PDF Oxu

Siyasət

  • 4 259

Qərbi Azərbaycana tarixi səyahət -TƏHLİL

image

Naxçıvanda noyabr ayının sonunda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresi dövlətimizin başçısının ötən 20 ildə həyata keçirdiyi Qayıdış konsepsiyasının bir hissəsidir. Qarabağın və Şərqi Zəngəzur iqtisadi rayonunun işğal altında olan əraziləri 2020-2023-cü illərdə düşməndən azad olunduqdan sonra qarşıda duran məsələ illər əvvəl qədim ata-baba torpaqlarından deportasiya olunan azərbaycanlıların öz yurdlarına qayıtmasıdır.

Dövlətimizin başçısının dəstəyi ilə Qərbi Azərbaycan İcmasının yaradılması, icmanın ötən dövrdəki fəaliyyəti, verilən bəyanatlar, görülən tədbirlər Qərbi azərbaycanlıların ləyaqətli və təhlükəsiz şəkildə yurduna qayıtmasına böyük hüquqi və təşkilati dəstək kimi diqqətəlayiqdir.

“Qərbi Azərbaycana qayıdış”la bağlı ilk tədbirin məhz Naxçıvanda keçirilməsi təsadüfi deyil. Çünki Naxçıvan həmin çətin günlərdə Qərbi azərbaycanlı soydaşlarımıza qucaq açıb. Və bu da təsadüfi deyil ki, deportasiyaya uğrayan Qərbi azərbaycanlıların böyük əksəriyyəti Naxçıvanda məskunlaşıb.

Naxçıvanda keçirilən festivalda sərgilənən Qərbi Azərbaycana məxsus folklor nümunələrindən ibarət kompozisiyalar, kitab sərgisi, kulinariya və maddi mədəniyyət nümunələrindən ibarət stendlər, Qərbi Azərbaycan mahnıları və folklor nümunələrindən ibarət konsert proqramı, Qərbi Azərbaycana həsr edilən filmlərin nümayişi Qərbi Azərbaycandan olan, muxtar respublikada yaşayan sakinləri sanki bir neçə günlüyə öz yurdlarına apardı. O yurdları ki, oraya qayıtmalarına çox az bir zaman qalıb.

Naxçıvandakı möhtəşəm tədbirdən yola çıxaraq Qərbi Azərbaycan mövzusunda kiçik bir araşdırma apararaq ermənilərin və onların havadarlarının zaman-zaman Azərbaycan torpaqlarını işğal etməsinə, bu gözləri ac millətin nadan xislətinə işıq salıb tarixi faktların nədən söhbət açdığını xatırlatmaq istədim.

Tarixi faktlar nədən danışır

Çox təəssüflər olsun ki, ermənilər xalqımızın tale yazısı oldu. Onlara bizimlə qonşuluqda yaşamaq şansı verildi. Beləliklə başladılar bizim tarixi torpaqlarımız hesabına öz ərazilərini genişləndiməyə. Özlərinə yer edəndən sonra torpaqlarımızda soyqırımlar, təxribatlar törətməklə soydaşlarımızı qətlə yetirdilər, sağ qalanları pərən-pərən saldılar. Yaltaqlıq və riyakarlıqlarından istifadə edib himayədarlarına çevrilənlər onları zaman-zaman Azərbaycan torpaqlarına yerləşdirməyi qarşılarına məqsəd qoydular. Çünki bu çox mənada onlara da sərf edirdi. Bunu tarixi faktlar da sübut edir.

Qərbi Azərbaycan bəylərbəyi Rəvan xanın Şah İsmayıl Xətaiyə məktubundan

“Ulu şahım… Beynənnəhreyndən (Mesopotamiyadan) Van gölü sahillərinə, oradan da Qafa ( Qafqaza ) oğuz-türk torpaqlarına 5-5, 10-10 gələn ermənilər saziş şərtlərinə görə sənətkarlıqla məşğul olmaq əvəzinə, məskunlaşmağa can atır, ufacıq kilsələr tikdirir, beləliklə, bu tayfanın Qafda qədim mövcudiyyəti təsəvvürünü yaradırlar ki, bu da istiqbalda nəsillərimizə başağrısı verəcək… Bu işləri indi Ağkilsə (Əçmiədzin) kəndində əyləşən dünya ermənilərinin katolikosu II Qriqori maliyyələşdirir… Qarışıq nikahlar məni qorxudur, Şahım! Mənə səlahiyyət ver, cəmi 15 min gəlməni mövsümi işçilər kimi qisim-qisim qaytarım Vətənin dışarına. Sənin qulun Rəvan Xan”.

İrəvan əyalətinin icmal dəftəri, 1519. İrəvan qalabəyisi

I Pyotrun əmrlərindən

“I Pyotr ölümündən qabaq, 10 noyabr 1724-cü ildə üç ermənini erməni katolikosu İsayya ilə birlikdə qəbul edir. “Ermənilərə əl tutmaq və Xəzəryanı əyalətlərdə yerləşdirmək” barədə onların xahişini dinləyir. Elə o gündəcə I Pyotr erməni xalqının orada yerləşdirilməsi haqqında general-leytenant Matuşkinin və briqadir Levaşovun adına buyruq verir: “Ermənilərin Gilan, Mazandaran, Bakı, Dərbənd və başqa ərazilərdə yerləşdirilməsinə çalışın, bu bölgələrdəki yerli əhalini isə imkan düşdükcə sıxışdırıb oradan çıxarın”.

XIX əsr rus tarixçisi P.Q.Butkov

***

I Pyotr Matyuşkinə göndərdiyi fərmanda yazırdı: “Bakı sakinlərindən silahlar yığılsın, müqavimət göstərənlər Astarxana sürgün olunsunlar. Şahın 300 nəfərlik xidmət adamlarından 100 silahlı suvarini imperator xidmətinə qəbul etmək, qalanlarını isə azad etmək. Daha çox bakılının şəhərdən köçürülməsi mümkündür. Gilan və Mazandaranda da müsəlman türklərini azaltmaq gərəkdir”.

***

I Pyotr tərəfindən Xəzərboyu vilayətlərdə fəaliyyət göstərən rus hakimiyyəti orqanlarına belə bir göstəriş verilmişdi: “1) Müqəddəs Xaç, Dərbənd və Bakı qalalarında məskunlaşmaq üçün ermənilərə tələb olunan və kifayət qədər yer ayrılsın. Salyan, Gilan və Mazandaranda həm şəhərlərdə, həm də kəndlərdə bu qaydaya əməl edilsin; 2) ermənilərə boş qalmış, kimsəsiz həyətlər və məskənlər, həmçinin Rusiyanın açıq düşmənlərinə və şübhəli şəxslərə mənsub mülklər də verilsin; 3) ermənilərə hər cür köməklik göstərilsin və onların müsəlmanlardan möhkəm qorunması təmin edilsin”.

Potyomkinin II Yekaterinaya məktubundan

19 may 1783-cü ildə rus qoşunlarının baş komandanı general-feldmarşal knyaz Q.A.Potyomkin II Yekaterinaya yazırdı:“Fürsət düşən kimi Qarabağda hakimiyyəti ermənilərə verəcək və bunlar vasitəsi ilə Asiyada xristian dövləti yaradacağımız barədə erməni məliklərinə göstərişlər vermişəm”. 1780-cı il yanvarın 3-də Moskvada özünə yer etmiş erməni keşişi Arqutinski və Yegizaryanın uydurma “Böyük Ermənistanın” bərpası və İrəvanda ayrıca Erməni dövləti yaradılması xahişinə knyaz Q.A. Potyomkinin cavabı: “Bu mümkündür, ancaq sizin patriarxınız bir neçə yerli hakimlə sizinkilərin xilası haqqında məsələ qaldırması vacibdir, bundan sonra biz sizin köməyinizə gələrik”.

Bəli, yüzlərlə belə faktlar gətirmək olar ki, tarixin bütün dönəmlərində Azərbaycan torpaqlarının tarixi sahiblərindən qoparılaraq ermənilərə verilməsində maraqlı şəxslər olub. Bu, bir tərəfdən xristian aləminin genişlənməsinə, müsəlman aləminin sıxışdırılaraq aradan çıxarılmasına hesablanmışdırsa, digər tərəfdən də ümumilikdə türk dünyasının birləşməsinin qarşısını almaq məqsədilə gələcəyə hesablanmış tədbirlər, planlar idi.

İrəvan-Zəngəzur-Naxçıvan

Uzun illər ərzində ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsi və ya tarixi torpaqlarımızın ermənilərə verilməsi ilə bağlı planların həyata keçirilməsinin çox keçmədi ki, şahidlərinə çevrildik. Bu planlar o qədər uzaqgörənliklə hazırlanmışdı ki, həyata keçdikcə Azərbaycan üçün yeni-yeni problemlər yaradacaq, onun tarixi ərazilərini qoparıb özündən kənara atacaqdı. Bunu vaxtında lazımi şəkildə götür-qoy edə bilmədiyimiz üçün bizdən əvvəl düşünüb həyata keçirənlər oldu. İrəvanın vaxtilə çox böyük səhvliklə ermənilərə verilməsi problemlərin başlanğıcı oldu. İrəvanın əldən getməsi Zəngəzura yol açdı. Zəngəzurun ermənilərə verilməsi isə Naxçıvanın məxsus olduğu ölkə ilə quru yolunu kəsdi. Və bu xalq üçün uzun illərin probleminə çevrildi.

Bu barədə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli yazır ki, 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərə­findən İrəvanın ermənilərə güzəştə gedilməsindən sonra ermənilər Naxçıvanı ələ keçirmək üçün daha da fəallaşmışdılar. Həmin zaman Amerika Birləşmiş Ştatlarının bölgədə rolunun artması erməniləri daha da şirnikləşdirdi. Naxçıvana təzyiqlər artırdı, buna görə də bölgəni ermənilərin işğalından qorumaq üçün əhalinin təşəbbüsü ilə 1918-ci ilin noyabrında Araz-Türk Respublikası yaradıldı. Çox geniş bir ərazini – 8696 kvadrat kilometri, o cümlədən Naxçıvan və Şərur-Dərələyəz qəzalarını, Ordubad mahalını, Sərdarabadı, Uluxanlınıı, Vedibasarı, Qəmərlini, Mehrini, Sürməlini əhatə edən və 1 milyon nəfərə yaxın əhalisi olan Araz-Türk Respublikasının paytaxtı Naxçıvan şəhəri idi. Az bir müddət yaşamasına baxmayaraq Araz-Türk Respublikası əhalinin erməni təcavüzünə qarşı səfərbərliyə alınmasında, bölgənin erməni işğalından qorunmasında mühüm rol oynayırdı. Bu işdə əsası daha əvvəllərdən qoyulmuş, Araz-Türk Respublikası tərəfindən isə təşkilatlandırılmış milli qüvvələr - batalyonlar, o cümlədən Kəblə Muxtarın rəhbərlik etdiyi Nehrəm batalyonu, Kəblə Kərimin rəhbərlik etdiyi Cəhri batalyonu, Məhəmmədrza bəyin rəhbərlik etdiyi Dizə batalyonu, Hüseyn Əliyevin rəhbərlik etdiyi Şərur batalyonu, Həsən Şalıverdi oğlunun rəhbərlik etdiyi Şərur-Sədərək kəndlərindəki birliklər, Məşədi Ələsgər ağanın rəhbərlik etdiyi Yengicə qüvvələri, Möhsün Camalovun rəhbərlik etdiyi Kərkər qüvvələri, Fətullah Hüseynov və Kərbəlayi Həbib bəyin başçılığı ilə Cəlilkənd-Zeyvə-Düdəngə kənd qüvvələri, İbrahimxəlil Axundovun rəhbərlik etdiyi Ordubad batalyonu mühüm rol oynamışlar. Bütün bunların sayəsində, əhalinin qüvvəsi ilə Naxçıvan erməni təcavüzündən xilas oldu. Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyü təmin olundu.

1919-cu ilin əvvəllərində ingilislər Naxçıvanı tutaraq Araz-Türk Respublikasını və Naxçıvan Milli Komitəsini ləğv etdilər. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ermənilərə inanaraq 23 noyabr 1919-cu ildə Ermə­nistanla bağlanmış müqavilənin şərtlərinə əsasən öz qoşunlarını Zəngəzurdan çıxardı. Bundan istifadə edən ermənilər Zəngəzuru tutdu və Naxçıvanın Azərbaycandan ayrı düşməsinin əsası qoyuldu. Zəngəzurun bir hissəsinin ermənilər tərəfindən işğal edilməsi Naxçıvan bölgəsinin blokadaya salınması, onun Azərbaycanın əsas hissəsi ilə əlaqələrinin kəsilməsi ilə nəticələndi.

Əzəli və tarixi Azərbaycan torpağı olan, hazırda indiki Ermənistanın cənub-şərqində yerləşən Zəngəzur ərazisi qədim zamanlardan Azərbaycan xalqına məxsus Göyçə gölü hövzəsini və Azərbaycan Respublikasının cənub-qərb hissəsini əhatə edir. Qərbdən Zəngəzur, şərqdən Qarabağ dağları ilə sərhədlənən, qədim zamanlardan Azərbaycan ərazisində yaranan müxtəlif dövlətlərin tərkibində olan və əhali tərəfindən Zəngəzur mahalı kimi tanınan bu ərazinin bir hissəsi Xanlıqlar dövründə Qarabağ, bir hissəsi Naxçıvan, qalan hissəsi İrəvan xanlığının tərkibində olmuşdur. Mahal ərazisinə daxil olan torpaqlar el qaydası ilə Qarakilsə, Gorus, Qafan, Mehri, Zəngilan, Qubadlı, Laçın bölgələrinə bölünmüşdür. Şimali Azərbaycanın Rusiyaya ilhaq edilməsindən sonra digər Azərbaycan torpaqları kimi, əhalisi ancaq Azərbaycan türklərindən ibarət olan Zəngəzura da İrandan və Osmanlı imperiyasından çoxlu erməni köçürülmüş, bununla da ərazidə onların sayı suni surətdə artırılmışdır.

Hələ Rusiya imperiyası dağıldıqdan sonra, XIX yüzillik boyu buraya köçürülən və yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ilin martından 1918-ci ilin mayınadək Zəngəzur ərazisində türk-müsəlman əhaliyə qarşı böyük soyqırımlar törətmiş, yüzlərlə yaşayış məskənini dağıtmış, əhalini deportasiya etmişlər. Bu qırğınlar 1918-ci ilin mayın sonlarında Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan dövlətlərinin yaranmasından sonra da davam etdirilmişdir. Təkcə erməni quldurlarından Andronikin, Njdenin və Dronun dəstələrinin basqınları nəticəsində 1918-ci ildə Zəngəzurun 115 kəndi yerlə-yeksan edilmiş, əhalisinə divan tutulmuşdu. Bu qırğınlar zamanı 3257 kişi, 2776 qadın, 2196 uşaq qətlə yetirilmiş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdı. Beləliklə, bütün qəza üzrə 10068 nəfər müsəlman əhalisi öldürülmüş və şikəst edilmiş, 50 mindən çox adam didərgin düşərək Azərbaycanın kəndlərinə pənah gətirmişdi.

Bəli, faktlardan da göründüyü kimi, İrəvanın ermənilərə verilməsi səhvi Zəngəzurun əldən getməsi ilə nəticələnmişdir. Zəngəzurun əldən getməsi isə Naxçıvan üçün illərdən bəri həllini tapa bilməyən problem yaratmışdır. 2020-ci ilin 27 sentyabrında başlayan və 10 noyabrında xalqımızın tarixi Zəfəri ilə bitən İkinci Vətən Müharibəsi ermənilərin 30 il əvvəl işğal etdikləri Qarabağın azadlığı ilə nəticələndi. Düşmən ağ bayraq qaldırıb təslim olduğunu bəyan edəndə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan 10 noyabr Bəyannaməsində Naxçıvana kommunikasiyaların açılması kimi maddə nəzərdə tutulmuşdu və bunu bir öhdəlik kimi Ermənistan həyata keçirməli idi. Lakin Ermənistan müharibədən ötən üç ildə üzərinə düşən öhdəlikdən hələ də boyun qaçırır, verdiyi sözün üstündə dura bilmir. Çünki onların xisləti yalanlar üzərində qurulub. Yazıqlar düşünə bilmirlər ki, Qarabağı geri qaytaranlar Naxçıvanla əlaqəni də yarada biləcəklər. Onlar istəsələr də, istəməsələr də.

