Əsrlər boyu Azərbaycan xalqı müstəqil dövlət qurmaq, onun atributlarını qoruyub saxlamaq arzusunda olub. Amma Azərbaycanın yerləşdiyi ərazinin geosiyasi əhəmiyyəti hər zaman böyük dövlətlərin buraya olan marağını artırıb. Məhz buna görə də Azərbaycan uzun əsrlər boyu böyük dövlətlərin işğalına məruz qalıb, əsarət altında, həmin güclərin bayraqları altında yaşamaq məcburiyyətində olub. Amma tarixinə, milli adət-ənənələrinə, zəngin mədəniyyətinə bağlılığı xalqımızın dövlətçilik ənənələrinin məhv olmasına imkan verməyib. I Dünya müharibəsindən sonra Azərbaycan xalqı müstəqil dövlət formalaşdırmaq şansı əldə edib və dövlətçilik ənənələrinin yaşadılması istiqamətində tarixi addımlar atıb.
Müstəqil Azərbaycan Respublikasının milli dövlətçilik ənənələri və dəyərləri müstəqilliyimizin atributiv rəmzi olan bayrağımızda əks olunmuşdur. Üçrəngli bayrağımız haqqında ilk qərar 9 noyabr 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən qəbul olunub. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”. Bu bayraq 1920-ci ilin aprelinə qədər Azərbaycanın dövlət rəmzi olub. Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olması və türkçülük ideyası ilə bağlıdır. Qırmızı rəng - müasirlik, azadlıq, inkişaf və müstəqilliyi tərənnüm edir. Yaşıl rəng - İslam sivilizasiyasına, İslam dininə mənsubluğu ifadə edir.
Qeyd edək ki, ulu öndər Heydər Əliyevin səyi nəticəsində dövlətçiliyimizin mühüm və əsas, aparıcı atributlarından olan milli bayrağımız qəbul olundu.
1988-ci ildə üçrəngli bayrağımız Dağlıq Qarabağ ətrafında cərəyan edən hadisələr zamanı qeyri-rəsmi olaraq ziyalılarımızın təklifi ilə Azadlıq meydanında dalğalandırılıb. 17 noyabr 1990-cı il tarixində isə NMR Ali Məclisinin ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ilk dəfə olaraq salona gətirildi və Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı elan olundu. 1991-ci ildə xalqın tələbi ilə Ali Sovet “Dövlət bayrağı haqqında” Qanun qəbul etdi və üçrəngli bayrağımıza Azərbaycan Respublikasının dövlət bayrağı statusunu verdi. 1991-ci il oktyabrın 18-də isə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını qəbul edib. 17 noyabr 2009-cu il tarixində Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Ümummilli lider Heydər Əliyevin milli mənafelərə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Dövlət başçısının milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir. Üçrəngli bayrağımız ölkəmizin müstəqilliyinin, Azərbaycan xalqının milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Azərbaycanın hər bir vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Azərbaycan əsgəri də Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir.Vətənin müdafiəsi zamanı həlak olmuş şəhidlərimiz torpağa tapşırılarkən onlar uğrunda canlarını fəda etdikləri bayrağa bükülürlər. Bu şərəfə hamının sahib olmayacağını bildiyimiz üçün, ən azından, həyatdaykən bayrağımızın yüksək zirvələrə daşınmasına çalışmalıyıq.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini