Siyasət

  • 3 020

Qələbəmizin təntənəsi olan Zəfər paradı ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”. Torpaqlarımız işğal altında olarkən dövlətimizin başçısı İlham Əliyev tərəfindən səsləndirilmiş bu fikirləri o vaxt çoxları gerçəklik kimi qəbul etmirdi. Amma ölkə başçısı bütün mötəbər kürsülərdən Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq nidasını haykırırdı. Müzəffər Ali Baş Komandanı tərəfindən səsləndirilən bu fikirlərin arxasında böyük həqiqətlər dayanırdı. Amma məğlubiyyətlə barışmazlıq təkcə yetərli deyildi. Bu gerçəyi funksional siyasətə çevirmək üçün böyük səbir və mətanətlə bərabər xalqı bu ideya ətrafında səfərbər etmək lazım idi. Bu isə üç amili özündə birləşdirirdi: güclü iqtisadiyyat, güclü ordu, vətənpərvər gənclik.

Ulu öndər Heydər Əliyev “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdi” şüarını söyləmiş və bu starteji hədəfə çatmaq üçün yaratdığı münbit şəraiti uğurla öz siyasi varisinə ötürmüşdür. Heç şübhəsiz ki, ölkənin iqtisadi qüdrəti qələbə üçün zəmin yaratdı. Muasir Azərbaycan iqtisadi baxımdan inkişaf edərək torpaqlarının azad edilməsinə nail oldu. Ona görə ki iqtisadi inkişaf bizim Zəfərin əsasını təşkil etdi. Çünki əgər iqtisadi inkişaf olmasaydı, bizim iqtisadi müstəqilliyimiz olmasaydı, ordumuzu müasir silahlara təchiz edə bilməzdik. Eləcə də Azərbaycan düzgün qurulmuş neft startegiyası sayəsində Ermənistan regionda həyata keçirilən taransmilli layihələrdən kənarda qaldı və təcrid edildi.

Vaxtı ilə Ordu quruculuğunun təməli daşları məhz ulu öndər Heydər Əliyev tərəfindən düzgün müəyyən edilməsi, uğurlu siyasi varis İlham Əliyev tərəfindən davam etdirilməsi böyük Zəfərin rəhninə çevrildi. Tarixə nəzər salsaq görərik ki, hər hansı milləti kölə vəziyyətinə salmaq üçün ona keçmişini, milli ənənələrini unutdurmaq və yaxud da kökündən uzaqlaşdırıb yaxın çağlara gətirmək yetərlidir. Qərinələr boyu xalqın formalaşmış yüksək əxlaqi-mənəvi meyarlarını pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya fenomenal şəxsiyyətlərin üzərinə düşür. Bütün dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfələrini verən, multikultural dəyərləri ilə seçilən, birgə yanaşı yaşamaq modelini nümayiş etdirən, müasirləşən və modernləşən ölkəmiz milli-mənəvi dəyərlərinə də böyük diqqət və həssaslıqla yanaşan dövlətimizn başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva xalqımızın zəngin milli-mənəvi irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması naminə əzmlə çalışaraq bu missiyanı ləyaqətlə yerinə yetirmişlər. Azərbaycan gəncliyinin vətənpərvər yetişməsi və bu konteksdə hərbi potensialının gücləndirilməsi daimi dövlətimizin diqqət mərkəzində olmuşdur. Həmçinin Azərbaycan ordsunun tarixi ənənələrə sahib olmasını heç vaxt unutdurmayan ulu öndər Heydər Əliyevin xidməti müstəsna əhəmiyyətə malikdir. Ümummilli lider Heydər Əliyev tarixi ənənəni yaşatmaq üçün 1998-ci il 22 may tarixində Fərman imzalamış və Azərbaycan Xalq Cümhuriyyətinin Ordusunun yaradıldığı, 26 iyun tarixini Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan etmişdir. Ulu öndərin ənənəsinə sadiq qalan Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilmiş Rəşadətli Azərbaycan Ordusunun tarixinin dərindən öyrənilməsi və təbliğ edilməsi xüsusi diqqət mərkəzində olmuşdur. Bu 44 günülük Vətən müharibəsi dönəmində özünü bariz şəkildə göstərdi. Dövlətimizin başçısı İlham Əliyevin böyük qürurla söylədiyi: “Mənim dövrümdə yetişən vətənpərvər Azərbaycan gəncliyi Qarabağı azad etdi” fikirlərinin əsas leytmotivini tarixi ənənələrə söykənən vətənpərvərlik tərbiyəsinin nəticəsi idi.

20 noyabr 2014-cü il tarixində cənab İlham Əliyev görkəmli hərbi xadim Əlağa Şıxlınskinin 150 illik yubileyinin keçirilməsi ilə bağlı Fərmanında bildirir: “XX əsrin əvvəllərindən etibarən irimiqyaslı hərbi əməliyyatların iştirakçısı kimi general Əlağa Şıxlinski döyüş meydanlarındakı şücaətləri və artilleriya nəzəriyyəsinə gətirdiyi yenilikləri ilə hərb tarixinə parlaq səhifələr yazmışdır. O, Azərbaycan Xalq Cümhuriyyətinin mühüm dövlət təsisatları yaradılarkən milli qoşun hissələrinin təşkilində, müstəqil ordu quruculuğunda müstəsna fəaliyyət göstərmiş, sonrakı dövrlərdə də hərbi andına sadiq qalaraq ölkənin silahlı qüvvələrinin formalaşdırılmasına töhfələr vermişdir”.

Azərbaycan hərbi tarixinə yüksək ehtiram gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyevin soy-kokümüzə tarixi ənənələrimizə sonsuz ehtiramın nümunəsidir. Qeyd edək ki, bütün bunlar tarixi Zəfərin təsdüfi olmadığını və bu Qələbəyə həsr edilmiş Zəfər paradının keçirilməsi də 44 günlük Vətən müharibəsinin qalib sərkərdəsi Müzəffər Ali Baş Komandan ünvanını qazanmış Prezident İlham Əliyevin Azərbaycan tarixi qarşısında xidmətlərinin mükafatı idi.

Ümummilli lider Heydər Əliyev bu günləri görürmüş kimi cənab İlham Əliyev haqqında söylədiyi “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirləri bir mənalı olaraq həyatda öz əksini tapdı. Dövlətimiz başçısı İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində ifadə etdiyi “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.” Heydər Əliyevin xalqımızın xöşbəxt gələcəyinə hesablanmış siyasətinin ardıcıl olaraq uğurla davam etdirilməsi şanlı qələbəmizin akkordlarına çevrildi.

Bir il əvvəl keçirilən Zəfər paradında çıxış edən İlham Əliyev: “Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq. Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Əslində, Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlərboyu yaşayıb, ancaq Ermənistan rəhbərliyi o vaxt 100 minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır. Ondan sonra Dağlıq Qarabağda eyni mənzərə müşahidə olunurdu, Ermənistan tərəfi zor gücü ilə Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət törətmişdir, Xocalı soyqırımını törətmişdir. Ondan sonra 1992-ci ilin may ayında Şuşa şəhərinin və Laçın şəhərinin işğala məruz qalması Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdı. 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğal altına düşməsi bizim vəziyyətimizi daha da ağırlaşdırdı və faktiki olaraq sonrakı işğalçılıq siyasətinin davam etdirilməsinə səbəb oldu!”.

Zəfər paradında tarixi anların şahidi olduq. Qarabağın gözü Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilərək paradda nümayiş etdirildi.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Paradı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər. Azərbaycan və Türkiyə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi Azərbaycan xalqının tarixində əbədi qalacaq qürurverici hadisədir. Parad günü Azərbaycanın bütün şəhərlərinin hər iki ölkənin bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının təzahürüdür. Paradın ən təsirli və yadda qalan anlarından biri də qardaş Türk xaqlının şanlı ordusunun iştirakı idi. Vətən müharibəsində 2783 Azərbaycan əsgəri şəhid olmuşdur. Məhz Zəfər Paradında 2783 Türk əsgəri iştirak etməklə şəhidlərin ölməzliyini nümayiş etdirdilər.

Şübhəsiz ki, hərbi paradların keçirilməsi - həmin ölkənin hərbi qüdrətinin nümayiş etdirilməsinin əsas amillərdən biridir. Qələbəmizin təntənəsi olan Zəfər paradında hərbi qüdrətimizi də nümayiş etdirdik. Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, həmçinin hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Eləcə də, Vətən müharibəsi zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur.

İkinci Qarabağ Müharibəsində qələbə münasibətilə cənab Prezidentin təşşəbüsü ilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub - “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”. Qeyd edək ki, həmin orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən diqqətin təzahürüdür. 44 günlük Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri yuxarıda qeyd edilən, həmçinin digər orden və medallarla təltif edilib. Hərbi qələbəmizin əbədiləşdirilməsi həmçinin Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub.

Həmçinin qeyd edək ki Hərbi Qənimətlər Parkının yaradılması Ermənistanda etirazlarla qarşılanmışdı. Azərbaycanın təşəbbüsü ilə ölkəmizə qarşı baş vermiş pozuntularla bağlı Beynəlxalq Məhkəmədə iddialar qaldırılmışdır. Ermənistan tərəfi Hərbi Qənimətlər Parkının fəaliyyətinin dayandırılması ilə bağlı Beynəxalq Məhkəmədə vəsatəti rədd edilmişdir. Hərbi Qənimətlər Parkı müharibənin miqyasını və Qələbənin möhtəşəmliyini göstərir. 5 hektar ərazini əhatə edən Park paytaxtın Xətai rayonundadır. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Parkda İkinci Qarabağ müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, İkinci Qarabağ müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Bunu məhz Azərbaycan xalqının qələbəsi hesab etmişdir.

Azərbaycanın əldə etdiyi tarixi qələbənin əhəmiyyətli nəticələrindən biri də Naxçıvanla birbaşa əlaqəni bərpa etmək üçün 1921-ci ildə sovet Rusiyasının türk dövlətlərini parçalamaq naminə Ermənistana hədiyyə etdiyi üçün Zəngəzur dəhlizinin açılması olacaq. Bu strateji yol Naxçıvanla birbaşa əlaqənin bərpasına, muxtar respublikanın nəqliyyat blokadasından çıxmasına imkan yaratmaqla yanaşı, Zəngəzur dəhlizi həm türk dünyası, həm də region ölkələri üçün gələcəyə açılan bir qapıdır. Ümumiyyətlə, Qafqazın sülh və inkişaf bölgəsinə çevrilməsində regional və beynəlxalq əhəmiyyət daşıyacaq bu dəhlizdən keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirməklə bərabər, həmçinin, digər ölkələr üçün də əlavə imkanlar yaradacaq. Xüsusilə Avropa ilə Asiyanı bağlayacaq əsas xəttin, Zəngəzur dəhlizinin açılması ilə bütün türk dünyasında yeni bir mərhələnin başlanğıcını qoyacağı şübhəsizdir.

Prezident İlham Əliyev aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı öz münasibətini belə bildirdi: “Biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.

Zəfər paradının ildönümünü qeyd etməklə bərabər cənab İlham Əliyevin dediyi kimi, yeni dövrə yeni qələbələrə hazır olmalıyıq.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər