Müasir dünyada türkdilli dövlətlər arasında qurulan əməkdaşlıq daha aydın görünür. Bu münasibətlərin güclənmiş və yeni, daha düşünülmüş, praqmatik mərhələsinə start verilib. Türkdilli ölkələrin siyasi fəallığı dünya siyasətinin gündəliyinin müəyyən edilməsinə getdikcə daha çox təsir göstərməsi əlbəttə ki, türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsi mühüm rol oynayır. Türkdilli dövlətlər arasında səmərəli, etibarlı siyasi dialoq qurulub, bütün sahələrdə hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. "Bu gün dünya miqyasında Türk Dövlətləri Təşkilatı öz layiqli yerini tuta bilibdir. Ancaq bundan sonra da fəal çalışmalıyıq ki, bizim təsir imkanlarımız daha da geniş olsun. Burada, əlbəttə ki, həm qarşılıqlı yardım, eyni zamanda, iqtisadi əlaqələrin gücləndirilməsi, siyasi müstəvidə daimi koordinasiya və məsləhətləşmələrin aparılması, təhlükəsizlik sahəsində qarşılıqlı yardım, yəni, bütün bunlar önəmli amillərdir və bizim birliyimizi daha da gücləndirəcək. Əminəm ki, yaxın gələcəkdə bizim təşkilatımızın dünyadakı mövqeyi və rolu daha da artacaqdır", - deyə Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdir.
Türk dünyasının birliyi ideyası, türk milli dövlətlərinin vahid siyasi və mədəni mövqedən çıxış etmək strategiyası bu gün Azərbaycanda, Türkiyədə və digər qardaş türk respublikalarında həm siyasi hakimiyyət, həm də ictimai-humanitar səviyyələrdə aktuallaşmaqdadır. Böyük və müstəqil dövlətçilik təcrübəsi olan, ən çətin dövrlərdə belə birlik ideologiyasını qoruyub inkişaf etdirmiş Azərbaycan və Türkiyə respublikalarında birlik ideyası və konsepsiyası daha möhkəm təməllərə və özünügerçəkləşdirmə gücünə malikdir. Bu siyasət Azərbaycanda və Türkiyədə müasir dünya reallıqlarına uyğun olaraq aparılır.Bildiyimiz kimi, noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının X yubiley sammiti keçiriləcək.
QÜDRƏTİ, GÜCÜ VƏ ZƏNGİN DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRİ
Türkdilli ölkələrin vahid platformada birləşməsi bu ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişafına təkandır. Xatırladaq ki, 2009-cu ilin oktyabrında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması barədə qərarın qəbul edilməsi əməkdaşlığın yüksəlməsində mühüm rol oynadı və dünyada türk birliyinin daha da güclənməsinə şərait yaratmış oldu. Naxçıvan sazişinin imzalanmasından keçən müddət ərzində reallaşan layihələr, imzalanan sazişlər və s. türk dövlətləri arasında münasibətləri daha da yaxınlaşdırmış oldu. Naxçıvan sazişinin imzalanmasından keçən dövr ərizində görülən işlər, qarşılıqlı səfərlər türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirmək üçün səmərəli platformaya çevrilib. Tarixin bütün dönəmlərində türklər özlərinin qüdrəti, gücü, zəngin dövlətçilik ənənələri ilə seçilmiş, dünyanın ən üstün dəyərlərə malik sivilizasiyalarından birinin sahibi olmuşlar.
Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına Sədrlik dövründə türk dünyasının birləşməsinə böyük töhfələrini verdi. Azərbaycan Respublikasının Prezidenti, Türk Şurasının Sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi və bu görüşün koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunması dövlət başçıları səviyyəsində pandemiya ilə bağlı Zirvə görüşünü keçirən ilk beynəlxalq tədbir kimi tarixə düşdü.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünü xüsusilə qeyd etməliyik. Qəbul olunan tarixi qərarlarla yadda qaldı. Zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının "Türk Dövlətləri Təşkilatı"na dəyişdirilməsi haqqında Qərar, Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi haqqında Qərar, Azərbaycan Respublikası Prezidentinin "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilməsi haqqında Qərar, Türk Şurası VIII Zirvə Görüşünün Bəyannaməsi, "Türk dünyasına baxış – 2040" sənədinin qəbulu ilə bağlı Qərar, "Türk dünyasının birliyinə verdiyi töhfələrə görə" Türk Dövlətləri Təşkilatının Əlişir Nəvai adına Beynəlxalq Mükafatı haqqında Qərar, Türk Dövlətləri Təşkilatında müşahidəçi status haqqında qaydalara dair Qərar və digər qərarların imzalanması tarixi hadisə olaraq əhəmiyyət daşıyır. Cənab Prezident Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünün tarixi əhəmiyyətinə toxunaraq bildirmişdir ki, biz Şuramızı təşkilata çeviririk və bu təşkilatın çox gözəl gələcəyi var: "Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir. Eyni zamanda, indiki dünyada təhlükələr hər ay, hər il yaranır və əfsuslar olsun ki, dünyanın aparıcı ölkələri bu təhlükələrə qarşı düzgün addımlar ata bilmirlər və əminəm ki, Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq. Çünki bizim işbirliyimiz səmimidir, biz hamımız qardaşıq, bir-birimizə qardaş deyirik, biz hamımız ənənəvi dəyərlər üzərində ölkələrimizi inkişaf etdiririk".
"TÜRK DÜNYASI BÖYÜK BİR AİLƏDİR"
Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, "Türk dünyası böyük bir ailədir və şadam ki, son illər ərzində bütün üzv və müşahidəçi ölkələr tərəfindən təşkilata böyük dəstək göstərilir. Təbii ki, növbəti illərdə də bu dəstək göstərilməlidir". Vurğulamaq yerinə düşər ki, Azərbaycanın iqtisadi inkişafı regionda həyata keçirilən transmilli layihələrin uğurla reallaşmasına gətirib çıxarıb. İstismara verilən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri Xəzər neftini və qazını dünya bazarlarına çıxarır. Orta Asiyanın karbohidrogen ehtiyatları Xəzər dənizi və Azərbaycan vasitəsi ilə dünya bazarlarına nəql edilir. Aktau və Bakı dəniz limanları arasında gəmi daşınmalarının inkişafını da vurğulamalıyıq. 2013-cü ildə Bakı, Aktau və Samsun beynəlxalq dəniz limanları arasında Türk qardaş limanları haqqında Anlaşma Memorandumu imzalanmışdır. Aktau və Bakı dəniz limanları arasında gəmi daşınmaları inkişaf etməkdədir. Bakı – Aktau bərə yolu ilə neftlə yanaşı dəmir yol vaqonları, avtomobil, taxıl və s. Yüklərin daşınmaları da yerinə yetirilir. Aktau portundan Qazaxıstanın şimalını birləşdirən 400 km-lik dəmir yolu kənd təsərrüfatı məhsulları və s. daşınmasını xeyli səmərəli edir. Bütün bu layihələr qədim İpək Yolunun bərpası və türk əməkdaşlığı çərçivəsində ticarət və sərmayə əməkdaşlığının gələcək inkişafı məqsədi ilə həyata keçirilib. Türkdilli dövlətlərarası irimiqyaslı infrastruktur layihələri də reallaşdırılıb və bu davamlıdır. Hazırda bir sıra böyükmiqyaslı layihələr həyata keçirilməkdədir.2020-ci il türk dünyası məhsuldar, Zəfər ili olaraq yadda qaldı. Belə ki, türk dünyasının önəmli uğurları, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunması, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsi əhəmiyyətli hadisədir. Azərbaycan tərəfi məsələnin sülh yolu, danışıqlar masasında həll edilməsi istiqamətində addımlar atmış olsa da, Ermənistan faktiki olaraq danışıqlardan imtina etdi və ölkəmiz döyüş meydanında öz sözünü deyərək Zəfər qazandı.
Hamının bildiyi kimi, Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan 2020-ci ilin sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə edərək, Türkiyənin Azərbaycanın yanında olmasını ifadə etdi. Türk Şurası sentyabrın 28-də Azərbaycana dəstək xarakterli açıqlama verdi. Eləcə də digər beynəlxalq təşkilatlar - Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycana siyasi dəstək göstərdilər.
"TÜRK DÜNYASININ MƏRKƏZİNDƏ DAYANAN GÜCLÜ TÜRKİYƏ DÖVLƏTİDİR"
Bu gün dünya miqyasında Türkiyə siyasi, iqtisadi, hərbi gücü ilə tanınır. "Türkiyənin inkişafı, Türkiyədə sabitliyin təmin olunması bütün türk dünyası üçün önəmli şərtdir", - deyən Cənab Prezident bildirib ki, türk dünyasının mərkəzində dayanan güclü Türkiyə dövlətidir: "Bizə, hər birimizə əlavə güc verən Türkiyənin güclənməsidir və buna görə hər birimiz əziz Qardaşıma minnətdar olmalıyıq".
Təşkilat hər zaman Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş və 2020-ci ilin iyul ayında baş vermiş Tovuz hadisələri və 27 sentyabr tarixindən başlayaraq, Ermənistan tərəfindən həyata keçirilən təxribatlarla bağlı mütəmadi olaraq bəyanatlar vermişdir. Ən çətin anlarda türk dünyası Azərbaycanın yanındadır. Türk Dövlətləri Parlament Assambleyasının Katibliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində insan tələfatı və yaralanması ilə nəticələnən hərbi təxribatı qətiyyətlə qınayıb. TÜRKPA beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini və qardaş Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına güclü dəstəyini bir daha təsdiq edərək, Cənubi Qafqazda davamlı sülh və sabitlik naminə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylərin əhəmiyyətini vurğulayır. Əlbəttə ki, bütün bunlar türk dünyasını vahid bir məslək ətrafında birləşdiyinin təcəssümüdür.
Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün Azərbaycana ən çox dəstək verən də qardaş ölkə Türkiyədir. Türkiyənin bir çox şirkətləri infrastruktur layihələrində iştirak edirlər. Vurğulamaq yerinə düşər ki, Füzuli Beynəlxalq Hava Limanının inşasında Azərbaycan şirkətləri ilə yanaşı, 12 türk şirkəti də iştirak edib. "Zəngəzur koridoru isə həm türk dünyasını, həm Avropanı, həm qonşularımızı birləşdirə biləcək bir layihədir", - deyən Cənab Prezident bildirib ki, 1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur və bunu xəritəyə baxmaqla hər kəs görə bilər. Bu gün isə biz bu coğrafiyanı bərpa edirik. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə biz bu coğrafiyanı yenidən bağlayırıq, birləşdiririk və ümid edirəm ki, buna sona qədər müvəffəq olacağıq. Türk dövlətləri ölkələr arasında yaxınlaşmanın, inteqrasiyanın inkişaf etməsində ciddi rol oynayıb və bundan sonra töhfələrini verəcəkdir.
Zümrüd BAYRAMOVA