada, Heydər Əliyevin timsalında tarixdə şəxsiyyətin rolu özünün ən bariz ifadəsini tapmış olur. XX əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütünlükdə cəmiyyətimiz Heydər Əliyevin titanik səyləri sayəsində yeni impuls və inkişaf parametrləri kəsb edərək əslində özünün yeni mərhələsinə qədəm qoydu. O zamandan başlayan böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır. Heydər Əliyevin qurduğu və onun layiqli davamçısı cənab İlham Əliyevin daha da kamilləşməsi üçün yorulmadan fəaliyyət göstərdiyi müstəqil, demokratik, hüquqi, dünyəvi, sosial Azərbaycan dövləti məhz bu parametrlərə malik olub ölkənin gələcək və sürətli inkişafının mühüm başlanğıcını təşkil edir. Azərbaycan bu yolla irəliləyərək yüksəlir, inkişafın surəti ilə dünyanı heyrətə salır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan zirvələri fəth edir. 30 illik işğala son qoyaraq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdə “Əsrin müqaviləsi” mühüm pay sahibidir.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov çıxış edərək qeyd etdi ki, Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olmuşdur. Bu dövrün isə Azərbaycanın gələcək taleyi baxımından başlıca məzmunu azərbaycançılıqdır. Natiq öz çıxışında qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev öz adını bütün Azərbaycan xalqının qəlbinə həkk etmişdir. Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın inkişafı, müstəqilliyi və gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan, ona hər zaman dayaq olan ümummilli liderin uzaqgörən, praqmatik siyasəti nəticəsində ölkəmizin dövlətçilik tarixinin şanlı səhifəsi yazıldı. Qürur verici haldır ki, Ulu Öndərin memarı və qurucusu olduğu, hazırda böyük yüksəliş dövrünü yaşayan müstəqil Azərbaycan Respublikasının dövlət müstəqilliyi etibarlı əllərdədir. Dünya dövlətləri sırasında layiqli yer tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini dövlətimizin başçısı İlham Əliyev uğurla davam etdirir. Prezident İlham Əliyev də hər zaman milli-mənəvi dəyərlərə böyük hörmət göstərib və Azərbaycanın dünyada nümunəvi tolerant ölkə imicini qazanmasında əsas roy oynayıb. Uğurlu siyasətin bariz nəticəsi Azərbaycanın 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevrilməsi və ərazi bütövlüyümüzün birmənalı təsdiqi ilə özünü ifadə edir. İllərdir torpaqlarının 20 faizi düşmən tapdağı altında qalan Azərbaycan “Qarabağ Azərbaycandır!” reallığını cəmi 44 gün ərzində tarixə şərəflə həkk etdirdi.
Bakı şəhər Gənclər və İdman İdarəsi Pirallahı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vüqar Əliyev, Pirallahı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Qair Carullayev, 168 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Türkel Abdiyeva, 235 nömrəli tam orta məktəbin tarix müəllimi Türkan Məmmədova, Pirallahı Tibb Mərkəzinin əməkdaşı Səkinə Rüstəmzadə çıxış edərək bildirdilər ki, azərbaycanlı olmağı ilə həmişə fəxr edən Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri əvəzsizdir. Onun şərəfli ömür yolunun gələcək nəsillər üçün əsl örnəkdir. Müasir tariximizi Heydər Əliyevdən ayrı təsəvvür etmək mümkün deyil. Vətən təəssübü, xalq sevgisi Ulu Öndərin həyat yolu, qayəsi idi. Mənsub olduğu xalqına xidmət etmək, Azərbaycanı dünyada layiqincə tanıtmaq bu dahi şəxsiyyətin əsas məqsədi olmuşdu. Həm Azərbaycan tarixində, həm də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan, ən böyük vətəndaş kimi qalıb. Ulu Öndər aramızdan getsə də, onun yaratdığı dövlətçilik fəlsəfəsi hər gün bizimlə yaşayır. Bütün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin ruhu qarşısında hörmətlə baş əyir, əbədiyyən ona sonsuz məhəbbət və ehtiramlarını bildirirlər.