Yeni Azərbaycan Partiyasının yaradılmasından 31 il ötür. Bu illər ərzində partiyamız çox ağır, lakin şərəfli bir yol keçib. Partiyanın keçdiyi şərəfli yola nəzər saldıqda görürük ki, bu yol heç də həmişə hamar olmamışdır. Belə ki, müstəqilliyimizin ilk illərində ölkənin siyasi həyatı iflic vəziyyətdə idi. Ərazilərimizin dalbadal işğalı, dərin iqtisadi-siyasi böhran, əhalinin ağır sosial durumu vətənpərvər insanları Azərbaycanın gələcəyi ilə bağlı ciddi düşünməyə vadar edirdi. 1990-cı illərin əvvəllərində Azərbaycanda 30-a qədər siyasi partiya, ictimai təşkilat və hərəkat fəaliyyət göstərirdi, ancaq onlar kifayət qədər sosial bazaya malik deyildirlər, aralarında konstruktiv münasibət yox idi. Xalqın bütün zümrələrini səfərbər edəcək yeni bir partiyaya ehtiyac duyulurdu. Elə bir partiyaya ki, xalq onun liderinə inanıb, arxasınca getsin. Ölkə ziyalıları xalqın düçar olduğu bəlalardan qurtuluşunu Ulu Öndər Heydər Əliyevin böyük siyasətə qayıdışında görürdülər. İctimai-siyasi həyatda xaos və anarxiyadan cana doymuş insanlar Heydər Əliyevin hakimiyyətə gəlişini əngəlləmək üçün Konstitusiyaya daxil edilmiş qondarma yaş senzinin ləğvini tələb edir, bu məqsədlə respublikanın müxtəlif bölgələrində mitinqlər keçirirdilər. Bütün ölkə vətəndaşları nəzərlərini Naxçıvana dikmişdilər. Hamı Heydər Əliyevin siyasi rəhbərliyə yenidən qayıdışını arzulayırdı. Belə bir vaxtda cəmiyyətin demokratik qüvvələri, ziyalılar və sadə əmək adamları Heydər Əliyevin adı ilə bağlı yeni bir siyasi partiyanın yaradılmasını günün tələbi hesab edirdilər. Həmin dövrlərdə Azərbaycanın gələcəyini düşünən 91 ziyalı “Səs” qəzetində Ulu Öndər Heydər Əliyevə belə bir Partiyanın yaradılması üçün müraciət edib. Heydər Əliyevin yeni partiyanın yaradılması ilə bağlı ziyalıların müraciətinə verdiyi müsbət cavab Onun böyük məsuliyyəti Öz üzərinə götürməkdən çəkinməyən, cəsarətli və qətiyyətli lider olduğunu bir daha təsdiqlədi.
Son dərəcə mürəkkəb bir şəraitdə meydana çıxan Yeni Azərbaycan Partiyası xalqımızın taleyində yeni mərhələnin başlanğıcı oldu. Güclü sosial bazası, praqmatik və gerçəkliyə əsaslanan bitkin proqramı, Heydər Əliyev kimi Lideri olan partiyanın ölkənin siyasi həyatına qədəm qoyması XX əsr Azərbaycan tarixinin mühüm hadisəsi idi. Yeni yaranmış partiyanın bəyanatında bildirilirdi ki, bu partiyanın başlıca proqram məqsədi dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, sivil, demokratik hüquqi dövlət, möhkəm əmin-amanlıq və ictimai həmrəylik, sabit və sosial yönümlü iqtisadiyyat yaratmaqdan, geniş demokratik islahatlar həyata keçirmək uğrunda mübarizə aparmaqdan ibarətdir. Heydər Əliyevin rəhbərliyi ilə həyata vəsiqə alan Yeni Azərbaycan Partiyası tezliklə təşkilatlandı. Ulu Öndərin adını daşıyan bu Partiya yarandığı gündən azərbaycançılıq və dövlətçilik mövqeyindən çıxış edərək öz siyasi platforması, qətiyyətli mövqeyi sayəsində çox qısa zamanda vətənpərvər insanların siyasi istinadgahı kimi əsl Ümumxalq Partiyasına çevrildi.
Nəbi Hacıyev
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi