Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlıq qədim dostluq və ortaq tarixi köklərə əsaslanan strateji tərəfdaşlıq münasibətləri çərçivəsində inkişaf edir. Hər iki ölkə türkdilli dövlətlər arasında səmərəli əməkdaşlıq nümunəsi yaratmış, regional və beynəlxalq təşkilatlar çərçivəsində bir-birini daim dəstəkləmişdir. Bu əlaqələr təkcə siyasi müstəvidə deyil, eyni zamanda iqtisadi, ticarət, nəqliyyat, energetika, logistika, kənd təsərrüfatı, sənaye, turizm və digər sahələri əhatə edən geniş spektrli əməkdaşlıq formatında öz əksini tapır. Azərbaycan və Qazaxıstan iqtisadi potensialı baxımından biri Cənubi Qafqazın, digəri isə Mərkəzi Asiyanın aparıcı ölkələridir. Hər iki ölkənin zəngin enerji resurslarına malik olması, geostrateji mövqeyi və tranzit imkanları onları qarşılıqlı şəkildə həm rəqib deyil, həm də strateji tərəfdaş edir. Bu baxımdan, enerji resurslarının daşınması, nəqliyyat dəhlizlərinin birgə inkişaf etdirilməsi və rəqəmsal iqtisadiyyatın təşviqi kimi sahələrdə əməkdaşlıq gündən-günə genişlənir. Son illərdə Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi sabit artım nümayiş etdirir. Azərbaycanın qeyri-neft sektoru məhsullarının Qazaxıstan bazarına çıxışı, eyni zamanda Qazaxıstan məhsullarının Azərbaycan vasitəsilə üçüncü bazarlara daşınması üçün əlverişli şərait yaradılıb. Tərəflər bu prosesdə təkcə ikitərəfli deyil, həm də regional formatlarda – Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı kimi platformalarda qarşılıqlı fəaliyyət göstərirlər. Xəzər dənizi vasitəsilə Azərbaycan və Qazaxıstan arasında nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsi xüsusilə önəm daşıyır. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində hər iki ölkə vacib tranzit rolu oynayır. Bu dəhliz Avropa ilə Asiya arasında yük daşımalarının sürətlənməsi və şaxələndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Qazaxıstan bu layihə çərçivəsində liman infrastrukturunun təkmilləşdirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsallaşdırma sahələrində birgə fəaliyyət göstərir. Energetika sahəsində əməkdaşlıq da mühüm yer tutur. Qazaxıstanın neft və qaz resurslarının dünya bazarlarına çıxarılmasında Azərbaycanın enerji infrastrukturu – Bakı-Tbilisi-Ceyhan neft kəməri və digər nəqliyyat sistemləri mühüm rol oynayır. Eyni zamanda, alternativ və bərpa olunan enerji sahəsində təcrübə mübadiləsi və birgə layihələrin icrası gündəmdədir. Kənd təsərrüfatı, qida sənayesi, sənaye kooperasiyası kimi sahələrdə də əməkdaşlıq genişlənməkdədir. Tərəflər arasında birgə sərgilər, biznes forumlar, ticarət evlərinin açılması, investisiya layihələrinin təşviqi istiqamətində fəal addımlar atılır. Bu, iş adamları arasında birbaşa əlaqələrin qurulmasına və yeni layihələrin icrasına təkan verir. Turizm sahəsində qarşılıqlı əlaqələrin inkişafı da diqqət mərkəzindədir. Qazaxıstan vətəndaşları üçün Azərbaycanın cazibədar turizm marşrutları maraq doğurur, eyni zamanda Azərbaycan turistləri də Qazaxıstanın tarixi və təbii abidələrinə maraq göstərirlər. Vizaların sadələşdirilməsi, avia reyslərin artırılması və turizm təbliğatı tədbirləri bu sahədə əməkdaşlığın daha da inkişaf etməsinə zəmin yaradır. Bütün bu sahələr üzrə əməkdaşlıq Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış dövlətlərarası sənədlər, strateji tərəfdaşlıq sazişləri və hökumətlərarası komissiyanın fəaliyyəti çərçivəsində tənzimlənir və əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. İki ölkə prezidentləri səviyyəsində keçirilən müntəzəm görüşlər və qarşılıqlı səfərlər bu əməkdaşlığın siyasi iradə ilə dəstəkləndiyini və davamlı inkişaf perspektivinə malik olduğunu göstərir.
Nicat Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi