PDF Oxu

Siyasət

  • 986

"Böyük Qayıdış Azərbaycanın dövlətçilik tarixində strateji mərhələdir" - ŞƏRH EDİLDİ

image

“Böyük Qayıdış” proqramı müasir Azərbaycan tarixində yalnız sosial layihə deyil, həm də strateji siyasi və milli dövlətçilik konsepsiyası kimi mühüm əhəmiyyət kəsb edir. Bu proses işğaldan azad olunmuş ərazilərə vətəndaşların mərhələli şəkildə geri dönüşünü təmin etməklə yanaşı, Azərbaycanın suverenliyini möhkəmləndirir və bölgədə dayanıqlı inkişafın əsasını qoyur". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.Onun sözlərinə görə, Böyük Qayıdış milli həmrəyliyin gücləndirilməsində həlledici rol oynayır. Uzun illər doğma yurdlarından didərgin düşmüş on minlərlə insanın geri qayıtması onların sosial ədalət hissini bərpa edir, milli kimlik və birliyimizi möhkəmləndirir. Bu, həm də Azərbaycan xalqının torpaqlarına olan sarsılmaz bağlılığının ən bariz təzahürüdür: "Böyük Qayıdış təkcə demoqrafik proses deyil, eyni zamanda sosial-iqtisadi inkişaf proqramıdır. İşğaldan azad edilmiş ərazilərdə müasir infrastruktur qurulur, kənd təsərrüfatı, sənaye, turizm və xidmət sahələri inkişaf etdirilir. Bu, həm yeni iş yerlərinin açılmasına, həm də regionların ölkə iqtisadiyyatına inteqrasiyasına şərait yaradır. Beləliklə, Böyük Qayıdış Azərbaycanın ümumi iqtisadi gücünü artıran bir amilə çevrilir. Böyük Qayıdışın geosiyasi əhəmiyyəti də xüsusi qeyd olunmalıdır. İşğaldan azad olunmuş ərazilərdə həyatın bərpası Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini faktiki olaraq gücləndirir. Bu, regionda sülh və təhlükəsizlik üçün yeni reallıqlar yaradır və Azərbaycanın beynəlxalq nüfuzunu artırır.Nəhayət, Böyük Qayıdış yalnız bugünkü nəsillər üçün deyil, gələcək nəsillər üçün də mühüm bir mirasdır. Bu proses həm tarixi ədalətin bərpasıdır, həm də yeni dövrün – inkişaf etmiş, güclü və dayanıqlı Azərbaycanın qurulmasının əsasını təşkil edir. Böyük Qayıdış Azərbaycanın dövlətçilik tarixində strateji mərhələdir. O, həm milli kimliyin möhkəmlənməsi, həm sosial-iqtisadi inkişafın sürətlənməsi, həm də ölkənin beynəlxalq nüfuzunun artması baxımından mühüm tarixi əhəmiyyətə malikdir".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər