Siyasət

  • 12 780

Müasir dövrün reallığı: qloballaşan turizm TƏHLİL

image

Hazırda dünya ölkələri arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyi bir dövrdə turizm xarici iqtisadi fəaliyyətin ən dinamik inkişaf edən sahələrindən birinə çevrilib. Müstəqilliyini bərpa etdikdən sonra yeni ictimai-iqtisadi inkişaf yoluna qədəm qoyan, açıq bazar iqtisadiyyatı sisteminin tələbləri əsasında inkişaf edən Azərbaycan beynəlxalq aləmə inteqrasiya prosesləri çərçivəsində dünya dövlətləri ilə iqtisadi əlaqələrini genişləndirib və bu əlaqələrin bir qolu olan turizm sahəsində görülən işlər təqdirəlayiqdir. Təbii ki, müasir dünyada turizm iqtisadiyyatın əsas inkişaf və gəlir istiqamətlərindən biri kimi dəyərləndirilir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, turizminin inkişafına da dövlət tərəfindən ayrılan diqqət və qayğı bu sahəni iqtisadiyyatının aparıcı sahəsinə çevirməkdədir. Görülən işlər ölkənin müxtəlif bölgələrində turizmin fərqli növlərinin, sağlamlıq, qış, mədəni, işgüzar, ekoturizm və kənd turizmi kimi növlərinin inkişafına ciddi təsir göstərib.
Ölkə başçısının məqsədyönlü və balanslı xarici siyasəti, uğurlu daxili siyasəti nəticəsində Azərbaycan bu gün dünya üzrə ən təhlükəsiz və sabit ölkələr sırasındadır. Bu amil isə müasir dünyada turistlərin səyahət seçimi etməsində ən əsas göstəricidir. Onu da xatırladaq ki, Odlar diyarı kimi səciyyələndirilən ölkəmizdə bu sahənin tərəqqisi üçün geniş potensial vardır. Dünyada olan 11 iqlim qurşağından 9-u ölkəmizdədir. Ölkəmizin tarixi mədəniyyət abidələri var. Azərbaycanın ən məşhur turistik əhəmiyyətli Şəki Xan Sarayı, Nuhun qəbri, Naxçıvan diyarı, Qubanın Xınalıq kəndi, Qəbələ üzüm bağları, Talış dağları və s. turistlər üçün çox maraqlı məkanlardır.
Sözügedən sahə üzrə bu günə qədər həyata keçirilən dövlət proqramları və digər normativ-hüquqi sənədlər ölkənin turizm sahəsində əsas inkişaf prioritetləri, perspektivləri və problemlərin həlli istiqamətində atılan mühüm addımlar olmuşdur. Görülən işlər ölkəmizə marağı artırmış və çoxsaylı insanların turist olaraq Azərbaycanı istirahət üçün seçməsinə səbəb olub. Azərbaycanda turizmin inkişafına təkan verən amillərdən biri də ölkədə keçirilən beynəlxalq tədbirlər, konfranslar, simpozimlar və müxtəlif görüşlərdir. Belə tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın tanıdılması istiqamətində uğurlar sırasındadır.

TURİZM BAZARI AÇIQ VƏ RƏQABƏTƏ DAVAMLIDIR

Turizmin qloballaşması müasir dövrün reallığıdır. Turizmin təşkilinə üstünlük verən ölkələr dünyanı tam şəkildə qəbul edir, onun hər yerində sülhün və əmin-amanlığın qorunmasına çalışırlar. Çünki müharibələr, münaqişələr və terror hadisələri turizmin inkişafına mane olan ən başlıca amillərdir. Bu gün ölkəmizdəki sabitlik, əmin-amanlıq turizmin də inkişafında önəmli faktorlardan biridir. Coğrafi mövqeyinə görə əlverişli bir ərazidə yerləşən Azərbaycanda turizm ən perspektivli və yüksək potensiallı sahə hesab edilir. Dövlətin turizmə yaxından diqqəti və qayğısı bu sahənin gələcək inkişafına zəmin yaradır. Dövlət büdcəsinin 2025-2030-cu illərə kimi turizm sektorunun inkişafı hesabına genişləndirilməsi nəzərdə tutulur. Azərbaycanda ötən 20 il ərzində turizm sektorunun inkişafına yönəlmiş dövlət proqramları, bu sahəyə yatırılan investisiyalar, xidmət sektorunun inkişafı və regionlarda yol-nəqliyyat infrastrukturunun yenidən qurulması nəticəsində turizmin inkişafına prespektivlər açıb. Görülən tədbirlər şaxəli və fərqlidir. Bu gün Azərbaycanda turizm bazarı açıq və rəqabətə davamlıdır. Bu sahənin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durur. Müxtəlif sahələrlə yanaşı, ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi də hazırlanıb.
44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərimizdə qısa müddətdə müasir infrastruktur qurulub. Qarabağda mövcud şərait – flora və faunanın rəngarəngliyi, iqlim, istirahər üçün zəruri hesab olunan amillər daha zəngin və cəlbedicidir. Bu amillər Azərbaycanın iqtisadi potensialının daha da yüksəlməsinə müsbət təsirini göstərəcəkdir. Zəngin Qarabağ torpağı istənilən əcnəbi turistin marağından kənar qala bilməz. Məlumdur ki, tarixi kökü olmayan və ərazinin tarixi ilə heç bir bağlılığı olmayan ermənilər 30 ilə yaxın işğal dövründə qəddarcasına Qarabağın və ətraf rayonların təbii landşaftı, tarixi-memarlıq abidələri, tranzit-kommunikasiya şəbəkəsi dağıdıb, bir sözlə regionun turizm infrastrukturunu tamamilə məhv ediblər. Talançılıq missiyasını reallaşdıran Ermənistan "sivilizasiyalı" dövlət kimi dünya ölkələri tərəfindən qəbul olunmuş konvesiya, qərar, bəyanat və qətnamələrə əməl etməyib. İşğal dövründə adı "Qırmızı Kitab"a salınmış neçə-neçə flora faunamıza aid olan qiymətli nümunələrə zərbə vurulub. Adı "Qırmızı Kitab"a salınmış Kəlbəcər rayonunda yerləşən ayıfındığı növündən ibarət 968 hektar meşə hazırda kütləvi qırılıb və mebel istehsalı üçün Ermənistana göndərilib.

TURİSTLƏRİN ƏN ÇOX MARAQ GÖSTƏRƏCƏYİ MƏRKƏZ - QARABAĞ

Qarabağ torpağının işğal dövründə təbii sərvətlərinin ermənilər tərəfindən özbaşına istismar olunması, ekoloji durumuna ağır zərbə vurulması faktları Ermənistanın həyata keçirdiyi sivil vəhşilik siyasətidir. Belə ki, Füzuli rayonunda işğal olunmuş ərazilərdə təbiətin ermənilər tərəfindən güclü ekoloji dağıntıya məruz qalması hər kəsə bəllidir. Rayon ərazisinə yaxın olan Azıx və Tağlar mağaraları dünya tarixinin qədim abidəsi kimi tarixiləşib. Rayonun ən böyük meşələridən olan Ərgünəş meşəsində ermənilər yanğın törətmişdilər. Yanğın nəticəsində ərazidə olan qiymətli ağac və kollar məhv olmuş, təbiətə xeyli ziyan vurulmuşdur. Belə yanğınlar ekoloji mühitin pozulmasına, heyvanat aləminin tələf edilməsinə və atmosferin çirklənməsinə səbəb olur.
Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə əsrlik tarixi olan ölkənin yeraltı və yerüstü sərvətlərinə qarşı yeridilən siyasi taktikadır.
İstirahət üçün böyük məkan olan və ekoloji cəhətdən əhəmiyyət daşıyan "Daş-başı" və "Leşkar" meşələrində ermənilərin yanğın törətmələri də hər kəsin xatirindədir. "Leşkar" meşə sahəsində isə yararlı ağaclar tam qırılıb. Buna Azərbaycan iqtisadi gücü, potensialı var. Xatırladaq ki, Laçın dövlət yasaqlığında cüyür, qaya keçisi, çöl donuzu, ayı və s. quşlardan isə turac, kəklik və s. məskunlaşmışdır. Burada 1989-cu ildə aparılan yoxlanmada dağ-keçisi (bezoar keçisi) 96 baş, qaban 360 baş, cüyür 320 baş, ayı 110 baş, canavar, porzuq, dələ və s. heyvanlar, quşlardan qırqovul 200, kəklik 1500 məskunlaşmışdır. Qubadlı dövlət yasaqlığında isə işğaldan əvvəl müəyyən olmuşdur ki, burada 101 baş çöl donuzu, 21 baş qonur ayı, 35 baş çüyür, 420 baş dovşan, 25 baş canavar, 310 baş çaqqal, 75 baş porsuq vardır. Quşlardan ən çox kəklik yayılıb. Qırqovul, turac, bildirçin, göyərçin bu yerlərin daim sakinlərindəndirlər. Belə bir səfalı yerlərə malik, turizmin inkişafına böyük təkan olacaq yerlərimizin ermənilərin əlində 30 ilə yaxın qalması Azərbaycanın iqtisadi inkişafına, onun turizm imkanlarının genişlənməsinə zərbə vurmuşdur. İşğal dövründə ermənilər bu xəzinədən vəhşicəsinə istifadə etmişdirlər. Cənnətməkan hesab olunan ərazilərimizi xarabalığa çevirən ermənlər yaxın bir zamanda buranın əvvəlkinən də gözəl bir məkan olacağının şahidi olacaqlar. Öz milli xüsusiyyət və tələbatlar çərçivəsində Azərbaycan bu məkanlarda ab-hava yaradaraq Qarabağı turistlərin ən çox maraq göstərdiyi bir mərkəzə çevirir.
Bu gün artıq işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işləri geniş vüsət alıb. Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da 27 il işğalda qalmışdı. Kəlbəcərin məşhur olan "İstisu" sanatoriyası da işğal altında idi. İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyni adlı sanatoriyası salınıb. Kəlbəcər rayonu İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə bütün dünyada tanınıb. Mənbələrə görə, istisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ nəticəsində meydana çıxıb. Öz kimyəvi tərkibinə və bir çox digər xüsusiyyətlərinə görə İstisuyun dünyada analoqu yoxdur. Burada suyun temperaturu müsbət 58,8 dərəcədir.
Onu da bildirək ki, ermənilər Azərbaycan işğal altında olan bütün əraziləri kimi, Kəlbəcəri də dağıtmış, onun tarixi abidələrini darmadağın etmişdir. Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Dağıdılmış mədəni abidələr Alban məbədi, Alban kilsəsi, Lök qalası, Uluxan qalası, Alban kilsəsi, Qalaboynu qalası, Comərd qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı və digər abidələr 27 illik işğaldan azad oldu. Əlbəttə ki, həyata keçirilən layihələr, görülən işlər bir daha deməyə imkan verir ki, işğaldan azad olunan ərazilərimiz müasir standartlara uyğun olaraq qurulacaq.
Kəlbəcərin hündür dağ rayonu olması turizim baxımından önəmli faktordur. Rayon öz gözəl təbiəti, əlverişli relyefi, tarixi abidələri, faydalı qazıntıları və mineral sularına görə fərqlənir. Turizm nöqteyi-nəzərdən görülən inşaat işləri, infrastruktur layihələri, beynəlxalq hava limanının tikilməsi, təbii ki, gələcəkdə turizm potensialını üzə çıxaracaq. Hələ 80-ci illərdə həm sanatoriya, həm də sudoldurma zavodu inşa olunmuşdu. O dövrdə sanatoriya ildə 50 minə yaxın turisti qəbul edirdi. Böyük Qayıdış ərəfəsində Kəlbəcərdə "İstisu" sanatoriyasının tikintisinə başlanıldı. 34 hektar ərazidə salınması nəzərdə tutulan "İstisu" İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır.

ORTA ƏSR ŞUŞASINA QAYIDIŞ

Bildiyimiz kimi, işğaldan azad edilən ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa və quruculuq işlərinə Heydər Əliyev Fondu da öz töhfəsini verməkdədir. Qədim Qarabağ torpağında Fond tərəfindən dini, tarixi-mədəni abidələrin, məscidlərin bərpası üzrə layihələrin icrasına start verilib. Heydər Əliyev Fondunun Qarabağdakı layihələri Ağdam Cümə məscidi, Zəngilan şəhər məscidi, Şuşada Aşağı Gövhər Ağa məscidi, Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi, Mamayı məscidi və bulağı, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Mehmandarovların malikanə kompleksi, Şuşada Yaradıcılıq Mərkəzi, Üzeyir Hacıbəylinin ev-muzeyi və digər tarixi-mədəni abidələrin bərpa və yenidən qurulmasını, Şuşada yeni məscidin inşasını əhatə edir. Tarixi Zəfərimizin növbəti ildönümü ərəfəsində Şuşada bərpası başa çatan və təqdim edilən layihələrdən biri də "Yasəmən" otelidir. XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş, Şuşa şəhərinin Köçərli küçəsində yerləşən üç yaşayış binası işğal zamanı dağıdılaraq istifadəyə yararsız vəziyyətə salınıb. Heydər Əliyev Fondu ərazidə layihələndirmə işləri apararaq, 2022-ci ilin may ayından etibarən həmin yaşayış binalarının təmir-bərpa işlərinə başlayıb. Bərpa zamanı binalarda təməlbərkitmə işləri görülüb, divarlarda daxili bərkitmə işləri aparılıb. Mərmi düşməsi nəticəsində binanın dağılmış hissələri yenidən tikilib. Sonradan inşa olunmuş əlavə tikililər isə sökülüb.
Fond tərəfindən bərpa edilən binalar hazırda otel kimi istifadəyə verilib. Autentik üslubda bərpa edilən "Yasəmən" otelinin eksteryer və interyeri buraya gələnləri orta əsr Şuşasına qaytarır. Qonaqlar otelin həyətində dövrünün üslubuna uyğun salınan bağçada və terrasda dincələ, şəhərin mənzərəsini seyr edə bilərlər. Terrasdan Mehmandarovların malikanə kompleksinə və ümumi şəhərə gözəl mənzərə açılır. Otelin interyeri, otaqları xüsusi dizayn edilib. Buradakı hər bir element, əşya məhz bu dizayna uyğun seçilib. Bu da qonaqlarda nostalji hisslər yaradır.
Şuşa işğaldan azad edildikdən sonra şəhərdə qısa müddətdə "Qarabağ", "Xarıbülbül" otelləri, Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışı olub və artıq "Yasəmən" oteli də şəhərin tarixi mənzərəsinə daha bir gözəllik qatmaqla qonaqların istifadəsinə verilib
Ölkəmizin hər bir bölgəsinin belə turizm imkanları vardır. Ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır. Azərbaycanda turizmin inkişaf etdirilməsi üçün ölkənin zəngin coğrafi landşafta, flora və faunaya malikliyi əsas şərtlərdəndir. Zəngin mədəni, tarixi irsə və əlverişli təbii şəraitə malik Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər