Fevral ayının 12-də Biləsuvar rayonunun Ağayrı kəndində şəhid Nuri Xəyal Şakir oğlunun doğum günü ilə əlaqədar ata ocaqı ziyarət olundu. Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyninə başsağlığı verilmişdir.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun MAHHXHQ olmuş şəhid Nuri Xəyal Şakir oğlu 12 fevral 1997-ci ildə Biləsuvar rayonunun Ağayrı kəndində anadan olmuşdur. Vüqar Rüstəmov adına Ağayrı kənd tam orta məktəbində təhsil almışdır. 2015-2016-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olmuş və Aprel döyüşlərinin iştirakçısı olmuşdur. 2017-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 4 noyabr 2020-ci il tarixində Biləsuvar rayonu Ağayrı kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Nuri Xəyal Şakir oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir. Onun adı əbədiləşdirilərək Ağayrı kənd küçələrindən birinə verilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!