Azərbaycanın hər daşında, hər abidəsində bir tarix yaşayır. Xalqın çoxəsrlik tarixi. O tarix ki, əsrlərin daş yaddaşına hopub və hər biri milli-mənəvi, maddi dəyərlərimizdən danışır. Qalaq-qalaq salnamələrin yaddaşıdır, bu tarix. Ölkəmizi qarış-qarış gəzdikcə daş kitabələr vərəqlənir və oradan dünyaya səs salan nümunələr ilə yaxından tanış olursan. Tariximiz olan maddi-mənəvi memarlıq abidələri Qız qalası, Şirvanşahlar Sarayı, Möminə Xatun Türbəsi və s. hər biri dünyaya vəsiqə almış irsimizdir. Azərbaycanın bu və ya digər tarixi irs nümunələri "İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi", "Qobustan Qaya Sənəti Mədəni Landşaftı" və s. YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi zəngin irsimizin təzahürüdür. Eyni zamanda, Azərbaycanın bir neçə qeyri-maddi mədəni irs nümunəsi YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olunub. "Azərbaycan Muğamı", "Azərbaycan Aşıq Sənəti", "Novruz", "Ənənəvi Azərbaycan Xalçaçılıq Sənəti", "Tar və Onun İfaçılıq Sənəti", "Ənənəvi Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması", "Lahıcın misgərlik sənəti" və s. artıq dünyanın ən seçilən nadir nümunələri kimi tanınır. "Xınalıq" Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu UNESCO-nun Dünya İrs Komitəsinin ilkin siyahısına daxil edilib. Bütün bunlarla yanaşı, Şəkinin tarixi mərkəzinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Azərbaycanın növbəti uğuru oldu. Bu hadisə mədəni və tarixi irsin qorunması, eləcə də ölkənin beynəlxalq səviyyədə tanıdılması istiqamətində aparılan məqsədyönlü fəaliyyətin məntiqi nəticəsidir. Hər il 7 iyul tarixi Şəkidə "Şəhər günü" olaraq keçirilir.
Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsi böyük sevinclə qarşılandı və bu münasibətilə Azərbaycan xalqına təbrikində Azərbaycan Prezident Cənab İlham Əliyev bildirmişdi ki, Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkinin tarixi hissəsi yüzillər boyu ölkəmizin mədəniyyət mərkəzlərindən biri kimi tanınmışdır. Unikal abidələrlə zəngin Şəki şəhərinin tarixi hissəsinin mühafizəsi və inkişafı daim dövlətin diqqətində saxlanılmışdır. Dövlət başçısı onu da bildirmişdir ki, son illər Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirilmişdir. Bütün bunlar Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha etirafıdır. Bütün bunlar artıq ümumbəşəri bir irsə çevrilib.
BEYNƏLXALQ MAHİYYƏT DAŞIYAN LAYİHƏLƏRİN MÜƏLLİFİ
Əlbəttə ki, bu layihələrin gerçəkləşməsində Azərbaycanın ictimai, sosial, mədəni həyatında önəmli rola malik olan Heydər Əliyev Fondunun rolu və əməyi müstəsnadır. Azərbaycan xalqının Ümummilli Liderinin zəngin irsinin öyrənilməsini, Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədini həyata keçirən Fond nəinki Azərbaycanda, onun hüdudlarından belə kənarda humanist ideyaların gerçəkləşdirir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva dünya miqyasında maraq doğura biləcək, beynəlxalq mahiyyət daşıyan layihələrinə imza atır. Fondun həyata keçirdiyi işıqlı layihələrinin sayı artıq hesaba belə gəlmir. Müxtəlif məzmunlu və mahiyyətli layihələrdə Heydər Əliyev Fondunun məqsədi açıq-aydın görünür.
Məhz bu əməli fəaliyyətin nəticəsidir ki, Mehriban xanım Əliyeva dünyanın bir sıra nüfuzlu mükafatlarına layiq görülüb. Belə ki, 2005-ci ildə Mehriban xanım Əliyeva "İlin qadını" seçilib. 2005-ci ildə ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı ildə İSESKO-nun Xoşməramlı səfiri adına layiq görülüb. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə "Qızıl ürək" beynəlxalq mükafatına layiq görülməsi Onun dünya miqyasında əməllərinin birmənalı olaraq qiymətləndirilməsini əyani olaraq təsdiqləyir. 2009-cu ildə Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Mehriban xanım Əliyeva Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni ilə təltif edildi. 2010-cu ildə Mehriban xanım Əliyeva Türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə TÜRKSAV-ın "Türk dünyasına xidmət" mükafatına layiq görülüb. Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə "Heydər Əliyev Mükafatı" ilə təltif edilib. Bütün bunlar Mehriban xanımın Azərbaycan xalqı qarşısında xidmətlərinə olan mükafat və qiymətdir.
Fəaliyyəti dövründə əldə etdiyi bu nailiyyətlər Fondun qeyri-hökumət təşkilatı olaraq həyata keçirdiyi layihələri ilə təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə böyük nüfuz qazandığını göstərir.
Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə bu təşkilat diqqət ayırır. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək etmək və s məsələlər diqqətdə dayanır. Azərbaycan dünyanın nüfuzlu ölkələri sırasında bütün sahələrində təbliğ olunaraq, özünün tarixi mədniyyəti, adət-ənələrini təqdim edərək nüfuzlu qurum tərəfindən öz qiymətini alır. Ölkəmizin sərvətlərinin tanınmasında və dünya miqyasında, əks-səda ilə qarşılanması sözsüz ki, bu beynəlxalq qurum tərəfindən ona verilən yüksək qiymətdir. Görülən işlər Azərbaycanın ölkəmizin daxilində, istərsə də onun hüdudlarından kənarda - dünya irsi obyektlərinin qorunması ilə bağlı həyata keçirdiyi dövlət siyasətinin davamı olduğunu göstərir.
TÜRK DÜNYASININ NADİR NÜMUNƏLƏRİ
Zəngin irsə malik olan Azərbaycanın nadir nümunələri dünyanın diqqətindədir. Qeyd edək ki, Türkiyənin koordinatorluğu ilə Azərbaycan, İran, Özbəkistan və Tacikistanla birgə təqdim olunan "Təzhib sənəti", İranın koordinatorluğu ilə Türkiyə, Azərbaycan və Özbəkistan ilə birgə hazırlanan "İftar və onunla bağlı sosial-mədəni ənənələr", Azərbaycanın koordinatorluğu altında Türkiyə ilə birlikdə təqdim edilən "Balaban sənətkarlığı və ifaçılıq sənəti" və Türkiyənin koordinatorluğu ilə Azərbaycanla birgə təqdim olunan "Sədəf sənəti" başlıqlı çoxmillətli nominasiyalar üzrə namizədlik nümunələri Botsvananın Kasane şəhərində keçirilən Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyasında UNESCO-nun çoxmillətli nominasiyalar üzrə Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.
Bildiyimiz kimi, balaban Azərbaycanın qədim xalq musiqi alətidir. Arxa hissəsində bir, üzərində səkkiz dəlik açılaraq əsasən, tut ağacından hazırlanan nəfəsli musiqi aləti xalq arasında balaban və ya "yastı balaban" adı ilə tanınır. Yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir. Xatırladaq ki, Balabanın adına Azərbaycan eposu sayılan "Kitabi Dədə Qorqud" dastanında, eləcə də klassik Azərbaycan şairlərinin əsərlərində rast gəlinir.
Məlumdur ki, türk xalqları özlərinin qədim, çoxəsrlik tarixi boyu Avrasiya məkanının böyük hissəsində yaşayaraq dünya, bəşər mədəniyyətinə böyük töhfələr vermiş, onu zənginləşdirmişlər. Türk xalqlarının ulu tarixin dərinliklərindən keçib gələn zəngin kökləri, bir-birinə mənəvi bağlılığı onları bütün mərhələlərdə imtahanlardan, sınaqlardan mətanətlə çıxarmış və bugünkü günlərə gətirib çıxarmışdır. Müasir dövrümüzdə müstəqil Türk dövlətləri həm ayrı-ayrılıqda, həm də birgə çoxtərəfli münasibətlərdə, yəni beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyət göstərirlər.
"Biz çox istəyirik ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin. Bu, bizim tariximizdir, bizim mədəniyyətimizdir, bizim köklərimizdir. Eyni zamanda, bu, bugünkü vəziyyətin reallıqlarıdır" – deyə Prezident bildirmişdir.
Nəzakət ƏLƏDDİNQIZI