Prezident İlham Əliyev: "Biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq"
Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziyalara müsahibəsində Azərbaycanın son 20 il ərazində keçdiyi yol, regionda mövcud vəziyyət, suverenliyimizin tam bərpa olunması və Qarabağdan separatizmin, terrorizmin təmizlənməsi, Ermənistanla sülh danışıqlarının hazırkı durumu, Zəngəzur dəhlizi və digər məsələlərlə bağlı fikirlərini ifadə etmiş oldu. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə həyata keçirilən islahatlar, layihələr, dövlət proqramları ölkəmizin iqtisadi-sosial inkişafı ilə yanaşı, onun həm beynəlxalq aləmdə, həm də regionda yüksək imicə sahib olmasına səbəb olub.
Cənab Əliyevin 20 illik prezidentliyi dövründə bütün sferalarda çevik islahatlar aparılıb, dövlət proqramları qəbul olunub. Düşünülmüş iqtisadi siyasət nəticəsində beynəlxalq qurumlarla səmərəli əlaqələr qurulub, Son 20 ilin tarixinə gəldikdə hər şeyin göz qabağında olduğunu bildirən Cənab Prezident qeyd edib ki, bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır: "Hesab edirəm ki, bu, həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. Bu, təkcə mənim fikrim deyil, mənim bəzi həmkarlarım da bu barədə kifayət qədər açıq danışıblar. Bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir… Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır".
COP29-A ÖLKƏMİZİN EV SAHİBLİYİ ETMƏSİ NÖVBƏTİ TƏNTƏNƏLİ QƏLƏBƏMİZDİR
Müasir Azərbaycan öz inkişaf modelini dünyada sərgiləyir. Ölkəmizin nümayiş etdirdiyi modellərdən biri də qlobal tədbirləri ölkəmizdə keçirilməsidir və Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkadır. Paytaxt Bakı ilə yanaşı, işğaldan azad olunmuş ərazilər beynəlxalq tədbirlər təşkil olunur. Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onların öhdəsindən layiqincə gəlib. Bildiyimiz kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 bu il Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. "Bizim çox dəqiq və düşünülmüş diplomatik addımlarımız nəticəsində bu mötəbər tədbiri Azərbaycanda keçirmək üçün imkan əldə etdik. Bilirsiniz ki, COP30-un ev sahibi bəlli olsa da - Braziliya, COP29-un ev sahibi son günlərə qədər bəlli deyildi. Xüsusilə son həftələr ərzində, hətta COP konfransı Dubayda başlayandan sonra da hələ aktiv diplomatik təmaslar davam edirdi və biz burada da istədiyimizə nail olduq. Halbuki burada da, yenə də bizim dırnaqarası ənənəvi dostlarımız hər iki tədbirdə bizə əngəl törətməyə çalışırdılar", - deyə Cənab Prezident müsahibəsində bildirib.
Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb. Beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.
"BİZ BÜTÜN ÖLKƏLƏRLƏ ƏMƏKDAŞLIĞA HAZIRIQ"
Bu, tədbir Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır.COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Azərbaycan artıq beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində özünə yetərincə müsbət imic qazanıb. Tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərar həm də ona görə əhəmiyyətlidir ki, bu, Azərbaycanın lokal antiterror tədbirlərindən iki ay yarım sonra verilib. Bu isə dünya ictimaiyyətinin Azərbaycanın atdığı addımlara dəstəyindən xəbər verir
"Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq", – deyən Prezident diqqətə çatdırıb ki, proseslərin gedişatı bizim mövqeyimizdən böyük dərəcədə asılı olacaq: "Biz artıq bir neçə ölkədən əməkdaşlıq təklifi almışıq. Bizimlə bu hazırlıq dövründə əməkdaşlığın istiqamətləri müəyyən edilsin və biz bütün ölkələrlə əməkdaşlığa hazırıq, bu, bizim üçün də böyük bir təcrübə olacaq. Çünki bu, yenə də hesab edirəm ki, dünyanın bir nömrəli beynəlxalq tədbiridir, beynəlxalq konfransıdır, həm dünya ictimaiyyətinin diqqəti nöqteyi-nəzərindən, BMT Baş Assambleyasından da daha mötəbərdir. Çünki BMT Baş Assambleyasında adətən prezidentlər gəlir, çıxış edir. Çıxış etdiyi dövrdə zalda onların nümayəndə heyətlərindən başqa, adətən heç kim olmur. Bundan sonra da çıxıb gedir. Amma burada real iş aparılacaq, müzakirələr, ola bilər müəyyən fikir toqquşmaları, yəni maraqlı bir proses olacaq və Azərbaycanın da bu prosesə rəhbərlik etməsi, əlbəttə ki, qürurvericidir".
Vurğulayaq ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub.
COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm digər yaşıl ideyalar, yaşıl proqramla bağlı məsələlərə Azərbaycan platformasında baxılacaqdır. 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulan Azərbaycan beynəlxalq ekoloji təşəbbüslərdə mühüm rol oynayıb. Dubaydakı COP28 sammitində Azərbaycanın yüksək səviyyədə təmsil olunması bunun daha bir təzahürüdür. COP28 sammitində Azərbaycanın fəal iştirakı əlbəttə ki, ölkəmizin qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verməsinə əsaslanır.
AZƏRBAYCAN ÜÇÜN 2024-CÜ İLİN ƏN MÜHÜM HADİSƏLƏRİNDƏN BİRİ
COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndiilir. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edildi. Sərəncam iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədi daşıyır.
Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Azərbaycan yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir.
Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Energetika Nazirliyinin məlumatına əsasən, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.
AZƏRBAYCANIN ENERJİ SİYASƏTİNİN PRİORİTETİ: YAŞIL ENERJİNİN DÜNYA BAZARLARINA NƏQLİ
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.
Sənəddə qeyd edildiyi kimi, yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "Yaşıl enerji" zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut edəcək. Tədbirin Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırılmasına böyük təkan verəcək.
Nəzakət ƏLƏDDİNQIZI