Yeni Azərbaycan Partiyasının yaranmasından 31 il ötür. Heç şübhəsiz ki, Yeni Azərbaycan Partiyası - doxsanıncı illərin əvvəllərində Azərbaycanda meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək xalqımızın arzu və istəklərinin ifadəçisi kimi yaranan bir partiyadır. O zaman, xaos və qeyri-sabitliyin hökm sürdüyü Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq, məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya olan ölkəmizi xilas etmək məqsədilə Azərbaycan xalqının milli maraqlar ətrafında birləşmiş sağlam qüvvələri, Azərbaycan ziyalıları ümummilli lider Heydər Əliyevə müraciət etdi. 16 oktyabr 1992-ci il tarixində 91 nəfər ziyalının imzaladığı müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”. 24 oktyabr 1992-ci il tarixində ulu öndər Heydər Əliyev ziyalılara göndərdiyi cavab məktubunda YAP-ın yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
21 noyabr 1992-ci il tarixində Naxçıvanda 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə təsis konfransı keçirildi. Konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Təsis Konfransında Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Həmçinin, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Nəhayət ki, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.
Yeni Azərbaycan Partiyasının yaranması və ulu öndər Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi Azərbaycanın o dövrdəki gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Həmin zamankı hakimiyyət dairələrinin YAP-ın yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Məhz ona görə ki, bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını anlayır və YAP-dan dəstəklərini əsirgəmirdilər. Bu tarixi hadisələri dəyərləndirən ümummilli lider Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.
Yeni Azərbaycan Partiyası yarandığı gündən ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bu 31 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin partiyanın VII Qurultayında vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq. Tarixə nəzər salsaq, tarixi faktlar və reallıqlar göstərir ki, YAP zəngin və şərəfli inkişaf yoluna malikdir. Yarandığı vaxtdan bu günədək Azərbaycanda keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanaraq qələbələr partiyası kimi çıxış edib.
Heç şübhəsiz ki, Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin yolu ilə irəliləyərək çox böyük və şərəfli yol keçib və cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Azərbaycan xalqının qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib. Bu siyasət bu gün də uğurla davam etdirilir. YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır.
Ümummilli lider Heydər Əliyev dühasının məhsulu olan, müstəqil və müasir Azərbaycan dövlətçiliyinin qorunması və inkişafında misilsiz xidmətlərə imza atan Yeni Azərbaycan Partiyası öz müzəffər liderinin - Prezident İlham Əliyevin rəhbərliyi altında yeni tarixi vəzifələrin icrası prosesinə böyük töhfələr vermək iqtidarında və niyyətindədir. Bu, ilk növbədə, 30 illik erməni işğalından azad edilmiş Qarabağın bərpası və yenidənqurulması kimi tarixi missiyanın icrası, habelə epoxal uğurlarımızın təminatında müstəsna əhəmiyyətə malik olan siyasi dialoq mühitinin qorunması və dərinləşdirilməsi prosesinə yüksək səviyyəli dəstəyin verilməsi anlamını özündə ehtiva edir. Heç şübhəsiz ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycandakı siyasi proseslərin önündə addımlayacaq.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini