Prezident İlham Əliyev: "İl ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar"
Bu gün Azərbaycan tamamilə yeni bir dövrə qədəm qoyub. İşğaldan azad edilmiş torpaqlara qayıdırıq və həmin yerlərdə yeni bir həyat başlayır. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olunandan sonra Qarabağımız müasir dünyanın ahəngində qurulur, ona yeni həyat verilir.
Azərbaycanın dilbər guşəsi Qarabağımız müasir dünyamızda yeni dövrünü yaşayır. Zəfər qazanan Azərbaycan tarixin dönəmində inkişaf yolu keçmiş Qarabağımızda böyük quruculuq işlərinə başlanılıb. Bu gün Şuşamızda, Kəlbəcərdə, Qubadlıda və digər ərazilərdə böyük abadlıq-quruculuq işlərinə başlanılıb və tezliklə işğaldan azad olunan hər bir şəhər, qəsəbə və kənd müasir məkana çevrilir.
Azərbaycan Prezidenti İlham Əliyev bildirdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir. Ötən il 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtmışdır. Dövlət başçısının sözlərinə əsasən, ötən ilin mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtmışdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi bayram içində idi. Laçınlıların bir qismi da böyük sevinci yaşayıblar. Artıq beş yaşayış məntəqəsində həyat bərpa edilib.
"İL ƏRZİNDƏ KƏRKİCAHAN, MALIBƏYLİ, TURŞSU KƏNDLƏRİ TAM BƏRPA EDİLİB KEÇMİŞ KÖÇKÜNLƏRİN SƏRƏNCAMINA VERİLƏCƏK"
Onu da bildirək ki, 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. "İl ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar", - deyə Prezident bildirib. Bu gün 30 ilə yaxın işğal altında olan torpaqlarımızda abadlıq-quruculuq işləri vüsət alıb. Dövlət başçısının Cəbrayıl rayonunda bu ərazidə Horovlu kəndinin təməlini qoyması fikrimizi əsaslandırır. Layihələndirilən ümumi ərazi 248,1 hektardır. Perspektivdə bu kənddə 3470 nəfərin (867 ailə) yaşaması nəzərdə tutulub. Baş plana əsasən, köhnə Horovlunun ərazisini əhatə edən bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Çapand, Safarşa, Fuğanlı və Həsənqaydı kəndləri ilə birlikdə layihələndirilib. Birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün 334 fərdi ev tikilir. Əlbəttə ki, kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı, qonaq evinin tikintisi də planlaşdırılıb.
ŞÜKÜRBƏYLİDƏ HƏYATA YENİ NƏFƏS GƏLƏCƏK
Cəbrayıl rayonunun Şükürbəyli kəndinin təməlinin qoyulması bu ərazilərdə tezliklə yeni həyatın başlanacağından xəbər verir. Şükürbəyli kəndində 1042 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 298 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 184 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kənddə 635 fərdi evin tikilməsi nəzərdə tutulur. Baş plana əsasən, bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Dəjəl, Şıxəliağalı kəndləri və Mahmudlu qəsəbəsi ilə birlikdə layihələndirilib. Cəbrayıl rayonunda Xudafərin qəsəbəsinin təməlinin qoyulması da mühüm əhəmiyyət kəsb edir. İşğaldan azad olunan hər bir ərazimizdə əzəli sakinlər tezliklə azad və rahat bir şəraitdə yaşamağa başlayacaqlar. Qəsəbə Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyan Xudafərin körpüsünün yaxınlığında, yeni dəmir yolu xəttindən və avtomobil yolundan 7 kilometr məsafədə salınır. Qəsəbənin layihələndirilən ümumi ərazisi 25 hektardır. Baş plana əsasən, burada 149 ev tikiləcək.
DƏDƏLİ KƏNDİNDƏ 1373 NƏFƏRİN YAŞAYACAĞI 327 FƏRDİ EV İSTİFADƏYƏ VERİLƏCƏK
İşğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq-quruculuq işləri insanı qürurlandırır. Hər bir ərazi müasirləşir və insanların firavanlığı üçün bütün lazimi tədbirlər reallaşır. Füzuli rayonunun Dədəli kəndinin təməli də Azərbaycan Prezidenti tərəfindən qoyulub. Kəndin layihələndirilən ümumi ərazisi 314 hektardır. Bu kənddə 4495 nəfərin (1129 ailə) məskunlaşması nəzərdə tutulub. Tikilən 1050 fərdi evin hər birinin həyətyanı sahəsi 1200 kvadratmetr olacaq. Birinci mərhələdə Dədəli kəndində 1373 nəfərin yaşayacağı 327 fərdi ev istifadəyə veriləcək.Kənddə çoxfunksiyalı inzibati bina, məscid və mərasim evi, yanacaqdoldurma məntəqəsi, aptek, idman klubu, tibb mərkəzi, 840 yerlik orta məktəb, 100 yerlik iki uşaq bağçası, istirahət və yaşıllıq zonaları, klub-icma mərkəzi və kitabxana, ticarət obyektləri, bazar fəaliyyət göstərəcək. Kənddə tikinti işlərinin 2025-ci ilin noyabrında başa çatdırılması planlaşdırılır.
KƏNGƏRLİ KƏNDİNİN TİKİNTİSİ APREL AYINDA TAMAMLANACAQ
Qafqazın Xirosiması adlandırılan Ağdam ermənilər tərəfindən talan edilmiş və ermənilərin nəzarəti altında şəhərdə sağ qalan yeganə tikili olan Ağdam məscidində inək və donuz saxlamaq üçün tövlə kimi istifadə olunmuşdur. 20 noyabr 2020-ci il tarixində atəşkəs razılaşması çərçivəsində şəhər və ətrafı Azərbaycana qaytarılmışdır. Bundan dərhal sonra bərpa prosesinə başlamaq planını açıqlandı və Ağdamın Azərbaycanın ən böyük şəhərlərindən birinə çevirilməsi planlaşdırılır. 26 may 2021-ci ildə uzunluğu 44,5 km olan Bərdə-Ağdam avtomobil yolunun tikintisinə başlanıldı. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Atçılıq Nəsilartırma Mərkəzinin təməli qoyulub. Gələcək üçün işıqli bir şəhər salınır burada. Dövlət başçısı Ağdamın Xıdırlı, Kəngərli, Sarıcalı kəndlərinin təməlini qoyub.Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, "City Hotel Agdam" mehmanxanasının və s. təməlinin qoyulması işlərin planlı və sürətlə davam etməsinə dəlalət edir. Bütün bunlarla yanaşı, keçmiş məcburi köçkünlər üçün Ağdam şəhərində inşa olunacaq yaşayış məhəlləsinin təməlinin qoyulması və Ağdam şəhərində Dəmir yolu və Avtovağzal Kompleksinin təməlin qoyulması bu ərazidə aparılan işlərin əzəli sakinlərini tezliklə qoynuna alacağına əsaslanır. Qeyd edək ki, Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşən Kəngərli kəndində də 2626 nəfərin (639 ailə) məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177,2 hektardır. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 66,2 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulur. Birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün 290 fərdi evin inşa edilməsi planlaşdırılır.Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılır. Burada mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı bir sıra müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 1182 nəfərin işlə təmin olunması nəzərdə tutulur.Təməli Prezident İlham Əliyev tərəfindən qoyulan Kəngərli kəndində tikinti işlərinin 2024-cü il aprelin 10-da tamamlanacaq.
Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr qısa müddət ərzində icra ediləcək. İçməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, məktəb, xəstəxana, idman kompleksləri, mədəniyyət ocaqların inşası, habelə digər irihəcmli işlər Böyük Qayıdış çərçivəsində reallaşdırılacaqdır.
Yaşıl enerji zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda nişmiqyaslı layihələr həllini tapır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlər 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaradılıb. Vətən müharibəsində qazandığımız Zəfərdən üç ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərimizdə abadlıq və quruculuq işləri uğurla və davamlı şəkildə həyata keçirilir. Keçmiş məcburi köçkünlər öz əzəli torpaqlarına, doğma diyarlarına qayıdırlar. Böyük Qayıdışımız reallığa çevrilir.
Zümrüd BAYRAMOVA