Qərbi Azərbaycan bizim tarixi torpağımızdır

Prezident cənab İlham Əliyev Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşü zamanı Qərbi Azərbaycanın tarixi torpaqlarımız olmasını faktlarla əsaslandıraraq deyirdi: Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, İcma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır.

Bəli, dövlətimizin başçısının da vurğuladığı kimi, ermənilər əzəli torpaqlarımızdakı tarixi, dini abidələrimizi darmadağın etməklə yanaşı, həm də yer adlarımızı sıradan çıxarmışlar. Qondarma adlar Azərbaycanın tarixi yurdlarına yamaq olaraq yapışdırılmışdır. Həmin adların geri qaytarılması isə o torpaqların azadlığı qədər vacibdir ki, bununla bağlı da dövlətimizin rəhbəri tapşırıqlar vermişdir.

“Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir. XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik. Tariximizdə şanlı səhifələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub”,-deyən Prezident cənab İlham Əliyev daha sonra vurğulamışdır: Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mən dəfələrlə öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan da dünya miqyasında, müsəlman aləmində ilk respublika idi, baxmayaraq ki, cəmi iki il yaşadı. Ancaq, eyni zamanda, biz bu tariximizin qara səhifələrini də unutmamalıyıq, ört-basdır etməməliyik. Birincisi, tarixi həqiqət təhrif olunmuş formada təqdim edilməməlidir. İkincisi, bu faciəvi hadisə hamımız üçün dərs olmalıdır.

O vaxt bu qərarı müxtəlif səbəblərlə izah etməyə çalışanlar da olub, bu gün də var. Ancaq hesab edirəm ki, heç bir izahat qəbul edilən deyil, çünki ermənilər bu addımla kifayətlənməmişlər. Əgər kimsə hesab edirdi ki, İrəvanı orada yaşayan insanlardan xəbərsiz öz doğma diyarından məhrum etməklə Ermənistan və ermənilər kifayətlənəcək, böyük səhv edirdi və sonrakı tarix bunu bir daha göstərdi. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi. Digər tərəfdən, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi.

Yəni, görün, cəmi iki il ərzində xalqımızın başına nə qədər böyük bəlalar gətirildi. Əgər kimsə hesab edirdi ki, 1918-ci ildə İrəvanı Ermənistana verməklə biz hansısa daha böyük bəlalardan özümüzü sığortalamış ola bilərdik, bax, Zəngəzurun Ermənistana verilməsi bir daha onu göstərir ki, bu, çox yanlış, səhv addım idi və dediyim kimi xəyanət idi. Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan.

Bəli, iki ildə edilən səhvlər bu xalqı 100 ildir ki, böyük çətinliklərlə üz-üzə qoyub. Həm tarixi torpaqlarımız əlimizdən gedib, həm də ölkəmizin bir hissəsi ilə olan əlaqələrimiz. Bütün bunların bərpası üçünsə təbii ki, zaman lazımdır. Çünki biz yenicə böyük və ağır müharibədən çıxmış xalqıq. Əsas məsələ torpaqlarımızın işğaldan azad edilməsi idisə, növbəti məsələ isə Qərbi Azərbaycanla bağlıdır.

Sınmadıq, əyilmədik, inamımızı itirmədik, güc topladıq, istədiyimizə nail olduq

Keşməkeşli 100 illik tariximizi vərəqləyərkən, sözün həqiqi mənasında, bu xalqın başına gətirilənlər qarşısında heyrət etməmək olmur. Sanki ətrafda hər kəsin məqsədi Azərbaycandan hissələr qoparıb pay vermək, kimlərinsə ürəyini şad etmək, bu xalqı bəlalarla üz-üzə qoymaq, inkişafına, intibahına mane olmaq olub. Lakin biz də zamanla sınmamışıq, əyilməmişik. Qürurlu duruşumuzla, iradəmizlə yeni güç toplamışıq, istədiyimizə nail olmağa çalışmışıq. Bütün bunlara isə 100 ilin son 30 ilində nail ola bilmişik. Ümummilli Liderimiz Heydər Əliyevin müstəqilliyimizin dayağı olması, bu xalqa dəstəyi, dövlətimizin başçısı cənab İlham Əliyevin cəsarəti, bacarığı ilə. Ulu Öndər torpaqlarımılzın işğalını həmişə böyük ürək ağrısı ilə vurğulayır və böyük qətiyyətlə bir gün həmin torpaqlara geri qayıdacağımızı bildirirdi. Prezident cənab İlham Əliyev isə ata vəsiyyətini reallığa çevirən oğul, bu xalqa layiqli rəhbər oldu. Xalq-lider birliyi Azərbaycan tarixində 270 il sonra yenidən torpaq məsələsini gündəmə gətirdi və nəticədə Qarabağ və Şərqi Zəngəzurun müəyyən əraziləri azad edildi.

Prezident cənab İlham Əliyev: Qarabağın və Şərqi Zəngəzurun işğalı növbəti faciəmiz idi. Yəni, görün, təkcə XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşmişdir. Ancaq sınmadı, əyilmədi, inamını itirmədi, güc topladı və nəticədə istədiyinə nail oldu. İki il bundan əvvəl biz öz tarixi missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa etdik, düşmənləri torpaqlarımızdan qovduq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bu gün azad edilmiş torpaqlarda yaşayırıq, qururuq, yaradırıq, dağıntıları aradan qaldırırıq və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin sevimli erməni xalqıdır. Bu cinayətləri hansısa yad planetdən gələnlər yox, sizin sevimli və himayəniz altında olan erməni xalqı törədib, məscidləri dağıdıb, tarixi abidələri dağıdıb, qəbirləri dağıdıb, olmazın vəhşiliklər edib. Eynisini onlar Qərbi Azərbaycanda da ediblər. Sadəcə olaraq, dünya ictimaiyyəti bunu görmür, ya da ki, görmək istəmir. Necə ki, Qarabağda erməni vəhşilikləri faktiki olaraq heç kim tərəfindən təsdiqlənmirdi. Halbuki iki dəfə ATƏT-in faktaraşdırıcı missiyası o vaxt işğal altında olan torpaqlara göndərilmişdi. Ancaq onların məruzəsinə baxdıqda, yenə də ikili standartlar görürük.

Bir tərəfdən, o vəhşilikləri, dağıntıları, qanunsuz məskunlaşmanı etiraf etməyə məcbur oldular, digər tərəfdən yenə də balanslı yanaşaraq işğalçı ilə işğala məruz qalanı necə deyərlər, bir müstəviyə qoydular. Ona görə Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar mütləq dünya ictimaiyyətinə çatdırılmalıdır. Əminəm ki, Qərbi Azərbaycan İcması Azərbaycan dövlətinin dəstəyi ilə bunu edəcək.

“Bütövlükdə XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir”-, deyən dövlətimizin başçısı vurğulamışdır: Biz hər zaman həqiqəti deyirik. Azad edilmiş torpaqlara gələn 10 minlərlə xarici vətəndaş bu gün artıq öz gözləri ilə görür ki, xalqımız hansı vəhşiliklərə məruz qalıb. Bu gün orada gedən genişmiqyaslı quruculuq işləri bir daha xalqımızın iradəsini göstərir. Yenə də deyirəm, Ağalı kəndinin timsalında biz xalqımızın tarixi yaddaşını görürük. Çünki oranı heç vaxt görməyən uşaqlar, gənclər oraya qayıdıblar. Əminəm ki, biz eynisini Qərbi Azərbaycanda da görəcəyik.

O gün uzaqda deyil! Biz Qarabağa, Şərqi Zəngəzura qayıtdığımız kimi, Qərbi Azərbaycana da qayıdacağıq.

Mətanət Məmmədova

Digər xəbərlər