Siyasət

  • 4 959

YAP müasir dövrün ən qüdrətli siyasi partiyasıdır TƏHLİL

image

Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilən VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi hadisə oldu

Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində müxtəlif çətinliklərlə üzləşsə də birliyi, qətiyyəti və əzmkarlığı nəticəsində ağrılı problemlərini aradan qaldırmağaı bacarıb. Ağrılı, acılı dövr 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini qazandıqdan sonra da yaşamışdır. Ötən əsrin 90-cı illərin əvvəllərində Azərbaycanda bütün sahələrdə hərc-mərclik, özbaşınalıq, xaos hökm sürürdü. Hakimiyyətdə olan AXC- Müsavat cütlüyü mövcud vəziyyəti aradan qaldırmaqdansa haqq uğrunda səsini qaldıran xalqın səsini batırmağa çalışırdı. Hətta küçələrə çıxan insanlara atəş açmaqdan, həbs edib türmələrə atmaqdan çəkinmirdilər. Vəziyyətin idarəolunmaz dərəcədə kritik olmasından istifadə edən Ermənistan ardıcıl olaraq Azərbaycanın torpaqlarını işğal edirdi. Azərbaycanı belə çətin vəziyyətdən xilas etmək üçün yeni bir siyasi təşkilatın yaradılması mütləq tarixi zərurətə çevrilmişdi. Hər zaman olduğu kimi bu dəfə də Azərbaycan xalqının ümid yeri Ümummilli Liderimiz, Xalqımızın xilaskarı Heydər Əliyev idi. Məhz bu məqsədlə 1992-ci il oktyabr ayının 16-da 91 nəfər Azərbaycan ziyalısı yeni bir siyasi partiyanın yaradılması təşəbbüsü ilə Heydər Əliyev dühasına xüsusi müraciət ünvanladı. Həmin ilin oktyabrın 24-də Ulu Öndərimiz Heydər Əliyev ziyalıların müraciətinə müsbət cavab verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsisi konfransı keçirildi və Dahi Öndərimiz partiyanın Sədri seçildi. Tarixi çıxışlarının birində Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin ilk illərində ölkəmizdə cərəyan edən çətin, ağır dövrü barədə demişdir: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”, “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.

Azərbaycanın inkişafında, müstəqilliyində müstəsna rol oynayan tarixi gün

Xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndərimiz ölkəni və xalqı üzləşdiyi bəlalardan xilas edə bildi. Bu baxımdan, 1993-cü ilin 15 İyun Milli Qurtuluş Günü - Azərbaycanın inkişafında, müstəqilliyində müstəsna rol oynayan tarixi gündür. Xilaskarlıq missiyasını öz üzərinə götürən Dahi Öndər Heydər Əliyev daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğradaraq, 1993-cü il iyunun 9-da Bakıya gəldi və 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Ulu Öndər Heydər Əliyevin humanist siyasəti sayəsində 1995-ci ilin may ayında əfv və amnistiya təsisatları bərpa edildi. Buna paralel olaraq insan hüquqlarına riayət olunması üzərində parlament nəzarətini təşkil etmək üçün insan hüquqları müvəkkili (Ombudsman) institutu yaradıldı. Bütün bunlar isə ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmini və gücləndirilməsi istiqamətində əhəmiyyətli faktorladan biri idi. Ulu öndər Heydər Əliyev 22 fevral 1998-ci il tarixli xüsusi Fərman imzalayaraq Konstitusiyada öz əksini tapmış insan hüquqlarının həyata keçirilməsinin asanlaşdırılmasını hüquqi əsasda təsbit etmiş oldu. Bununla yanaşı, 1993-cü ildən Ulu Öndərin şəxsi təşəbbüsü ilə icrasına moratorium qoyulmuş ölüm hökmü 10 fevral 1998-ci il tarixli Qanunla tamamilə ləğv olundu. Beləliklə, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsi genişləndirildi. Bu isə demokratikləşmə prosesini olduqca sürətləndirdi. Ümummilli Lider 1994-cü il sentyabrın 20-də əsasını qoyduğu “Əsrin müqaviləsi” ilə dünyanın neft siyasətini birmənalı şəkildə Xəzər regionuna istiqamətləndirdi. Bu yeni neft strategiyası Xəzərin Azərbaycan sektorunda 15 ölkənin, 33 iri neft şirkətinin iştirakı ilə 22 neft-qaz müqaviləsinin imzalanmasına səbəb oldu. Heydər Əliyev siyasi uzaqgörənliyinin nəticəsidir ki, indi Azərbaycan dünyanın aparıcı dövlətlərinin iqtisadi maraq meydanına çevrilmişdir. Bakı-Tbilisi-Ceyhan kəməri Azərbaycanın yeni neft strategiyasının təməl daşı, iqtisadiyyatımızın ana xəttidir. Mütəxəssislər haqlı olaraq bu layihəni Azərbaycanın taleyində dövlət müstəqilliyi qədər əhəmiyyətli tarixi hadisə hesab edirlər. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi haqqında müqaviləni bağlamaqla Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də Gürcüstanın və Türkiyənin də iqtisadi inkişafına zəmin yaratdı, bölgənin sabitliyinə, təhlükəsizliyinə zəmin yaratdı.

Misilsiz uğurlara imza atan lider

Azərbaycan 2003-cü ildən Ulu Öndər Heydər Əliyevin ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf dövrünə qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı üzərində qurulan siyasət nəticəsində ötən 20 il ərzində misilsiz uğurlara imza atılıb. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan neft strategiyası sonrakı illərdə də davam etdirilib. Azərbaycanın qazandığı nailiyyətlərin təməlində məhz bu strategiya dayanır. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi misilsiz layihələr reallaşdırılıb. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. TAP layihəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir. Həmçinin “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadılıb. Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib. Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi uğurları beynəlxal maliyyə inistitularıda yaydıqları hesabtalarda qeyd edirlər. Dünya Bankının “Doing Business” 2019-cu ilin hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub və 190 dövlət arasında 25-ci yeri tutub. “Doing Business 2020” hesabatında isə Azərbaycan daha 5 pillə irəliləyərək ən islahatçı 20 ölkə sırasına daxil edilib. Davos Dünya İqtisadi Forumunun 2020-ci ilin hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədirAzərbaycanın neft sektoruna investisiya yatıran xarici ölkələr siyahısının ilk beşliyində Böyük Britaniya, ABŞ, Türkiyə, Norveç, Yaponiya kimi ölkələr qərarlaşıb. Son 20 ildə iqtisadiyyata yönəldilən investisiyalar 2,8 milyard ABŞ dollarından 17,1 milyard ABŞ dollara qədər yüksəlib. 2003-2022-ci illərdə ölkə iqtisadiyyatına yatırılan ümumi investisiya həcmi 310,4 milyard dollar təşkil edib. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 82,8% təşkil edib. Ölkə iqtisadiyyatının qeyri-neft sektoruna ən çox investisiya yatıran ölkələrin ilk beşliyində isə Türkiyə, Böyük Britaniya, ABŞ, Niderland və Rusiyanı qeyd etmək olar. İndiyədək Azərbaycanda xarici ölkələrin müxtəlif sahələri əhatə edən 9000-dən çox şirkəti qeydiyyatdan keçib. Xarici şirkətlər Azərbaycanda dövlət əsaslı vəsait hesabına həyata keçirilən infrastruktur və digər layihələrdə podratçı və subpodratçı qismində də fəal iştirak edirlər. Davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı eyni zamanda investisiya ixracatçısına çevirib. Ötən müddət ərzində Türkiyə, Gürcüstan, Rusiya, ABŞ, Yaponiya, Çin, İsveçrə, Serbiya, Monteneqro, Ukrayna və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılıb.

Azərbaycan hərbi qələbə ilə yeni tarix yazdı

2020-ci il sentyabr ayının 27-dən başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində qələbə ilə başa çatdı. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq 8 noyabr Zəfər günümüz gələcək bütün tariximizdə daim yaşayacaq. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qarabağın incisi olan Şuşanın işğaldan azad olunması müjdəsini Azərbaycan xalqına çatdırarkən demişdir: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”. Bu fikirləri ilə Prezident İlham Əliyev bir daha Ulu Öndərimizin siyasətini inamla və qətiyyətlə davam etdirdiyini və Dahi Öndərin “torpaqlarımızın işğaldan azad edilməsi” vəsiyyətini böyük fəxarət və qürurla yerinə yetirdiyini göstərir. Bu qələbə xalq-iqtidar birliyinin nəticəsidir. Bu, “Qarabağ Azərbaycandır və nida” deyən Qalib Sərkərdəmizin “Dəmir yumruq” siyasəti ilə güclü Ordumuzun 44 gün ərzində qazandığı Qələbə Zəfəridir. 8 noyabr Zəfər Günü - 44 günlük Vətən müharibəsində Vətən uğrunda canından, qanından keçən igid əsgər və zabitlərimizin şəhidlik zirvəsinə ucaldığı milli qürurumuzun, yenilməzliyimizin nümayiş etdirildiyi gündür. Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev xalqa müraciətdə böyük Qələbəni xalqına bəyan etməkdən böyük fəxarət və qürur hissi duyduğunu deyib: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox”.Oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Prezidenti, Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyev üçrəngli Bayrağımızı ucaltdı. Prezidentimiz Dövlət Bayrağını ucaltdıqdan sonra xalqa müraciətində demişdir: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək”.

YAP islahatlar, uğurlar partiyasıdır

Birmənalı şəkildə qeyd etmək olar ki, əldə olunan möhtəşəm qələbələrdə xalqın partiyası olan YAP-ın müstəsna rolu var. İslahatlar, uğurlar partiyası olan YAP hər məqamda yeni nailiyyətlərə imza atır. Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilən VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi hadisə oldu. Qurultayda müasir dövrün yeniliklərinə uyğun olaraq nizamnamə dəyişikliyi həyata keçirildi. Bununla da Yeni Azərbaycan Partiyası daim yeniləşən, inkişaf edən və ümumxalq partiyası olduğunu nümayiş etdirdi. VII qurultayda YAP-ın yeni Nizamnaməsinə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyən edilmişdir. Partiya Sədrinin Birinci müavini vəzifəsi təsis edilmiş, həmçinin Partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edilmişdir. O cümlədən yeni Nizamnaməyə uyğun olaraq, partiyanın Sədri Cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya Sədrinin Birinci müavini təyin edilib. Mehriban xanım Əliyevanın partiya Sədrinin Birinci müavini təyin olunması əlamətdar hadisələrdəndir. Bu təyinat YAP-ın daha da güclənməsinə xidmət edən mötəbər hadisədir. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın dövlətçiliyə, Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurla davam etdirilməsinə xidmət edən fəaliyyəti xalqımıza və dövlətimizə böyük zəfərlər gətirib. Söz yox ki, YAP Sədrinin Birinci müavini Mehriban xanım Əliyevanın fəaliyyəti bundan sonra da YAP-ın daha da güclənməsinə və Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sürətli və hərtərəfli inkişafına mühüm töhfələr verməsi baxımından əlamətdar olacaq.

İLHAM ƏLİYEV

Digər xəbərlər